İNDİ OXUYUR
Aaron Sorkin: “Yazmayanda özümü çox pis hiss edirəm”

Aaron Sorkin: “Yazmayanda özümü çox pis hiss edirəm”

Sadəcə “amerikalı ssenarist, prodüser, rejissor və dramaturq Aaron Sorkin” desək, bəlkə, bu ad çoxlarına heç nə ifadə etməyəcək. Bəs “Sosial şəbəkə”, “Stiv Cobs”, “Bir neçə yaxşı insan” və daha bir neçə yaxşı filmin adlarını çəksək? Aaron Sorkinin bu filmlərin ssenari müəllifi olduğunu, bu ssenarilərə görə “Qızıl qlobus”, “Bafta”, “Oskar” mükafatlarına layiq görüldüyünü desək? Hollivudun ən məşhur ssenaristlərindən biri olan Aaron Sorkin the-talks.com-a müsahibəsində özünün iş prosesindən danışır.   

– Cənab Sorkin, yazmağa başlayanda hansı əhvali-ruhiyyədə olursunuz?

– Əslində, elə ancaq əhvalım yaxşı olanda yaza bilirəm. Yeniyetmə qızım var, ona nəsə olanda – məktəbdə nəsə baş verəndə, ya da yeniyetməlik dövrü ilə bağlı hansısa problem çıxanda həmin günüm məhv olur, yaza bilmirəm. “Qərb qanadı” serialını yazdığım vaxtlarda əgər səhərlər keçmiş həyat yoldaşımla mübahisə edirdiksə, ya da aramızda gərginlik olurdusa, işə çatan kimi ona zəng vurub “Qulaq as, mənə əsəbiləşdiyini bilirəm, ancaq bir yaxşılıq edə bilərsən? Gəl, elə indi barışaq, çünki mən növbəti həftənin seriyasını yazmalıyam” deyirdim.

Bəs o, nə cavab verirdi?

– O, məni həmişə çox gözəl başa düşürdü və deyirdi ki, yaxşı, barışdıq, get işində ol”. (Gülür) Odur ki, yazmaq üçün mənə əzab-əziyyət çəkmək lazım deyil.

– Hətta bədbin səhnə yazmalı olanda  da belə olur?

– Əgər ağrılı səhnə yazıramsa, qısa bir zamanda tez köklənə bilirəm. Lakin belə səhnəni bitirəndə çox xoşbəxt olram. Gəncliyimdə həmişə düşünərdim ki, mən ağdərili, yuxarı və orta təbəqəyə məxsus, şəhərkənarında, tamamilə firavan yaşayan bir ailədənəm, bu isə yaxşı yazmaq üçün çox pis reseptdir. Birincisi, digər ailələrin necə olduğunu dərk edənə qədər normal bir ailədən gəldiyimlə bağlı aldanmışam. Ən əsas isə, yazmaq üçün Yucin Onil (amerikalı dramaturq, Nobel və Pulitser mükafatlarının laureatı) qədər əzab çəkməli olduğumu düşünməklə səhv etmişəm.

– Məgər Onil, yazmağın real dünyadan qaçış olduğunu demirdi?

– (Gülür) Mənə görə, ən yaxşı mətnim, hətta yeganə yaxşı işlərim xoş əhvali-ruhiyyədə yazarkən yaranıb. Gəlin, bunu belə düşünək: ssenari yazmaq – şam yeməyinə gələrək “burada ancaq mən danışacağam, sizə bir hekayə nəql edəcəyəm və iki saat on iki dəqiqədən sonra təkcə mən danışdığım üçün özünüzü xoşbəxt hiss edəcəksiniz. Hətta yenə danışmağımı istəyəcəksiniz” demək kimi bir  şeydir. Bunu bacaracağını düşünmək üçün gərək kifayət qədər eqoya sahib olasan! Lakin siz şam yeməyinə qəmgin və ya kədərli gəlmisinizsə, ya da şəxsi həyatınızda nəsə baş verirsə, bu alınmayacaq. O zaman susmaq istəyəcəksiniz və başqalarının danışmağına imkan verəcəksiniz.  

– Sizcə, bu eqo haradan gəlir?

– Dəqiq bilmirəm. Bu sizin DNT-dən gəlir?

– Bəs, sizcə, sizin DNT-nizdə var?

– İndi belə bir sual ortaya çıxır: Həmin eqo özünəinamsızlıqla necə yola gedir? Məndə bu belə alınır. Mən şam yeməyinə gələn qonaqları iki saat on iki dəqiqə ərzində əyləndirə biləcəyimə inanmaq üçün kifayət qədər eqoya malikəm. Lakin bunun alınıb-alınmadığı şübhəsi ilə yaşayıb ölürəm. Mən yazmayanda, ya da pis yazanda özümü çox pis hiss edirəm. Bir yazıçının başına gələcək ən pis şey nə ola bilər? Ölü doğulmuş ideya. Fərz edin ki, möhtəşəm bir ideyanız var və onu ən saf vəziyyətdə, olduğu kimi ekranlaşdırmağa can atırsınız. İstədiyiniz alınmayanda çox pis olur. Hər hansı teleserial layihəsi uğursuz olanda, bir film və ya pyes ümidlərimi doğrultmayanda bu mənim üçün ölüm-dirim məsələsinə çevrilir. Dəyərsiz olduğum, kimsənin mənimlə yoldaşlıq etməsinə heç bir səbəb olmadığı hissinə qapılıram. Bunun elə belə də qalacağını, dəyişməyəcəyini düşünürəm. Ona görə də, bunu avantaja çevirib motivasiya kimi yararlanmağa  çalışıram.

– Sizcə, ölü doğulmuş bir ideya, öldürmək məcburiyyətində qaldığın ideyadan daha yaxşı deyilmi?

– Bir deyim var: Sevdiyini öldürmək həmişə çətindir. Lakin bu, hər zaman labüddür.

– Rejissorluğa başlayandan sonra işiniz daha da ağırlaşdı?

– Xeyr, mənə “Mollinin oyunu” filmindəki cəlladın işi qədər ağır olmadı. Əslində, filmin ssenarisini yazarkən elə rejissorluq da etdiyimin -istər musiqi olsun, istərsə də xizəyin yanından uçub keçən buzun səsi və s. – fərqinə vardım. Əksər hallarda, rejissor gələndə və beynimdəki fikri çıxarıb başqa bir səviyyəyə çatdıranda özümü çox xoşbəxt hiss edirəm. Böyük ehtimalla, yazdığım başqa filmlərlə müqayisədə “Mollinin oyunu”, vizual baxımdan daha maraqlıdır.

– Əlbəttə. Siz həm də uzun kinematoqrafik monoloqlarınızla məşhursunuz, məsələn, “Bir neçə yaxşı adam” filmindəki məşhur  “Həqiqətə dözə bilməzsən!” səhnəsindəki kimi.

– Bir neçə səbəbə görə məhkəmə mövzusunda dram filmlərini çox sevirəm: Çünki orada risklər də, niyyət və maneələr də aşkardır. Oradakı münsiflər tamaşaçı qismində olur. Tamaşaçı kimi onların da məlumatı azdır, ona görə də ekspozisiya ilə işləmək asan olur. Ailəmlə birlikdə şam edib onların söhbətlərini dinlədiyim vaxtlarda “yaxşı, bəs heç bunu bu şəkildə fikirləşmisən?” sualını verməyi çox sevirdim. Bu dialoq, adətən, məhkəmə dramlarında olur. Odur ki, mən həmişə, xüsusən də, kinotənqidçilərin ssenaristi olduğum filmlərdə dialoqların çoxluğuna heyrət etmələrinə təəccüblənirəm.

– Bu, tez-tez baş verir?

– Sevdiyim filmlərdə dialoqlar dolub-daşır. Onlar sadəcə minimal dialoq əlavə edilmiş görüntülərlə kifayətlənmir. İstər Ben Hekt (amerikalı ssenarist-tərc.) olsun, istər mənim qəhrəmanım Pedi Çayefski (amerikalı ssenarist-tərc.). Bu, onun yaratdığı fantastik dillə bağlıdır. Dialoqu sevirəm və elə buna görə də yazdığım ssenarini həmişə yaxşı rejissorun çəkməsini istəyirəm. Amma “Mollinin oyunu” filmində prodüser fikirləşdi ki, bu filmi ən yaxşı mən çəkə bilərəm.  

– Bu qərarın səbəbi nəzarət etmək istəyi idi, yoxsa hekayənizi qorumaq istəyi?

– Mən başa düşürdüm ki, bu hekayənin içində maqnit kimi cəzbedici ünsürlər – pul, ehtişam, tənəzzül, poker, Hollivud adları və s. – var və başqa bir rejissor bu ünsürlərin köməyilə danışmaq istədiyim hekayəni korlaya bilər. Mən bu elementlərin fonunda cərəyan edən bir hekayə danışmaq istəyirdim. Hərçənd, çox güman, hekayəmdəki hər şeyi o qədər aydın təsəvvür edirdim ki, bu işi axıra çatdırmaq istədim. Onu sadəcə kağıza köçürmək qane etmirdi. Mən onu ekrana da köçürmək istəyirdim. Ona görə də, düşündüm ki, bu filmi özümdən yaxşı çəkən olmaz.

Tərcümə: Yunus Müşfiq
Redaktorlar: Aygün Aslanlı və Afaq Yusifli
Mənbə: the-talks.com

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya