İNDİ OXUYUR
Qütb ulduzu: Əbədiyyətə aparan yol

Qütb ulduzu: Əbədiyyətə aparan yol

Müharibə Azərbaycan xalqından böyük səy və saysız qurbanlar tələb etdi. Gənc oğullarımız çoxdan gözlənilən bu qələbə üçün özlərini qurban verdilər. Onların bir çoxu evlərinə qayıtmadı, itkin düşdü və ya döyüş meydanlarında həlak oldu və onların hər biri qəhrəmandır. Axı, məhz onlar öz canları bahasına vətənimizi böyük qələbəyə apardılar. Əsgərlərimiz xoşbəxtlik naminə, azadlıq uğrunda, aydın səma, aydın günəş naminə, gələcək xoşbəxt nəsillər naminə canlarını verdiklərini çox gözəl bilərək həlak oldular.

Onlar şücaət göstərdilər, öldülər, amma təslim olmadılar. Vətən qarşısında borcunu dərk etməsi qorxu hissini, ağrı-acı, ölüm düşüncələrini boğdu. Bu o deməkdir ki, bu şüursuz hərəkət – şücaət deyil, onların şüurlu şəkildə canını verdiyi səbəbin doğruluğuna və böyüklüyünə inamdır.

Qələbə günündən nə qədər vaxt keçsə də, 1990-cı, 2020-ci illərdə baş verən hadisələr hələ də xalqın yaddaşından silinmir və bunda yazıçıların əsərləri, rejissorların filmləri, rəssamların təsvirləri mühüm rol oynayır.

Şirin Əhmədovun 2023-cü ildə çəkdiyi “Qütb ulduzu” filmini izlədim. Yenidən həmin dəhşətli xəbər qulaqlarımda səsləndi, həyətimizdən şəhid yola saldığım an yadıma düşdü. Bu film ümumxalq hüznünü ən ürəkparçalayan səmtdən təqdim edib.


Valideynləri Muradı (Tunar Əlizadə) əsgərliyə yola salmağa hazırlaşırlar. Onun gedişi bayram kimi qeyd olunur. Filmin əvvəlində valideynlər arasında belə dialoq gedir:

– Oğlun əsgər gedir, sən də onu toyla-bayramla yola salırsan. Qoy sağ-salamat qayıtsın, gəlsin, edərik də! Mən gecə-gündüz fikir edirəm! Sən niyə etmirsən?- (ana)

– Mən nə üçün fikir etməliyəm? Mənim oğlum əsgər gedir və mən də bununla fəxr edirəm! Bəli, məndən ötrü bayramdır! Bayram da edərəm, toy da edərəm, hətta qonaqlıq da edərəm! (ata)

Dialoqda duyulan həyəcandan və atanın (Məmmədsəfa Qasımov) əmin danışığından hiss etdim ki, bu danışığın sonu birdəfəlik sükutla tamamlanacaq.

Fikrimcə, bu hekayənin baş qəhrəmanı valideynlərdir. Bu dəfə rejissor, valideyn dərdindən və faciəsindən söz açır. Ata oğluna görə narahat olsa da, özünü qətiyyən sındırmaq niyyətində deyil. O anlayır ki, içində böyük ağrı hiss etsə də, oğlu üçün güclü olmalıdır. Onun sakitliyi laqeydlik deyil, mətanətlə ifadə etdiyi dərin sevgi və qayğının əlamətidir. O bilir ki, oğlunu çətin yol gözləyir. Bu sadəcə vida deyil, məsuliyyətin ötürülməsidir və ata bu dəqiqə özünə zəifləməyə imkan vermir. Bu yolla ata, həm də tamaşaçıları möhkəm olmağa sövq edir sanki.


Atanın oğluna olan münasibətini izlədikcə, bəzilərində “niyə?” sualı yaranarkən, mənim qəlbim “kaş ki”lərlə dolurdu. Çünki müdafiə reaksiyası kimi çıxış edən sərt xasiyyətin arxasında laqeydlik dayana bilməz. Sadəcə bu səhnəni izləyəndə, paralel olaraq valideynlərimizin ürəyində söylədiyi “kaş ki”lər xatırlanır: “Kaş onu doyunca qucaqlayardım”, “Kaş onunla bu cür danışmazdım”, “Kaş o indi yanımda olardı, onun necə dəyərli olduğunu bir daha özünə deyərdim”. Hesab edirəm ki, atanın xasiyyətinin motivləri qətiyyən eqoizmlə əlaqəli deyil, ələlxüsus da söhbət valideyn və övlad münasibətlərindən gedirsə. Əksinə, ata özünü bu cür təmkinli aparmaqla ətrafını sakitləşdirir: “Mən oğluma görə narahat deyiləmsə, siz də rahat olun. Mən arxayın və əminəmsə, siz də əmin olun”.

Zaman ləng keçir və bu vida adi görünsə də, dərin məna ilə doludur. Ata oğlunu sağ-salamat görə bilməyəcəyini haradasa qəlbinin lap ucundan keçirir. Atanın güclü emosional mübarizəsi sözün əsl mənasında onu daxildən “yeyir”. O zahirən sınmır, ancaq daxilən dərin izlər buraxan qorxu və kədər hissi keçirir.


Filmin kulminasiyası, atanın xəbərlərdən müharibənin başladığını eşitdiyi və həmin an keçirdiyi ruhi ziddiyyət üzərində qurulub. Bu məqamda xarici hadisə-müharibə ataya çoxdan əzab verən gizli, sıxışdırılmış hisslər üçün katalizator olur. Onun, eşitdiyi xəbərə reaksiyası olduqca təmkinlidir. Beynindən təhlükə, zorakılıq və ölümlə əlaqəli minlərlə fikirlər keçir və bunların hamısı oğlu ilə əlaqəlidir. Dilə gətirdiyi “Qətiyyən narahat deyiləm” sözləri gözlərində ifadə olunan təslimi gizlədə bilmir. Ataya qalib gələn ən güclü hisslərdən biri, onun çarəsizliyi dərk etməsidir. O anlayır ki, müharibə artıq “orada” (müəyyən məsafədə) deyil, düz onun qarşısındadır.

Şirin Əhmədov filmdə bir neçə nida səhnələri (sevinc və kədər dolu kadrlar bir-birilə gözlənilmədən əvəz olunur) istifadə edib ki, bu səhnələr bir dinamika yaradaraq insan varlığının kövrəkliyini, həyatın birdən-birə necə dəyişdiyini, xoşbəxtlikdən faciəyə, asan, rahat həyatdan çətin reallıqlara necə keçdiyini göstərir.


Muradın zəngi onlar üçün ən yüksək dəyərə çevrilir. Lakin rejissor, kadrı qəfil dəyişir. Əvvəlcə sakit, sonra isə getdikcə güclənən külək fit çalmağa, onun təzyiqindən əsən ağacları silkələməyə başlayır. Kamera təbiətdəki dəyişiklikləri çəkir və ananın üzündə narahatlıq görünür. Zərərsiz görünən külək getdikcə güclənir və onun səsi yaxınlaşan fəlakətin müjdəçisi kimi tədricən yüksəlir.

Bu səhnənin davamı təxmin etdiyimiz şəkildə tamamlanır. Ata və oğulun Cənnətdə qovuşması simvolik metafordur, sevginin ölümə qalib gəldiyini, o biri dünyada necə davam etdiyini göstərmək üçün çəkilib.

Ata və oğulun sakit dənizdəki səhnəsi onların yer üzündəki iztirablarının sonunu və əbədi birlikdə ola biləcəkləri yeni, ağrısız yerin başlanğıcını simvolizə edir. Bura elə bir yerdir ki, sözə ehtiyac yoxdur – onların bir-biri üçün varlığı bu cənnətin bütün mahiyyətidir. Bu an, həm də onların yer üzündə yaşadıqları təcrübə və faciələrlə təzad təşkil edir. Burada onlar artıq itki əzabı yaşamırlar və ayrılıqdan qorxmurlar. Bu Cənnətdə onlar bərpa olunurlar, bütün dünyəvi qorxulardan azad olurlar, sevgi və təhlükəsizliyin yeganə reallıq olduğu bir dünyada bir-birlərindən yenidən həzz alırlar. Cənnət səhnəsində təsvir olunan balaca oğlan hər bir şəhidin körpəliyidir. Bu səhnə bir işarədir, oğullarımızın həmin aləmə düşəcəyinə dair işarə.   

Ataya oğlunun müharibədə həlak olduğunun deyildiyi səhnə filmin ən ağrılı səhnələrindən biridir. Burada hər şey göstərilib: reallığın qəddarlığı, itki əzabı və baş verənləri qəbul edə bilməmək. Eşidə biləcəyi ən qorxulu sözlər ataya dərhal çatmır, üzü hərəkətsiz qalır. Deyilənlərə inana bilmir və inanmaq istəmir. Kamera onun üzünə – dünyasının çökdüyünü anlayan insanın üzünə yönəlir. Ana da taleyin zərbəsinə tab gətirə, dünyasının məhv olduğunu dərk edə bilmir. Bu itki onun həyatını aldı. Reallığı qəbul etmək onun üçün çox çətindir. Bu məqamda tamaşaçı, övladını itirən ananın keçirdiyi ağrı və faciənin dərinliyini hiss edir.


Muradın ölümündən sonra bir an göz yaşı tökməyən atanın laqeydliyi çox suallar yaradır tamaşaçıda. Əslində, onun daxilində tufan baş verir. Oğluna görə keçirdiyi, bir vaxtlar ona güc verən qürur hissi indi onun məhvinə çevrilir. Ata zahirən təmkinli, bəlkə də soyuq görünür, amma ürəyi dərddən parçalanır.

Ata, oğlunun ölümünü yaşadıqdan sonra hamını tərk etmək, başına gələnləri hələ də anlaya bilməyən insanlardan uzaqlaşmaq qərarına gəlir. O, hər şeyin ona oğlunu xatırlatdığı və ağrısını gizlətməyin çətin olduğu bu yerdə olmaq istəmir. Kədərlə baş-başa qalmaq üçün bir növ tənhalıq axtarışında məchulluğa gedir.

Həmin səhnəni izləyəndə, 2014-cü ildə Ceyms Kentin çəkdiyi “Gələcək haqqında xatirələr” filmini xatırladım. Vera Brittenə ən yaxın insanını – qardaşını itirdiyi xəbər veriləndə, onun bütün varlığı tutulur. O dərhal evdən uzaqlaşır və çöllüyə düşür, yerə çökərək ürəkdən hönkürür. Bütün ağrısını evindən uzaqda çıxarır, çünki xatirələrlə dolu isti ocaq onun yarasını təzələyir.

Atanın ölümü, faciənin kulminasiya nöqtəsinə çevrilir, itkiyə tab gətirə bilməyən insan son yolunu tapır – öz evində, öz divarları arasında deyil, tənha bir yerdə, kədəri qarışdığı soyuq torpaqda tapır…

Filmin final səhnəsi bədii baxımdan bütün şəhid anaların ruhunu əks etdirir. Muradın anası həyətdəki skamyada oturur, üzü ağır, gözləri bulanıqdır. Toxumaq, onun daxili dünyasının metaforuna çevrilir. O, itkilərdən sonrakı həyatı kimi, kiçik və kövrək bir şey yaradır, lakin heç nə onun ruhunu geri qaytara və ya sağalda bilməz. Biz hər şeyini itirmiş bir qadın görürük – təkcə ailəsini deyil, həm də dünyadakı rolunu. O, həyatda müəyyən məqsəd tapmağa çalışır, lakin onun səyləri mənasız görünür. Ana, bir zamanlar olduğu adam ola bilməz və kadrda bu, hər bir vəziyyətinin ümidsizliyini xatırladan hərəkətləri ilə nümayiş olunub. Əllərindəki sap və iynə onun idarə edə biləcəyi son şeydir, qalan hər şey yox olub gedir…


Şirin Əhmədov mövzuya yanaşması ilə təkcə xarakterin psixologiyasını deyil, həm də kədərin fəlsəfəsini – onun dünyanı qavrayışını, başqaları ilə münasibətləri necə dəyişdirdiyini araşdırır. Məmmədsəfa Qasımov ciddi aktyor ampluasını dərin emosional intensivliklə tamamlayır. Oğlunu itirmiş ata kədər və qəzəbdən tutmuş, günah və utanc hissinə qədər müxtəlif hisslər yaşaya bilir, lakin onun şəxsi faciə və ruhi yarası təmkin maskası arxasında gizlənib. M.Qasımovun aktyor oyunu dərin psixologiya və emosional cəhətdən zəngin və fərqlidir. Aktyor inandırıcı, çoxqatlı obraz yaradıb. Gözlər qəhrəmanın daxili dünyasını çatdırmaq üçün əsas vasitəyə çevrilir.

M.Qasımovun oyununda vacib bir texnika da pauzaların və sükutun istifadəsidir. Başını itirmiş atanın səsini filmboyu bir neçə dəfə dialoqlarda eşidirik. Onun susması sadəcə söz qıtlığı ifadə etmir, həm də yaşadığı hisslərin uçurumunu ifadə edə bilməməsinin əksidir. Aktyorun pauzaları əsəb xarakterlidir və bu sükut istənilən monoloqdan daha güclüdür. Duyğuların qəfil dəyişməsi: məsələn, bir anda o sakitləşir, bir anda isə qışqıra və ya ağlaya bilir ki, bu da onun mənəvi cəhətdən pozulduğunu göstərir. Bu keçid anları emosiyaların dramatizmini ifadə edir. Aktyor öz xarakterinin daxili mübarizəsini çatdırmaq üçün bütün gücündən istifadə edir. Bu vasitələrlə o, itki və kədərlə dolu dünyada artıq özünə yer tapa bilməyən bir insanın güclü, canlı obrazını yaradır.


Mübarizə aparmayan, boş həyat tərzi keçirən gəncləri göstərərək, rejissor, tamaşaçını müharibə və sülh dövründəki həyat konteksti haqqında düşündürür. Bu qəhrəmanların həyatları müharibənin sərt reallığı ilə üzləşmədiklərindən başqa cür keçir. Rejissor bu uşaqların vaxtlarını məqsədsiz işlər arxasında necə keçirdiklərini göstərir. Dünyada baş verənlərə heç bir şəkildə təsir etmədən kafedə otururlar və ya boş küçələrdə dolaşırlar. Müəllif bu uşaqların həyatının faciəli hadisələrdən uzaq olduğunu, əsl qəhrəmanların isə daha böyük bir şey üçün mübarizə apardığını göstərməklə kontrast yaradır. Bu qəhrəmanlar əsl mübarizənin ağırlığı ilə üz-üzə qalmayan bir çox insanı sıxan daxili boşluğun, mənasızlığın və acizliyin simvolu ola bilər. Ancaq, həyatlarında müharibə olmamasına baxmayaraq, onlar hələ də eyni hekayənin bir hissəsi olaraq qalırlar. Gələcəkdə bəlkə də bu uşaqlardan biri, dostları Murad kimi, hansısa sahədə hansısa bir şücaət göstərəcək.


Filmdə Hüsniyyə Mürvətovanın (ana) ifası xarici nəzarət və daxili təcrübələr arasındakı ziddiyyət üzərində qurulub. Onun yerlə-yeksan olmuş halı atanın vəziyyəti ilə bir xətt üzrə inkişaf edir. Göz yaşları qurumuş ana sakitliyə təslim olaraq sonda öz ölüm saatını gözləyir sanki.

Qeyd edim ki, filmin bədii rəhbəri Oqtay Mirqasımovdur.

Sonuncu kadrda kamera tədricən torpağa yönəlir, insan həyatının fiziki baxımdan sonunun qaçılmazlığını simvolizə edir. Bu, filmin fəlsəfi və emosional çəkisini artıran güclü vizual fənddir. Bu qərar təkcə fiziki sonluğu deyil, həm də həyat və ölüm haqqında daha dərin düşüncəni əks etdirir.

Filmin əvvəlində ata və oğul arasında ulduzlarla bağlı şirin və səmimi dialoq gedir. Filmin adı – “Qütb ulduzu” – məhz bu səmimi mənəvi ünsiyyətdən qaynaqlanır.

Qütb ulduzu həyatın və ölümün əks tərəfində dayanan qəhrəmanlar arasında hətta fiziki ayrılıq olanda belə itirilməyən mənəvi əlaqəni təmsil edir. Görünür, ulduzlarla bağlı söhbət əbəs yerə getməmişdi ata və oğul arasında. Dərin dialoqla başlayan bu acı hekayə qütb ulduzunun parlaq işığında əbədiləşdi…

Şərik olmağa nə qədər çalışsaq da, anaların və ataların ağrılarını heç vaxt tam hiss edə bilmərik…

Müharibə təkcə bədənləri deyil, ruhları da məhv edir. Qəhrəmanlar təkcə fiziki itki ilə deyil, həm də daxili ölümlə üzləşirlər – döyüşlər sona çatır, ağrı və dağıntılar əbədiləşir…

Muradın, onun kimi igid oğulların simasında, bu filmdə biz həm də döyüş meydanının o biri tayında olan qəhrəmanlarımızın iztirabını izlədik – Ana və Atanın.

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya