Rəna xanım niyə filmini çəkə bilmədi?
“Rəna xanımın film çəkilişi”
Rejissor: Elvin Adıgözəl
Quruluşçu operator: Oktay Namazov
Rollarda: İlqarə Tostka, Amid Qasımov, Kamran Ağabalayev, İntiqam Hacılı
Azərbaycan kinosunda indiyədək film çəkilşlərinə çox az film həsr olunub: “Bəyin oğurlanması”, “Var olun qızlar”, “Qala”…
Sözügedən ekran əsərlərində kino çəkilşi, əsasən, yaradıcılıq müzakirələri kontekstində yer alıb.
“Rəna xanımın film çəkilişi” qısametrajlı bədii lenti isə milli kinomuzda yeganə filmdir ki, ölkədə kino çəkməyin çətinliklərini, bürokratik əngəlləri təsvir eləyir. Bu, elə əngəllərdir ki, xüsusən, müstəqil film çəkən rejissorlar öz təcrübəsində daha çox yaşayıblar. Həmçinin, “Rəna xanımın film çəkilişi” də Elvin Adıgözəlin bir rejissor kimi şəxsi təcrübəsinə əsaslanır.
Əhvalat yaradıcı heyətin bir günündən bəhs eləyir. Bazarda son epizodun çəkilişləri gedir. Bu dəmdə hardansa bazarın müdiri (İntiqam Hacılı) peyda olub çəkiliş heyətindən nazirliyin icazəsini və ya sənəd istəyir. Onun yaradıcı heyətdə tək tanıdığı (o da seriallardan) Rəna (İlqarə Tostka) xanımdır ki, aktrisaya simpatiyası belə onun məmur təkəbbürünü, eqosunu sındıra bilmir.
Epizodlardan birində bazar müdirinin filmin heyətini öz otağında müttəhim kimi sıraya düzərək sorğu-suala tutması, təhqiramiz tonda danışması ölkəmizdə nəinki məmurun kino sənətinə münasibətini, ümumiyyətlə, kinonun aşağı statusunu, nüfuzunu dəqiq ifadə edir. Və eyni zamanda “Şair hökmdarın hüzurundasan” ədəbi meminin müasir interpretasiyası kimi görünür.
Əhvalatın əsas təsvir bazası bazar səhnələri üzərində qurulur. Hadisənin bazar səhnələri fonunda təsviri və naturada bazar düşüncəsi estetikasına xas populyar, kitç mahnıların səslənməsi təsadüfi deyil. Müəllif, yəqin ki, bununla ölkəmizdə kino sənətinə münasibətin bazar keyfiyyəti, düşüncəsi ilə ölçülməsinə, məmur-yaradıcı işbirliyində dərin böhrana, anlaşılmazlığa, mövcud kino sisteminin yararsızlığına eyham edir. Ümumiyyətlə isə, Elvin filmlərində bir qayda olaraq, natura musiqisinə üstünlük verir ki, bu, təhkiyənin realizm qatını gücləndirir, tamaşaçı ilə ekran arasında sərhədi silir, vəziyyəti, obrazları dolğun xarakterizə eləyir. Operator Oktay Namazov səhnələri müşahidəçi qismində, bədii və dokumental metodla çəkir. Bəzi səhnələrə isə vuayerist baxış eləyir.
Əhvalat qeyri-müəyyən finalla bitir, kameranın bazarın ortasında gözləməkdən ətalət vəziyyətinə düşmüş rejissora (Amid Qasımov) uzun nəzəriylə bitir. Ki, bu, çağdaş kinomuzun hələ də dəqiqləşməyən qeyri-müəyyən durumunu ifadə edir.
Sevda Sultanova