İNDİ OXUYUR
Sənədli filmlər vaxtıdır

Sənədli filmlər vaxtıdır

6-cı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı maraqlı filmləri, qalmaqallı bağlanışı və başqa bir çox məqamları ilə yadda qaldı. Festivalda mübarizə aparan qısametrajlı yerli filmlər barədə ötən yazımda söhbət açmışdım. Bu dəfə isə festivalda önə çıxan məqamlardan, qalib gələn filmlərdən, festivalın ümumi ab-havasından söhbət açmaq istəyirəm.

Festivalın beynəlxalq müsabiqəsində Pavel Lozinskinin “Balkondan film” əsəri qalib gəldi. Bu film ötən il Lokarno Film Festivalında dünya premyerasını etmiş, daha sonra isə Amsterdam Beynəlxalq Sənədli Film Festivalı (IDFA) daxil olmaqla bir çox festivallarda nümayiş etdirilmiş, mükafatlar qazanmışdı. Filmin gəldiyi yolu nəzərə alanda, bu qələbə təəccüblü deyil. Müsabiqədə olan digər filmlərlə müqayisədə çəkisinə görə aşkar fərqlənirdi. Filmi izləməyənlər üçün qısaca süjetini belə təsvir edərdim: Rejissor Pavel Lozinskinin hər gün balkonunun aşağısından müxtəlif adamlar keçir, onların hər birinin özünəxas hekayəsi və tarixçəsi var. Rejissor bu insanları başqa insanlara tanıtmaq qərarına gəlir, kamerasını quraşdırır və həmin şəxslərə müxtəlif suallar verməyə başlayır. Bu söhbət əsnasında rejissor qəhrəmanları ilə insanları tanış edir, onların həyatını balkonundan göründüyü qədər təsvir etməyə çalışır. Filmdə ümumilikdə 80 insanın hekayəsi nümayiş etdirilir və rejissor o şəxslərin hər birindən film barədə razılığını alıb. Ümumilikdə bir ildən çox davam edən çəkilişlərdə həddən artıq material alınıb və rejissor həmin materialları məharətlə birləşdirərək ümumi narrativ yaratmağı bacarıb.

Bu film Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi “Polşa kino günləri” layihəsi çərçivəsində də nümayiş etdirilmişdi. Hətta orada filmin büdcəsiz və ya çox az büdcə ilə çəkildiyi deyilmişdi. Lakin elə filmin başlanğıcında “Warner Bros.”un onlayn striminq platforması olan “HBO Max”ın adını, ardınca Polşa Film İnstitutunun loqosunu görmək əksini anlamağa səbəb verir. Araşdırdığım zaman məlum oldu ki, filmin ümumi büdcəsi 160 min dollardan bir az çoxdur. Bu isə bizim məzənnə ilə 270 min AZN edir. Təkcə Polşa Film İnstitutu filmin istehsalı üçün 400 min Polşa zlotısı ayırıb, bizim məzənnə ilə 135 min AZN edir. Xatırlatma üçün deyim ki, bu il Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsində ümumilikdə 300 min manat büdcə ayrılmışdı və bir layihəyə maksimum 100 min manat ayrıla bilirdi. Bədii filmin xərclərinin sənədli filmdən qat-qat çox olduğunu nəzərə alsaq, bizdə ayrılan məbləğin yetərsiz olduğunu “Balkondan film” nümunəsindən də anlamaq olar. Əslində, bizdə də sənədli filmlərə hərdən böyük büdcələr ayrılır. Məsələn, bu il “Azərbaycanfilm”in dövlət sifarişi ilə çəkdiyi “ANAMA” sənədli filminə 141 min AZN xərclənib. “Balkondan film”dən fərqli olaraq isə bu cür filmlər nə beynəlxalq festivallara seçilir, nə dünyanı gəzir, nə də geniş tamaşaçı auditoriyası tərəfindən tanınır.

Lozinskinin bu filminin Azərbaycanlı gənc rejissorlara öyrədəcək nəyisə yoxdur. Onsuz da Azərbaycanlı sənədli film rejissorları büdcəsizlikdən, üzləşdikləri problemlər səbəbindən birinci elə öz evlərindən, ailələrindən çəkməyə başlayırlar. Özlərini təsdiq etdikcə müxtəlif xarici festivallardan dəstək alaraq fərqli mövzulara yönəlmək şansı qazanırlar. Əgər rejissorlarımız üçün ilham verəcək film varsa, o da “No main” müsabiqəsində “NewEYE” mükafatı qazanan İlkin Yusifin “Mən qəhrəman axtarıram” filmidir. Ən azından, bu filmdə rejissor cəmiyyətin içinə qarışır, onların həyatlarını kənd-kənd dolaşaraq anlamağa cəhd edir.

Ötən yazımda qeyd etməyi unutmuşdum, DokuBaku-da qələbə qazanan yerli qısametrajlı sənədli filmin qalibi Fransa Səfirliyinin dəstəyi ilə Biarritz şəhərində keçiriləcək FIPADOC Beynəlxalq Sənədli Film Festivalında iştirak edəcək. Festivalın direktoru İmam Həsənov ilə söhbətimiz zamanı dedi ki, əsas hədəf gələn il qalibləri dünyanın ən böyük sənədli film festivalı kimi qəbul edilən IDFA-ya göndərməkdir. Bu cür səyahətlərin yerli rejissorlarımızın inkişafı üçün misilsiz olduğu aşkardır.

Festivalın “Ən yaxşı beynəlxalq qısa sənədli film” müsabiqəsinin qalibləri isə “Hey, Günəş!” filmi ilə Marita Tevzadze və Ana Jegnaradze oldular. Gürcüstanın uzaq kəndlərindən birində yaşayan Azərbaycan əsilli Günəşin hekayəsi göstərilən filmdə atası onu oxutmaq istəyir, özündən daha yaxşı bir həyatı olmasını arzulayır. Film boyunca Günəşin hekayəsi ilə birlikdə həm Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini görürük, həm də bölgənin nəfis mənzərələri ilə tanış oluruq. Filmin ən güclü və uğurlu tərəfi təbiətlə iç-içə yaşayan bu insan mənzərələrini harmoniyada göstərməyi bacarmaqdır.

 Festivalda başqa bir Gürcüstan filmi də vardı. Maradia Tsaavanın “Suyun sərhədləri yoxdur” filmi “No Main” müsabiqəsində nümayiş olunurdu. Gürcüstan-Abxaziya sərhədinə çevrilən su elektrik stansiyasının, orada yaşayan və işləyən insanların taleləri bizə göstərilir. Maradia film ərzində Abxaziyaya daxil olmağa çalışır, lakin bunu bacara bilmir. Bu tərz filmlərin nümayişi Qafqazı, bir-birimizi, problemlərimizi görmək və bilmək üçün vacibdir.

 Filmin nümayişindən sonra rejissorla söhbətimiz zamanı onu ən təəccübləndirən məqamın, nümayişlərdə çox az insanın iştirak etməsi olduğunu dedi. Həqiqətən də, festivaldakı nümayişlərdə tamaşaçı sayı maksimum iyirmini ötmürdü. Bəlkə də buna əsas səbəb, festivalın tanıtımıdır və insanların çoxunun bu cür tədbirdən bixəbər olmasıdır. Digər tərəfdən isə, məncə, bu münasibətin ümumi səbəbi ölkəmizdə sənədli filmlərin əhəmiyyətinin tamaşaçılara tam aydın olmaması və ya onlara tam çatdırılmamasıdır. Tamaşaçı üçün sənədli filmlər hələ də televiziyada göstərilən “danışan başlar”, kədərli musiqi ilə müşayiət olunan kadrlardır. Halbuki sənədli filmlər reallıqla, dünya ilə birbaşa əlaqə qurmaq üçün ən vacib janrdır. Əlbəttə, burada kinotənqidçilərin də, medianın da payı var. Bu cür festivalların daha çox tanıdılması, tamaşaçıların cəlb edilməsi əsas hədəf olmalıdır.

 Festivalın ən yaddaqalan məqamı isə qapanış mərasimində oldu. “Xüsusi vurğu” mükafatı qazanan rejissor Amil Amal səhnədən birbaşa Mədəniyyət Nazirliyini kinoya dəstək olmamaqda günahlandırdı və arqumentini festivalda nümayiş edilən dörd filmdən heç birinin dövlət tərəfindən dəstək görməməsi üzərindən qurdu. Həqiqətən də, nümayiş edilən Azərbaycan filmlərinin heç biri dövlətdən dəstək almadan ərsəyə gəlib. Ötən il keçirilən “Böyük Qayıdış” müsabiqəsində sənədli filmlər üçün də büdcə ayrılmışdı. O müsabiqədə seçilən “Fulya” layihəsi tammetrajlı film kimi kinoteatrlarda nümayiş edildi. İnsanlar tərəfindən heç bir diqqət görmədi. Hətta Rüfət Həsənovun montaj etməsi də filmi xilas edə bilməmişdi.

Öz növbəsində səhnəyə çıxan Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin rəhbəri Rüfət Həsənov isə rejissora hər zaman konstruktiv müzakirələrə açıq olduğunu, festivalın əsas sponsorunun məhz Mədəniyyət Nazirliyi olduğunu bildirdi. Tamaşaçılar arasında Amil Amalın iradlarını yersiz sayanlar olsa da, onların əksəriyyəti onu alqışladı və problemlərin aktual olduğunu təsdiqlədi.

Ümumilikdə, festivalın proqramı daxilində göstərilən filmlər Azərbaycan tamaşaçısı üçün yeni pəncərələr, yeni baxış bucaqları təqdim edirdi. Festivalın qarşıdan gələn illərdə daha da təkmilləşəcəyinə, insanların daha çox diqqətini çəkmək üçün çalışacağına ümid edirəm. Bunun üçün nöqsanların aşkarlanmasına, problemlərin dəqiq təhlillə aradan qaldırılmasına ehtiyac var. DokuBaku-ya tamaşaçı rəğbəti və diqqəti arzulayıram. Növbəti il daha yaxşı olması ümidi ilə!

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya