İNDİ OXUYUR
Konklav – geniş qapanmış gözlərlə

Konklav – geniş qapanmış gözlərlə

Builki Oskar mükafatına namizədlər sırasında olan “Konklav”, “Qərb cəbhəsində təbəddülat yoxdur” filmi ilə Oskar mükafatı alaraq məşhurlaşan, bundan əvvəl bir neçə televiziya serialı çəkmiş Edvard Berqsonun növbəti ekranlaşdırmasıdır.

“Konklav”, Roma papalığına seçkilərdən bəhs edir və kamera dramı kimi bir çox cəhətinə görə təriflənir. Bunların arasında aktyor oyunu ilk yerdədir. Baş qəhrəman Tomas Lourens obrazında ustalıq göstərmiş Reyf Faynsın filmə böyük uğur qazandırması şübhəsizdir. Uğurlu film isə bir bütövdür və ondan nəyisə seçib uğuru şərtləndirmək – xalçadan ilmə çəkmək kimidir.

İntriqa və daxili ehtiraslar seçki prosedurunun qaydaları və sözün hərfi mənasında səs toplamaq kimi yorucu çabalar arasında görünməz ola bilər. O zaman dinamikasızlıqdan bezmiş tamaşaçı filmdən imtina edər. “Konklav”da isə həm aktyor oyunu, həm kameranın həssas və soyuq davranışı, yarıqaranlıq rəng tonu, mövzuya, obyektə, fokusa münasibətdə dəqiq seçilmiş distansiyalar (elə distansiya ki, tamaşaçı həm intriqa-konfliktə yoluxsun, həm də rejissorun arabir xatırlatdığı üçüncü gözlə bütün bu seçki çabasının ciddiyyətinin gülməliliyini, bihudəliyini duysun) tamaşaçını mətləbə, rejissoru məramına yaxınlaşdırır.


İlk kadrdan müəlliflər bizi qəhrəmanla tanış edirlər – arabir avtomobil işıqlarının sayrışdığı qaranlıq tuneldə addımlayan əli diplomatlı adam.

Qaranlıq tunel elə ilk kadrdan filmin ideya spektrindəki, həm də adındakı qapalılığa nişan verir. Konklav – papanın ölümündən və ya hər hansı səbəbdən istefasından sonra yeni papa seçmək üçün kardinalların yığıncağıdır. Hərfi mənada isə latıncada qapalı, bağlı yer deməkdir. Məlumdur ki, papa seçkiləri ciddi şəkildə təcrid olunmuş şəraitdə keçirilir və biz bunu filmdə aydın görəcəyik.

Deməli ilk kadrdan (tunel-qapalı məkan) filmin ideya qatındakı məqamlardan birinə işarə vurulur. Bundan başqa, bu təsvir qəhrəmanın öz daxili qaranlığından yola çıxdığını, əlindəki diplomatla bir vəzifə məsuliyyəti daşıdığını ötürür. Bu xətti aktyor Reyf Fayns filmboyu ustalıqla davam etdirir – əslində o, daxili tərəddüdlərində qovrulanda, göz yaşlarına qərq olub mərhum papanı sevgi ilə ananda biz həm də onun konklav qədər ciddi bir işi soyuq təmkinlə idarə etmək kimi iki fərqli qütbləri (emosional mənəvi təlatüm və təmkinli vəzifə icrası) necə birləşdirməsinə baxırıq. Bu da ideya qatına xidmət edir – film bizi yeni papa axtarışına yox, fərqli qütbləri birləşdirən bir dəyər axtarışına çıxarıbmış.


Məsələ ondadır ki, filmdə konklav zamanı bölünən səslərin toplanmasına çalışan kardinalların mənəvi olanı unutmasına vurğu edilmir. Əksinə, konklavın bir prosedur olaraq sərt protokolu, ciddi qayda-qanunu vurğulanır. Bunlar kameranın yumşaq panoramı ilə, gah da sərt montaj kadrları ilə təsvir edilir: Pəncərələr işıq da düşməmək şərtilə bağlanır; kardinallar açıq havada son siqaretlərini çəkib kötükləri toplayıblar; dəfələrlə qapının bağlanması, hətta möhürlənməsi kadrları göstərilir – bütün dünyaya qapılarını bağlamış kilsə papa seçir. Sözün həm hərfi, həm də məcazi mənasında. Müəlliflər kilsənin deqradasiyasının səbəbini məhz bunda görürlər. Bütün dünyaya pəncərə – gözlərini qapamaqda.

Namizədlərdən biri yetərsay olan 72 səsi toplayana qədər hər gün iki dəfə keçirilən seçki günlərlə uzana bilər. Dünya yeni papanın seçilməsindən kilsə bacasından çıxan ağ tüstü ilə xəbər tutacaq. Çünki içəri ilə bayır arasında əlaqə itib.


Rejissor bunu bəşəriyyətin yaşadığı mənəvi deqradasiyanın metaforuna çevirir. Daxili dünya ilə xarici dünyanın əlaqəsini itirmək məhvə aparır, deyir film. Əgər başdan axıra qədər “papa olmaq istəmirəm” deyən kardinal Lourensin özünə səs verməsi anında, lap da səsvermə bülletenini ənənəvi dəmir cama atdığı məqamda kilsə divarı yaxınlığında baş verən partlayışın təsirindən pəncərənin qopub içəri tökülməsi, özü ilə işıq seli gətirməsi – qapalı məkanı dəlməsi olmasaydı. Bu terror hadisəsi həmin içəri ilə bayır və mənəvi dünya ilə zahiri aləm arasında əlaqəni yaradır. Lourensin konklavın ilk günündəki çıxışında söylədiyi fikir kardinallara yalnız indi nüfuz edir. Kardinal – dekan, konklavın təşkilatçısı və idarəedicisi Tomas Lourens “Nəyəsə əmin olmaq bizim sonumuz deməkdir. İnam və şübhə yanaşı addımlayır. Şübhə olmasa, inamın nə mənası var? İsa Məsih belə, xaçda “Tanrım məni niyə tərk etdin?” dedi. O belə, şübhə etdi” – deməklə, kardinalları duymağa, düşünməyə, daxili tərəddüdlərini eşitməyə çağırır. “Rasional düşüncə – əminlikdir. Əminlik – mənəvi korluğa aparır” deyir Lourens haradasa.

Konklav boyu kilsənin nüfuzu, kilsənin keçmişi bir qılınc kimi dekan-kardinalın başının üstündən asılıb. Seçkidəki müxtəlif cəbhələri təmsil edən qrupların – millətçi, radikal, liberal, və s. – istinad etdiyi məhz budur – keçmiş və nüfuz. Kardinal Lourens, vəzifəsini layiqincə yerinə yetirmək istəyir; o, bütün qaydalara riayət etməlidir, lazım gələrsə, namizəd kardinalların həyatındakı qaranlıq məqamları işığa çıxarmalıdır və bunlar onu, həm də, etik dillemma qarşısında qoyur. O da səsləri itirməmək üçün qruplaşmalara qoşulur. Səsləri bütövləşdirmək üçün kardinallarla danışıqlar aparır. Hətta Kabildən olan tanımadığı arxiyepiskopa, ona verdiyi səsi kardinal Aldoya verməsini xahiş edəndə gözləmədiyi reaksiyadan çaşıb qalır: qarşısındakı yepiskop kiməsə onun xahişinə görə yox, papa olmağa layiq bildiyinə görə – yəni, kardinal Lourensin özünə səs verəcəyini bildirir.


Filmin əsas qəhrəmanları – kardinal Aldo (Stenli Tuççi) və kardinal Lourens pis və betər variantlar arasında seçim edirlər. Və əslində, papa olmaq istəməyən, amma niyəsə özünə papa adı düşünmüş Lourens ən optimal variant kimi konklavda namizəd olmalıdır. Liberal dünyagörüşlü Kardinal Aldo onu mühafizəkar Qofredo Todesko (Sercio Kastellito) kimi, qarşı qütbdəki kardinalla mübarizədə güclü bildiyi və həm də özünün kardinal Yozef Tremblyeyə (Con Litqou) qalib gələ bilməyəcəyini düşündüyü üçün irəli aparır (söhbət bölünən səslərin vahid namizəddə toplanmasından gedir). Lakin elə bu yerdə papanın hamıdan gizli Əfqanıstanın Kabul şəhərinə yepiskop təyin etdiyi həmin Vinsent Benites (Karlos Dies) bir nitqi ilə favorit olur.

Bu zaman biz həm də Lourensin mənəvi deqradasiyasının dərkini izləyirik. O, filmboyu bir neçə dəfə (papalıq uğrunda qruplaşmalara bulaşıb özünə səs verən zaman da) başını qaldırıb kilsənin tavanına baxır, tavandasa intibah dövrünün məşhur əsərlərindən biri – Mikelancelonun “Dəhşətli mühakimə” freskası  var. Bu təsvirlər həm filmin ideya spektrinin başlanğıcını – humanizmi nişan verir, həm də qəhrəmanın özünüdərkini göstərir.


Lourens, mərkəzində İsa Məsih və Müqəddəs Məryəmin təsvir olunduğu freskanın sağ küncünə baxır: qiyamət şeypurları çalınır və şeytanlar günahkarı cəhənnəmə çəkir. Bu təsviri bizdən, yəni tamaşaçılardan daha əvvəl, Lourensin özünün özü ilə paralelləşdirdiyini anlayırıq. Kardinal, onu da hakimiyyət davasına bulaşdırıb cəhənnəmə çəkdiklərini duyur. Kapelladakı təsvirlər məhz ona işarə vermək üçün imiş, anlayır Lourens.  

Kilsənin yaxınlığında radikal islamçıların törətdiyi güman olunan terroru öz dünyabaxışına görə şərh edərək ondan maksimum yararlanmaq istəyən kardinallara (onlardan biri – Todesko, relyativizmi bütün bəlaların səbəbi kimi pisləyir, İslama qarşı tolerantlığı tənqid edir) cavab olaraq, müharibə, bəşəriyyət, dünya və gələcək haqda (kilsə – keçmiş yox, gələcəkdir) ürəklərə toxunan nitq söyləyən Vinsent, papa seçilir. Vinsent hələ fürsət var ikən, hələ ağ tüstü bacadan çıxmamış, Kardinal Lourensə sirrini etiraf edir. Məlum olur ki, Vinsent fərqli qütbləri təmsil edirmiş; yəni o, həm qadın, həm də kişidir və artıq sayılan cinsi orqanları bədənindən çıxarmamaq, tanrının onu yaratdığı kimi yaşamaq qərarına gəlib. Haradansa möcüzə-əlamət gözləyən dindar xristianlar kimi, Lourens bunu bir işarə olaraq qəbul edir və kilsənin məhz bu birləşdirici yolu tutması fikrinə dəstək verir.


Yaxşı olan odur ki, rejissorun yumşaq, həm də soyuqqanlı üslubu pafosu ortaya çıxarmır və filmə, konklavdakı gedişlər haqda kamera filmi kimi də baxmaq mümkündür. Daha yaxşısı da odur ki, vizual-verbal işarələr, həssas kamera hərəkəti, aktyor məharəti necəsə tamaşaçıya nüfuz edir. Onlar, baş qəhrəman kardinal Lourensin mənəvi yolçuluğu ilə paralel konklav mübarizəsini izlərkən, həm də konklav gedişləri zamanı daxili ziddiyyətləri, daha böyük bəşəri-fəlsəfi konfliktləri də gözardı etmirlər.

Əgər xristian dünyasının rəhbəri papadırsa, bu onun mənəvi dünyanın rəhbəri də olduğu deməkdir? Yoxsa, ancaq insan özü öz mənəvi dünyasının rəhbəri ola bilər?

“Konklav” filmi dini, ideoloji qütbləşmələrin kəsişdiyi mövzuda konkret lokal bir hadisəni təsvir edir. Amma bu film həm də dünyaya və öz ehtiraslarına qarşı qapanmaq haqdadır. Kilsənin mühafizəkar keçmişi və bu günü haqdadır. Yeri gəlmişkən, filmdə bir neçə dəfə göstərilən intibah dövrünün məşhur freskası da kilsə mühafizəkarlarının senzurasına məruz qalıb. Məsələn, hələ kardinal Karrafa ikən Papa IV Pavel (ilk papa inkvizitor) Mikelancelonu əxlaqsızlıqda və ədəbsizlikdə günahlandırırdı, çünki o, ən vacib xristian kilsəsində çılpaq bədənləri cinsiyyət orqanlarını gizlətmədən təsvir etmişdi. Nəticədə bədənlərin bəzi hissələri Mikelancelonun şagirdi tərəfindən işləndi, yəni, örtüldü. Deyilənlərə görə, Mikelancelonun papaya cavabı belə olubmuş: “Çılpaqlığı örtmək asandır, qoy papa dünyanı abırlı vəziyyətə gətirsin”.


Filmin qəhrəmanı kardinal Lourens də kilsənin sənət kimi birləşdirici olmasını istəyir. Haqqında danışdığımız intibah rəssamı, əvvəl-axır əsərində hamını əhatə etmişdi, hətta bir versiyaya görə, “ədəbsiz freskanı məhv etmək” kampaniyası aparan papanın köməkçisi Çesenanı uzunqulaq ölülər dünyasının hakimi, uzunqulaq kral Minos (Dante Aligerinin “İlahi komediya” əsərindəki kimi, şeytan şəklində) kimi təsvir etmişdi. Bu yanaşmada sənət kilsənin çatmalı olduğu hədəf-dəyərdir.

Film buna xüsusi vurğu etmir, amma bu, ideyanın alt qatı kimidir. Edvard Berqsonun “Konklav”ı ona görə diqqətəlayiqdir ki, o, konklavı lokal hadisədən bəşəri-mənəvi böhran haqda filmə çevirə, hansısa ideoloji cəbhələrə əyilmədən (bəziləri yanlışlıqla ideya etibarilə onu liberalizmə daha yaxın saya bilərlər) fikir və həyat materialı kimi göstərə bilib. “Konklav”, mövzuya ehtiyatlı və cəsarətli toxunuşdur; o, Avropanın dünyaya istiqamət göstərdiyi tolerantlığa səsləyir, həm də Avropadan yox, Kabildən olan arxiyepiskopun dili ilə…

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya