Milli kino güzgüsündə əksimiz
Azərbaycan kinosunun durğunluğunun səbəbləri, incəsənətin ölkənin siyasi və cəmiyyətin psixoloji vəziyyəti ilə əlaqəsi, sənətçilərimizin istiqaməti tapmaq çətinliyi haqqında.
Azərbaycan kinematoqrafiyasının tarixində biz bir çox şedevrlərin tamaşaçısı olduq. Milli kinomuz bizə çoxlu sayda yeni frazeoloji birləşmələr, zarafatlar və müdrik cümlələr bəxş etdi. Lakin bütün bu sənət əsərlərinin yalnız keçmiş əsrə aid olduğunu qeyd edə bilərik. Bu necə baş verdi? Bu cür peşəkarlıq, ustalıq hara qeyb oldu? Niyə keçmişdən bizə heç nə qalmadı? Öz sənət bacarıqlarımızı harada itirdik, yoxsa bu sənətçilər bizə öz biliklərini ötürmək istəmədi, ötürə bilmədi? Suallar çoxdu, elə ya da belə, həqiqət odur ki, milli kinematoqrafiyamız uzun müddətli durğunluğunu yaşadı və indi haradasa yenidən iməkləməyi öyrənir.
İncəsənətin inkişafı və dirçəlişi cəmiyyətin yaşadığı tarixi hadisələr və psixoloji fonu ilə sıx əlaqəli olduğunu desək yanılmarıq. Cəmiyyətimiz uzun müddət hegemon dövlətlərinin hökmranlığı altında sıxılıb. Milli sərvətlərimizə sahib olmaq üçün tariximizi gizlədib, ziyalılarımızı repressiya qurbanı ediblər. İmperial siyasət gücümüzü almaq üçün öz millətimizi elə öz içində məsxərəyə salaraq, özümüzə aid olanı pisləməklə bizə yad standartları soxuşduraraq, uzun illər bunun altında yaşadaraq özünə öyrəşdirib. Əvvəl axır özümüzü, dilimizi, milli mədəniyyətimizi bir qədər unutmağımıza nail olub. Lakin hər şeyin sonu olduğu kimi, bunun da sonu çatıb.
Doxsanıncı illərdən bu yana azərbaycan cəmiyyəti dünyaya yenidən gözünü açaraq, azad və rahat nəfəs almağa başlayıb. İncəsənət tariximizdə də ən çətin dövrlərdən biri başlayıb. Çünki uzun müddət yad standartlar altında yaşayan cəmiyyət yenidən özünü tapmağa çalışır. Bəzən bu bir qədər çətin alınır. Elə kinematoqrafiyamızda da vəziyyət eynidir. Kimi özünü Hollivuda oxşatmağa çalışır, kimi türk qardaşlarımızdan təkan alır, kimi İran kino-estetikasından bəhrələnir, kimi özünü tapa bilməyib “art-hous” deyərək öz içi qədər qeyri-müəyyən və dağınıq işlərini iddialı şəkildə təqdim edir. Gənc rejissorlarımız, ssenaristlərimiz “maraqlı olmaq” arzusunda bilmədikləri mövzulardan, yaşamadıqları hisslərdən bizə danışmağa çalışır, mövzular sənətçinin özündən bəhs etmir, cəmiyyətimizi əks etmir, sanki ekrandan bizə yalan danışır və yalana inandırmağa çalışırlar. Yalanın ömrü isə uzun olmur elə bu filmlərin kimi.
Bütün bunların içində ara sıra yeni, dərin nəfəsləri sezə bilirik. Həqiqi, rahat, doğma nəfəsləri. Onların doğmalıq hissi bizə artıq bəlli və primitiv şeylərdən danışmağından irəli gəlmir, onların doğmalığı bizə həqiqəti deməkdən, bizə özümüzü göstərməkdən və özümüzdən bəhs etməkdən irəli gəlir. Saysız hesabsız və lazımsız məlumatlarla dolu informasiya texnologiyaları dövründə bizim özümüzü xatırladacaq, özümüzə qaytaracaq işığa ehtiyacımız var. Bəlkə o zaman həqiqi özümüzə qıraqdan baxaraq illər boyu dəyərsizləşdirilən cəmiyyətimiz öz dəyərini yenidən hiss edəcək, özü özünü sevəcək, yeni,sağlam, ziyalı cəmiyyətin formalaşmasında ilk addımlarını atacaq.
Leyla Atayeva