İNDİ OXUYUR
Azərbaycan kinosu qəhrəmanını axtarır

Azərbaycan kinosu qəhrəmanını axtarır

Ölkəmizdə tez-tez insanların özləri barədə “Mənim həyatım elə filmdir də”, “Mənim həyatımı çəksəniz, film olar” kimi ifadələr işlətdiyini eşidirik. Bu ifadələri artıq o qədər eşitmişik ki, bu sözləri deyən insanları artıq ciddi qəbul etməməyə, dediklərinə əhəmiyyət verməməyə başlamışıq. İlkin Yusifin “Mən qəhrəman axtarıram” sənədli filmi isə həmin sözləri deyən insanları ciddi qəbul edir, həyatlarından hekayə çıxacaq adamların axtarışına çıxır. Rejissor həm də filmin əsas qəhrəmanıdır, axtarış onun bir kartonun üzərinə yazdığı “Mən qəhrəman axtarıram” sözləri ilə başlayır. Rejissor öz qəhrəmanlığını kənara qoyub, onun yerini tutacaq bir şəxsə, dramaturgiyaya uyğun gələcək personaja vermək istəyir. Bunun alınıb-alınmadığı isə film irəlilədikcə görmək imkanına sahib oluruq.

Əksər sənədli filmlər üçün qəhrəmanın (bəzən qəhrəmanların) həyat hekayəsi və mübarizəsi filmin ümumi təsir gücünün böyük hissəsini təşkil edir. Ona görə də, sənədli filmlərdə parlaq bir obrazın tapılması, onun həyat hekayəsinin düzgün çatdırılması uğura gedən əsas yolu təşkil edir. Uğurlu bir sənədli film üçün parlaq bir obrazın təsviri kifayət edə bilər. Müxtəlif ictimai-sosial problemlərlə üzləşən insanlarımızın arasında həmin şəxslərin olduğu şübhəsizdir. Ancaq hələlik həmin şəxslər sənədli filmlərimizdə çox da yer tapa bilməyiblər. Burada həm bədii filmlərlə hekayə danışmaq tendensiyasının, həm də  ümumilikdə sənədli filmlərə qarşı tamaşaçıların da dırnaqarası yanaşmasının təsiri var.

Sıravi bir azərbaycanlının yeknəsəq həyatında, gündəlik qayğıları, məişət problemləri arasında lazımi hekayəni tapa bilmək heç də asan məsələ deyil. Bu işin qəlizliyi və mürəkkəbliyi rejissor-qəhrəmanın ilk ünsiyyət qurmağa çalışdığı şəxslə münasibətdə aydın olur. Həmin şəxs qəhrəmanını axtaran rejissora “Hər gün evinə çörək aparmaq ən böyük qəhrəmanlıqdır” deyir. Bu fikir sənədli film boyunca dəfələrlə qarşımıza çıxır. Az qala leytmotiv rolunu oynayan ifadənin altında yatan məna nədir? Bəlkə də sıravi azərbaycanlının içində boğuşduğu problemlərə məğlub olaraq bütün məna və məramını “çörəkpulu”na təslim etməsi, əlavə heç bir qəhrəmanlığa lüzum görməməsidir. Heç kim öz şəhərində peyğəmbər ola bilmədiyi kimi, çörək dalınca qaçan heç kim də qəhrəman ola bilməz. Qəhrəman olmaqdan daha çox, ehtiyacları olan şey öz ailəsinin güzəranını təmin etmək və ona verilən ömrünü pis-yaxşı ötüşdürüb həyatını başa vurmaqdır.

Əgər film təkcə bu qatda və bu minvalda davam etsəydi, bir köşəyazısı və ya insanımız barədə məqalə təəssüratı bağışlayardı. Lakin İlkin Yusif bu yanaşmanı qəbul etmir, öz axtarışlarına yenicə başladığı üçün tamaşaçını gözləyən başqa məqamlar olduğuna işarə verir. Filmin mövzusu bu yanaşmanı qabartmaq olsaydı, əsas kartını belə tez açmaz, tamaşaçını düşündürmək üçün bir az daha səbirli davranardı. İlk səhnədə məhz bu fikrin çıxması isə başqa mətləblərdən də xəbər verir. Tamaşaçı səbirlə bu səyahətə qatılmalı, qəhrəmanı tapmaq üçün bütün məşəqqətlərə sinə gərməlidir.

İlkin Yusifin insanlarla birbaşa münasibəti, çəkinmədən suallar ünvanlanması filmin dinamizmini təşkil edir. Hər dəfə insanlardan qəhrəman olub-olmadıqları barədə soruşması gərginlik yaradır. Kim isə özünü çox vacib əməllərə imza atmış, amma layiq olduğu dəyəri görməmiş insan kimi qəbul etdiyini bildirir, digəri isə heç bir dəyərinin olmadığını, qəhrəmanlıq anlayışı ilə yaxından-uzaqdan əlaqəsi olmadığını dilə gətirir. İnsanların zahirən və həyat şəraitinə görə bu qədər bənzər olmasına baxmayaraq, özləri barədə bu qədər ziddiyyətli fikirlərə sahib olması portretləri rəngarəng etməyə başlayır. Bu portretlərin cizgiləri ortaya çıxdıqca cəmiyyətin müxtəlif kişi üzvləri barədə müəyyən fikirlərimiz yaranır. Qadınlar isə film ərzində görünmür, rejissor onlarla da söhbətə cəhd etsə də, təzyiqlərdən və adət-ənənələrdən çəkinərək kameradan uzaqlaşmaları, yad kişini yaxına buraxmamaqları Azərbaycan kinosunda olmayan parlaq qadın obrazlarının yoxluğunun səbəbini tam açıqlamağa xidmət edir.

Qəhrəman-rejissorumuzun “Siz qəhrəmansınız?” və bənzər sualları müəyyən məqamdan sonra ritorikləşir, artıq həqiqətən qəhrəman tapsa da, nəticənin dəyişməyəcəyi aydınlaşır. Məqsəd qəhrəman tapmaq yox, axtarmaqdır. Çünki axtarış tapmaqdan daha vacib və dəyərlidir. Film ərzində də müsahiblərdən biri rejissorun bu “kələy”ini anlayır və ona “Əgər qəhrəmanı tapsan, onda filmin adı “Mən qəhrəman axtarıram” olmayacaq, başqa bir ad qoymalı olacaqsan” deyir. Həqiqətən də, əgər qəhrəman tapılıbsa, onda əsərin adı tamam fərqli olmalıdır.

Sual nə qədər ritorik olsa da, qəhrəmanlar özlüklərində bəzi məsələləri aydınlaşdırmağa çalışırlar. “Qəhrəmanlıq nədir?”, “İndiyə qədər yaşadıqlarımı qəhrəmanlıq saymaq olarmı?”, “Film qəhrəmanına çevrilmək üçün nə yaşamaq lazımdır?” suallarını şəxslər özləri üçün dəqiqləşdirməyə çalışırlar. Bu dəqiqləşdirmələr zamanı onların həyat hekayələrini də öyrənmiş oluruq. Onlar nəyin qəhrəmanlıq olub-olmadığını aydınlaşdıra bilməsələr də, tamaşaçı üçün onların portretləri, hekayələri ştrixlərlə ortaya çıxır. Birinci Qarabağ müharibəsində iştirak edən qazi də, çobanlıqla məşğul olaraq özünü qəhrəman görən şəxs də, günəmuzd çalışaraq həyatını qəhrəmanlıqdan uzaq görən, amma özlüyündə haqsızlığa susmamağa çalışan fəhlə də artıq bizə tanışdır, bizə doğmadır. Hər biri ayrı həyatdan qopan bu cizgilər sonda gəlib tamaşaçı şüurunda cəmlənir, filmin sonlarına doğru artıq Azərbaycan cəmiyyətinin yekun təsviri beyinlərdə canlanır. Rejissorun axtarışları səmərəsiz qalmır, hər şəxsdən az-az bizə göstərərək Azərbaycan cəmiyyətinin koloritli təsvirini bizə göstərir. Bu şəxslər arasından hansısa birini fərqləndirmək, beynimizin dərinliklərinə həkk etmək müşkül məsələdir, lakin onlar birlikdə elə doğma, elə əziz insanlardır ki, sanki onları illərdir tanıyırsan, problemlərinə illərdir şəriksən və bundan sonra da onlar hər zaman səninlə birgə yaşayacaqlar. Rejissorun uğuru da bu zənginlikdən və vəhdətdən qaynaqlanır.

İki il sonra yenidən geriyə qayıdan rejissor insanlara onların olduqları kadrları göstərir. Həmin kadrlar arasında artıq həyatda olmayan insan da var. Ailə üzvləri kədərlənir, pis olur, digər tərəfdən isə artıq aralarında olmayan atanın görüntülər arasında canlı və həmişəyaşar olacağı üçün sevinirlər. Bu filmin bacardığı gündəlik qayğılar içində qıvranan insanları qəhrəman mərtəbəsinə yüksəltmək, başqalarına göstərmək və audio-vizual formatda unudulmağa qoymamaqdır. Bütün etdikləri və edə bilmədikləri ilə bu insanlar qəhrəmanlardır.

Bu insanlarla birlikdə həm də İlkin Yusifin özü qəhrəmandır. Təkcə bu insanları axtardığı, tapdığı və bizə göstərdiyi üçün yox, həm də müxtəlif qayğılar arasında vaxt tapıb incəsənətə öz töhfəsini verdiyinə görə də qəhrəmandır. Reklam filmləri çəkərək karyerasına davam edən rejissorun maddi olaraq çox da gəlirli olmayan sənədli film sahəsinə diqqət, enerji və resurs ayırması diqqətəlayiqdir. Mövcud şəraitdə, hər kəsin müxtəlif çətinliklərlə qarşılaşdığı bir dövrdə, bir rejissorun yollara düşüb, küçə-küçə, ev-ev qəhrəman axtarmasının özü qəhrəmanlıq deyilsə, bəs nədir? Qəhrəmanını axtaran təkcə bu film deyil, həm də Azərbaycan kinosudur. Çətinliklərə baxmayaraq, yeni nəsə yaratmaq istəyən, bu uğurda fədakarlıq edən insanları alqışlamalı olduğumuz şübhəsizdir. Bu cür fədakarlıqları romantikləşdirərək problemləri görməzdən gəlmək və ya problemlərə qarşı olan münasibəti yumşaltmaq fikrim yoxdur, lakin dəstəyimizi bildirərək tək olmadıqlarını bildirməkdə fayda var.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya