İNDİ OXUYUR
“Kosmosdan doğan xaos”

“Kosmosdan doğan xaos”

Sənət ilk növbədə insanın şüuruna yox, duyğularına xitab edir. (Andrey Tarkovski)

Rejissor Andrey Tarkovski

Tarkovski 1979-cu ildə lentə aldığı “Stalker” (Təqibçi) filmi ilə, mənəvi duyğulara xitab etməklə yanaşı insanı yaşadığı həyatı cənnət və cəhənnəmə çevirə biləcək varlıq kimi təqdim edir. Filmin əvvəllərində stalker və ailəsinin təsvirindən əlavə irəliləyən dəqiqələrdə, ifa edilən musiqi emosional gərginliyi artırır və sanki tamaşaçıları baş verəcək qəzadan xəbərdar edir. Hadisələrin mərkəzində  hərbi heyət tərəfindən qorunan və keçilməsi qadağan olan “Zona” adlı ərazidə, insanların arzularını reallaşdırdığı idda edilən otaq dayanır. Üç aparıcı personajlardan ikisinin  – yazıçı və professorun sərgilədiyi mövqe, ilahi varlıq olan stalkerdən fərqlənir. Belə ki, biri həyatın monotonluğundan şikayət etdiyi zaman digərinə maraqlı olan tək şey elmdir. İnsanlara etdiyi xidmətdən xoşbəxt olan stalker isə öldükdən sonra doğulacaq neçə ümidin təmsilçisidir. Masa ətrafında söhbətdə, sənət və sənətkarlıq missiyasına toxunulur. Yüz il sonra unudulmaqdan qorxan yazıçı, əsərlərində cəmiyyəti deyil, özünün qabardılmasının tərəfdarıdır. Bu isə “sənət adamı”nın ədəbsiz niyyətinin nümunəsidir. İstedadından əmin olmaq üçün daim oxuculardan cavab gözləyən yazar, əslində öz bacarığını nəzarətdə saxlamaq istəyini göstərir. Məgər ədəbiyyat da, kino kimi istedadsızlığına rəğmən səni özündə ehtiva etmirmi? Qəhrəmanın digər mülahizəsi isə daxili dünyası ilə olan ziddiyəti aşkara çıxarır. İlham üçün getdiyini iddia etsə də,əslində ilhamın vecinə olmadığını söyləməsi, konkret olan hər şeyə qarşı mübarizəsinə işarədir. “Şüurumun dünyanın vegeterian olmasını istəyərkən şüuraltım bir parça ət üçün yalvarır. Bir şeyi istəyib istəməmədiyimi necə bilə bilərəm?” Davranışların xüsusi ad alması, sözlərin təriflərlə bəzədilməsi konkretliyin ifadəsidir. Fəqət insanın bəzən məchulluğa və qeyri – müəyyənliyə ehtiyacı var. Axtardıqlarını tapmaq, içindəki dağınıqlığı düzənə salmaq üçün boşluğa atılmalıdır. Üzməyi bilməyən adamın suyun ortasında çabalamadığını görmüsünüzmü?! İkinci hissədə kadrların rəngliliyi, stalkerin daxili dünyasını əks etdirir. Fikrimcə Tarkovskinin dini inancı stalkerin nitq və xüsusiyyətlərində təzahür edir. Stalkerin “Mənim üçün hər yer cəza evidir” söyləməsi, müəllifin bəzi insanların tanrı tərəfindən insanlığa faydası üçün həbs edildiyi mənasına gəlir. Üstəlik monoloqda gücsüzlüyün heç olduğu əsas motivin zəiflik olduğu qabardılır. Məgər tanrı insanı yer üzünə göndərən zaman ona doğuşdan gələn gücmü vermişdir?! Ölümə yoldaş olan sərtlik və güclülük zəiflikdən doğmadımı?! Zonada təbiət insan addımlarının səsini eşitdikcə özünü müdafiəyə keçir, daha sərt tələlər hazırlayır. Məsələn, yazıçının çiçəklərə olan davranışı – onları qoparmağa çalışması təbiətin özünümüdafiə üsuluna haqq qazandırır.  Burada insanların gücü və zəifliyi önəmli deyil. Ümid otağının qapısı dünyada ondan başqa heç nəyi olmayan zavallı insanlara daim açıqdır. Eqoizmi özündə əks etdirən yazar başqalarının hədsiz istəklərindən şikayət edərkən daxilindən xəbərsizdir: Ona yüz il yaşayacağı müjdəsi verildiyində o bu ömrün sonsuz olmadığından şikayətlənir. Filmdə yer alan məsələlərdən biri də insanın gizli istəkləri ilə üzləşmə qorxusudur. Çünki Stalkerin ustadı olan kirpinin intihar səbəbi acgözlüyünün üzə çıxması idi. Həmçinin savadlı olan bir kəsin mənəviyyatlı olması anlamına gəlmədiyini sübuta yetirən səhnə də mövcuddur. Məsələn, professorun dostları ilə düzəltdiyi bombanın hissələrini gölə atması suyun qana boyanmasına səbəb olur. Məhz filmin sonlarına doğru göstərilən 3 bardaqdan biri – içərisində qırmızı rəngli  maye, bu qana istinad edərək professoru təmsil edir. Çirkli bardaq keçmişə boylanmağı utancverici olduğunu söylənən yazıçını, yerə düşən boş bardaq isə əslində Stalkerin də inamının sınmasına  işarədir. Belə ki, o da inam üçün apardığı mübarizədə uduzaraq  inamsızlar cərgəsinə  qoşulub, ailəsini seçir və evə geri dönür…

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya