İNDİ OXUYUR
Başlanğıc, sonluq, yenə də başlanğıc…

Başlanğıc, sonluq, yenə də başlanğıc…

Orta və yaşlı nəslin çox yaxşı xatırladığı, rəğbət bəslədiyi “Başlanğıc” adlı bir animasiya filmi var. Həm böyüklərin, həm də kiçiklərin izləyə biləcəyi bu film 1981-ci ildə SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə  “Azərbaycantelefilm”də istehsal olunub. Animasiya filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rəssamı Fikrət Abbaszadə, rejissoru Vaqif Behbudovdur. Fəlsəfi pritça olan bu film “Habil və Qabil” rəvayətinin motivlərindən istifadə olunaraq qurucu və dağıdıcı (başqa sözlə, müsbət və mənfi) əks binarlığının əbədi mübarizəsindən bəhs edir. Məhz bu mübarizənin fonunda, əslində, həyatın davamlılıq prinsipinin gizləndiyi barədə düşüncələrimi bu yazıda sizinlə bölüşmək niyyətindəyəm.

İlk olaraq, flmi hələ də izləməyənlər üçün olduqca sadə, ssenarinin üç hissəli strukturuna xas mərhələlərin ən sadə üsulda ifadəsini özündə əks etdirən süjet xəttini təsvir etmək istərdim. Spoyler vermək qayğısı çəkmədən qeyd edim ki, bu filmdə nəticə qədər ona aparan proses də əhəmiyyətlidir. Əslinə qalsa, bu hekayədəki sonluq son nəticə də deyil. Dünya var olduqca təkrarlanacaq olan Xeyir və Şərin – Yaxşı və Pisin mübarizəsi kimi…

Səhrada azan “sarışın bir Yaxşı” taqətsiz vəziyyətdə irəliləyərkən, nəhayət, bir oazisə rast gəlir. İlk olaraq susuzluğunu yatıraraq, orada özü üçün şəraitin imkan verdiyi qədər komfortlu zona yaratmağa başlayır. Antaqonist personaj olan “qaraşın Pis” isə, ekranda görünməyə yubanmır. O öz vəzifəsini yaxşı bilir – Yaxşıya əks gediş edərək təbii tarazlığı qorumalıdır: müsbət varsa, mənfi də var; Xeyir varsa, Şər də olmalıdır prinsipi ilə… “Yaxşı”nın öz missiyasını yerinə yetirdiyi kimi, “Pis”in də vəzifəsinin öhdəsindən gəldiyinin şahidi oluruq. Oazis məhv olur, personajlar pərən-pərən düşürlər, amma budur, yeni bir oazis tapılır və bu əks, hətta deyərdim, həmkar personajlar yenə üz-üzədir. Yeni bir mübarizəyə, yeni bir hərəkət dönüşünə hazırdırlar. Dayanmaq olmaz, həyatın davamlılığı üçün qarşılıqlı münasibətdə
olmaq əsas şərtdir.

Ssenari müəllifinin toxunduğu mövzu bütün zaman və məkanlarda insan təhtəlşüurunun dərinliyində kök salmış, ümumiyyətlə, təbiətin işləmə mexanizminin əsasında duran mənfi-müsbət əks binarlığıdır. Bu cütlüyə xeyir və şər, yaxşı və pis, od və su, erkək və dişi, hə və yox, protaqonist və antaqonist kimi sair variasiyalarda ən müxtəlif müstəvilərdə rast gəlinir. Onların əbədi “mübarizə”si həyat kimi mürəkkəb bir mexanizmi hərəkətdə saxlayan, inkişaf etdirən mühərrikdir.  Buna mən mübarizədən daha çox əməkdaşlıq, birgə rəqs deyərdim. Çünki məhz bu əks binarlığın qarşılıqlı münasibəti nəticəsində davamlılıq yaranır. Birinin məhvi digərinin də məhvi deməkdir; nəticədə, ümumən həyatın, varlığın məhvi deməkdir. Süjet iki personajın ziddiyyətindən bəhs etsə də həyatın təməl məsələsini və mahiyyətini ortaya qoyur. Qurucu və dağıdıcı, irəli və geri, himayəçi və zərərverici, ağ və qara (bu filmdə sarışın və qaraşın) sifətləri ilə assosiasiya olunan bu qəhrəmanlar Karl Yunqun nəzəriyyəsinə əsasən təyin olunan müdrik qoca və trikster arxetiplərinin ibtidai nümunəsidir.

Haşiyədən çıxaraq bildirim ki,  əgər diqqətinizi çəkdisə, personajlardan birinin sarışın, digərinin isə qaraşın olmasını xüsusilə qeyd etmişdim. Düzdür, mifologiyada şər qara rənglə, xeyir isə daha parlaq rənglərlə təmsil olunur. Amma bu zidd personajların vizual fərqi yalnız bununla bitmir, irqi müxtəliflikləri də nəzərə çarpır. Sarışının üz cizgiləri, fizionomiyası daha çox slavyan, qaraşınınki isə daha çox qafqazlı təəssüratı yaradır. Üstəgəl, eynək elementinin də filmlərdə, əsasən, ziyalılıqla assosiasiya olunduğunu nəzərə alsaq, sarışın personajın elmli xalqı, digərinin isə analoji olaraq əksini təmsil etdiyinin şahidi olarıq. Bəs niyə Azərbaycan istehsalı olan animasiya filmində bu tip yanaşma müşahidə olunsun axı? Səbəbi bir əsr əvvəldə yatır. Regionumuzun Sovet hakimiyyətinin nəzarətinə keçməsindən sonra sosializm ideologiyasının yayılması üçün ideal vasitə olan kinematoqrafiya sahəsi təbliğat vasitəsi kimi geniş istifadə olunmağa başlamışdı. Sadə xalq üzvlərinə yeni yaranmış vizual vasitə ilə təsir çox effektiv olduğundan, yeni hökumət ilk illərindən bu sahənin imkanlarından istifadə edərək sonradan “sosial realizm” adlanacaq cərəyan çərçivəsində Sovet ideologiyasını öz nəzarəti altında olan ölkələrə istər sənədli, istər bədii, istərsə də animasiya filmləri ilə təlqin edirdi. Beləcə, “Başlanğıc” filmində də slavyan cizgili “yaxşı” (xeyir) personajının simasında Sovet hökumətinin xeyirxah, qurucu, qayğıkeş, ziyalı olduğu təhtəlşüurlara yeridilməyə hesablanmışdı. Güman etmirəm ki, istehsalçı studiyanı dövrün reallıqlarına loyal davrandığı üçün qınaya bilərik, sadəcə, illər sonra kiçik bir təhlil baxışı məqsədilə haşiyədən çıxdım.

Obrazların hekayədaxili təhlilinə gəldikdə isə, “Yaxşı” (xeyir) burada yaratmır, daha çox, bərpa ilə məşğuldur. Gözündəki eynəkdən bilinir ki, o, əslində, sənayesi kifayət qədər inkişaf etmiş sivilizasiyanın nümayəndəsidir və keçmişindən ona yalnız, təcrübəsi yoldaşlıq edir. Elə buna istinad edərək mənsub olduğu mədəniyyətin elementlərini yeni tapdığı oazisə transpozisiya edib həm yaşamaq, həm də yaşatmaq niyyətindədir. Yaşayan özü, yaşatdığı isə mənsub olduğu mədəniyyətdir. Maraqlıdır ki, onun öz əməllərinin dərinliyində də təbiətlə ziddiyyət var. Məsələn: dəyirman vasitəsilə suyun daimi axarını dəyişir, yuxarı axmasını təmin edir; ağac gövdələrini təbii vəziyyətindən ayırıb ev tikir; iri bitki yarpaqlarını bir-birinə tikərək su səhəngi şəklində formalaşdırır. Başqa deyimlə, bir gerçəkliyi məhv edərək, yeni bir gerçəklik yaradır. Bu yeni gerçəklikdə müxtəlif ünsürlər formasını dəyişərək yeni məzmun alır. Məsələn, ağac budaqlarının və yarpaqların müəyyən forma həcmində qurğusu nəticəsində fərqli adlı və təyinatlı yeni bir əşya yaranır – sığınacaq, ev.  Geştalt psixologiyasında olduğu kimi: bir bütün onu əmələ gətirən hissəciklərin hamısının cəmindən daha mənalıdır. Bizim gördüyümüz, əslində, müxtəlif adlı və məzmunlu hissələrin cəmidir, amma o bütünə yeni məzmun gəldiyinə görə onu yeni görkəmdə tam olaraq qavrayır, mənalandırır və adlandırırıq. Bu baxımdan mən də xeyir və şəri, mənfi və müsbəti ayrı-ayrılıqda deyil, ikilikdə – tam formada qavrayaraq, vahid məqsəd uğrunda – həyatın davamlılığı uğrunda fəaliyyət göstərən mühərrik kimi mənalandırardım. Qədim dünya miflərində də həyatın özülünün, davamlılıq şərtinin bu iki əks binarlıqdan asılı olduğu fikri hökm sürür. Məsələn, Skandinav mifologiyasında od və suyun qarşılıqlı münasibəti ilə – onların birinin şimaldan, digərinin cənubdan (əks qütblərdən) ortaya, heçliyə axıb birləşməsi ilə dünya yaranır. Soyuğun istiylə qovuşmasından balans, başqa deyimlə, həyat yaranır. Yeri gəlmişkən, bu filmdə mənfi və müsbət personajlardan başqa, əslində, digər əks binar obrazlar da yer alıb. İstidən od tutub yanan səhralıq və bu şəraitdə zərrə qədər ziyan görməyən, köksünün ortasından çay keçən oazis. Və analoji olaraq bunların mövcudluğunu şərtiləndirən günəşin qızmar istisi və sərin su. O isti ki, personajların, bir növ, vadaredici hadisəsini yaratmış və suyu o şəraitin ən ali mükafatına çevirmişdi. Necə ki, hər iki personajın oazisi kəşf etməsiylə, ilk etdikləri iş su içməyə, baş mükafatı almağa cəhd idi. Bu yerdə Nizami Gəncəvinin Xeyir və Şər əsərini xatırlatmaq istərdim. Xeyir və Şər adlı iki nəfərin səyahətləri zamanı səhralıqda susuzluqla üzləşdikləri vaxt Şərin özü ilə gizli gətirdiyi suyu Xeyirə gözləri müqabilində təklif etməsi yaxşı və pisin, od və suyun digər formada qarşıdurması, qarşılıqlı münasibətidir. Bu cür münasibətin sayəsində, fəaliyyət olar, inkişaf baş verər, axın yaranar. Vahid bir sistemin iki ucu arasında potensial fərq olduğunda yaranan axın, ayrılan elektrik enerjisi kimi. Və ya erkək və dişi cinsin qarşılıqlı fəaliyyətinə minnətdar olaraq növün davamlılığını təmin edən çoxalma prosesi kimi. Hətta mitoz bölünmə (təkcinsli) ilə çoxalan bir hüceyrəli canlılarda da binarlıq məsələsi aktualdır. Çünki bölünən hüceyrənin bu fəaliyyətinin əsasında da əks qütblər durur. Bu baxımdan, filmin mövzu və süjetinin varlığın əsas enerji və hərəkətverici qüvvəsini təşkil edən əks binarlığın insan obrazına salınmış ifadə modelində təsviri olduğunu deyə bilərəm. “Yaxşı” və “Pis” ayrılmaz cütlük kimi ali missiyalarını yerinə yetirərək, birgə fəaliyyətləri ilə başlanmışı yekunlaşdırır, sonlanmışı yenidən hərəkətə gətirərək həyatın əbədi davamlılığını təmin edirlər.
Elə isə: Başlanğıc, sonluq, yenə də başlanğıc…

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya