İNDİ OXUYUR
Əhvalatların gözlənilməz mənası, güclü vurucu finalı olmalıdır

Əhvalatların gözlənilməz mənası, güclü vurucu finalı olmalıdır

“Bic”  (2020)

Ssenarist və rejissor: Daniel Quliyev

Quruluşçu operator: Orxan Ağazadə, Mikki Montoya

Rollarda: Zülfiyyə Qurbanova, Toğrul Əhmədov

Yeni nəsil Azərbaycan rejissorları sələfləri kimi əsasən kişi xarakterlərinə diqqət ayırırlar. Bir neçə məqaləmdə qeyd etdiyim fikrimdə qalıram: milli kinomuz kişimərkəzçidir, filmlərimizdə daha çox kişi obrazları, onların yaşantıları, duyğuları, konfliktləri, narahatlıqları, problemləri ön plandadır.  Bununla mən, müasir dünyamızda  gerçək problemdən çox, dəb kimi görünən, əksər hallarda manipulyasiya vasitəsinə çevrilən gender bərabərliyinə eyham eləmirəm.  Sadəcə ona ümid edirəm ki, rejissorlarımız nə vaxtsa Azərbaycan kinosuna yeni  qadın xarakterləri gətirəcək, qadına yanaşmanı dəyişəcək, onun görünməyən tərəflərinə, təbəddülatlarına kinematoqrafik nəzər salacaqlar. Çünki  əminəm ki, bir çox mənalarda patriarxal ənənələrin buxovlarından qurtula bilməyən cəmiyyətimizin qadın mövzusunda rahat, komplekssiz  polemika aparmasına sənətin qatqısı da mühüm rol oynayacaq.

Bütün hallarda gənc rejissor, London Kino Məktəbinin məzunu Daniel Quliyevə minnətdarlığımı bildirmək istəyirəm. Ancaq qadın yox, kinotəndiçi kimi. Çünki müəllif “Bic” filmində yaşamaq uğrunda mübarizədə bədənini satan qadını  cəmiyyətin və hətta kinomuzun fahişə obrazına ənənəvi baxışıyla üst-üstə düşməyən yanaşmayla işləyir…

Cəmiyyətdə və sənətdə fahişəliklə məşğul olan qadının doqmatik obrazı oturuşub: o, mütləq şəkildə açıq-saçıq geyinməli, qədərindən arıtq ənlik-kirşan sürtməli, söyüş söyməlidir. Halbuki sənət həyatdan bir neçə addım öndə olmalıdır. Düzdür, kino tariximizdə seks işçisi haqda ilk filmi çəkən Şahmar Ələkbərov   “Sahilsiz gecə”  (1989) ekran əsərində qəhrəmanın vulqar davranışını əsaslandırır  və  ictimai-siyasi səbəblərdən, mühitin laqeydliyi üzündən fahişəliyə məcbur edilmiş qadını milisdən, onu ittiham edənlərdən yuxarı qoyur.  Ancaq gənc müəllif Natiq Rəsulun “İkinci güllə”(2017) dramında epizodik fahişə obrazı da yenə eyni mahiyyətlə- sırtılmış təqdim olunur.

 Bununla belə, nəzərdə tutduğum daha çox kommersiya  filmlərinə aiddir: evli kişinin sevgilisi, müdirin katibəsi ənənəvi fahişə obrazına uyğun vulqar, sinik  göstərilir, gecə həyatı keçirən qadın personajlar da məhz eyni biçimdə  işlənir.  

Daniel Quliyev isə bədənini vasitəyə çevirən qadın obrazına tamamilə yeni baxış sərgiləyir. O, əyalətdə yaşayan, dünyaya nigahdankənar uşaq gətirən Vəfanı (Zülfiyyə Qurbanova) az qala Məcdəlli Məryəm tonallığında təsvir eləyir. Bunun üçün xüsusi olaraq, hansısa məşhur təsviri sənət əsərindən sitatlar gətirmir, vizual eyhamlar da eləmir.  Qadının bütün filmboyu ürkək, kövrək, eyni zamanda əzmli duruşunda nəsə dərin, ifadəolunmaz ağrı daşıması, şəfqəti, əzab çəkən müqəddəslərə xas səssizliyi bu təəssüratı yaradır. Xüsusən,  döyülmüş oğlunun yaralarına məlhəm sürməsi səhnəsinin orta planda təsviriylə sanki Tisianın “Pyeta”sının atmosferini ötürür.

Rejissor, Vəfanın peşəsi ilə bağlı açıq-saçıq səhnələr  göstərmir, bu barədə biz yalnız dialoqlardan informasiya alırıq. Hətta qadın bəzən kadrın mərkəzində dayansa belə, duruşuyla, baxışıyla fokusdan kənarda, kadrın kənarında kimi görünür. Bu mənada onun cəmiyyətdə qəbul olunmaması kadrda yerləşdiyi pozisiyadan, rakurslardan o qədər aydındır ki, hətta səhnələrdən birində qonşunun tənəli baxışına belə gərək qalmır. Müəllif kinosunun istedadlı aktrisalarından biri  Zülfiyyə Qurbanova rolunu həssaslıqla, izafi duyğulara yol vermədən oynayır, personajının daxili məzmununu sıxılmış emosiyalarla, təmkinlə, yumşaqcasına göstərir.

Əhvalatın  mərkəzində dayanan qəhrəman Natiq (Toğrul Əhmədov)  anasının həyat tərzindən dolayı əziyyət çəkən,  həyatını dəyişməyə cəhd göstərən yeniyetmədir. Natiq qanunsuz doğulmasının, anasının peşəsinin qonşular, tanışlar tərəfindən üzünə vurulmasını ağır xaç kimi, susaraq daşıyır. Və bu çətin situasiyadan qurtulmaq, eyni zamanda kişi kimliyini təsdiqləmək üçün məhz hərbi akademiyaya daxil olmağa hazırlaşır. Arextip olaraq da biz hərb sənətini kişilik sənəti, kişilik məktəbi kimi qəbul edirik.

Rejissor ana və oğul münasibətinin mahiyyətini, situasiyaların gərginliyini, əsasən, kadrlara doldurulmuş sükutda və diskomfortluq hissini yaradan mizanlarda verir: ünsiyyətin çətinliyi, təmkinli tərəddüdlər, bir-birindən qaçırılan baxışlar, yadlaşma duyğusu… hətta məsafə yaxınlığı belə mənəvi yaxınlığın mahiyyətini ifadə eləmir, əksinə, uzaqlıq hissini gücləndirir.

Kadrdan-kadra tədricən anlaşılır ki, əslində, görünənlər kövrək yadlaşmadır. Çünki sonluğa doğru Natiq anasının qayğısına, sevgisinə çətinliklə də olsa,  cavab verir.

Nəqlin mərkəzində oğulun düşdüyü situasiyada necə davranması, anasıyla münasibəti dayanır və  əhvalatdakı ikinci dərəcəli, köməkçi personajlar görünsələr belə, bir növ yox kimidilər, hiss olunmurlar. Bunu rejissorun qüsuru kimi qeyd etmək istəmirəm. Əksinə, həmin personajların dramaturji  funksiyalarını yerinə yetirib görünməz qalmasını, hətta ingilis dili müəlliminin obrazının, onun  gah qayğıkeş, gah amiranə səsi vasitəsilə yaradılması bir fənd kimi özünü doğruldur, bu obrazı gözdən qaçırtmaq, onun birbaşa təsvirindən çox effektiv təsir bağışlayır və əhvalatın emosional təsir gücünü artırır.

Fabula etibarilə “Bic” tipik hadisədir: qanunsuz doğulan uşaq, cəmiyyətin tənəli və rişxəndli münasibəti…  Gerçəkdə, adətən, bu cür hadisənin ardıcıllığı belə cərəyan eləyir: bic doğulan oğul tənələrə dözməyərək ya ananı öldürür, ya intihar edir, ya da qatilə çevrilir.

Və mən Daniel Quliyevə həm də ona görə minnətdaram ki, o, bu filmiylə bir presedent, nümunə yaradır. Namus kontekstində qətl aktından imtina edir.  Natiq sonadək bu yükü dartmağı, hədəf qoymağı, aydın düşüncəylə yanaşmağı, baxışını dəyişməyi bacarır, anasına sevgi və anlayış qəzəbinə qalib gəlir.

 Ümumiyyətlə, rejissor hekayəsinə əsasən müsbət tərəflərdən yanaşıb. Misalçün, Natiqin qalib gəlməsində  hərb müəlliminin “oğlan uşaqları atasını təmsil edir, görək siz necə təmsil edirsiniz” ifadəsindən də çox, anasının  müştərilərini görməmək, onu pərt vəziyyətdə qoymamaq üçün turnikdə məşq edərək  yarışa daha yaxşı hazırlaşması rol oynayır,  məhz bu susan əsəb, qəzəb ona qalib olmağa kömək eləyir.

Final səhnəsi isə katarsisdir. O, pis oğlanların qapılarına yazdığı  “fahişə” sözünü  təmizləmək üçün anasına yardım edir. Qapının  təmizlənməsi sadəcə bir əşyanın təmizlənməsi deyil, əlbəttə. Bu, ruhun katarsisi və yeni həyatın sıfırdan başlanmasıdır.

                                ***

“Quxuroba” (2020)

Rejissor və ssenari: Teymur Qəmbərov

Quruluşçu operator: Nikita Liçev

Rollarda: Elvin Adıgözəl, Roza İbadova

Teymur Qəmbərovun Sarayevo Film Festivalı da daxil olmaqla müxtəlif müsabiqələrə qatılan  “Quxuroba” bədii qısametrajlı filmi melodram, komediya janrlarının elementlərini daşıyan road movie-dir. Əhvalatın  mərkəzində gənc taksi sürücüsü (Elvin Adıgözəl) dayanır. O, müdirinin tapşırığı ilə təcili Qusarın Quxuroba kəndinə gəlinlik libasını çatdırmalıdır. Lakin yolda təsadüfən tanış olduğu sərnişin qadın (Roza İbadova) onun həyatını dəyişir…

Rejissor qısa filmin kanonlarına düzgün əməl eləyir. Bir qayda olaraq, ən yaxşı qısametraj filmlər, adətən, ən sadə hekayələr üzərində qurulur. Bu mənada Teymur Qəmbərov yığcam, dolğun, sadə əhvalat qurur, minimal zaman daxilində bir insanın necə dəyişdiyini, yeni münasibətlərin qurulma prosesini göstərə bilir və ideyasını çatdıra bilir. Süjetdəki gözlənilməz dönüş və final da qısa bədii film konsepsiyasının tamamlayıcı detallarıdır.  

Yuxarıda “insanın dəyişməsi” deyəndə, taksü sürücüsünü nəzərdə tuturdum. O, süjetə tipik taksi sürücüsü kimi- kobud davranış mədəniyyəti, köntöylüyü ilə daxil olur. Sonradan tanış olduğu qadın işvəli, təmkinli və müdrik davranışı ilə kişinin ram edərək  onun köntöylüyünü, dikbaşlığını neytrllaşdırır.

Rejissor kişinin qadının təsirinə düşməsi prosesini kadrbakadr əsaslandırır, prosesə incə, gözə girməyən yumor elementləri qatır, dialoqlardan mümkün qədər az istifadə eləyir. Ümumiyyətlə, filmdə parlaq qəhrəmanlar, dərin dialoqlar yoxdur. Bəzi rejissorlarımız süjetin dərinliyi deyəndə poetik-fəlsəfi dialoqlar nəzərdə tutulduğunu düşünürlər, axı?! Teymur Qəmbərov isə əksinə,  məhz adi, əhəmiyyətsiz görünən qısa dialoq və dolğun təsvirlərlə, lakonik montajla  kişi və qadın təbiətindəki fərqi, vəziyyətlərə yanaşmasını açır və bu fərqlilik onların qarşılıqlı münasibətlərinə vəsilə olur. 

Qısametrajlı filmlərin yaradılma metodunu hazırlayan rejissor  Noam Kroll bununla bağlı məqaləsində maraqlı qeyd edir:  “Çox illər öncə bir prodüser mənə qısametrajlı filmlə bağlı məsləhət verdi: onun haqqında anekdot kimi düşün. Amma sözün hərfi mənasında yox… yəni qısametraj mütləq gülməli olmamalıdır. Daha çox məcazi anlamda: əhvalatların gözlənilməz mənası, güclü vurucu finalı olmalıdır”.

“Quxuroba”nın əsas gücü də əhvalatın “anekdotluğunda” və rejissorun onu düzgün həll etməsindədir.

Aktyorlar əsasən ikinci planları ilə oynayırlar. Konflikt, qəhrəmanın dəyişməsi xəfif vurğularla təsvirə gəlir.

İzlədiyim filmlər arasında bu, rejissor və aktyor Elvin Adıgözəlin, yəqin ki, ən yaxşı roludur. “Buqələmun” filmində  (rejissorlar: Elvin Adıgözəl və Rüfət Həsənov) o, bir qədər mübaliğəli oynayırsa, “Quxuroba”da hər ifadə, hər hərəkət dəqiq ölçülüb-biçilib. Teymur Hacıyevin “Şanxay – Bakı” filmində ortaya yaxşı məhsul qoyan əsas rollardan birinin ifaçısı Roza İbadovanın bu filmdə də orqanik oyunu Elvin Adıgözəllə tandemi tamamlayır.

Sevda Sultanova  

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya