Hər şey necə olmalıdırsa, elədir
Bizi istəyirlər bizdə
Bizim olmayan özümüzü
Özümüz olmayan bizi
Fəridə
- Hər şey qaydasındadır?
- Özün kimi ol!
- Normal ol!
- Hər şey qaydasındadır?
- Səninlə normal danışmaq mümkün deyil!
- Hər şey qaydasındadır?
- Özün kimi ol!
- Normal ol!
- Özün kimi ol!
- Hər şey qaydasındadır?…
Bu cümlələr Con Kassavetisin “Təsir altında olan qadın” filmində nəbz döyüntüsü kimi təkrarlanır.
Amerikalı rejissor Con Kassavetis amerikan müstəqil kinosunun yaradıcılarından biri sayılır. O, kino fəaliyyətinə aktyor və müəllim kimi başlayıb, Nyu-Yorkda aktyor sənətindən dərs deyib. Yəqin ki, radioda elan verib, “insanlar haqqında filmə baxmaq istəyən hər kəs iki dollar göndərsin” deyən rejissorun əhvalatını eşitmisiniz. Bax, həmin rejissor Con Kassavetis olub. Hollivudun qaydaları ilə film çəkməyi rədd eləyən, ən əsası isə çəkiliş meydançasında, montaj otağında tək söz sahibi olmaq istəyən Kassavetis “Kölgələr” adlı ilk filmini, məhz, radiodakı həmin bəyanatından sonra toplanan vəsait sayəsində çəkə bilmişdi. Özü də söz verdiyi kimi Hollivud standartlarından tamamilə fərqli, rejissor işi, aktyor oyunu, vizual həll baxımından novator bir film.
ABŞ-da prokatına icazə verilməyən “Kölgələr”, Venesiya festivalında kino tənqidçilərin mükafatını qazanmış və bir müddətdən sonra Amerika kinoteatrlarında xarici film kimi nümayişə buraxılmışdı.
“Üzlər”, “Premyera”, “Ərlər”, “Qloriya” kimi ondan çox filmə müəlliflik eləmiş Con Kassavetisi Jan Lyuk Qodardan tutmuş Martin Skorsezeyə, Cim Carmuşa qədər əksər sayılıb-seçilən rejissorlar öz müəllimləri adlandırırlar. Rejissorun “Təsir altında olan qadın” filmi (1974) mədəni, tarixi və estetik baxımdan vacib film kimi ABŞ Konqressinin kitabxanasında qorunan filmlərin siyahısına salınıb. Film, fərdin öz istəkləri və öhdəlikləri arasındakı ziddiyyətlər, normal və anormal (cəmiyyət üçün) olan arasında çırpınması haqqındadı.
Hər şey qaydasındadı?
Hər şey üç uşaq anası, evdar qadın Meyblin (Cina Roulends) əri ilə tək qalmaq istəyindən başlayır. Ər (Piter Falk) telefonla işdən çıxa bilmədiyini xəbər verir və ardınca soruşur: “Hər şey qaydasındadı, Meybl?”
Kassavetisin filmlərində dialoqlar çox sadə olur. Güllə kimi. Sadə və tanış. Çünki rejissor uydurmaya, oyuna nifrət eləyir. Onu yalnız reallıq maraqlandırır. Ancaq bu, reallığın quru statistikası, ya da laqeyd müşahidəsi deyil. Rejissor seçdiyi çəkiliş tərzi- əl kamerası, qırıq montaj, hərəkətli kadrlar, sanki təsadüfən çəkilmiş, nizamsız planlar, şok təsiri bağışlayan rakurslarla reallığı mürəkkəbləşdirir, çoxqatlı eləyir. Vizual dillə verbalın bir-birini tamamlaması sayəsində isə ilk baxışda tanış gələn sadə sözlər də yüklənir, fərqli anlamlar qazanır.
Bildiyim üç dilin üçündə də “hər şey qaydasındadı” sualında qayda, nizam anlamını verən sözdən istifadə olunur:
Azərbaycanca “hər şey qaydasındadı?”- qayda, rusca “всё в порядке?”- порядок, ingiliscə “are you all right?”- right. Bu filmdə dəfələrlə təkrarlanan sualın məqsədi Meyblin əhvalını öyrənmək deyil, ona şərtləri xatırlatmaq və nizama səsləməkdi: “hər şey qaydasındadı, Meybl?” -yəni hər şey nizama, qaydalara uyğundumu? Cavab adekvatdı: “Bəli, Nik, hər şey qaydasındadı”. Çünki belə olmalıdı. Çünki Meybldən tələb olunan budu-qaydalara əməl eləmək, qəbul olunmuş nizamı pozmamaq, öz istəyini basdırmaq, uşaqlarına baxmaq, ərin səhər tezdən evə doluşan, çirkli ayaqqabılarla mətbəxdə gəzən dostlarına gülümsəmək, onları əyləndirmək, “nankorluq eləməmək”, bir sözlə, yaxşı qadın olmaq. Əslində Meyblin buna etirazı yoxdu, o da “yaxşı qadın” kimi qalmaq istəyir, amma içində basdırdığı arzular, həyatı boyu etdiyi yeganə vacib işin üç uşaq doğmaq olduğunun dərki ona imkan vermir. Meyblin “mən”i ilə “yaxşı qadın” arasında mübarizə başlayır və o, daxili tarazlığını itirir.
Özün kimi ol! Normal ol!
Nik arvadını sevir, “lakin hərdən onu başa düşmür”. Meybldən fərqli olaraq o, normaldı, çərçivələrdən, cəmiyyətin qoyduğu qaydalardan xoşlanmasa da, onları qəbul eləyib, çünki belə yaşamaq təhlükəsizdi. Tamaşaçı axıra qədər Nikin “mən səni sevirəm”i nizamın tələbi ilə, ya da hiss edərək dediyini bilməyəcək. O, sadəcə bir şey istəyir: hər şey qaydasında olsun. Ən cüzi kənaraçıxma belə onu narahat eləyir, qorxudur. Odur ki, pozuntunu dərhal aradan qaldırmağa çalışır. Məsələn, qaynanası ilə uşaqlar xəbərdarlıqsız yataq otağına soxulanda əvvəl narazılığını bildirsə də, sonra Meyblin etirazlarına baxmayaraq, özü hamını yatağa toplayır. Yeri gəlmişkən, onların yataq otağı hər kəsə açıq olan salonda yerləşir. Cəmiyyət öz qadağaları, qaydaları ilə onların yatağındadı. Onun zəncirlərindən qurtulmaq mümkün deyil. Meybl kimi yoldan çıxmaq istəyənləri isə cəza gözləyir: Dəlixana. Bu cəhətdən “Təsir altında olan qadın”, Miloş Formanın “Ququ quşu yuvası üzərindən uçuş” filmini yada salır.
Onlar sizin üçün ölürlər
Filmin “nəqarətlərindən” biri də “Qu gölü” baletindən balaca qu quşlarının ölüm səhnəsidi. Epizodlardan birində həmin səhnəni Meyblin quruluşunda uşaqlar canlandırırlar. Kənardan onlara baxan valideynin- orta yaşlı kişinin üzündəki narazı ifadəni görən Meybl “alqışlayın da, onlar sizin üçün ölürlər” deyir. Meybl öz emosionallığı, sevgi dolu ürəyi və sevgi həsrəti ilə balaca uşağı xatırladır. Onu da bircə uşaqlar anlayırlar sanki. Qu quşlarının rəqsi Meyblin həyatının himnidi. Finalda ona baş çəkməyə gəlmiş qohumların təzyiqindən, mərhəmət yağan baxışlarından qaçıb qu quşuna çevrilir, ancaq Nikin zərbəsi onu yerə sərir və yenə “hər şey qaydasındadı”.
“Təsir altında olan qadın” filmində katarsis yoxdu. Yalnız həyat var- qığılcım kimi alışıb sönən qiyam cəhdlərilə təslim olmuş həyat. Hər şey necə olmalıdısa, elədi- qaydasında.
Aygün Aslanlı