Zoluşka… Kabiriya… Anora
Ötən il Kann kinofestivalının əsas mükafatına layiq görülmüş “Anora” bədii filmi, haqqında çox danışılan, müzakirə edilən ekran işlərindəndir. Filmin müəllifi, amerikalı Şon Beykerin başlıca mövzularından biri, cəmiyyətin ümumi normalarından kənarda yaşayan, aşağı təbəqəyə aid insanların hekayələridir; seks işçilərinin, trangenderlərin, mühacirlərin həyatı onun “Mandarinlər”, “Qırmızı raket”, “Götürmək üçün” filmlərində əksini tapıb. Təsadüfi deyil ki, Beykerin yaradıclığına təsir göstərən rejissorlar arasında kəskin sosial dramlara üstünlük verən, autsayderlərin həyatını çəkən Ken Louç, Cim Carmuş var.
Bir qayda olaraq, nəhəng kinoşirkətlərlə işləməyən Beyker, blokbasterlərin, super qəhrəmanlar haqda filmlərin əleyhinədir. Çünki, rejissor, hazırda böyük ekranlarda həqiqi insan hekayələrinin, emosiyaların çatışmadığı qənaətindədir.
Beykerin şöhrətini artıran “Anora” filminə gəlincə… Ədəbiyyatdan, kinodan bir balaca məlumatı olan tamaşaçı “Anora”da məşhur nağılın əlamətlərini dərhal sezəcək – “Zoluşka” motivini nəzərdə tuturam. “Anora”, klassik “Zoluşka” nağılının, onun müasir, bir qədər başqa məzmunda traktovka edilmiş, məsələn, “Gözəlçə” tipli hekayənin hibrididir.
Beləliklə, süjetə əsasən, striptiz klubda çalışan, özbək əsilli Anora və ya Eni (Mayki Medison) rus oliqarxının oğlu İvanla tanış olur. Valideynləri İvanı (Mark Eydelşteyn) Amerikaya təhsil almağa yollasa da, o, gününü əyləncələrdə keçirir. Atası onu təkidlə vətənə – şirkətlərinin başına keçməyə çağırır. İvan isə Amerika vətəndaşı olmaq məqsədilə gecə klubunda tanış olduğu Anora ilə anidən, evlənməyə qərar verir…
Beyker, yuxarıda qeyd etdiyim motivlərin hibridi ilə kifayətlənmir. Həm filmin böyük həcmli ekzpozisiyasında, həm də sonrakı hissədə, rejissorun kapitalist dünyasına satirik intonasiyada tənqidi baxışı sezilir. Məsələn, filmin bir hissəsi İvanın və çevrəsinin hedonist, eyş-işrət dolu əyləncəli həyatının təsvirindən ibarətdir. Sözügedən epizodlar məzmunca təkrarlanaraq daha çox teleşou, klip estetikasına xas montaj həlli və rakurslarla verilir. Belə vizual fəndlər (dinamik montaj və musiqi, parlaq rənglər, sürətli panoramlar və plandan-plana iti keçidlər) zəngin təbəqənin övladlarının gündəlik həyat tərzinin başgicəlləndirici ritmini çatdırır. Və eyforiyadan, ekstazdan, seksdən ibarət bu dünyada onların ruhən yoxsul, sadəcə bədəndən, ətdən təşkil edilmiş varlıq olduğunu göstərir. Düzdür, rejissor, niyyətinə çatsa da, orgiya məzmunlu karnavalsayağı epizodların izafiliyi hekayəni yeknəsəqləşdirərək yorucu edir. Ola bilsin, Beyker ilk epizodları uzatmaqla, əyləncə atmosferini gücləndirmək istəyib. Məqsəd isə əyləncəli atmosfer ilə sonradan gedişatı kəskin dəyişən hadisə arasında kəskin kontrastı mümkün qədər görünən etməkdir. Hərçənd, ekspozisiyanı monotonlaşdırmadan, bir neçə tutarlı səhnə ilə də lazımi effekti almaq olardı…
Beləliklə, filmin davamında antikapitalist xətt nisbətən güclənir, final isə az qala katastrofik həddə çatdırılır. Düzdür, bu antixətlər məxsusi vurğulanmır, amma bəzi vəziyyətlərin, həmçinin personajların dünyagörüşü kontekstində, müəllifin kapitalizmi tənqid etmək niyyəti aşkar görünür. Beykerin, solyönümlü ideoloji baxışı, onun, varlı obrazların görünüşünü, xarakterini çirkin, eybəcər təsvir etməsində hiss edilir. İvanın anası rolunu oynayan aktrisa (obraz yox, məhz aktrisa!) -Darya Yekamasova antipatik təsir bağışlayır, nə qədər temperamentli oynasa da, üzü ifadəsiz və donuqdur. O hər kəsə, hətta sarsılmaz Amerika məmurlarına, nüfuzundan istifadə edərək asanlıqla təzyiq göstərir. İvanın, ola bilsin, doğrudan da silah alverçisi və ya çirkli pulların yuyulması ilə məşğul olan atası (Aleksey Serebryakov) isə arvadının hakimiyyəti altında əzilən, üzündə psixopatlığın simptomlarını daşıyan tipik rus əyyaşına bənzədilib. Ümumiyyətlə, rejissorun mövqeyində təkcə antikapitalist mövqe yox, rusofobiya əlamətləri də sezilir. Bundan başqa, İvanın ailəsinin, Qərbdəki dəbdəbəsinin, şübhəli biznesin sayəsində reallaşmasına açıq işarələr var…
İvan slavyanlarda, xüsusən ruslarda geniş yayılmış (düzdür, bu adın yayılması, əsasən dini amillə bağlıdır) addır, rus nağıllarının əsas personajlarından və rus insanının simvollarından biridir. Məhz bu adı daşıyan qəhrəman infantil, xaraktersiz, məsuliyyətsiz, komfortuna düşkün biri kimi təsvir olunur. Onun satın aldığı, sonra isə ailəsi tərəfindən təhqir edilən Anoranın özbəkəsilli mühacir olması da, yəqin təsadüfi deyil. Çünki SSRİ dövründən indiyədək, rus siyasi hakimiyyəti, tabeliyindəki digər xalqlara, həmçinin, özbəklərə aşağı adam kimi baxıblar. İkinci plandakı erməni obrazları isə rus oliqarxının əmrlərini kölə kimi yerinə yetirən əlaltı qismində verilir…
Adətən, film təhlillərində, yazı müəlliflərinin simvollara aludə olmasının əleyhinəyəm. Çünki simvollara həddən ziyadə aludəçilik, fikri filmin qayəsindən, kinematoqrafik mətləblərədən uzaqlaşdırır. Amma final səhnələrində, Anoraya, vicdanlı davranan, onu anlayan yeganə personaj İqorun (Yura Borisov) öz adının mənasını “güc, ordu” kimi izah etməsi də göstərir ki, rejissorun hekayəsində təsadüfi nəsə yoxdur.
Yeri gəlmişkən, rejissor yalnız İqora münasibətdə bir qədər mərhəmətli davranır, yəni obraz çox karikaturlaşdırılmır. Epizoddan-epizoda susqun İqorun xarakteri açılır, o, bu hekayənin ən simpatik, ən səmimi personajıdır. İvanın Anoraya üzr borcu olduğunu deyən İqor, zənginlərin həqiqi mahiyyətini dərindən başa düşür və müəllif bir növ, mərhəmətli, dürüst, kiçik rus insanını hakimiyyətə qarşı qoyur. Ancaq adı güc mənasını daşısa da, İqor nəhəng gücün qarşısında məğlubdur…
“Anora” bir gənclik macərası janrında başlayır, İvanın xaç atası Toros (Karen Karaqulyan), onun əlaltıları Qarnik (Vaçe Tovmasyan) və İqorun hadisəyə daxil olması ilə janrın məcrası bir qədər dəyişir; o, absurd, komediya xüsusiyyətlərini daşıyan dram kimi davam edir.
Filmi izləyəndə məndə yaranan sual isə budur: “Anora”nın başlıca ideyası, fikri nədən ibarətdir? Kütləvi filmlərə, seriallara xas şablonlar üzərində qurulan filmin məqsədi nədir? Axı Beyker, şablonları öz müəllif baxışı ilə mənalandırmayıb. Üstəlik, kinematoqrafik nöqteyi nəzərdən də ənənəvi film alınıb.
Bir müsahibəsində rejissor, filmin ideyasını son dərcə ümumi və mücərrəd ifadə edir: lazım olmayan adama ərə getdiyini gec anlayan gənc qızın hekayəsi… Cəmiyyətin aşağı təbəqəsini təmsil edən Anoranın acgöz varlıların hakimiyyətinin, təkəbbürünün qurbanı kimi qəbul etmək olarmı? Məsələ ondadır ki, Anora özünü baha satır, İvan qarşısında şərtlər qoyur. O, praqmatikdir, nə istədiyini əla bilir, İvanla izdivacında məqsəd, keçmişi ilə vidalaşmaq istəyindən doğur. Anoranın İvanla münasibti seks, bədən üzərində qurulub. Və nədənsə, oliqarxın adamları, onu nikahın ləğvi üçün imza atmağa məcbur edəndə, Anoranın aqressiyasının motivi aydın göstərilmir. Bütün hallarda bu, qadının sevgisi uğrunda mübarizəsi deyil. O, sevdiyini iddia etsə də, hekayədə sevgisini əsaslandıran nəsə gözə dəymir. Və hadisələrin sonrakı inkişafında gənc qadının İvana (nə də İvanın ona) dərin duyğular bəsləməsindən, münasibətlərinin dərin emosional məcrada inkişafından müəllif bəhs etmir… Bəs onda Anora nəyin davasını aparır? Onun aqressiyasının əsasında, rahat həyatının əldən çıxmasından çox, ona tətbiq edilən zorakılığın, ləyaqətinin yaralanması dayanır. Mənə elə gəldi ki, rejissor məhz bu fikrin üzərində dayanmaq istəyib. Lakin sözügedən məqam çox zəif işlənib. Çünki Anoranın mənəvi, emosional dəyişməsi demək olar ki, baş vermir. Halbuki, hekayədə buna imkanlar və əsas (əvvəlki epizodlarda Anora klub rəhbərliyindən öz hüquqlarını tələb edir) vardı. Və əvvəldən öz xidmətlərini baha satan, pula düşkün bir qadın, təklif olunmuş vəziyyətdə dəyişərək, mənliyi, təhqir olunmuş ləyaqəti uğrunda mübarizə çevrilməliydi. Hətta sonda məğlub olsa da…
Belə bir dəyişilmə prosesi, xüsusən, onun oliqarxın əlaltıları ilə konfliktində önə çıxa bilərdi. Lakin Anoranın onlarla konfliktinin baş verdiyi səhnələr isterikdir, replikalar, söyüşlər təkrarlanaraq yeni mənalara, onu dəyişikliyə vadar edən vəziyyətlərə keçmir. Bir tərəfdən də, Anoranın etirazı dərin məzmundan məhrumdur. Ümumiyyətlə, Anora daxil olmaqla, personajlar birqatlıdır (nisbətən İqor fərqlənir), xarakterləri, mənəvi dünyaları səthidir, nəinki mürəkkəb və gözlənilməz. Erməni aktyorlarının oynadığı obrazlara isə komediya klişeleri (yersiz replikalar, gülməli səfehlik) xasdır.
Beyker “varlılar əclafdır, lümpen proletariat onların qurbanı, oyuncağıdır” – sosial-siyasi pafosuna da bədii şərh vermir, interpretasiyalarla mənalandırmır. “Anora” , müəllif baxışı ilə maskalanmış, əslində isə, popkorn yeyərək, baxılacaq kütləvi filmdir.
Bir qeydi də edim, Beykerin sözlərinə görə, “Anora”, Fellininin “Kabiriyanın gecələri” filmindən ilhamlanıb. Bu rakursdan baxsaq, onda Anora, Kabiriyanın mutasiyaya uğramış və son dərəcə bəsit versiyasıdır.
“Anora” filminə Kannda rejissor Qreta Qerviqin rəhbərlik etdiyi jürinin mükafat verməsi təbiidir. Məncə, Qerviq qadınlıq duyğularına təslim olaraq, əsas qəhrəmanı qadın olan filmi mükafatlandırmaqla Anoraya dəstəyini ifadə edib.
Sevda Sultanova