İNDİ OXUYUR
Oktay Namazov haqqında

Oktay Namazov haqqında

Azərbaycanda sənədli kino keyfiyyətcə bədii kinonu həmişə üstələyib. Elə Kann festivalında mükafat alan yeganə filmimiz də sənədli olub. Söhbət Muxtar Dadaşovun (“Qanun naminə” filminin rejissoru) “Sovet Azərbaycanı” ekran əsərindən gedir.

Oktay Namazov

Keyfiyyətli sənədli filmlər indi də çəkilir. Real hekayələrlə, real qəhrəman və lokasiyalarla, həyatın təklif etdiyi xam materialla işləmək yaradıcı düşüncəni genişləndirir və maliyyə baxımından adətən kinonun bu növü daha ucuz başa gəlir. Görünür, sənədli kinonun önə çıxmasının bir səbəbi də bundadır.

Bu gün məni sənədli kinodan yazmağa vadar edən isə “Yoldaş Mehrəliyev” filmi oldu. Ekspozisiya dramaturji  kompozisiya bütövlüyündən xəbər verirdi və sonda titrlərdə Oktay Namazovun adını oxuyanda təəccüblənmədim. Oktay Budapestdə, Lissabonda və Brüsseldə sənədli film üzrə magistr təhsili alıb. Filmləri DocLisboa (Portuqaliya), One World Film Festival (Çexiya), GoEast Film Festival (Almaniya) və digər festivllarda nümayiş olunub. 

Əlbəttə ki, xaricdə kino təhsili almaq hələ yaxşı kinematoqrafçı olmağa dəlalət eləmir. Parisdə kino məktəbinin məzunu olan gənclərimizdən birinin qısametrajlı bədii filmini izləmişdim. Sadəcə texniki baxımından səliqəli işiydi, müəllifin nə təsvir duyumu, nə hadisəyə münasibəti vardı.

Oktayın isə elə ilk işlərindən üslub axtarışları, məhz öz hekayəsini yaratmaq, minimalist yanaşma ilə maksiumum ifadəliliyə cəhdləri duyulur: pəncərədən çəkilişlər, təfərrüatlı məişət planları, çıxılmazlıq hissini gücləndirən hermetik, labirintvarı təsvir olunan binalar, rakurs, işıq həlli axtarışları, filmlərində özünün iştirakı, musiqidən imtina və s…

Hətta onun ilk işlərindən biri “Darvazamızı pəncərədən görə bilirdim” adlanır. Dar nöqtələrdən  təsvir olunan pəncərələr psixoloji-sosial izolyasiya hissini verərək klaustrofobik anturaj yaradır. Mənaca isə pəncərələr filmdən-filmə redaktələrə uğrayaraq təhkiyənin məğzinə uyğunlaşır: ekzistensial sıxıntı (“Darvazımızı pəncərədən görə bilirdim”), sosial ədalətsilziyin sıxıntısı (“Yoldaş Mehrəliyev”), ictimai-siyası mühitin sıxıntısı  (“Labirint”), məişət-ailə sıxıntısı (“Dişi quş”).

“Labirint”  keçmiş NİDA fəalı Rəşadət Axundovun bugünündən həbs həyatına fraqmentar baxışdır. Budapeştdə çəkilən filmin (qəhrəman bir müddət bu şəhərdə yaşayıb, işləyib-S.S.) əvvəlində rejissor çəkiliş prosesinə hazırlıqlarını lentə alır. Kameranı rahlayır, mikrofonu taxır və qəhrəmanla müəllif arasında filmin necə çəkiləcəyi barədə qısa müzakirə gedir. Oktay spontan vəziyyətləri müşahidə eləmir. Hər şey öncədən düşünülüb və qəhrəmanın xatirələrini danışmasından ötrü uyğun vəziyyətlər qurulub. Ayrı-ayrı epziodlarda təklif olunan situasiyalar Rəşadətin Kürdəxanı xatirələri ilə assosiasiya olunur. Məsələn, mətbəxdə yemək hazırlanır və yeməyin yanması, onun otaq yoldaşı,  keçmiş siyasi məhbus Rəsul Cəfərov həbsxanadakı bir hadisəni yada salır. Həbsxana hücrəsi kimi yozumlanan qonşu pəncərələr, dar həyət təsvirləri Rəşadətin itkiləri, babasının intiharı haqda nəqlini tamamlayır. Müəllif bir yerdə siyasi film çəkmədiyini desə də, “Labirint” eyni zamanda siyasidir. Yəni burada siyasi məqamlar başqa qatlarda sezilir: həbsxananın onun həyatına təsirində,  indisinin və gələcəyinin qeyri-müəyyənliyində. 

Avtobioqrafik “Darvazamızı pəncərədən görə bilirdim” daha çox operator işi (filmlərinin operatoru Oktay özüdür) baxımından maraqlıdır. Qəhrəman təkcə öz  xatirələrini saf-çürük etmir. Ekranda birbaşa görünməsə də, onun bütün epziodlarda kadra baxış bucağıyla, işıqla nəsə bir eksperiment etmək istəyi duyulur. Pəncərədən çəkilən qatarın təsviri şüşədə əks olunan otağın görüntüsü ilə üst-üstə düşərək ikili ekzpozisiya yaradır. Yaxud bir görüntü digərinə transformasiya olunur. Bunun üçün o, uzun və iri plandan yararlanır: qaynadılan şəffaf çaydan pəncərə şüşəsindən süzülən yağış damcısı şəklini alır və obrazın təkliyinin vizual-poetik həllinə çevrilir. Rejissor-qəhrəman öz hərəkətlərini gah bozumtul pərdə arxasından, gah mikrodalğalı sobanın qəhvəyi şüşəsindən çəkməklə gizli müşahidə və qarabasma effektinə nail olur.

“Dişi quş”  bir ailənin həyatının son dərəcə minimalist nəqlidir. Əhvalat qaranlıq fonda ağlayan qadın səsi ilə başlayır, o,  daha dözə bilmədiyini, iztirab çəkdiyini deyir. Filmin “Dişi quş” adlandırılması hər cür çətinliyə rəğmən qadının dözməsi, ailənin ən çox qadının gücünə dayanması fikrinə əsaslanır. Ailədəki mənəvi-psixoloji narahatlıq otaqların sıxıcı, diskomfort, səliqəsiz interyerinə də köçürülür.   

 “Yoldaş Mehrəliyev” Oktayın hələlik son işidir. Ümumiyyətlə, indi   belə filmlər çox çəkilir, xüsusən, müstəqil media orqanlarının hansısa siyasi fəalın, sosial ədalətsizliyə məruz qalan adamların həyatına, mübarizəsinə həsr etdiyi filmləri nəzərdə tuturam. Mövzuların aktuallığına baxmayaraq, bir qayda olaraq, bu filmlərdə vizual stilistika, əhvalata yanaşma görünmür, reportaj manerası üstündür, ənənəvi, yenilənməyən intervyü metodundan çox istifadə edilir. Oqtay isə bu ştamplarla işləmir.

İlk səhnədə son zəngin sevincini yaşayan şagirdlərə sanki kənardan baxan qəhrəman -Fuad Mehrəliyev görünür. Əslində isə onun nəzərləri məyusluqla “Təhsil millətin gələcəyidir”  və s. şüarlar yazılan plakatlara dikilib. İki fərqli səhnə ilk baxışda ziddyyətli görünsə də, əslində, biri digərini tamamlayır və özlüyündə mövcud təhsil sisteminə yüngül sarkazm doğurur.

Fuad Mehrəliyev Astaranın 2 saylı məktəbində ingilis dili müəllimi işləyib və məktəbdə qanunsuz pul yığıldığını sosial şəbəkələrdə paylaşdığına görə müdriyyət tərəfindən işindən uzaqlaşdırlıb.

Fuad, hadisəsini kameraya danışmır. Onun mübarizə prosesi dinamik təsvirlərdə verilir: rəsmi təşkilatlarla telefon danışıqları, sənəd arxasınca getməsi, məhkəmədə edəcəyi çıxışın məşqi, araya girən ailə-məişət təsvirlərinin fonunda və s. Pəncərə qarşısında qəhrəmanın arvadıyla feyxoa yeyə-yeyə problemi müzakirə etdiyi səhnədə danışan başlar göstərilmir. Dialoqun meyvə götürən əllərin, bədən gövdələrinin təsviri ilə həll edilməsi kinematoqrafik konteksti gücləndirir. Ümumiyyətlə, filmdə bu cür maraqlı yanaşmalar çoxdur. Filmin bir hissəsində ailə tablosu aşağı nöqtədən-yerdən çəkilir, kadrdakı statik mizan və atmosfer həmin anda televizorda göstərilən türk serialında səslənən sentimental musiqi ilə təbii şəkildə ahəngləşir. Bu epizodu- yerdə oturmuş adamın nəzər-nöqtəsindən çəkilişi və hərəkətsiz kamera ilə ailə dramının emosiyasız təsvirini Odzunun yaradıcılığına göndəriş kimi də qəbul etmək olar. Başqa epziodda isə eyni planda ikili kadr qurulur: bir otaqda ətalətdə olan ailə üzvləri, digərində isə siqaret tüstülədən qəhrəman…

Finalda qucağında uşaq tutmuş qadının baxışları qeyri-müəyyənliyə zillənib. Çünki şagirdlərinin və müəllim yoldaşlarının hüququnu qoruyan, amma sonda tək, çarəsiz qalan qəhrəmanın sonrakı durumu qeyri-müəyyəndir.

Oqtayın filmləri əsasən sənədli olsa da, bədiiliklə kəsişən nöqtələri, həmçinin sinema-veritenin, mokyumentari, dokufikşn janrının elementləri var.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya