İNDİ OXUYUR
“Animafilm”də yerli müsabiqə – ümid və məyusluq

“Animafilm”də yerli müsabiqə – ümid və məyusluq

Bu il 7-11 sentyabr tarixlərində 5-ci Animafilm Animasiya Film Festivalı keçirilir. Festival ötən ilə nisbətən daha geniş heyətlə, daha yaxşı nümayişlərlə tamaşaçıların qarşına çıxır. Bu cür festivalların davamlı olması, həm də təkmilləşərək hər kəsi əhatə edən mədəni tədbirlərə çevrilməsi vacibdir. Festivalın təşkilatçılarına, bu prosesdə əməyi keçən hər kəsə təşəkkür düşür. Festivalın proqramı da kifayət qədər rəngarəngdir. Ukrayna animasiyalarından tutmuş dünyanın dörd bir tərəfindən göndərilən və müsabiqə üçün seçilən qısametrajlı filmlərə qədər, o cümlədən, Azərbaycanın yeni animasiyalarından, Yaponiyanın böyükbüdcəli animesinə qədər istənilən zövqə uyğun film tapmaq mümkündür. Sadəcə, bir az vaxt ayırmağa, gündəlik qayğılardan ayrılıb bu sehrli dünyanın içinə daxil olmağa cəhd etmək lazımdır.

Festivalın elə ilk günü “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” müsabiqəsinə seçilən filmləri izləmək fürsəti əldə etdim. Ümumilikdə 16 filmin mübarizə apardığı bu yarışmada əksər filmlər həvəskar səviyyədə olsa da, diqqətəlayiq olduğunu düşünürəm. Yarışmada filmi mübarizə aparan müəlliflərin böyük hissəsi gənclər idi. Gənclərin animasiya sahəsinə bu qədər maraqlı və həvəsli olması alqışa layiqdir. Ölkəmizdə kinomuz kimi animasiyamız da durğunluq dövrünü yaşayır, böyüməkdə olan uşaqlar xarici cizgi filmlərinə baxır. Bu, mədəni baxımdan narahatlıq doğuran məqamdır, lakin gənclərin aktivliyini görmək ümidvar olmaq üçün əsas səbəbdir. Digər tərəfdən, filmlərin yarısından çoxunun qadın olması da vacib nüansdır.

Animasiya filmi çəkmək üçün müxtəlif texniki imkanlar mövcuddur və bu yarışmadakı filmləri izləyərək həmin texnikaların bir neçəsini görmək mümkün idi. Ülviyyə Məmmədovanın “Ağ qorxu” və Sevinc Quliyevanın “Kuklalar” filmləri “stop motion” texnikası ilə, Murad Əliyevin “Oğuz Elinin Oğlu: Atəş Başında” 3D texnikası ilə, “Sərvinazın kitabı”, “Cənab Burunun bitməyən günü” əllə çəkilərək hazırlanmışdı. Bu filmlər arasında məni ilk təəccübləndirən məqam 8 yaşlı Kövsər Qurbanın çəkdiyi “Bir damla” filmi oldu. Filmin mövzusu günümüz üçün aktualdır: Hər tərəfi tüstü-duman bürüyüb, təbiət çürüyür, iqlim dəyişikliyi bütün insanların həyatına təsir edir və son bir damla ilə yeni bir ağacın tumurcuğu göyərir. Bu qırx saniyəlik filmdə 8 yaşlı bir qızın özünü və dünyanı ifadə etməyə çalışması təqdirəlayiqdir. Əgər uşaqlarımız özlərini animasiya ilə ifadə etməyə çalışırsa, dünya haqqında düşünürsə, buna ancaq sevinmək olar. Bu cür festivalların və müsabiqələrin keçirilməsi məhz təşviq etmək, həvəsləndirməkdir. Animafilm bunu yaxşı bacarır.

“Sərvinazın kitabı” anası xərçəng xəstəsi olan qızın yazdığı kitab barədədir. Həmin kitabda Sərvinaz anasını bir superqəhrəman kimi təsvir edir. Superqəhrəman filmlərinin milyonlarla tamaşaçı cəlb etdiyi dövrdə bu cür bir işin ortaya çıxması təsadüfi deyil. Azərbaycanlıların həyatında “ana” fiqurunun tutduğu yerin belə maraqlı həlli insanı sevindirir. Filmlər bitdikdən sonra rejissor İbrahim Baxşıyev öz filmini rəsmlər çəkərək, sonra həmin rəsmləri telefonundakı proqramla birləşdirərək hazırladığını bildirdi. Əgər bir insanın telefonla animasiya hazırlayacaq qədər böyük entuziazmı varsa, həmin şəxsə özünü realizə etmək üçün uyğun şərtlər verilərsə, nələr edə biləcəyini düşünmək lazımdır. Bəlkə də həmin şərtləri təmin etməyin vaxtıdır.

Müsabiqədəki filmlər arasında üç ən bəyəndiyim işdən biri Aydan Həsənovanın “Çox düşünən” filmi oldu. Vankuver Film Məktəbində hazırladığı diplom işi olduğunu bildirən rejissorun filmi gənclərin ən çox üzləşdiyi problemlərdən birindən bəhs edir. Bu problem virtual söhbətləşmə, söhbət zamanı cavabgözləmə, gözlədiyin mesaja cavab gələnə qədər beynində qurduğun xəyallar və fantaziyalar bu filmdə əyləncəli bir formada göstərilir. Bu dinamik qısa filmdə kino dünyasında son dövrlər ən populyar emosiya olan “təşviş” sərgilənir. Müharibələrin, iqlim böhranının, inflyasiya və başqa problemlərin olduğu dövrdə insanın təşviş hissini keçirməsindən təbii heç nə ola bilməz. Rejissor isə əyləncəli bir sonluğa üstünlük verir və heç də hər şeyin bədgüman olmağa əsas vermədiyini, sadəcə bəzən rahatlaşmağa, səbirli olmağa ehtiyac olduğunu bildirir.

Müsabiqədə digər bəyəndiyim film isə Sevinc Quliyevanın “Kuklalar” işi oldu. Bu filmdə oyuncaq fortepianoda ifa edən kuklanın bir gün təsadüfən həqiqi fortepianonu kəşf etməsi və dostu ilə konflikti göstərilir. Həqiqi fortepianonun varlığından xəbər tutan kuklalar ya bu yeni reallıqla üzləşməli və macəraya atılmalı, ya da öz həyatlarına olduqları kimi davam etməlidilər. Bu film mənə Platonun “Mağara alleqoriyası”nı xatırlatdı və hekayə ilə bənzərliklər olduğunu düşünürəm. İki kuklanın konfliktində biri yeni həyatı, macəranı seçdiyi halda, digəri oyuncaq fortepiano ilə qalaraq həyatına davam etməyə qərar verir. Kukla da olsan, insan da olsan, səni var edən, həyatını məna verən seçimlərindir.

Yarışmadakı ən bəyəndiyim film isə Ülviyyə Məmmədovanın “Ağ qorxu”su oldu. Bu filmdə biz hər gün yazmaq qorxusu ilə üzləşən bir insanın taleyini görürük. Hər dəfə qarşısında bəyaz səhifə gördüyü zaman tərəddüdlərə qapılan, nə edəcəyini bilməyən, amma yazmasa da yaşaya bilməyən yaradıcı insanların hekayəsidir. Üstəlik müəllif filmdə səhnə dizaynlarına, işıqlara və kölgələrə də xüsusi diqqət yetirib, hər bir nüansı ustalıqla işləyib. Baş qəhrəmanın yerə atdığı vərəqlərin sonda üst-üstə toplaşaraq bədheybətə çevrilməsi məzmunun forma ilə birləşməsidir. Məhz bu cür ifadə formaları animasiyaları bədii filmlərdən fərqləndirir və məxsusilik qatır. Müəllifi həm yaradıcı insanların üzləşdiyi sıxıntıları parlaq formada ifadə etdiyinə, həm də öz filmində hər bir detala diqqət edərək ustalıq göstərdiyinə görə təbrik edirəm.

Bu filmlərdən əlavə, Firəngiz Qurbanovanın “Samanyolu” filmi də ustalıqla çəkilmiş bir iş idi. Hekayədəki boşluqlara – sonsuzluğa doğru gedən təyyarə ilə şam yandıran bir ananın arasındakı əlaqə – görə tam da bəyəndiyimi deyə bilmərəm. Hər kadrında xüsusi zəhmət, hər bir detala fikir verərək total konsept yaratmaqda ustalıq hiss olunurdu. Murad Əliyevin 3D texnikası ilə çəkdiyi “Oğuz Elinin Oğlu: Atəş Başında” filmi isə texniki baxımdan bəzi məqamlarda gözoxşayan olsa da, ümumilikdə “danışan başlara” çevrilir və bitmək bilməyən dialoqları ilə tamaşaçını yorurdu. Bu filmin yaradıcı toxunuşdan məhrumluğu bir neçə dəqiqədən sonra tam aydın şəkildə görünürdü.

Bütün bunlarla yanaşı, seçilən filmlərin arasında problemli olanlar da var idi. Ələlxüsus iki filmin sonunda “YouTube kanalımıza abunə olun” hissəsinin olması ən çox gözəbatan qeyri-peşəkarlıq idi. Festival təşkilatçıları və proqramı seçənlər belə sonluğa malik olan işləri seçməməli, ən azından həmin sonluğun dəyişdirilməsini tələb etməlidilər. Əks halda, digər işlərə də kölgə salır. Bir filmdə isə şirkətin reklamı bütün filmin qabağına keçirdi və sanki festival tamaşaçıları dörd dəqiqəlik bir reklama tamaşa edirdilər. Bəzən kəmiyyət naminə keyfiyyət qurban verilir, lakin müəyyən standartlar tətbiq olunmasa, keyfiyyətin yüksəlməsi müşkül məsələyə çevrilə bilər. Hər halda, Animafilm Azərbaycan animasiyası üçün xilas yolu olmağa, tamaşaçıları ətrafına cəlb edib daha böyük kütlələrə çatmağa çalışır. Bu çətin və məşəqqətli yolda onlara uğur arzulayıram.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya