Sədaqət Kərimova: “Soyuq günəş” sadəcə patriarxal ailə hekayəsi deyil”
Yazıçı, jurnalist, bəstəkar, rejissor Sədaqət Kərimova 1953-cü ildə Qusarda anadan olub. Təsadüfi deyil ki, onun yaradıcılığında – povest və romanlarında və filmlərində mənsub olduğu ləzgi xalqının adət-ənənələrinə önəm verilir. “Samur” qəzetinin baş redaktoru olan Sədaqət Kərimova Azərbaycan, rus və ləzgi dillərində 36 kitabın, 9 mindən çox məqalənin, o cümlədən, 100-dən çox mahnının müəllifidir. Azərbaycan dilində qələmə aldığı “Səssiz haray”, “Bir yaz gecəsi”, “Hal”, “Qürub”, “Ağ qəm”, “Ayı yağışı”, “Yol ayrıcında” və digər kitabları ilə tanınır. Bir sıra sənədli filmlərin müəllifi olan Sədaqət xanım son illər “Soyuq günəş”, “İtən gündəlik” və “Səssiz haray” filmləri ilə məşhurlaşıb.
“Soyuq günəş” daha çox insanın qəlbinə yol tapa bildi. Azərbaycan, ləzgi və rus dillərində təkcə Youtube kanalında, filmə bu günə kimi 18 milyon tamaşaçı baxıb. Bu da məndən ötrü əsas məqsədə çatmaq deməkdir.
-Siz şair, yazıçı, bəstəkar və rejissor kimi fəaliyyət göstərirsiniz. Rejissor kimi fəaliyyətiniz yaradıcılığınızın yeni bir təcrübəsidir. Ümumiyyətlə, bu sahə haqqında fikirləriniz maraqlıdır. Film çəkmək və ekran adaptasiyası ilə bağlı düşüncələriniz nələrdir?
– Əslində rejissorluq mənim üçün yeni yaradıcılıq sahəsi deyil. Bədii filmlərə qədər onlarla sənədli, etnoqrafik, musiqili filmlər çəkmişəm. Gənclik illərimdə televiziya ilə yaxından əməkdaşlıq etmişəm, o vaxt müəllif verilişlərim və sənədli filmlərim tamaşaçılar tərəfindən yaxşı qarşılanıb. Amma bir məsələdə haqlısınız, bədii filmlərin rejissoru kimi fəaliyyət göstərmək mənimçün yeni təcrübədir. Bu, özümü kəşf etməyin yeni bir yolu olmaqla yanaşı, həm də yaradıcılığımı daha geniş auditoriya ilə paylaşmaq üçün bir vasitədir. Ekran adaptasiyası yaradıcı bir yenidənqurma prosesidir. Əsərin kitabdan filmə köçürülməsi onun orijinal ruhunu qorumaq ilə yanaşı, həm də daha dinamik və cəlbedici formada təqdim olunmasıdır. Yazıçı olaraq bilirəm ki, hər bir mətnin öz dərinliyi var, lakin ekran üçün adaptasiya zamanı vizual dilin gücündən istifadə edərək bu dərinliyi daha inandırıcı şəkildə tamaşaçılara yönəltmək mümkündür.
– Bütün filmlərinizdə, demək olar ki, nostalji ab-hava hiss olunur. Filmlərinizi keçmişlə əlaqələndirən əsas amil nədir?
– Nostalji duyğular mənim ruhumun ab-havasıdır. Keçmiş həm mənim şəxsi dünyamda, həm də yaradıcılığımda dərin izlər buraxıb. Nostalji atmosferin filmlərimdə təcəssüm etməsi mənim özümün keçmişlə olan mənəvi bağlılığımın ifadəsidir.
Belə bir şeirim var:
Yox, gərək dəyişəm, başqa cür olam,
İndiki zamana yaraşmıram heç.
Məndə müasirlik çatışmır bir az,
Bir az laqeyd olsam, bir qədər bivec,
Onda çətin olmaz yaşamaq, inan,
Mən kimə gərəyəm alışan, yanan?
Filmlərim keçmişlə indiki dövr arasında bir körpü rolunu oynayır. Keçmişdəki mədəni və mənəvi dəyərlərin unudulmaması üçün insanların ötən dövrlərdəki həyat tərzini, münasibətlərini və dünyaya baxışını, zamanın itirdiyi dəyərləri filmlərdə canlandıraraq yenidən yaşatmağı xoşlayıram, sanki mənəvi borcumu yerinə yetirirəm. Bir sözlə, uşaqlığımın və gəncliyimin keçdiyi dövrü sənədləşdirirəm.
– Əsərlərinizin mövzusunu real hadisələrdən seçirsiniz? Yoxsa bədii təxəyyülün nəticəsidir?
– Real hadisələr olmasa, əsər inandırıcı olmaz. Ətrafımızda o qədər maraqlı insanlar, onların elə maraqlı taleləri var ki, nəyi isə uydurmağa əslində heç ehtiyac qalmır. Real hadisələrdən bəhrələnərək, daha geniş təbəqələrin həyatına nəzər salmaq və mövzulara fərqli bir baxış gətirmək mümkündür. Bədii təxəyyül isə müəllifə yaradıcılıq azadlığı verir, reallığın hüdudlarını aşaraq tamamilə yeni aləmlər, xarakterlər və hadisələr yaratmağa imkan verir. Mövzu seçərkən həm reallığın gücündən, həm də təxəyyülün sərhədsizliyindən istifadə edirəm. Reallıq mənim üçün həqiqətin təməlidir, bədii təxəyyül isə bu həqiqəti daha inandırıcı etmək, ürəklərə nüfuz edə bilmək vasitəsidir. Yəni təsir gücü bu iki mənbənin harmoniyasındadır.
– Filmlərinizdə mənsub olduğunuz xalqın adət-ənənələrini qabardıb, onları unudulmağa qoymadığınız aydın şəkildə hiss olunur. Bu məqamı ön plana çıxarmaq, tamaşaçıya o hissi ötürmək üçün aktyor seçimini hansı meyarlara əsasən edirsiniz?
-Filmlərimdə mənsub olduğum ləzgi xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini göstərmək və onların unudulmasının qarşısını almaq mənim üçün həm şərəf, həm də məsuliyyətdir. Bu hissi tamaşaçıya ötürmək ilk növbədə aktyor oyunundan asılıdır. Müəyyən bir dövr və ya adətlə bağlı xalqın xarakterini təqdim edərkən təkcə həmin dövrün və ya mədəniyyətin estetikasını əks etdirən simalar seçməklə məsələ həll olunmur, aktyorun daxili dünyası da vacibdir. Adət-ənənələri canlandırmaq təkcə dialoq və jestlərlə məhdudlaşmır. Aktyorun öz duyğularını ifadə etmək bacarığı vacibdir. Aktyor seçimində təbiilik və səmimiyyət mənim üçün ən vacib şərtlərdəndir. Təəssüflə qeyd etmək istəyirəm ki, istedadı və gözəl görkəmi olan aktrisaların çoxunun yerli və ya yersiz plastik əməliyyatlar etməsi aktyor seçimində çətinliklər yaradır və mən də bu çətinliyi hiss etdim. Təbii oyunu təbii siması olan aktyor və ya aktrisa daha inandırıcı nümayiş etdirə bilər. Aktyor seçimində obraza uyğunluq, milli dəyərlərə yaxınlıq, emosional dərinlik və səmimiyyət əsas meyarlardır.
– 1998-ci ildə “Soyuq günəş” əsərini yaratdınız, 2001-ci ildə isə kitabını nəşr etdiniz. Nəhayət, 2018-ci ildə “Soyuq günəş” filmini ekranlara çıxardınız. Əsərin kitabdan ekranlara adaptasiyası və kütləyə çatması gözləntilərinizə cavab verdi?
– “Soyuq günəş” əsərini ekranlaşdırmaq mənim üçün həm yaradıcılıq, həm də emosional bir sınaq idi. Kitabıma əsaslanaraq yazdığım ssenari ilə çəkdirdiyim bu film həm əsərin ruhunu və ideyasını qoruyub saxladı, həm də vizual təqdimat vasitəsilə daha geniş bir auditoriyaya çatdı. Adaptasiya prosesində bəzi məqamlar dəyişdirilsə də, ümumi ismarışın toxunulmaz qalması sevindirici oldu. Filmin ən böyük uğuru o oldu ki, müxtəlif yaş qruplarından olan tamaşaçılar tərəfindən sevgi ilə qarşılandı və artıq yeddinci ildir ki, böyük maraqla izlənir. Düzdür, əsərin dərinliyini tam olaraq göstərmək baxımından ssenaridəki bəzi səhnələri çəkə bilmədiyimizə heyfsilənirəm. Amma bundan üzülmürəm, çünki bu film mənim üçün yeni bir addım və təcrübə idi. Əsas odur ki, “Soyuq günəş” daha çox insanın qəlbinə yol tapa bildi. Azərbaycan, ləzgi və rus dillərində təkcə YouTube platformasında filmə bu günə kimi 18 milyon tamaşaçı baxıb. Bu da məndən ötrü əsas məqsədə çatmaq deməkdir.
– Demək olar, bütün filmlərinizin rejissoru özünüzsünüz “Soyuq günəş”dən başqa. Onu niyə başqa rejissora etibar etdiniz? Ümumiyyətlə, hətta başqa rejissor çəkəndə də çəkiliş prosesinə nə qədər müdaxilə edirsiniz?
– “Soyuq günəş” filmini başqa rejissora etibar etməyimin əsas səbəbi, əsərin yeni bir baxış bucağı ilə təqdim olunmasını istəməyim idi. Hər bir rejissorun özünəməxsus yaradıcılıq üslubu var və mən bu əsərin fərqli şəkildə tamaşaçıya çatdırılmasını arzulayırdım. Bundan əlavə, bəzən müəllif öz əsərinə çox bağlı olduğu üçün bəzi səhnələrin ekranlaşdırılmasında obyektivlikdən uzaqlaşa bilər. Başqa bir rejissorun mənim görmədiyim və ya fərqli vurğuladığı məqamları üzə çıxara biləcəyini düşündüm. Amma bu o demək deyil ki, çəkiliş prosesində kənarda qaldım. Mən bu filmin təkcə ssenari müəllifi deyiləm, həm də prodüseri və bəstəkarıyam. Nəyi, harada və necə çəkəcəyimi mən iki il ərzində səylə planlaşdırmışdım, çəkiliş qrupu mənim tövsiyələrimlə çalışırdı. Çəkilişlərdən tutmuş montaja, dublyaja, səsləndirməyə, rəng işinə qədər bütün proseslər mənim iştirakımla olub. Ssenariyə uyğunluq, ideyanın qorunması və obrazların dərinliyinin saxlanılması mənim üçün vacib idi. Müdaxilələrim əsasən istiqamətverici xarakterdə idi və rejissorun yaradıcılıq azadlığına maneçilik törətməmək məqsədi daşıyırdı. Nəticədə, bu qarşılıqlı əməkdaşlıq həm mənim, həm də filmin quruluşçu rejissoru, həm də səmimi insan kimi dərin hörmət bəslədiyim Elşən Zeynallının yaradıcılığı üçün dəyərli bir təcrübə oldu.
– “Soyuq günəş” filmində qızını məcburi ərə vermək istəyən obrazın ana olması, iki qadın arasında gedən ciddi bir qarşıdurma yaradır, bu da maraqlı bir sual doğurur: niyə ilk növbədə ata deyil, məhz ana qızına qarşı belə bir mövqe sərgiləyir?
– Təkcə Azərbaycanda deyil, bütün Qafqazda əksər ailələrdə ailə-məişət problemlərinin həllində ana aparıcı rol oynayır. Bu mənada “Soyuq günəş” filmində qızını məcburi ərə vermək istəyən obrazın ana olması təsadüfi deyil. Bu, qadın təbiətinin mürəkkəbliyini və analıq hissinin bəzən paradoksal təzahürlərini vurğulamaq məqsədi daşıyırdı. Bu rola atanın deyil, məhz ananın seçilməsi psixoloji mübarizəni daha dərindən açmağa imkan verir. Ana-qız qarşıdurması, bir tərəfdən, iki fərqli nəsil arasındakı dəyərlərin bir-bir biri ilə ziddiyyət təşkil etməsini, digər tərəfdən isə qadınların öz hüquq və seçimləri uğrunda apardıqları daxili mübarizəni əks etdirir. Bu, sadəcə bir patriarxal ailə hekayəsi deyil, daha çox analıq instinktinin, cəmiyyətin stereotiplərinin və şəxsi azadlıq ehtirasının toqquşmasıdır.
– “Səssiz haray”ın mövzusunu seçərkən hansı şəxsi təcrübə və ya müşahidələrdən ilham aldınız? “Səssiz haray” filminin mövzusunu necə seçdiniz? Sizə ilham verən nə oldu?”
– Uzun illər boyu jurnalist kimi bir daimi mövzum olub: mənəviyyat. Bu mövzuya heç zaman xəyanət etməmişəm. Hələ Sovet dövründə uşaq evlərinin, qocalar evlərinin problemləri kimi qadağan olunmuş mövzularda silsilə yazılarım dərc edilib. Onların arasında elələri olub ki, dövlət səviyyəsində tədbirlər görülüb. Bir dəfə qocalar evinə getmişdim və orada gördüklərim mənə necə təsir etmişmişdisə, düz bir həftə müdiriyyətdən gizlincə gecələr orada qalmış, sakinləri ilə dostlaşmışdım. Onlar mənə burada baş verən haqsızlıqlar haqqında elə şeylər danışmışdılar ki, mən həmin mövzuda məqaləmi “Azərbaycan gəncləri” qəzetində dərc etdirmiş, həyəcan təbili çalmışdım. Məqalə böyük səs-küyə səbəb olmuş, məsələ Azərbaycan KP MK-nın bürosunda müzakirə olunmuş, müəssisənin direktoru vəzifəsindən azad edilmişdi. Gördüklərim mənə elə təsir etmişdi ki, sonradan onu povest şəklində qələmə aldım. Qeyd edim ki, mənim çap olunmuş ilk kitabım “Səssiz haray” adlanır. Həmin vaxtdan bəri bu mövzunun mənim içimdə bir haraya çevrildiyini hiss edirdim. Qocalar evində yaşayan insanların taleləri, tənhalığı, onların həyəcanları və ağrıları haqqında çox düşünmüşəm. Həmişə ürəyimdə arzu edirdim ki, bu məsələni geniş kütlələrə çatdıran bir film çəkim. Nəhayət, ürəyimin səsinə qulaq asaraq “Səssiz haray” filmini çəkmək qərarına gəldim. Bu film mənim üçün sadəcə bir yaradıcı iş deyil, həm də cəmiyyətə ismarış vermək, qocalar evlərindəki insanların həyatına, hisslərinə diqqət çəkmək cəhdidir, insanlığa bir çağırışdır. Arzu edirdim ki, bu film insanların yaşlı nəslin problemlərinə daha həssas yanaşmasına səbəb olsun. Nə qədər buna nail oldumsa, bunu tamaşaçılar deyər, mən isə həmin filmi çəkməklə öz mənəvi borcumu yerinə yetirdim.
– Ssenarist kimi ilk addımlarınızı atarkən hansı təəssüratlar qazandınız və bu sahədə təcrübələriniz necə formalaşdı?
– Sizə səmimi etiraf etmək istəyirəm. Mən hələ tələbəlik illərindən, televiziyada ilk verilişlərim getməyə başlayanda, nə vaxtsa ssenarist və rejissor kimi öz filmimi çəkəcəyimi arzulamışam. İllər boyu bu arzuma doğru addım-addım getmişəm. Ailə üzvlərim, dostlarım, yaxınlarım yaxşı bilirlər ki, kamera mənim ayrılmaz dostumdur. Sənədli filmlərimin əksəriyyətinin kadrlarını özüm çəkmişəm. Ssenarist kimi ilk addımlarımı atarkən, bu sahənin nə qədər çətin və mürəkkəb olduğunu anladım. Yaradıcılıq prosesi mənim üçün həm həyəcanlı, həm də ağır sınaq idi. İlk növbədə, öz fikirlərimi tam və aydın şəkildə ifadə etməyin, eyni zamanda obrazların və hadisələrin axıcılığını qorumağın nə qədər çətin olduğunu gördüm. Ancaq bu çətinliklər məni qorxutmadı, əksinə, daha çox öyrənməyə və təkmilləşməyə sövq etdi.
Təcrübələrim, əsasən, yazdıqlarımın dəfələrlə yenidən işlənməsi, yaradıcı heyətlə olan əməkdaşlıq nəticəsində formalaşdı. Eyni zamanda, tənqidlərdən də çox şey öyrəndim. Tamaşaçıların reaksiyaları, onların filmdə gördüklərini necə qəbul etdikləri də yaradıcılığımın inkişafında mühüm rol oynadı. Beləliklə, ssenaristlik mənim üçün sadəcə bir peşə deyil, həm də özümü ifadə etmək və dünyanı öz baxış bucağımdan təqdim etmək üçün bir platformaya çevrildi.
Müsahibəni hazırladı: Elza Axundova