İNDİ OXUYUR
Özümüzü tərbiyə edək, axı uşaqlar bizə baxır

Özümüzü tərbiyə edək, axı uşaqlar bizə baxır

İtalyan rejissoru Vittorio De Sikanın haqqında danışacağım “Uşaqlar bizə baxır” (1943) filminin təhlilinə keçməzdən öncə, həmin illərin italyan kinosu və xüsusilə də Neorealizm cərəyanı haqqında bir neçə sətir arayış vermək istərdim.

Neorealizm cərəyanı İtaliyada, İkinci Dünya müharibəsi sonrası meydana gəlmiş kinematoqrafik cərəyandır. İtaliyada yaranmasına baxmayaraq, bütün dünya mədəniyyətində müharibədən sonrakı illərin ən parlaq və bəlkə də ilk böyük bədii hadisələrindən biridir.

Nədir bu Neorealizm? “Neo” – yeni, “realizm” – reallıq, yəni, yeni reallıq. İstənilən qlobal bir hadisədən sonra (müharibə, pandemiya, çevriliş, iqtisadi böhran və s.) yaranmış gündəmin və reallığın əksidir. Əslində, adı çəkilən dövrdə Neorealizm cərəyanı təkcə kinoda deyil, həm də ədəbiyyatda (Elio Vittorini, Çezare Paveze, İtalo Kalvino və b.), təsviri və tətbiqi incəsənətdə də öz əksini tapıb. Lakin bu cərəyan kinematoqrafiyada daha güclü və vurucu təsirə malik olub. Bəs Neorealizmi digər cərəyanlardan səciyyələndirən xüsusiyyətləri nədir?  Neorealizm cərəyanına aid filmlər bir qayda olaraq azbüdcəli (bəzi hallarda büdcəsiz), qeyri-peşəkar aktyorların iştirakı ilə çəkilir və süjet xətti əsasən, kasıb təbəqənin – fəhlələrin, kəndçilərin, balıqçıların – bir sözlə sadə insanın həyatını və onun qarşılaşdığı çətinlikləri göstərir. 

Qayıdaq rejissor Vittorio De Sikanın baş qəhrəmanların uşaqlar olduğu trilogiyanın birinci –  “Uşaqlar bizə baxırlar” (1943) filminə. Yeri gəlmişkən, az tamaşaçıya məlumdur ki, De Sikanın məşhur “Velosiped oğruları” filmi (1948) rejissorun “Uşaq trilogiyası”nın üçüncü filmidir. İkinci film isə “Şuşa” (1946) adlanır.

Rejissor Vittorio de Sika

Trilogiyanın hər üç filminin baş qəhrəmanlarının uşaqları seçməsində müəllifin başlıca məqsədi yeni reallığa, yeni nəslin nəzəri ilə baxmaqdır. Köhnə nəsil və köhnə reallıq artıq külə çevrilib.

“Uşaqlar bizə baxırlar” filmi, yazıçı Çezare Culio Violanın “Priko” adlı əsəri əsasında ekranlaşdırılıb. Məşhur ssenarist və dramaturq Çezare Zavattininin ssenariləşdirdiyi bu filmlə De Sika və Zavattini duetinin əsası qoyulur. Neorealizmin rəsmən müharibədən sonra meydana gəlmiş cərəyan hesab edilməsinə baxmayaraq, bu film müharibənin ən qızğın vaxtlarında, faşist diktaturası rejimi və senzurası altında lentə alınıb. Bu filmi cəsarətlə Neorealizmin ilk filmi hesab etmək olar.

Film 4 yaşlı Priko adlı balaca oğlancığazın burjua ailəsindəki acınacaqlı həyatından bəhs edir. Onun valideynlərinin bir-birlərinə qarşı olan hissləri artıq soyuyub, sevgili günləri çoxdan arxada qalıb. Onları bir-birinə bağlayan zəncirin yeganə halqası, bir zamanlar alışıb-yanan sevgilərinin nəticəsi olan Prikodur. Lakin bu son halqaya olan bağlılığın da sonu gəlir. Prikonun anası Nina, zavallı Prikoya onu səhər küçə teatrına aparacağını vəd edərək, Roberto adlı gənc bir oğlana qoşularaq gecə evdən qaçır. Onu bu addımı atmağa nə vadar edir? Niyə o artıq ərini sevmir? Niyə yeganə oğlunu da qoyub, heç kəsə heç bir söz demədən qeybə çəkilir? Bütün bu sualları filmin müəllifləri cavabsız qoyurlar. Mən bunun cavabını belə verərdim – İkinci Dünya müharibəsi gedir, hakimiyyət faşistlərin əlindədir, hər yerdə aclıq və işsizlik tüğyan edir, insanların nəinki sabaha, bir saat sonraya belə ümidləri yoxdur. Və istənilən ümid qığılcımı insanları düşünülməmiş və əsassız addım atmağa məcbur edir. Və bu addımlar cəmiyyətin ən nəcib üzvləri, heç bir günahı olmayan uşaqlara baha başa gəlir – uşaqlar bizə baxır… amma bizi başa düşmür.

“Uşaqlar bizə baxır” filmindən kadr

Səhər yuxudan “anasız” oyanan Prikonu atası öz anasıgilə apararaq “başından edir”. Yeni yerdə Priko öz yaşıdları ilə dostlaşır, oynayır və anasının olmamasını “unudur”. Yeni evdəki həyatının elə ilk günlərində Prikoya baxan qohumu, cavan qız Paolina da öz sevgilisi ilə görüşmək üçün Prikonu gecəyarı tərk edir – eynilə anası kimi. Priko gecə Paolinanı axtarmaq üçün alt paltarında küçəyə çıxır. Bu epizodda uşağın nə dərəcədə kimsəsiz və qayğıya nə qədər ehtiyac duyduğunu tamaşaçı aydın görə bilər. “Ana” axtarışı ilə çölə çıxan Priko, aşağıda sevgilisi ilə şirin-şirin söhbət edən Paolinanın başına təsadüfən gül dibçəyini aşırır. Prikonun ayaqdan əlil nənəsi Prikonu “tərbiyəsiz”, “ipə-sapa yatmayan” və “qəribə” adlandırır, üstəlik hələ bir zavallı körpəni cəzalandırır da. Nənəsi Prikonun anasına oxşadığını söyləyəndə, atası onu müdafiə edir. Bu məqamda uşağın atasının, öz həyat yoldaşına olan hisslərinin maskası cırılır. Ona xəyanət etmiş və onu atıb getmiş qadını kişi hələ də sevir və tərəfini saxlayır. Bu filmdə bir məqam da mənim diqqətimi çəkdi – Priko anası tərəfindən öz sevgisinə görə tərk edilir. Bəs bu uşaq nə vaxtsa mövcud olmuş, alışıb-yanmış sevginin nəticəsi deyil?  Filmin qəhrəmanları bu barədə heç düşünürlər görəsən? Yox əlbəttə, xatırladıram – bu yeni reallıqdır, düşünülməmiş və əsassız addımlar dövrü. Uşaqlar bizə baxır…hələ də başa düşmür…

“Uşaqlar bizə baxır” filmindən kadr

Atası Prikonu yenidən öz evlərinə gətirmək məcburiyyətində qalır. Priko yuxudan oyananda anasını yanında görür. Nina naməlum səbəbdən öz sevgilisindən ayrılıb evə qayıdıb. Andrea (Prikonun atası) Ninanı qəbul etmək istəmir, lakin uşağın göz yaşları onun ürəyini yumşaldır: “bu insan qırığının xatirinə səni qəbul edirəm”. Atası Prikonu məhz belə adlandırır: “insan qırığı”, burda isə onun Prikoya olan münasibətinin maskası yırtılır. Həmin o “insan qırığı”na görə o özünü bədbəxt sayır, ona görə xəyanəti qəbul edir.

Yeni reallıq…uşaqlar isə bizə baxır…baxır…

İlk baxışdan həyat guya öz axarına düşməyə başlayır. Ağrı-acılar unudulur, evdən gülüş və sevinc səsləri gəlir. Günlərin bir günü Nina evdə Priko ilə olanda Roberto (Ninanın sevgilisi) gözlənilmədən təşrif buyurur, Ninadan onunla getməyi tələb edir və rədd cavabı alır. Aralarında yaranan mübahisə dava-dalaşa çevrilir və bu anda Priko Robertonun əlini dişləyir, anasını müdafiə edir. Fikir verin, atasının qoruya bilmədiyi qadını 4 yaşlı körpə müdafiə edir. Məhz bu epizodda Prikonun əsl gücü aydın şəkildə görünür. Bu hadisəni Priko atasına danışmır, həyat yenə öz axarıyla davam edir.

Ailə xoşbəxt olduqlarını özlərinə və ən çox da ətrafdakılara sübut etmək üçün çimərlik kurortuna gedirlər. Filmin bu hissəsində ailənin xoşbəxtlik imitasiyaları bir növ qıcıq doğurur. Çünki onların saxta və süni təbəssümləri gözdən qaçmır, Priko istisna olmaqla…o xoşbəxtdir, hər iki valideyni yanındadır. Amma sayıq tamaşaçı indilərdə nəyinsə baş verəcəyini hiss edir. Bədbəxtlik özünü çox intizarda qoymur. Prikonun atası işi ilə əlaqədar qayıtmalı olur. Priko yenə tərk edilir. Nakam eşq ilə alışıb yanan Roberto Ninanı burada da yaxalayır. Öncəki görüşdən fərqli olaraq Nina Robertonu xoş qarşılayır. Onların qucaqlaşdığını görən Priko qaçmağa məcbur olur. Birbaşa dəmiryol vağzalına gələn Priko kassada atasının yanına qayıtmaq üçün bilet almaq istəyir. Lakin valideynsiz körpəyə bilet satmırlar. Prikonun yalnız bir yolu var – qaçmaq. Arxaya baxmadan, irəlini düşünmədən qaçmaq… Amansız böyüklərin əlindən qaçmaq. Görəsən 4 yaşlı uşaq qaçmağı kimdən öyrənib? Onu kor-koranə sevgidən ötrü tərk edib qaçan böyüklərdən fərqli olaraq, Priko nə istədiyini yaxşı bilir… Belə bir ifadə var: yeniyetməlik dövrünü yaşamamış kişi olmaq – bu ifadəni Prikoya tam aid etmək olar. Ertəsi gün polislərin tapıb geri qaytardığı Prikonu Nina, çemodanla Romaya – evlərinə göndərir. Prikonu atası nə qədər məcbur etsə də, o həqiqəti açıb söyləmir. De Sika filmin bu hissəsində peşəkarlığın yüksək səviyyəsini nümayiş etdirir. Rejissorun qurduğu mizanlar, işıq-kölgə həlli, səkkizlik plandan iri plana keçid, aktyorların danışıq diapazonları, göz və mimikalarla oynamaları filmə xüsusi ahəng qatır və dramatik atmosferi daha da artırır, insan faciəsini tam çılpaqlığı ilə göstərir. Sevdikləri qadını itirmiş iki bədbəxt kişi üz-üzə durub və heç birinin həqiqəti etiraf etməyə cəsarəti çatmır. Bir qədər sonra poçtalyonun gətirdiyi teleqram bütün həqiqətləri üzə çıxarır; Teleqram Ninadandır, bu dəfə o onları həqiqətən tərk edib.

“Uşaqlar bizə baxır” filmindən kadr

Çarəsiz qalan Andrea Prikonu kilsəyə şagird kimi təhvil verərək yenə başından edir. Prikonun çağırışlarını eşitməyərək, arxaya baxmadan iti addımlarla oradan uzaqlaşan Andreanın gözləri yaşdır. Priko isə onun arxasınca baxır..atasının niyə onu qoyub getdiyini başa düşmür. Amma Priko ağlamır. O, atasının onu tərk etməyinə inanmır, atasının vəfasız olmasını qəbul edə bilmir.

Evə qayıdan Andrea özünə qəsd edir. Onun özünəqəsd üçün niyə məhz yaşadığı evi seçməsi çox maraqlıdır. Müəllif bununla nəyə işarə edir görəsən? Burjua cəmiyyətinin süqutunu? Andreanın ailəsinin yaşadıqları evdə hər saniyə onların dedi-qodusunu edənlərin ağzını birdəfəlik yummaq istəməsini? Yoxsa bu bir affekt vəziyyətidir? Dəqiq bilmək olmaz, bu axı yeni reallıqdır, düşünülməmiş addımlar dövrü… Amma dəqiq bir şeyi demək olar – Andrea çox zəif adam idi, o nə həyat yoldaşını, nə dörd yaşlı yeganə oğlunu, nə də ki özünü qoruyub saxlaya bildi…

Vəziyyətdən hali olan Nina, Prikoya kilsə məktəbində baş çəkir. Amma Priko artıq hər şeydən xəbərdardır. Ağlaya-ağlaya anası ilə görüşə gələn Priko atasının ölümü üçün yox, valideynlərinin vəfasız çıxdığı, özünün tərk edildiyi və tənha qaldığı üçün ağlayır. O anasının gözlərinə baxır və dönüb gedir. Kilsənin nəhəng, hündür zalının ortası ilə tənha addımlayan Priko artıq geriyə baxmır, o yeni reallığa doğru gedir. Geridə baxılası heçnə qalmadı. O bir şeyi başa düşdü, o artıq təkdir. Başa düşmədiyi yeganə şey isə onun niyə tərk edilməsidir…

“Uşaqlar bizə baxır” filmindən kadr

Bu arada məşhur amerikan satiriki Corc Karlinin sözləri yadıma düşdü: “Uşaqlarınızı tərbiyə etmək istəyirsinizsə, özünüzdən başlayın, axı uşaqlar bizə baxır”…

İlqar Quliyev

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya