Qurban İsmayılov: “Obraz, aktyorun təhtəlşüurunun təsirilə yaranır”

Müsahibimiz Xalq artisti Qurban İsmayılovdur. O, İlqar Nəcəfin “Nar bağı” filmində Şamil (XIII Avrasiya Beynəlxalq Film Festivalı), Asif Rüstəmovun “Mərmər soyuğu” filmində isə Əkbər roluna görə (PÖFF Tallin Qara Gecələr Film Festivalı) iki dəfə “Ən yaxşı kişi rolu” nominasiyalarının qalibi olub. Qurban müəllimin iş prinsiplərinin, rol seçimində meyarlarının gənc aktyorlar üçün maraqlı olacağına şübhə etmirik.
– Qurban müəllim, bir filmdə və ya serialda işə başlamazdan əvvəl onun uğurlu olacağını düşündürən hansısa meyarlarınız varmı?
– Yaradıcılığımda ən böyük miqyaslı iş “Mərmər soyuğu” filmi oldu. Açığı, biz əvvəlcədən filmin səs-küy yaradacağını düşünmürdük. Məsələn, mən heç vaxt ağlıma gətirməzdim ki, Tallində keçirilən “Qara Gecələr” festivalında “A” kateqoriyasında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülərəm. Elə Asif Rüstəmovun “Ən yaxşı rejissor işi” mükafatı ilə təltif ediləcəyini də gözləmirdim. Filmin bu qədər diqqət çəkəcəyini, müzakirələrə səbəb olacağını heç düşünmürdüm. Hekayə baxımından çox maraqlı bir süjetə malikdir. Rəhmətlik müəllimim Hüseynağa Atakişiyev deyirdi ki, rolu götürəndə diqqətli olmaq lazımdır. Obrazımız kimdir? Başlanğıc hadisə nədir? Əsas hadisə nədir? Məqsədi, özəyi nədir? Çünki özək, obrazın həm daxili, həm də xarici plastik quruluşunun tapılmasına xidmət edir. “Mərmər soyuğu”n da isə aktyor ifası üçün əla materiallar var idi.


– Serial və kinoda aktyor texnikası nə ilə fərqlənir?
-Serial, fiziki baxımdan daha çətin bir prosesdir. Filmdəki iş isə rolun tələblərinə görə dəyişir. Məsələn, filmi bir ay ərzində çəkib bitirmək olar; elə də ola bilər ki, bir epizod üçün beş gün oynayıb işi tamamlayasan. Serialın isə özünəməxsus çətinlikləri var. Bir saatlıq və ya yarım saatlıq filmdə rolun inkişafını izləmək, 12 bölümlük serialla müqayisədə daha sadə görünə bilər. Həm rejissor, həm də aktyor qəhrəmanın tempinə nəzarət etməlidir. Bir də, kino daha böyük maliyyə ilə çəkilir və orada hər şey seriala nisbətən daha mükəmməl qurulur. Seriallarda isə bəzən maliyyə və vaxt toqquşduğundan çətinlik yaranır.
– Qurban müəllim, müsahibələrinizin birində serialın, aktyoru formada saxladığını demisiniz. Bununla nəyi nəzərdə tutursunuz?
– Yox, o mənada demirəm. Aktyoru ilk növbədə teatr formada saxlayır. Serial isə aktyorun ekran qarşısında həyəcanını öldürür və adaptasiyasını sürətləndirir. Məsələn, ilk dəfə müsahibə verən, ekran qarşısına çıxan insan necə olar? Əlbəttə, həyacanlı. Serial bu mənada aktyora sərbəstlik qazandırır. Uzun illər əvvəl, sovet dövründə bizim İncəsənət institutunun tələbələri tamaşa ilə Yerevan Dövlət İnstitutuna getmişdilər. Daha sonra onların tələbə-aktyor heyəti Bakıya gəlmişdi. Müzakirə zamanı onların aktyor kafedrasının müəllimlərinə “siz tələbələrdən nə istəyirsiniz?” sualını verəndə onlar belə cavablamışdılar: “Sərbəstlik. Biz dörd ildə qarşımıza məqsəd qoyuruq ki, tələbələr sərbəst olmalıdırlar”. Bu çox əhəmiyyətlidir. Kamera qarşısında düşünmək çətin məsələdir. Teatrda bunu məsafədən dolayı gizlətmək olursa, kamera qarşısında müşkül məsələyə çevrilir.


– Adətən, rolunuza necə hazırlaşırsınız? Xarici müşahidələr və ətraf mühitin təsiri sizin üçün nə dərəcədə önəmlidir? Yoxsa daha çox daxili proseslərə əhəmiyyət verirsiniz?
– Mən əsasən düşünürəm, oynayacağım rolun qarşılaşdığı vəziyyətləri götür-qoy edirəm: onun yerində mən olsaydım, nə edərdim? Aktyor sənətinin sehrli sözü ilə başlayıram: “”Əgər mən…” hansı vəziyyətlərlə üz-üzədir? Bu vəziyyətlərdə özünü necə apara bilər?” Çalışıram, uyğun ifadə vasitəsi tapım. Bu isə bir az çətin olur. Sizə nəyi nəzərdə tutduğumu izah edim. Yəqin ki, “Xaç atası” filminə baxmısınız. Maykl Korleone, qızı Meri öləndə ağzını açır, səssiz şəkildə qışqırır. Tamaşaçı soruşur ki, bunu necə edir? Nəfəs gedir və qəfil qışqırır. Mükəmməl, gözlənilməz! Baxın, bu ifadə vasitəsidir.
– Bir az əvvəl “Mərmər soyuğu” filminin yaradıcılığınızda xüsusi yeri olduğunu dediniz. Əkbər obrazına necə hazırlaşırdınız?
– Böyük rus aktrisası Faina Ranevskayaya deyirdilər ki, siz yaradırsınız. O isə cavab verirdi ki, mən yaradıb eləmirəm, mən oynayıram, amma öz oyunuma inanaraq oynayıram. Stanislavski də bunu nəzərdə tuturdu. İnam… Aktyor – uşaq kimi olmalıdır. Uşaq, qurduğu evə, münasibətlərə necə inanırsa, aktyor da roluna elə inanmalıdır.
– İştirak etdiyiniz layihələr arasında yenidən kastinq keçirilsəydi, “fərqli rolda yer almaq istəyərdim” dediyiniz layihə var mı?
– Gərək fikirləşim. Yəqin ki, belə olub, olmamış olmaz. Amma “kaş mən filan rolu oynayardım” deyə yox… Ola bilər, düşünmüşəm ki, kastinq səhv keçirilib. Bəlkə də başqa aktyor da eyni şeyi mənim haqqında düşünüb. Yəni, bu normaldır.
– Yəqin ki, rol təklifi gələndə ssenariləri də oxuyursunuz. Sizin üçün bir ssenaridə ən vacib məqamlar hansılardır? Hansı nüanslar seçiminizə təsir edir?
– Hekayə maraqlı olmalıdır. Lakin bəzən hekayə cəlbedici olsa da, dialoqlar ssenarinin keyfiyyətinə xələl gətirir. Gül kimi hekayəni bəzən dialoqlar heç edir.

– Bəs sizin payınıza düşən dialoqlara heç etiraz etmisiniz?
– Bəzi məqamlarda dialoqlarla bağlı rejissora öz fikrimi bildirmişəm. Məsələn, demişəm ki, fılan səhnədə bu qədər danışığa ehtiyac yoxdur. Bəzən, bəzi sözləri fikir qalmaq şərti ilə özümünküləşdirmək üçün ortaq məxrəcə gəlmişik.
– Canlandırdığınız bir çox obraz arasında oxşar tərəflər olanda qəliblərdən necə qaçırsınız?
– Qəliblərdən qaçmaq mümkün deyil. Yəni, bu sizə qəlib kimi görünə bilər. Məsələn, aktyor iki fərqli filmdə, müxtəlif situasiyalarda əsəb hissi keçirir. Jestlərim fərqli olsa da, emosiya eyni olaraq qalır. Emosiya necə dəyişə bilər axı? Aktyor xammaldır, obraz aktyorun, emosional yaddaşının, təhtəlşüurunun təsiri ilə yaranır.
– Baxdığınız filmlərdə sizin də canlandırmaq istədiyiniz obrazlar varmı? Belə rolları sizin üçün cəlbedici edən əsas amillər nələrdir?
– O qədər çoxdur ki, konkret ad çəkə bilməyəcəyəm. Bilmirəm, oynaya bilərdim yoxsa yox, amma bir çox müasir xarici film və serialların burda çəkilməsini və onlarda rol almaq istəyərdim.
– Heç özünüzü kamera arxasında rejissor kimi təsəvvür etmisiniz? Və ya ssenari yazmaq arzunuz var?
– Rejissor sənəti çox çətindir. Filmin bütün atmosferini görmək və ona nəzarət etmək, obrazları düzgün seçmək və onları filmin məqsədinə qulluq etdirmək – hamısı ağır işdir. Prodüser olmaq istəyərdim.
– Ümumiyyətlə, sizin rejissorla iş prosesiniz necədir?
– Mən, adətən, rejissorun fikirləri ilə uyğunlaşmağa çalışıram. Filmi bütöv şəkildə o görür. Bir az əvvəl qeyd etdiyim kimi, rejissorluq sənəti məsuliyyətli işdir. Bəzən olur ki, aktyor kiçik rolunu böyütməyə çalışır. Mən isə dediyim kimi, rejissora uyğunlaşmağa çalışıram. Ssenarini bir-iki dəfə oxuyuram, daha sonra öz işimlə məşğul oluram.
– Ən çox işləməkdən zövq aldığınız rejissor kim olub? Bir də nə vaxtsa rejissor tərəfindən məhdudlaşdırıldığınızı hiss etmisinizmi?
– Eldar Quliyev, Oqtay Mirqasımov, Ələkbər Muradov və b. Rejissorlarla işləmək həmişə maraqlı olub. Çəkiliş prosesi – kadrarxası insanlarla ünsiyyət və s. – zövq verir. Ümumiyyətlə, teatr məşqləri, serial çəkilişləri böyük zövq verir adama.
– Sonda, gənc aktyorlara tövsiyələriniz…
-Mən, həmişə müəllimim Hüseynağa Atakişiyevin sözlərini deyirəm: “Nə olursa-olsun, dünya dağılsın, kim nə deyir-desin, başınızı aşağı salıb, işinizi görün. Mütləq əziyyətinizin bəhrəsini alacaqsınız”.
Müsahibəni hazırladı: Elza Axundova