İNDİ OXUYUR
Sağ qalmaq. A.Q.İnyarritunun realiti-şousu

Sağ qalmaq. A.Q.İnyarritunun realiti-şousu

Rejissor  sənəti özündə elm və incəsənətin demək olar ki, bütün sahələrinə aid universal bilikləri ehtiva etmək hüququna malikdir. Onda böyük qüdrət, güc və eyni zamanda bu yaradıcı təbiətin gücsüzlüyü, zəifliyi vardır.

Əgər yaradıcı insan öz şəxsiyyətini işindən-peşəsindən fərqləndirib ayırırsa, şəxsi eqosunun ifrat fərdiyyətçiliyini hər hansı əsərində şüurlara yeritmir, lakin öz əməyini özünəməxsusluğu, dünyagörüşü ilə və yaradıcılıq materialında unikal balansın peşəkar istifadəsi ilə vurğulayıb haşiyələyirsə, bu incəsənətdir.       

Əgər yaradıcı şəxs öz obrazını və iç mədəniyyətini yaradıcılığında qeyri-səhih müəyyən edib dahilərə istinadlanırsa, bu, sadəcə sənətlə məşğul olmaqdır, sənətkarlıq deyil. 

Əgər yaradıcı adam dəbin sürətli cərəyan və tendensiyalarına uyub çox güman ki, mübahisəli həqiqət və əbədi vəzifələri ərsəyə gətirməklə məşğuldursa, bu, konyukturadır. 

Rejissor Alexandro Qonsales İnyarritu

Əgər ki, son nəticə yaradıcı idrakın məhsulu adlanmaq hüququndan məhrumdursa, sadəcə, dahiyanə əsərlərin solğun və bəsit surəti görünüşündədirsə, bu plagiatdır. 

2016-cı ildə Amerika kinematoqrafiya sənətləri və elmləri akademiyası “Oskar”ın növbəti təqdimetmə mərasimində “Ən yaxşı filmə görə” mükafatına Alexandro Qonsales İnyarritunu layiq gördü. Mark L.Smitin İnyarritu ilə həmmüəlliflikdə Maykl Pannenin eyniadlı romanı üzrə qələmə alınmış “Qurtulmuş”un (“The Revenat”) adaptasiya edilmiş ssenarisi (2002-ci il) 2015-ci ildə final çəkilişləri ilə tamamlanır.

Filmin sxemi üç hissəyə bölünür (konsepsiya haqqında bir qədər sonra):

1. Andrey Arsenyeviç Tarkovskinin yaradıcılığının, konkret olaraq, onun “Güzgü”, “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” filmlərinin İnyarritunun kiçikformatlı illüstrasiyasına təsiri. Ayı ilə əlbəyaxa olmaq – gəmirilmək.

2. Atışma, təqib, qisas və sağ qalmaq.

Əgər daha əvvəl film-perifraz olan “Vavilon” (2006) buna şərait yaratmasaydı, rejissorun miniatürləri diqqətdən kənarda qala bilərdi. “Vavilon”un “İncil” mətləblərinə qətiyyən aidiyyəti yoxdur, lakin dünyaca məşhur şedevr “Kasablanka”nı eyhamlı şəkildə təsvir edir və bəllidir ki, Kasablanka Mərakeşin şəhərlərindən biridir, çox güman ki, yeni tətbiq edilmiş interpretasiya elə həmin şəhərdə vaqe olur.    

Meksikalı rejissorun filmoqrafiyasında “Qurtulmuş”ın arxiideoloji məziyyətləri haqqında indiyədək şayiələr gəzən kollaj işi olduqca diqqətəlayiqdir. Bu film tarixi eyhamın ictimai faktının alleqoriyasını özündə ehtiva edən allüziyadan daha çox, rus rejissordan bəhrələnib meydana çıxan saxta nümunədir. İnyarritunu heç cürə apolitik rejissor adlandırmaq olmaz və bu məqamda yubanmadan yüksək sifarişlərə istiqamətlənmiş mahir sehrbaz təyinini əlavə etmək yerinə düşər.

Sətirarası mənalarda oxunduğu kimi konkret danışıb ümumiləşdirsək – filmdəki hadisələr XIX əsrdə Amerikanın şimal-qərbində baş verir və bu ərazi geniş tamaşaçı kütləsinə çay qunduzunun və quruda yaşayan heyvanların ovlandığı, başqa sözlə, xəz ticarətinin məkanı kimi təqdim edilir. İxtisaslaşmış auditoriya üçün film Tilzit sülh sazişinin imzalanmasından (1807) və Rusiya ilə Böyük Britaniyanın münasibətlərinin qırılmasından istinadlanaraq dekodlaşdırılır, iki ölkə arasında münasibətlərin bu həddə çatması RAK-ı (Rusiya – Amerika Kompaniyası) gələcəkdə (1866) II Aleksandrın iştirakilə Amerika ərazilərinin satılması haqqında qərara yönəlməyə sövq etmişdi. 1867-ci ilin martında saziş imzalanmışdı. Mülkiyyətin qiyməti qızıl pulla 7, 2 milyon dollar dəyərində idi.  Rus Amerikasının satılmasının səbəbləri çoxdur, amma ən əsas səbəb bundan ibarətdir: sazişin imzalanması dost münasibətlərinin aktı və iki dövlət arasında potensial  təzadların aradan qaldırılması üsulu olacaqdı. Rusiya hökuməti Alyaskada qızıl yataqlarının aşkar edilməsi səbəbindən hərbi təcavüzün baş verməsindən qorxurdu. Məhz Rusiyanın dəniz deyil, kontinental gələcəyinə aid strateji motivlər, Uzaq Şərqdə mövqelərinin möhkəmləndirilməsi daha böyük önəm kəsb edirdi. Rusiyanın “kontinental” gələcəyi haqqındakı ideya öz ifadəsini ALYASKANIN Birləşmiş Ştatlara satılmasına aid qərarda tapdı ki bu da sonralar “Böyük Torpaq” mənasını bildirən yeni ada malik oldu.

Vəssalam!

Ürəyin çağırışı ilə deyil, soyuq haqq-hesabın diktəsi ilə ərsəyə gəlmiş konyuktura kinosu.

Leonardo di Kaprionun işini məxsusi qeyd etmək lazımdır. Filmin yaradıcısının sözlərinə görə, “o yalnız yaxşı aktyor deyil, həm də rejssor kimi düşünmək bacarığına malikdir”. Bu rol onu “ən yaxşı kişi roluna görə” çoxdan gözlənilən layiqli “Oskar”ına qovuşdurdu. O, filmdə izaxtaran ovçu Xyu-Qlassın obrazını canlandırır və qəhrəmanının emosional boyalarını ön plana çıxarır. Leonun oyunu sözlərilə deyil, dənizin açıq, müdafiəsiz məkanındakı qayığın “hiss etdiyi” dəyişkən havanın hiss və həyəcanlarını andıran ovqatı ilə yadda qaldı.

Leonardo di Kaprio

Qlassın antaqonist Con Ficeraldla (Tom Hardi) düşmənliyinin başlıca səbəbi ətrafdakıların usanmadan vurğuladıqları qisasdan daha çox sevimli qadının surətinin ruhlandırdığı sağ qalmaq əzmidir. Şəxsiyyətlərarası münasibətlərin heçə endirildiyi vurnuxma əhvallı və minnətdarlıq duyğusundan məhrum dünyada Qlassı ilhamlandıran filmin sloqanı aramsız təkrarlanır:

Fırtına qalxan zaman,

Sən ağacın qarşısında dayanmışsan,

Əgər ağacın budaqlarına baxsan,

Onun qırılıb düşəcəyini ağlından keçirəcəksən.

Lakin əgər gövdəyə baxsan,

Onun möhkəmliyinin fərqinə varacaqsan.

Çəkilmiş, nominasiyaya təqdim edilmiş ekran işlərinin əzəli müəllifliyinə diqqət yetirib mükafat almış flmlərin ideya-bədii dəyərini yaddaşda təhlil edəndə konkret həyati, bütün dövrlərlə səsləşən materialı dəyərləndirmək çox nadir hallarda mümkün olur. Mükafatçı filmlərin əksəriyyəti həqiqətən dəyərli işlərin yoxluğu səbəbindən münsiflər komissiyasının  əlacsızlıqdan yüksək qiymət verdiyi işlərdir. Əksər hallarda iddialı rejissorlar nüfuzlu rəqibin ola biləcəyi siyahını nəzərdən keçirməyə imkan tapıb çəkilişləri növbəti ilədək uzadırlar ki, püşkatmada “kəllə-kəlləyə gəlməsinlər. Alexandro Qonsales İnyarritu belə qibtə doğurmayan konformizm tərzini britaniyalı sələfi, “Oskar”lı “Gecəqondular məhəlləsindən olan milyonçu” (2008) filminin müəllifi Denni Boyldan əxz edib. Britaniyalının filminin məzmunu dramaturji əlaqədən tamamilə məhrumdur. Bu filmdə dərhal nəzərə çarpan cəhət Amerika kino sənayesinə daxil olmağa can atan hind rejissorlarının “burnunu ovmaq” kimi təqibedici məqsədin efemer formasıdır. Amerika kinoakademiyasının münsiflər heyəti D.Boylun filmini nominasiya siyahısına salaraq ona imkan yaratdı ki, Hollivudu çox utanmazcasına ilhaq edən hind kinematoqrafının qastronomik iştahına nöqtə qoysun.  Ağına-bozuna baxmamaq və açıq-aşkar plagiat “Bollivud qulldurlarına” çox baha oturdu – britaniyalı rejissorun əli ilə dəniz kanalı onların üzünə bağlandı.

aktyor Tom Hardi

Bununla belə, cilovsuz nəfsin nəticəsi kimi eyni “sterilizasiya stilistikasına” (öz neologizmimi bəyan etməkdən çəkinməyərək) kino ictimaiyyətinə artıq tanış olan İnyarritu da məruz qaldı.

“Qurtulmuş”un toplusunda elə yalnız A.Tarkovskinin kino məktəbində tədris edilən müntəxəbatından  başlamış  Benedikt Erlinqssonun “Atlar və insanlar haqqında” (2013) əsəri kimi məşhur şedevrlərdən ibarət zərif elementlərin paranoidal qalağı meksikalı rejissorun filmini maraqlı etüdlər seriyasına döndərir. 

Filmin yüksək mükafata namizədliyi “evrika” deyə səslənərək Amerika açmadan və hətta Tarkovski haqqnda əfsanəni boğmaq cəhdlərinə varmayaraq, yalnız zəif tapmaca binası quraşdıraraq baş vermişdi.

İnyarritudan fərqli olaraq danimarkalı rejissor Lars fon Triyer özünün məşhur “Antixrist” (2009) filmində Tarkovski dahiliyinə minnətdarlığını, hörmət və ehtiramını dürüstcəsinə ifadə etmişdi.

“Mən dünyanın ən yaxşı kinorejissoruyam”, deyə danimarkalı postmodernist bir dəfə bəyan etmişdi və özünün təxribat əhvallı fikri ilə tamaşaçıların və tənqidçilərin nəinki narazılığını doğurmadı, əksinə, dahilərə bir dəfə də olsun kəm baxmadığına görə hörmət qazandı.

Biz insana xas olan təmtəraqlı iddiaları və yüksək istəkləri düşünülmüş şəkildə sərhədləməyi öyrənməliyik:

Birincisi, özünə və ətrafındakılara “mən başqalarından pis deyiləm”, “hələ də trenddəyəm” və “gündəmdəyəm” kimi fasiləsiz sübutlar sıralamasıdır.

İkincisi isə, mütləq idealın şöhrəti uğrundakı yolda qüsursuzluğa çatmaqla əldə edilir.

Birinci halda fərd şəxsi, ötəri iddialarının ya girovu, ya da barbarı olaraq qalır, ola da bilər ki, “sağ qalmaqdan ötrü” ölü tanrıların rəmzi pərəstişgahları ilə çarpışma durumunun köləsi qisminə sığışır. İkinci halda yaradıcı insanın niyyətlərinin yüksək məqamı onun işinin ideal nəticəsi, gerçəkləşdirdiyi əbədi həqiqətlər, əsl həzzlər və solmaz fərəhlərlə öz təsdiqini tapır. Ekran əsərlərinin bütün bu məziyyətləri isə külliyat halında kinematoqrafın ölməz fondunu təşkil etmiş olur.

Elçin Əsədov

Tərcümə: Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya