Mərmər soyuğu
EXT. ŞƏHƏR/EV MÜZEYİ.QÜRUB
Klassik musiqi səslənir.
Açıq pəncərə. Nazik tül pərdələr içəri girən yumşaq mehin ritmi ilə rəqs edirlər.
İNT. EV MÜZEYİ. QÜRUB
Qədim parket döşəməli otağın divarları şəkillərlə doludur. Rəngli boya ilə çəkilmiş mənzərələr, ötən əsrlərin qəribə simalı fotoşəkilləri – bığıburma kişilər və iri şlyapalı kübar xanımların portretləri.
Həkim ləvazimatları ilə dolu şüşə şkaf – müxtəlif ölçülü qayçılar, maqqaşlar, skalpellər, metal ucluqlu şüşə iynələr və tənəkə qablar. Köhnə qrammofonun diski ağır, daş valı fırladır.
Açıq pəncərədən süzülən işıq XALİDİN (30 yaş) üzərinə düşür. Xalid taxta çarpayıda bardaş qurub bir siqaret yandırır. Uzun qara saqqalı, divardakı fotolardakı kimi nazik, burma bığları var. Soldan gözəl qadın ayağı uzanır. Ayaq barmaqlarıyla Xalidin üzünə sığal çəkib, siqareti onun dodaqlarından götürür və geri qayıdır. Siqaretin ardınca panorama edirik və ayaqların sahibini görürük. AYAN (35 yaş) siqareti ayaq barmaqlarının arasından götürüb damağına qoyur. Dərin bir qullab vurur. Çantadan smartfonun mesaj səsi gəlir. Ayan siqareti Xalidə ötürüb yataqdan qalxır. Xalid diqqətlə onu izləyir. Ayan gözlərini telefondan ayırmadan əynindəki köynəyin bir-iki düyməsini bağlayır. Stulu çəkib əyləşir və telefonda nəsə yazmağa başlayır.
AYAN (telefonda mətn yığır): Vaxtından tez qayıdır.
Xalid arxadan onun bədəninə baxır.
XALİD:
İndi haradadır?
AYAN (fikirli):
Moskva… Kazan… Nə fərqi var?
Xalid yataqdan qalxıb arxadan ona yaxınlaşır, bir əlini Ayanın çiyninə qoyub o biri əliylə siqareti Ayanın dodaqlarına tutur. Ayan dərindən bir qullab alıb tüstünü ciyərində saxlayır. Xalid siqareti külqabıda söndürüb, stolun üstündəki stetoskopu götürür və qulağına taxır. Ayan ciyərinə çəkdiyi tüstünü uzun-uzadı üfürür. Xalid stetoskopun membranını onun sinəsinə yapışdırır. Metalın soyuğu Ayanı azacıq diksindirir və öskürür.
XALİD:
Deməli tələsmirik.
Xalid membranı Ayanın sinəsində sürüşdürərək ehmalca döşlərinə tərəf aparır.
XALİD:
Çalışın, həyəcanlanmayın. Dərindən nəfəs alın.
Xalid dodaqlarını Ayanın dodaqlarına yaxınlaşdırır. Qısa fasilə yaranan kimi Ayan yumşaq səslə bildirir.
AYAN: Doktor, mən getməliyəm.
Xalid nəfəsini buraxır, stetoskopu qulağından çıxarıb stolun üstünə atır. Onlar tələsik yığışmağa başlayırlar. Hər ikisi səliqə ilə geyinir, üst-başını qayadaya salır, sonra çarpayını yığmağa başlayırlar. Otaqda səliqə-sahman yaradırlar. İstifadə etdikləri əşyaları yerinə qaytarırlar. Boş şərab şüşəsini və kağız salfetləri zibil torbasına yığırlar. Ən axırda stetoskopu stolun küncünə yerləşdirib düzgün fiqur verirlər və iynəni valın üstündən götürüb qrammofonu dayandırırlar. İşıqları söndürüb mənzildən çıxırlar.
EXT. EV MUZEYİ (qarşısı). AXŞAM
“AKADEMİK AĞA BAYRAMOVUN EV MUZEYİ” yazılmış lövhə. Açılan qapı səsi gəlir. Xalid qapıdan çıxıb yaxınlıqdakı zibil qutusuna tərəf gedir. Əlindəki torbanı qutuya atır və geri dönür. Ayan qapının yanındakı qutuda təhlükəsizlik kodunu yığır. Səs siqnalı, ardınca avtomatik qıfılın səsi eşidilir. Ayan bahalı avtomobilə əyləşib motoru işə salır. Xalid yaxınlaşıb pəncərəni döyür. Ayan şüşəni endirir.
XALİD:
Nə vaxt görüşürük?
AYAN:
Dörd-beş günə… Zəng eləyərəm.
Ayan maşını sürüb uzaqlaşır. Xalid onu gözləriylə ötürüb bir qədər aralıda saxladığı avtomobilinə tərəf gedib salona əyləşir. Qapının cırıltısı, amortizatorun zingiltisi, işə düşən motorun səsi – avtomobilin buraxdığı səslər onun nimdaş və təmirə ehtiyacı olduğunu aydın bildirir.
EXT/İNT. XALİDİN AVTOMOBİLİ/
BAKI KÜÇƏLƏRİ. AXŞAM
Xalid şəhərin küçələriylə, Ayanın maşınının arxasınca sürür. Maqnitofonda müasir klassik musiqi səslənir. Xalidin musiqidən həzz aldığı aydın hiss olunur. Ayanın avtomobili müasir və bahalı görünüşlü yaşayış binasının altındakı dayanacağa daxil olanda Xalid sürəti azaldır. Maşın dayanacaqda gözdən itənədək baxır və sürüb gedir.
İNT. XALİDİN EVİ. GECƏ
Xalid kiçik və dar mənzilinə daxil olur. Mənzil ağzına qədər əşyalarla doludu. Divarlarda müxtəlif fotolar, rəngli boya ilə işlənmiş şəkillər var. Xalid qonaq otağından mətbəxə bağlı qapının önündən keçir.
Xalid kadrdan çıxır və kamera qapıda sabit qalır. Alışqan səsi. Xalid qaz plitəsinin arxasında özünə qəhvə hazırlayır.
Xalid yenə də qapının önündən keçir. Xalid köhnə divanda uzanaraq siqaret çəkir, arada fincanı qaldırıb bir qurtum qəhvə içir. Siqaret bitəndə divana uzanır və üzünü çevirib yuxuya gedir.
İNT. MƏRMƏR SEXİ. GÜNDÜZ
Xalid qırmızı mərmər üzərində kobud oyma işi aparır. Əlindəki çəkiclə iskənəyə eyni ritmlə zərbələr endirir.
EXT. QƏBİRİSTANLIQ. GÜNDÜZ
Sinə daşının üzərində süni gül dəstəsi. Xalid ətrafa baxır. Sonra başdaşına yaxınlaşır, portretə baxır. Anasının portreti.
İNT. SƏRGİ SALONU. AXŞAM
Gözəl bir qadın-JALƏ (24 yaş) ingiliscə həzin mahnı oxuyur. İzdihamlı və müasir görünən rəsm qalereyası: sərginin açılışı. Gənc və orta yaşlı insanlar şəkillərə baxır, öz aralarında danışırlar. Xidmətçilər məzə və qədəhlərlə dolu tabaqları ora-bura aparırlar. İnsanların arasında Xalid də var. Xalid Jaləyə baxıb gülümsəyir. Jalə gülümsəyir. İnsanlar cüt-cüt və kiçik qruplarda söhbət edirlər. Xalid tək dayanan yeganə insandır. Jalə ifasını bitirir. Xalid nəyəsə tamaşa edir. Üz ifadəsi əsəri bəyənmədiyini göstərir. Xalid divardan asılan mücərrəd bir tablo qarşısında durub.
JALƏ (K.A.): Mənim şəklimi nə vaxt çəkirsən?
Xalid çevrilib Jaləyə baxır.
XALİD (zarafatla): Belə gözəlliyi..? Təkrar yaratmaq mümkün deyil.
Jalə gülümsəyir. Xalid yenidən rəsmə baxmağa davam edir.
JALƏ: Məncə, sən ondan istedadlısan.
Xalid Jalənin baxdığı istiqamətə çevrilir.
Eynilə Xalid kimi hipster görünüşlü RƏSSAM (30 yaş) divardakı rəsm əsərlərindən birinin qarşısında poz verərək hansısa telemüxbirə müsahibə verir. Xalid və Jalə səhnəni müşahidə edirlər.
XALİD:
Bəs niyə mən onun sərgisindəyəm, o mənim yox?
JALƏ:
Yaşamağı bacarır. Əlaqələri var… Hə, bir də ən vacibi: insanların nə istədiyini bilir. Özü olmağa çalışmır.
Xalid gülümsəyərək Jaləyə tərəf dönür.
XALİD:
Necə ola bilər, insan özü olmasın? Sən özün deyilsən?
Jalə əlindəki qədəhdən bir qurtum içir.
JALƏ:
Oyundu da. Bacarsan, həyatdan zövq alırsan.
Xalid şəhadət barmağının çox incə toxunuşu ilə Jalənin saçını düzəldir.
XALİD:
Bir də hamıya “dostum” deyə müraciət eləmək lazımdı, hə?
Jalə gülür.
JALƏ:
Hə, mütləq! Dostum, sən möhtəşəmsən!
RƏSSAM (K.A.):
Jalə! XALİD!
Rəssam onlara tərəf gəlir.
JALƏ (Xalidə):
Təbəssüm!
Rəssam qollarını geniş açaraq, hər ikisini qucaqlayır. Xalid və Jalə də süni sevinc nümayiş etdirirlər.
RƏSSAM (Jaləyə):
Mahnılara görə təşəkkürlər, canım. Möhtəşəm idi!
(Xalidə):
Sehirli ifa idi, hə, dostum?
Xalid gülümsəyir və başını yelləyir. Gözaltı Jaləylə baxışırlar. Jalə də gülməməyə çalışır. Rəssam nə baş verdiyini anlamağa çalışır. Xalid rəssama baxır. Rəssam əyilib Jalənin qulağına nəsə pıçıldayır. Xalid narahat olmağa başlayır.
XALİD (davam edir):
Yaxşı… Mən getməliyəm.
RƏSSAM:
Belə tez? Dostum, gərək səni galereyanın sahibiylə tanış eliyim. Möhtəşəm insandı.
XALİD:
Elə bil ki, sizi mən tanış eləmişəm, axı. Yadından çıxıb?
(Jaləyə baxıb davam edir)
Dostum.
RƏSSAM:
Ciddisən, canım? Tamam unutmuşam.
Rəssam Jaləyə tərəf dönür. Əyilib qulağına nəsə pıçıldayır. Jalə Xalidin gözlərinə baxmağa çalışır. Xalid əsəbidir.
İNT. XALİDİN EVİ. GECƏ
Xalid qəzəblə əlindəki kətan tablonu parçalayır. Divara söykədiyi şəkillərdən daha birini götürüb stolun küncünə çırpır. Deşilən kətanı əlləriylə cırmağa başlayır. Xalid divanda uzanıb siqaret çəkir. Telefonu götürüb yığmaq istəyir. Ekranda Ayanın nömrəsidir. Bir qədər düşündükdən sonra telefonu stolun üstünə atır.
̇İNT/EXT. MƏRMƏR SEXİ. GÜNDÜZ
Kameraya gülümsəyən yaşlı bir qadının fotoşəkili. Xalid şüşə eynək arxasından baxır. O, əlindəki iskənəyə çəkiclə incə zərbələr vuraraq mərmər başdaşı üzərində qadın portreti çızır. Hər dəfə iskənə daşı cızdıqca ətrafa xırda toz dənəcikləri səpələnir. Xalidin üzü və saçları da toz içindədir.
ƏLİ (K.A.):
Ala, Xəlid… Xəəliid…
Xalid başını qaldırır.
ƏLİ: (K.A):
Səənistillər.
Xalid işini dayandırır.
Xalid eynəyini çıxarır. Gözlərini zilləyərək çaşqın halda qarşısında dayananlara baxır. QARDAŞLAR (50-55) şübhə ilə Xalidə baxırlar. Əli əl-qolunu yelləyə-yelləyə danışmağa başlayır.
ƏLİ:
Xəlid bizim ən yaxçı ustamızdu. Göziynən gördüyü kimi həkk eligir. Belənçiynə urəgdən işdiyüree. Başaşşdün dəə…?
Xalid hər iki qardaşla görüşür. Onlar dərhal əllərinin tozunu silirlər.
ƏLİ:
Diyaxçu. Daanışun, halallaşun.
Əli gedir. Qardaşlardan biri Xalidə fotoşəkil verir.
EXT. QƏBRİSTANLIQ. GÜNDÜZ
Ətrafdakı qəbir dolu təpələr nəhəng kirpiləri xatırladır. Önlərindən keçdikləri başdaşlarından yüzlərlə portret bizə baxır. Xalid qardaşlarla qəbiristanlığı dolaşır. Xalid yol boyu işlədiyi müxtəlif variantları qardaşlara göstərir. Göstərdiyi işlərin arasında çox mürəkkəbləri və çox sadələri də var. Nəhayət, çox da hündür olmayan bir məzarın önündə dayanırlar. Ağ aqlay məzar daşının üzərinə bərkidilmiş, kiçik, qara mərmər lövhədən gözəl bir qadın kədərlə onlara gülümsəyir. İşin çox naşı usta tərəfindən hazırlandığı görünür.
XALİD:
Anamdı. İlk işimdi. Hələ 1-ci kursda oxuyurdum.
Qardaşlar portretə baxırlar.
2QARDAŞ:
Elə görünür.
Xalid bir az pərt olur, amma özünü sındırmır.
1QARDAŞ (qardaşına):
Bayax o girəjəhdəki maraxlı idi.
2QARDAŞ:
Hə, bax o qırmızı mərmərdən. Mən də onu tutdum, göörən kimi.
1QARDAŞ:
Qəşşəyidi, canımçün.
Qardaşlar bayaqdan məyusluqla onları izləyən Xalidə tərəf dönürlər.
2QARDAŞ:
İkitərəfli başdaşı istiyirih! Qırmızı olsun!
1QARDAŞ:
Şəkli adam boyu olsun. Yanında da “Mersedes S klass”. O şikildəki kimi. Üz tərəfdə də sinədən yuxarı, amma “svetnoy”. Eliyirsən də svetnoy?
1QARDAŞ:
Ay saol!
Xalid tam həvəssiz cavab verir.
XALİD:
Çox bayağı alınmaz? Mersedes zad…
1QARDAŞ:
Əə, pulumuz vare, qorxma. Xərci nədi onu verəjih.
XALİD:
Yo, onu demək istəmədim. Deyirəm, yəni, artıq şey nəyə lazımdı… Bəlkə qəşəng qara mərmərdən, sadə düzəldək getsin, israfçılıq olmasın…? Lap elə qırmızıdan, amma sadə, “mersedessiz”. Hə?
Qardaşlar cavab vermirlər. Sadəcə Xalidə baxırlar. Xalid qardaşların üzündən başa düşür ki, onu ciddi qəbul etmirlər.
1QARDAŞ:
Qardaş, bizi niyə incidirsən? Saa nətər deyillər, onu elə daa. Başarassan? Hə, yox!
XALİD:
Problem deyil. Necə lazımdı, eləyərəm. Amma siz bir dənə də başqa şəkil gətirin, üzlük üçün. Fərq olsun.
2QARDAŞ:
Bu, başqa söhbət. Onu düz dedin. Bilirsən, kişi elə-belə adam olmuyuvee. Addı-sannı, yeyif-içən, hörmətdi kişilərdən oluf. Dost-düşmən gələjəh baxmağa. Qoy o dünyada başıaşağı olmasın.
EXT. MƏRMƏR SEXİNİN ÖNÜ. SONRA
Qardaşların avtomobili uzaqlaşır. Xalid azacıq onların ardınca baxıb, əlindəki pulları sayıb cibinə qoyur və işinə qayıdır.
İNT. XALİDİN EVİ. AXŞAM
Kadrda 180 dərəcə tərsinə çevrilmiş molbertdir. Lövhəyə dümağ kağız sancılıb. Xalid ayaqlarını divara söykəyərək, başı üstə dayanıb önündəki molbertə baxır. Bu vaxt qapı döyülür. Xalid dodaqaltı deyinməyə başlayır. Qapını döyən adamın gedəcəyinə ümid edib yerindən tərpənmir. Qapı təkrar döyülür. Xalid gözləyir. Bu dəfə Xalidin telefonuna zəng gəlir. Xalid tələsik ayağa qalxmağa çalışır, amma yanıüstə yıxılıb əşyaları aşırdır və ayağını əzir. Hirs içində deyinə-deyinə telefona tərəf gedir. Telefonu götürür. Ekranda “AYAN” yazılıb. Xalid özünü yığışdırıb cavab verir.
XALİD:
Bəli.
AYAN:
Qapını aç, mənəm.
Xalid arabir dayanıb əzilən ayağını ovuşduraraq qapıya tərəf gedir.
İNT. XALİDİN EVİNİN KANDARI. AXŞAM
Ayan açılan qapının önündə durub. Gözləri qırmızıdır; ağlayıb.
İNT. XALİDİN EVİ. AXŞAM
Ayan otağa girir. Hərəkətlərindən bilinir ki, artıq burda olub. Yorğun halda divana “aşıb” ayaqlarını uzadır. Xalid Ayanın ayaqlarını qaldırıb öz dizlərinin üstünə qoyur və yüngülcə ovxalamağa başlayır. Nəsə soruşmaq istəyir, lakin Ayan onu qabaqlayır.
AYAN:
Heç nə danışmaq istəmirəm.
Ayan cəld hərəkətlə əynindəki ətəyi çıxarıb divanın küncünə atır. Xalid ehmalca onun ayaq barmaqlarını öpməyə başlayır. Get-gedə yuxarı qalxmağa başlayır.
AYAN:
Gedək yataq otağına.
Xalid dərhal həvəsdən düşür. Yerində dikəlir. Üzünü kənara çevirir. Ayan ayağıyla onu itələyir.
AYAN:
Di yaxşı da. Nə kompleksdi e belə?
XALİD:
Səninçün nə fərqi var e, harda oluruq?
AYAN:
Mən sənə görə deyirəm e, ay gic.
Xalid əllərini boynuna dirəyib divana söykənir. Ayan qəfil qətiyyətlə ayağa qalxır. Soyunduğu kimi də sürətlə geyinir.
AYAN:
Di dur gedək.
XALİD:
Hara?
AYAN:
Muzeyə! Mən sənin bu cındır divanında yatmaq istəmirəm.
Xalid Ayanın ardınca baxır.
İNT.EV MÜZEYİ. SƏHƏR
Xalid çarpayıda oyanır. Yataqda tək olduğunu görür. Otağı gözdən keçirir. Koridordan uşaq və qadın səsləri gəlir. Səslər get-gedə yaxınlaşır. Xalid tələsik geyinməyə başlayır. Köynəyini geyinməyə macal tapmamış 10-12 yaşlı məktəblilərdən ibarət dəstə otağa girir. Uşaqlar çarpayıdan qalxan çılpaq kişini görəndə təəccübdən yerlərində donurlar. Səs-küy kəsilir. Hamı gözlərini bərəldib Xalidə baxır. Xalid özünü itirmir. Tələsik köynəyi başına keçirib ayaqqabıları ayağına “ilişdirir”. Gur, şən səslə məktəbliləri salamlayır.
XALİD:
Həə, mənim balalarım! Xoş gəlmisiniz! Həmişə siz gələsiniz!
Xalidin səsinə sinif rəhbəri tələsik gəlir. Xalid ortayaşlı qadını görüb özünü itirir.
XALİD:
Uca dağlar aşmışam, çox ellər dolaşmışam…
Qadın həyəcandan geri çəkilib divara sıxılır. Qolu şkafın üstündəki şərab şüşəsinə dəyir. Şüşə yerə düşüb parçalanır. Xalid məqamdan istifadə edib, tələsik qadının yanından “sürüşüb” koridora qaçır. Səsə gələn muzey əməkdaşı ilə toqquşub qapıdan bayıra “uçur”.
İNT. EV MUZEYİ. PİLLƏKƏNLƏR. SƏHƏR
Bayıra çıxıb, pilləkənlərlə aşağı qaçır. Arada dayanıb ayağında ayaqqabısını düzəldir və tələsik düşərək qapıdan çıxır.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ.
SƏHƏR
Xalidin avtomobili işıqforda dayanıb. Xalidin telefonuna zəng gəlir. (Xalid telefonla danışdığı vaxt ətrafdakı sürücüləri seyr edir): Gənc cütlük uşaq arabası ilə yerüstü piyada keçidindən keçir. Təlim maşınındakı xanım panikadadır. Ortayaşlı kişi burnunu qurdalayır.
XALİD:
Əlimə düşmə!
AYAN:
Nolub ki, canım? Heç axşam belə demirdin…
XALİD:
İşə gedəndə bilərsən, nolub.
Qısa sükutdan sonra Ayan yüksək səslə qışqırır.
AYAN:
Aaay! Demə ki, iş günüydü.
XALİD (gur səslə):
MƏKTƏBLİLƏRİN EKSKURSİYASI!
AYAN:
Ay Allah! Lap yadımdan çıxıb. Elə bilirəm, sabahdı. Görən olmadı?
XALİD:
Yox, onu əlimlə tutmuşdum. Amma yerdə qalan nəyim varsa, muzey eksponatı kimi göz qabağındaydı.
Ayan telefonda şaqqanaq çəkir.
AYAN:
Vayyy! Biabır oldum! Bəs soruşmadılar kimsən?
XALİD:
Yox, vaxtında aradan çıxdım. Özüvə görə narahatsansa, qorxma. İşçilərdən heç kim görmədi. Soruşsalar, xəbərin yoxdu. Elə biləcəklər, pəncərədən girmişəm, oğruyam-filan.
Ayan hələ də gülməyə davam edir.
XALİD:
Gül, gül. Heyfin çıxaram hələ.
AYAN:
Di yaxşı, gedim işə dəyim. Ya da yox. Gözləyim, özləri mütləq zəng eləyəcək. Öpdüm. Eksponatlarından muğayat ol.
Xalid gülümsəyir.
XALİD:
Öpdüm.
İşıqforun rəngi dəyişir. Avtomobil uzaqlaşaraq əsas yoldan dönür və gözdən itir.
EXT. XALİDİN EVİ (qarşısı). GÜNDÜZ
Yarıaçıq qapıdan sınmış qıfıl sallanır. Xalid kənardan taxta parçasını götürüb ehtiyatla mənzilə daxil olur.
İNT. XALİDİN EVİ. GÜNDÜZ
Havanın qoxusunu alıb çaşqın vəziyyətdə irəli boylanır. Mətbəxdən səs gəlir. Mətbəxin qapısını açır. Kiçik mətbəx masasının arxasında ƏKBƏR (55 yaş) oturub iştahla tavada bişirdiyi qayğanağı yeyir.
ƏKBƏR (kinayəli):
Bu nə saşdı, ə? Petuğa oxşuyursan! Sabah get, qırxdır.
XALİD:
Ata…?!
Əkbərlə Xalid stolun arxasında oturublar. Əkbər heç nə olmamış kimi yeməyinə davam edir. Ağarmış saçlarını dibdən qırxdırsa da, keçəlləşdiyi bilinir. Döymələrlə dolu çiyinləri geniş, yaşına görə çox sağlam və əzələlidir. Xalid çaşqın və bir az qorxmuş halda Əkbərə baxır.
ƏKBƏR:
Qorxma. Qaçmamışam. Amnistiyaya düşmüşəm. Yaxşı davranışıma görə.
Xalid cavab vermir.
ƏKBƏR:
Yanıma niyə gəlmirdin? Adam da dədəsini türmədə tək qoyar? Hə? Qurumsax!
Xalid dikəlir, dərindən nəfəs alır.
XALİD:
Harda qalacaqsan?
Əkbər gülür. Gülüşü ağır öskürəyə keçir. Bitən kimi, yaşarmış gözlərini silir.
ƏKBƏR (hələ də gülərək):
Öz evimdə. Bura mənim evimdi.
Xalid hirsindən partlayır və Əkbərə hücum çəkir. Boğazından tutmaq üçün əllərini uzadır. Əkbər stuldan qalxaraq çevik hərəkətlə Xalidin yaxasından yapışıb əlindəki mətbəx bıçağını onun boğazına sıxır.
ƏKBƏR:
Deyəsən, atanı yaxşı tanımırsan, küçük!
Bıçaq Xalidin boğazına çox sıxılıb. Xalid qorxusundan arxaya doğru səngiyir. Əkbər qəfil Xalidi buraxır və Xalid, az qala, yıxılır. Xalid boynunu ovuşdurur. O, nifrət dolu baxışlara Əkbərə baxır. Əkbər heç nə olmamış kimi oturub sakitcə yeməyini bitirir.
İNT. MƏRMƏR SEXİ. GÜNDÜZ
Xalid qırmızı mərmər üzərində kobud oyma işi aparır. Əlindəki çəkiclə iskənəyə eyni ritmlə zərbələr endirir.
İNT. EV MÜZEYİ. GÜNDÜZ
Divardan asılmış gözəl və kübar bir xanımın portreti. Başındə tül şlyapa var.
AYAN (K.A):
Ağa Bayramov siyasi xadim olmaqla yanaşı, həm də dövrünün məşhur mesenatı idi.
Ayan yaşlı bir cütlüyü eksponatlarla tanış edir. Xalid məsafəni qoruyaraq onların ardınca gedir.
AYAN: (Ardı):
O, neft gəlirlərindən əldə etdiyi vəsaiti yoxsullarla paylaşır, bir çox insanlara yardım edir, xəstələri təmənnasız müalicə etdirirdi. Dövrünün böyük mizantropu olaraq…
Yaşlı kişi Ayanın səhvini düzəldir.
YAŞLI KİŞİ:
Filantropu.. olaraq…
AYAN:
Hə, hə. Həmişə bu yerdə çaşıram. Filantopu… Filantropu olaraq, o öz xalqını dərin məhəbbətlə sevirdi.
Ayan hər iki əliylə yanlarına sığal çəkir. Çevrilərək Xalidə baxır. Xalid qapı kandarında siluet olaraq görünür.
(ARDI)
Stolun üstündə bir fincan çay var.
XALİD (K.A):
Nöyüt iyi gəlir.
Ayan əllərini boynuna dirəyib ona tamaşa edir.
AYAN:
Hə, qarışqa daraşıb mətbəxə. Polu nöyütlə silmişik, qırılsın.
Xalid bir qurtum çay içir.
Ayan nəsə fikirləşir.
AYAN:
Yəqin, qısqanclıq üstündə olub.
Xalid başını qaldırıb Ayana baxır.
AYAN (davam edir):
Başqa şey olsa, sənə deyərdi.
Hiss olunur ki, Ayan maraqdan həyəcanlanıb.
AYAN: Özümə də maraqlı gəldi. Mütləq öyrənmək lazımdı.
Xalid başını sallayır.
AYAN (davam edir):
Yoxsa özün də ilişib qalmısan.
Xalid ayağa qalxıb otağa keçir. Ayan onu baxışlarıyla ötürür. Xalid divara söykənib.
XALİD:
Nə mənada ilişib qalmışam?
Ayan ona yaxınlaşır.
AYAN:
Nə bilim… Guya özün bilmirsən?
Xalid Ayanın nə demək istədiyini başa düşmür. Başını yelləyir.
AYAN:
Heç fikirləşməmisən ki, niyə evli qadınla görüşürsən?
Xalid bu sözlərdən əsəbiləşir. Koridorla irəli gedir. Ayan tək qalır.
XALİD:
Belə görürəm ki, sən bilirsən. Mənə də de.
Ayan Xalidi diqqətlə izləyir. Deyib-deməməyi düşünür.
AYAN:
Sən istəmirsən ailən, uşağın olsun.
Xalid başını qaldırmadan onu dinləyir.
AYAN (davam edir):
Atavın səhvlərini təkrar eləmək istəmirsən.
Xalid duruxur. Eşitdikləri onda qəribə təsir yaradır.
AYAN (davam edir):
Özün kimi oğul böyütmək istəmirsən. Başa düşürsən?
Xalid yerində bükülür. Ayan dəqiq “diaqnoz” verdiyinə əmin olub daha da ürəklənir.
AYAN:
Məncə, sən onun etibarını qazan. Yaxın ol.
XALİD:
Sonra?
AYAN:
Özünü ata hiss eləsin. Sənə güvənsin.
XALİD:
Elə mən də ondan qorxuram.
AYAN:
Riskə dəyər.
Ayan onun başını sığallamaq istəyir. Əlini uzadır, lakin bu vaxt açılan qapının səsi eşidilir. Qonaqlar (qız-oğlan, tələbə cütlük) Xalidin yanından keçib gedirlər.
XALİD (K.A):
Nə çox qonağın var?
AYAN:
Bu gün açıq qapı günüdü – pulsuz.
(pıçıldayaraq) Sülənməyə yer axtarırlar.
Xalidə baxır. Gülümsəyir.
AYAN:
Axşam gəl!
EXT. XALİDİN EVİ. QÜRUB
Qapıdan yeni qıfıl asılıb. Xalid qapının yanındakı skamyada əyləşib. Əsəbidir. Əkbər həyətdə peyda olanda Xalid başını qaldırır.
ƏKBƏR(K.A):
Ə, sənə demədim, o saçını düzəlt? Bax düzəltməsən, özüm tutub qırxacam! Deyirəm, biləsən.
Əkbər keçib qıfılı açır. Xalidə səslənir.
ƏKBƏR :
Di gəl keç.
Xalid reaksiya vermir. Əkbər əlindəki açar topasından birini çıxarıb Xalidə uzadır.
ƏKBƏR:
Qorxma. Papaşa səni çöldə qoymaz.
Xalid yerindən qalxır. Açarı almadan içəri girir. Əkbər tək qalır. Onun üzü təmiz qırxılıb. Geyimi bir qədər köhnə olsa da, təmiz və səliqəlidir.
ƏKBƏR:
Özün bil. (Dodaqaltı) Tula kimi qapıda gözdüyərsən.
Əkbər içəri keçib qapını bağlayır.
İNT. EV MÜZEYİ. GECƏ
Xalid və Ayan qonaq otağında, süfrə arxasında nahar edirlər. Stolun üstündə plastik qabda toyuq qrili, muzeydən götürülmüş qab qacaq, iki büllur qədəh və şərab şüşəsi var. Onlar susurlar və bunun Ayanın ürəyincə olmadığı çox aydındır. Xalidin fikri uzaqlardadır. Ayan stolun altından ayaqlarını uzadıb onu qıcıqlandırmağa başlayır. Bu, Xalidin xoşuna gəlmir. Əsəbi halda dikəlir.
XALİD:
Bəsdi.
AYAN(K.A):
Bilirsən, get-gedə atana daha çox heyran oluram.
Xalid Ayanın onu qəsdən qıcıqlandırdığını başa düşüb kinayə ilə gülümsəyir.
AYAN:
Nə?
XALİD:
Dedim bəsdi.
AYAN:
Heç mən sənə deyəndə dayanmırsan.
XALİD:
Nə deyəndə?
AYAN (işvə ilə):
BƏSDİ deyəndə.
Ayan cazibədar bir şəkildə gülümsəyir, qədəhi başına çəkib, yerində sürüşərək stolun altına girir. Stolun altından əlini çıxarıb boş qədəhi stola qoyur və yenidən itir. Xalid stola yayxanıb əliylə üzünü tutur.
İNT.XALİDİN EVİ.SƏHƏR
Əkbər mətbəxdə səhər yeməyi və çay hazırlayır. Xalid mətbəxə girib stolun arxasında əyləşir. Əkbər onun qarşısına qayğanaq tavasını qoyur və özü də qarşı tərəfdə oturub çay stəkanını önünə çəkir.
ƏKBƏR:
Bazdıxdaydın?
Xalid belə açıq söhbəti gözləmədiyindən çaşıb qalır.
XALİD:
Tanış qızın yanındaydım.
Əkbər qəhqəhəylə gülür.
ƏKBƏR:
Ə bəs de də! Mən də neçə gündü ürək-göbəyimi yeyirəm ki, oğlum petuxdu.
Xalid hirslə Əkbərin gözlərinə baxır. Əkbər bir az sakitləşir. Danışa-danışa özünü yığışdırır.
ƏKBƏR (davam edir):
Maşallah! Bax indi xoşuma gəldin. Bircə o saşdarıvı da qırxsan, əsl kişi olarsan.
Xalid qeyri-ixtiyari saçlarını əli ilə düzəldir. Başını aşağı salır. Nəsə fikirləşib başını qaldırır.
XALİD:
Sən canı, nə istiyirsən e məndən?
Xalid gözlərini Əkbərdən çəkmir. Əkbər də yeməyinə fasilə verib ona baxır. Gtedikcə baxışları daha da sərtləşir. Bayaqkı təbəssümdən iz qalmır. Nəhayət, dişin azacıq qıcıyıb soyuq səslə deyir.
ƏKBƏR:
Səni adam eləməy istiyirəm.
Xalid ürpənir. Əkbər yeməyə davam edir.
INT/EXT. XALİDİN AVTOMİBİLİ. ŞƏHƏR KƏNARI. GÜNDÜZ
Avtomobilin təkəri asfaltdan torpaq yola düşür.
ƏKBƏR:
Gəlinimin adı nədir?
Xalid bir qədər tərəddüd etdikdən sonra, nəhayət, cavab verir.
XALİD:
Ayan.
ƏKBƏR:
Nə işnən məşğul olur?
XALİD:
Muzeydə işləyir.
ƏKBƏR:
Həə. Nə gözəl… Yaxşı işdi.
Xalid maqnitofonu yandırır və klassik klavesin musiqisi ətrafı bürüyür. Əkbəri öskürək tutur. Bir neçə dəfə öskürüb dayanır. Oğluna diqqətlə baxır.
ƏKBƏR:
Ə, biz hara gediriy? Ə, sən nə oyun çıxardırsan? De dəə!
XALİD:
Az qalıb. Bir azdan görərsən.
Öskürək Əkbəri hövsələdən çıxarır. Musiqi də onu lap qıcıqlandırır. Nəhayət, özündən çıxıb Xalidin üstünə qışqırır.
ƏKBƏR:
Söndür də o poxu! (Özünü ələ alır) Düz-əməlli bir şey qoy! … özümüzkülərdən.
Xalid pərt halda maqnitofonu söndürüb radionu açır. Kanalları dəyişib, nəhayət, muğam səslənən dalğa tapır. Klassik musiqidən fərqli olaraq, muğam ətrafdakı mənzərəylə uyuşaraq harmoniya yaradır. Əkbərin üzü gülümsəyir. Dodaqaltı mızıldayaraq çiynini musiqiyə uyğun endirib-qaldırmağa başlayır. Hiss olunur ki, o, indi xoşbəxtdir.
EXT. QƏBİRİSTANLIQ. GÜNDÜZ
Onlar Xalidin anasının qəbri önündədilər. İkisi də səssizcə məzar daşına baxırlar. Əkbərin üzündə heç bir ifadə yoxdur. O, tamamilə laqeyid görünür. Xalid onun reaksiyasını müəyyənləşdirməyə çalışırmış kimi tez-tez atasına tərəf dönür. Əkbər portretə yaxınlaşır.
ƏKBƏR:
Belə şəkli yadıma gəlmir.
XALİD:
Yadımda qaldığı kimi çəkmişəm.
ƏKBƏR:
Sən?
XALİD:
Hə. İşim budu.
Əkbər ətrafdakı qəbir daşlarına işarə eləyir.
XALİD:
Hamısını mən çəkmişəm. Burda işləyirəm.
Əkbər təsirlənərək başını sallayır.
ƏKBƏR:
Deməh, rəssam da çıxmıyıf sənnən.
Əkbər açıq-aydın məyusdur. Qəfil başını qaldırıb şəkilə tüpürür. Dəhşətə gələn Xalid bir anlıq yerində donur. Bütün qəzəbini yığıb, ona hücum çəkmək istədiyi an arxadan kişi səsi gəlir.
MOLLA (K.A.):
Əs-sələmu aleykum.
MOLLA:
Əhləd-diyəri minəl-mu’miniynə vəl-muslimiyn və innə inşə Allahu bikum ləhiqunə (ciddi səhvlərlə)
Hər ikisi dönüb köhnəlmiş tünd göy pencəkli, qısa ağ saqqallı və başında nimdaş buxara papaq olan MOLLANI (60 yaş) görürlər.
Molla gözlərini yumub, ovuclarını yuxarıya açıb, dodaqaltı dua edir. Nəhayət, gözlərini açıb onlara baxır və saxta təbəssümlə gülümsəyir.
MOLLA:
Allah rəhmət eyləsin. Qəbri nurla dolsun. Allah günahlarınnan keçsin. Yeri behişt olsun İnşəAllah.
Molla, Əkbərə baxır.
MOLLA:
İcazə verseydiniz, mərhumənin ruhuna bir yasin oxuyardım.
Əkbər mollaya diqqətlə baxır və ona doğru bir addım atır. Əkbərin hərəkətindən bir qədər təəccüblənən molla bir addım geri çəkilir və üzünü Xalidə çevirir. Xalid başıyla razılıq işarəsi verir. Cibindən əzilmiş 5 manat çıxarıb yaxınlaşır və mollaya uzadır. Molla pulu pencəyinin döş cibinə qoyur. Sonra pencəyinin yan cibindən kiçik dua kitabını çıxarıb vərəqləməyə başlayır.
Əkbər mollanı müşahidə edir. Molla kitabdan oxuyaraq dodaqaltı mızıldamağa başlayır.
MOLLA (K.A):
Ya sin. Vəl-Qur`anil-həkim. İnnəkə ləminəl-mursəlin. Əla siratin mustəqim. Tənziləl-əzizir-rəhim. Litunzirə qəvmən ma unzirə abauhum fəhum ğafilun (şox ciddi səhvlərlə, demək olar ki, sadəcə mızıldanır).
Əkbər onun ətrafında fırlanır, dua kitabını tutan döyməli əllərinə baxır və gözlənilmədən pencəyinin boynundan yapışıb yuxarı dartır. Molla diksinərək qeyri-ixtiyari oxumağı dayandırır və qorxu dolu gözlərini Əkbərə zilləyir.
ƏKBƏR:
Ə, sən nə mızıldanırsan?!
Molla çaşqın halda nəsə demək istəyir.
MOLLA:
Əstağfurullah. Yaxamı burax, adə!
ƏKBƏR:
Sən canın, özün bilirsən, nə oxuyursan?
Molla qorxu içində əvvəl Əkbərə, sonra isə əlindəki kitaba baxır və hecalayır.
MOLLA:
Ya…sin, 36…cı ayə.., mmm… 83 surədi.
ƏKBƏR (davam edir):
Statyan neçəydi?
MOLLA:
244-cü maddə, 1-ci bənd.
Çaşaraq kəkələyir.
MOLLA:
Mən…
ƏKBƏR:
Ə, itil, ə, burdan. Tula!
Əkbər mollanı itələyir. Molla yıxılmaqdan özünü birtəhər saxlayıb dikəlir.
ƏKBƏR:
Sənin yerin paraşadı.
Molla incik halda ona baxır.
MOLLA:
Səni Allaha tapşırıram!
Molla nümayişkaranə çevrilir və hərdən arxasına baxa-baxa, tələsik uzaqlaşar. Əkbər və Xalid onun arxasınca baxırlar. Sonra Əkbər dönüb Xalidə baxır və gülümsəyir.
ƏKBƏR:
Ara yerdə beşdiyin getdi. Dəlləyin puluydu. İndi gərəy özüm qırxım başıvı.
Xalid də gülümsəyir. Əkbərin təbəssümündə cazibədar və eyni zamanda kinayəli bir ifadə var. Xalidin bayaqkı qəzəbindən əsər-əlamət yoxdur. Əlini saçına çəkir.
EXT. MƏRMƏR SEXİ. GÜNDÜZ
Hər yerdə daş, mərmər plitələr var. Daş kəsən mişarın səsi aləmi bürüyüb. Əli daşların arasıyla hərəkət edir. Əli onlara yaxınlaşıb Əkbərə əl uzadır.
ƏLİ (Xalidi göstərir):
Xəlid bizim ən yaxçı ustamızdu. Göziynən gördüyü kimi həkk eligir. Belənçiynə urəgdən işdiyüree.
Xalid əliylə onun sözün kəsir.
XALİD:
Əli dayı, müştəri deyil, atamdı. Tanış ol.
Əkbər gülümsəyərək Əlinin əlini sıxır. Əli təəccüblə Xalidə baxır. Hələ də əl tutublar.
ƏKBƏR:
Əkbər. Xalidin atası.
Əli özünə gəlir və Əkbərin əlini buraxır.
Əkbər (davam edir):
Buralarda deyildim. Rusiyetdə yaşıyırdım. Yəqin Xalid mənim haqqımda danışıb?
Xalid bir qədər narahat görünür. Əli də çaşqındır, amma biruzə vermək istəmir.
ƏLİ:
Həə, degib. İndi yaama düşşdü.
Əkbər hiss edir ki, Əli onun həbsxanadan çıxdığını bilir. Əli, Əkbərin baxışlarına tab gətirmir. Bir anlıq narahat sükut çökür.
ƏKBƏR (Xalidi göstərir)̵:
Atası kimi qoçaxdı, yoxsa…?
Əli sükutun pozulduğuna sevinir.
ƏLİ:
Elbətdə, elbətdə. Çoox çalışqandu. Egər icazə versöz, biraz işim var. Gedim.
(ARDI)
Əli, Xalid və Əkbəri tək qoyub uzaqlaşır (kameraya doğru).
ƏKBƏR (istehza ilə):
Nə demisən ona mənnən?
Xalid özünü eşitməməzliyə vurur. Əkbər Əlinin arxasınca baxır. Gözləri yol çəkir.
ƏKBƏR:
İnsan adama oxşuyur. Dil tapmağ olar.
İNT. YEMƏKXANA. AXŞAM
Əkbər dörd stəkana araq süzür. Köhnə dostları ELTON (55 yaş) və KAMİL (60 yaş) stəkanları qaldırırlar.
KAMİL:
Allah içəridəki bütün qardaşdarımızın qapısın açığ eləsin.
ƏKBƏR:
Allah qapıların açsın.
ELTON:
İnşaAllah.
Araqları birdəfəyə içirlər. Əkbər yenidən süzür. Bu dəfə Elton stəkanını yuxarı qaldırır.
ELTON:
Allah heç bir balanı ataya həsrət qoymasın! Şükür bu günə!
Elton küncdə oturan Xalidə baxır. Xalidin başı və üzü tərtəmiz qırxılıb. Uzun saçlarından və burma bığlarından əlamət də yoxdu. Tanınmaz halda dəyişən Xalid indi Əkbərə daha çox oxşayır. Xalid stəkanını qaldırıb başa düşür ki, nəsə deməlidir.
XALİD (Əkbərə baxaraq):
Valideynlərin sağlığına!
ELTON:
Pəh!
Hamı stəkanlarını toqquşdurur və birdəfəyə içirlər. Əkbər Xalidi diqqətlə izləyir, sonra stəkanı başına çəkir. Ofisiant stoldakı külqabını dəyişib gedir. Masa ətrafında hamı meyxoşdur.
(ARDI)
ƏKBƏR:
Uşağ vaxtınnan elə deyirdi, rəssam olacam. Mənim də xoşum gəlmirdi. Deyirdim, ağıllı-başlı sənət seç özüvə. Amma adamın Allahı var, pullu işdi. Hörməti də yerində. Sərgi zad.
Xalid kreslosunda büzüşüb Əkbərin danışığını dinləyir. Xalid diqqət mərkəzində olmaqdan narahatdır. Kamil və Elton ona baxır. Kamil Xalidə gülümsəyir.
KAMIL:
İş çox olur?
Xalid nə cavab verəcəyini düşünür, amma Əkbər onu qabaqlayır.
ƏKBƏR: Müştəriləri nöbəyə durub. Partretin birin iki minə çəkir.
Xalid Əkbərin yalan danışmasından sıxılır, amma ironiyanı da başa düşür və gülümsəyir.
ƏKBƏR:
Amma qardaşdara min manata da çəkər.
Əkbər hamının görə biləcəyi tərzdə Xalidə göz vurur.
ƏKBƏR:
Çəkərsən minə? Qismət olsa?
Xalidi gülmək tutur, amma özünü yığışdırıb tələsik cavab verir.
XALİD(sərxoş):
Hə. Hə, çəkərəm. Qardaşdara pulsuz da çəkərəm. Savabdı.
Hər üçü Xalidin sözünə gülüşürlər. Xalid də hırıldayır.
KAMİL:
Ala, savab nədi, ala? Pulumuza nə gəlib? Biz pul xəşdəməyə yaxşı oğlan axtarırıq.
ELTON:
Savab e.
Əkbər Xalidi qucaqlayır. Qürurla dostlarına baxır.
ƏKBƏR:
Görürsüz də, necə oğlandı?
KAMİL:
Əla oğlandı.
ELTON:
Əntiqə.
Əkbər xöşbəxt görünür. Xalid sərxoş və xöşbəxt görünür.
EXT. BAKI KÜÇƏLƏRİ. AXŞAM
Xalid Əkbərin arxasınca yellənə-yellənə gedir. Əkbər Xaliddən daha az sərxoşdur. Əkbər mənzilin qapısına çatanda Xalid onu səsləyir. Əkbər dönür və maraqla Xalidə baxır.
XALİD:
Niyə onu öldürdün?
Əkbər gülümsəyir.
ƏKBƏR:
Hər anın öz hökmü var. İşiydi. Oldu… bitdi.
Onlar bir-birinin üzünə xeyli baxırlar. Əkbər gülümsəməyə davam edir. Nəhayət, əlini qaldırıb Xalidin saçına sığal çəkir.
ƏKBƏR:
Gərəh sənə həyatı başa salım.
Nə fikirləşirsə, üzünün ifadəsi dəyişir.
ƏKBƏR:
Hələ ki, vaxt var.
Əkbər əlini çəkir. Xalid cibindən telefonunu çıxarır. Rəqəmləri çətinliklə yığmağa başlayır. Əkbər ona baxıb gülməyə başlayır. Xalid ona fikir vermir. Nəhayət, dəstəyi qulağına tutub, Əkbərə hirslə baxır. Əkbər də baş barmağını dodağına qoyub yerində büzüşərək susur.
İNT. EV MÜZEYİ. GECƏ
Ayan qapını açır. Alatoran dəhlizdə qısa saçlı Xalidi görəndə tanımır. Əvvəlcə bərk qorxur və qapını bağlamaq istəyir. Xalid bir addım irəli, işığa keçir və Ayan onu tanıyıb qəhqəhə çəkir. Qonşuların onu eşidəcəyindən qorxub ağzını əliylə yumur.
AYAN:
Vaay! Lap kriminal avtoritetlərə oxşayırsan.
Xalid dərhal onu qucaqlayıb öpməyə başlayır. Ayan onu itələyir.
AYAN:
Fuu! Nə çox içmisən?!
Xalid ondan əl çəkmir. Ayan əliylə onu dayandırmağa çalışır.
AYAN:
Di yaxşı, bəsdi.
Xalid bir anlıq dayanır. Qəfil Ayanın qollarından tutub burur. Koridordakı masanın üstünə aşırıb donunu qaldırır və bütün ağırlığını onun üstünə yıxır. Ayan Xalidin heyvani rəftarından həyəcanlanır. Əvvəlcə müqavimət göstərməyə çalışsa da, güc qarşısında çox tez tabe olur.
Alaqaranlıq koridorda stol üzərində sevişən cütlük, divardakı kübar xanımlar və nəcib kişilərin şəkillərinin çərçivə şüşəsində bulanıq əks olunur.
İNT. XALİDİN EVİ. SƏHƏR
Əkbəri divanda kitab oxuyur. Taxdığı gözlüklər onu tanınmayacaq dərəcədə dəyişdirib. Azacıq gözünü qaldırıb içəri daxil olan Xalidə baxır və oxumağa davam edir. Xalid keçib onun yanında oturur. Əkbər kitabı kənara qoyur.
XALİD:
Bilmirdim, sən kitab əhlisən.
ƏKBƏR:
Bilmədiyin o qədər şey var ki?!
Əkbər oğlunun ona nəsə demək istədiyini hiss edir.
ƏKBƏR:
Bircə onun haqqında soruşma.
XALİD:
ONUN adı var.
Əkbər istehza ilə gülümsəyir. Öskürür. Bu, Xalidi hövsələdən çıxarır. Əkbərin yaxasından yapışır.
XALİD:
Mələk! Mə! Lək! Deyə bilmirsən?
Əkbər divandan qalxır.
ƏKBƏR:
O qız sənə neynirsə, yanınnan qayıdanda həmişə bərk gedirsən.
Xalid pərt olur. Başını aşağı salır.
ƏKBƏR:
Axşam onu da götür gəl. Sizi yeməyə dəvət eliyirəm. Görüm bir gəlinim kimdi.
Xalid itaətkarlıqla Əkbərə baxır. Əkbərin ciddi olub-olmadığını anlamır.
ƏKBƏR:
Zarafat eləmirəm. Axşam görüşürük!
Əkbər mənzildən çıxır. Xalid Əkbərin kitabını götürüb baxır. Kiril əlifbası ilə yazılmış Qurandır. Xalid təəccüblənir.
İNT. RESTORAN. AXŞAM
Ofisiant yaxınlaşıb yemək və içkilər dolu məcməyi gətirir. Tələsmədən bir-bir stola düzür. Xalidlə Ayan yerlərində büzüşüb oturublar. Əkbər Ayana baxır və cazibədar bir təbəssümlə gülümsəyir. Ofisiant qədəhləri doldurur və gedir.
ƏKBƏR:
Deməy, oğlumun ürəyini sən oğurramısan?
Əkbər badəni qaldırır.
ƏKBƏR:
Bu gözəlliyin şərəfinə.
Ayan məsumcasına başını aşağı salır. Xalid kənardan atasını müşahidə edir. Həvəssiz də olsa, badəni qaldırıb hamı ilə toqquşdurur. Ayan gülümsəyir və bir qurtum içir. Əkbər özü qədəhləri doldurur və yeni sağlıq deyir.
ƏKBƏR (Xalidə baxaraq):
Kiçik ailəmizin sağlığına.
(Ayana baxaraq) :
Hələ ki, kiçik.
Hamı içir. Əkbər boşqabdan balıq tikəsini götürüb Ayanın boşqabına qoyur.
AYAN:
Çox sağ olun.
ƏKBƏR:
Bıy! Sən danışa da bilirsən?! Mən də bayaqdan qorxuram ki, oğlum kimi lal-dinməzsən. Məclis gözümə durmuşdu.
AYAN:
Xoşbəxtlikdən siz heç susmursuz.
ƏKBƏR(XALİDƏ İŞARƏ EDİR):
Neynim? İki nəfərin yerinə danışıram.
Xalid sakitcə balığını yeyir. Ayan ona baxır.
AYAN (gülümsəyir):
Düzünü deyim? Xarici görünüşdən başqa aranızda heç bir oxşarlıq görmürəm.
Xalid başını qaldırmadan dizi ilə ayanın ayağını itələyib işarə verir. Ayan əhəmiyyət verməyib ayağını ayağına aşırır.
ƏKBƏR (Xalidə baxır):
Bizim zövqlərimiz birdi.
AYAN:
Sizin haqqınızda heç nə bilmirəm.
ƏKBƏR:
Nəyi bilmək istəyirsən?
Ayan düşünür. Xalidə və Əkbərə baxır. Anlayır ki, hamının beynində eyni sual fırlanır. Amma soruşmağa cəsarət etmir.
AYAN:
Əvvəllər nə işlə məşğul idiniz?
ƏKBƏR:
Gəmi kapitanı. (istehza ilə) Dənizçi.
XALİD(Əkbərə baxır):
Evdə tapılmırdın.
Əkbər fikrə gedir.
ƏKBƏR:
Hə…
Hiss olunur ki, fikirləri dolaşır. Üzünü Ayana çevirir.
ƏKBƏR:
Atan nəçidi?
AYAN:
Məmur idi rəhmətlik.
ƏKBƏR:
Allah rəhmət eləsin. Dövlət məmuru?
AYAN:
Ölənləriniz rəhmətlik. İçra hakimiyyətində işləyirdi.
Əkbər təsirlənmiş kimi görünür. Başını yelləyir.
ƏKBƏR:
Bəs ərin? O nə işnən məşğuldu?
Balıq, az qala, Ayanın boğazında qalır. Özünü guya sümük udmuş kimi göstərir. Gözaltı Xalidə baxır. Xalid çaşqın və əsəbi görünür. Atasına cavab vermək istəyir, lakin Ayan əlini onun dizinə qoyur.
AYAN: Kommersant. Rusiya ilə işləyir.
ƏKBƏR (gülür):
A! Ona görə tez-tez evdə olmur? Yaxşıdı da.
Ayan gülür. Xalid də özünü saxlaya bilmir. Üçü də gülür. Əkbər yenə içki süzür. Əkbərin telefonu zəng çalır.
ƏKBƏR (qalxır):
Məni bağışdıyın.
Otaqdan bayıra çıxır.
AYAN (pıçıltı ilə):
Bu söhbətin dibinə çatacağıq.
Xalid cavab vermir.
AYAN (heyranlıqla):
Çox xarizmatik adamdı.
Əkbər yerinə qayıdır. Oturur və tələsik yeməyə başlayır. Xalid şübhəli-şübhəli ona baxır.
XALİD:
Nə məsələdi?
ƏKBƏR (ağzında yemək):
Bir xəbər gəldi. Getməliyəm. Üzrlü sayın.
ƏKBƏR:
Bir-iki günə qayıdacam.
XALİD:
Hara gedirsən?
Əkbər qədəhi başına çəkir.
ƏKBƏR (Xalidə göz vurur):
Bu axşam evdə təksən.
Xalid hirsindən üzünü yana çevirir. Əkbər bic-bic Ayana baxır. Ayan gülməyini güclə saxlayır.
İNT. XALİDİN EVİ. GECƏ
Yataq otağının qapısı açılır. İşığın düyməsini basıb yandırır. Bir-iki stuldan başqa otaqda fövqəladə bir şey yoxdur. Səliqə ilə yığılmış geniş çarpayı. Ensiz bir şkaf, üstündə 2 çemodan, komod, üzərində lampa, zəngli saat və kitab.
Ayan otağa girir. Şkafı açır: bir neçə kişi köynəyi və pencək. Yerdə qalan hamısı qadın paltarlarıdı. Komodun üstündəki kitab Qurandır. Kitabı açır.
XALİD (K.A.):
Nə axtarırsan?
Ayan dönüb Xalidin qapıda dayandığını görür.
AYAN:
Burda öldürüb?
Xalid başını sallayır.
AYAN (səbirsizliklə):
Danış da.
XALİD:
Hamısını danışmışam. Dərsdən evə gəldim, gördüm ki, polislə doludu bura. Anam çarpayıda üzü örtülü uzanıb. Atam da mətbəxdə ifadə verir.
Ayan çarpayıya baxır.
AYAN:
Bəs necə baş verib? Soruşmadın?
Xalid çiyinlərini çəkir.
AYAN (davam edir):
Görəsən, necə öldürüb?
Xalid yenə çiyinlərini çəkir.
XALİD:
Mən polislə bir yerdə evdən çıxdım. Dostlarımla qalırdım. Evə bir ay sonra qayıtdım. Heç kimlə danışmamışam bu barədə.
AYAN:
Bu otağa heç girməmisən?
XALİD:
Beş-altı dəfə. Tozunu almağa, yır-yığış filan.
Ayan Xalidə yaxınlaşır. Əlini tutur. Ona daha da yaxınlaşır və dodaqlarını qulağına qoyur.
AYAN (pıçıltıyla):
Bəlkə də onu boğub. Kişilər boğmağı sevir
Sonra Xalidin qulağını yalayır. Xalidin əllərini öz boynuna qoyur. O, nəvazişlə gülümsəyir.
AYAN (ehtirasla):
Məni sev.
XALİD:
Dəli.
Xalid ehtirasla ona baxır. Ayan arxaya çəkilərək yatağa uzanır.
XALİD:
Burda yox.
EXT. QƏBİRİSTANLIQ. GÜNDÜZ
Xalid növbəti müştərilər – yaşlı bir cütlük ilə qəbiristanlığı dolaşır. Yaxınlıqdakı məzarın önündə böyük bir ailə toplaşıb. Molla quran ayəsi oxuyur. Xalid məzar daşını müştərilərinə gösərir. Qeyri-ixtiyari ayaq saxlayıb mollaya qulaq asırlar. Molla yeni, tünd mavi rəngli əba geyinib. Başında çalma var. İntonasiyası səlis və avazlıdır. O, qiraəti bitirib arxaya çevriləndə… Xalid mollanın üzünü görür və şoka düşür. Bu, Əkbərdir!
İNT. QƏBİRİSTANLIQ. İDARƏ. GÜNDÜZ
Xalid və Əli çay içirlər. Xalid ətrafdakı əşyaları müşahidə edir. Pəncərədən qəbirlərin arasında dayanan Əkbərə baxır.
ƏLİ(K.A):
Əsl Hacıdu. Heç diməzsön yatıb çıxıb.
Əkbər, həqiqətən də, əsl din xadiminə bənzəyir. Əkbər təmkinlə qarşısında duran qara paltarlı dul qadına təsəlli verir. Xalid başını yelləyir.
ƏLİ (K.A):
Avaralaru da bırdan temizdiyib eməlli-başdı.
Əkbər idarəyə tərəf gəlir. Pəncərədən ona baxan Xalidi görüb gülümsəyir. Əlini sinəsinə qoyub salam verir və sonra hər iki ovcunu yuxarı çevririb dua edirmiş kimi göstərir. Xalid sağollaşmadan ayağa qalxaraq otaqdan çıxır. Əli təəccüblə onun ardınca baxır.
EXT. QƏBİRİSTANLIQ. BOSTAN. GÜNDÜZ
Əkbər köhnə qəbirlərin arasındakı balaca sahədə yeni əkilmiş pomidor ləklərini sulayır.
XALİD (K.A):
Neynirsən?
ƏKBƏR:
Münbit torpaxdı. Heyif olur. (DODAQALTI) Torpaxdan dirilər fayda görməlidi, ölülər yox.
XALİD:
Onu demirəm.
ƏKBƏR:
Pomidordu. Əsl Qazax sortu. Satan elə dedi. Soxuşdurmuyubsa.
XALİD:
Ayıbdı, axı. Camaatın ölüsüylə oynayırsan. Haramdı. Bu boyda günahı Allah yerdə qoymaz…
ƏKBƏR (sakit):
Başqasının arvadıynan yatan oğraş mənə halal-haram öyrədə bilməz.
XALİD:
Bizim onunla münasibətlərimiz ciddidi.
ƏKBƏR (əbasına işarə edir):
Mən də bu işnən ciddi məşğul oluram. Nə fərqimiz var ki?
XALİD: Fərqimiz?
Nifrətlə Əkbərə baxır.
XALİD:
Deyirsən, 10 il boşuna yatmısan?
Əkbər nəsə düşünür. Hiss olunur ki, Xalidi vurmaq istəyir. Lakin özünü ələ alır. Sakit səslə davam edir.
ƏKBƏR:
Hərdən adam öldürməy də savab sayıla bilər.
Xalid cavab vermək üçün çox əsəbidir. Özünü saxlamaq üçün çox çalışsa da, titrəyən bədəni onu ələ verir. Arxaya dönüb yeyin addımlarla uzaqlaşır.
INT/EXT. XALİDİN AVTOMOBİLİ/AYANIN EVİNİN ÖNÜ. QÜRUB.
Xalid maşında oturub telefonla danışır.
XALİD:
Təsəvvür elə, əməlli-başlı yasin oxuyurdu.
AYAN(K.A):
İnanmıram!
XALİD:
Ciddi sözümdü. Paltar-filan da geyinmişdi. Bir səsi də var, avazından bülbül susar.
Ayan telefonda qəhqəhə çəkir. Xalid də gülümsəyir.
AYAN(K.A):
Ay Allah! Necə adamdı?! Vurulmuşam e atana!
Ayan yenə gülür. Xalid bir az sakitləşir.
Alçaq səslə danışmağa başlayır.
XALİD:
Sən dəqiq evə gedirsən? Yoxsa… başqa işin var?
AYAN(K.A):
Dəli. Qısqanırsan məni? Başqa nə işim olacaq ki?! Çatmışam uje. Həyətdəyəm.
Xalid susur. Yerində büzüşüb ətrafa baxır.
Həyət boşluqdur.
AYAN (K.A):
Noldu susdun?
XALİD:
Heç. Bəlkə…?
Bu an Ayanın avtomobili ağacların arxasından ötüb keçir. Xalid diksinir. Maşın yaxınlıqdakı binanın həyətinə girir.
XALİD(K.A):
Bəlkə sabah görüşək?
AYAN(K.A):
Hələ Bakıdadı. Bilmirəm, bəlkə imkan düşdü. Bilmirəm hələ.
Xalidin kefi pozulur.
AYAN (davam edir):
Mən parkinqə girirəm. Telefon tutmayacaq. Sağollaşaq?
XALİD:
Yaxşı.
AYAN(K.A):
Mənə mesaj yazma. Özüm yığacam imkan olan kimi.
Xalid başını sallayır.
AYAN(K.A):
Öpdüm.
XALİD:
Mən də.
Xalid maqnitofonu açır və yerini oturacaqda rahatlayır.
ARDI. AXŞAM
Qaranlıqdır və Xalid hələ də musiqi dinləyir. Birdən yerində dikəlir. Ayanın maşını parkinqdən çıxır. Sərnişin kreslosunda başı ülgüclə keçəl qırxılmış, idmançı görünüşlü kişi oturub (Şamil-45 yaş). Şamillə Ayan danışıb gülürlər. Ayan xoşbəxt görünür. Avtomobil Xalidin yanından keçdikdən sonra o, yerində dikəlib öz maşınını işə salır.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ. AXŞAM
Xalid maşını Ayanın avtomobilinin ardınca sürür. Yolda avtomobillər azalıb və Xalid onlara çox yaxınlaşmamaq üçün sürəti azaltmalı olur. Ayan yoldan dönərək maşını bahalı bir restoranın qabağında saxlayır. Xalid maşını yol kənarında saxlayıb onları müşahidə edir. Hər ikisi maşından düşürlər. Ayan, Əkbərlə şam yeməyində geyindiyi paltardadır. Şamil dar bir şalvar və polo köynək geyinib. Cütlük avtomobilin açarını qapıçıya verib içəri keçir. Xalid Ayanın ərinə göstərdiyi nəvazişli toxunuşları müşahidə edir. Hiss olunur ki, o, Ayanı ərinə qısqanır. Xalid sürüb uzaqlaşır.
İNT. KLUB. GECƏ
Modern klub. Xalid bar kətilində oturub içki içir. Jalə onun yanında oturub.
JALƏ:
Musiqinin başını buraxıram. Təhsilimi bərpa elədim. Həkim olacam.
Xalid təəccüblənir.
XALİD:
Tibbdə oxuyurdun? Bilmirdim.
Jalə gülür. İstehza dolu pafosla elan edir.
JALƏ:
Doktor-terapevt.
Başını sallayır. Qısa sükut yaranır.
JALƏ:
Məncə, sən də öz işinə qayıtmalısan. Rəsm çəkməlisən. Həm də içindən gələni. Daha qondarma şeylər yox.
XALİD (laqeyd):
Daha başqası olmağa çalışmayım?
Jalə son dərəcə təsirlənir. Bir qədər düşünür.
JALƏ:
Mən başqası ola bilmədim.
Sonra sevgiylə Xalidə baxır.
JALƏ (davam edir):
Sən də bacarmazsan.
JALƏ (davam edir): Elə ölülərin portretlərini çək. Amma mərmər əvəzinə kətanda. Yağlı boyayla. Rəngbərəng! Əsl sənət əsəri!
XALİD:
Yaxşı fikirdi.
JALƏ:
Di yaxşı, mənim portretim noldu?
XALİD:
Danışdıq, axı. Mən ancaq ölülərin şəklini çəkirəm.
JALƏ:
Mənimçün qaydaları pozmaq olmaz?
XALİD:
Olar, DOSTUM. Olar.
Jalə gülümsəyir. Onlar bir-birinin gözünün içinə baxırlar.
(ARDI)
Rəqs meydançası boşdur. İnsanlar öz künclərinə çəkilib sakitcə söhbət edirlər. Jalə estradada gözlərini yumaraq dayanıb, mahnı ifa edir. Xalid onun səsindən açıq-aşkar təsirlənib. Bar kətilində oturub. Gözləri yol çəkir.
İNT. XALİDİN EVİ. GECƏ
Xalid baş barmağının ucu ilə yerə düşmüş qadın paltarını qaldırıb stulun üstünə asır. Mətbəx stolunda iki nəfərlik süfrənin qalıqları – yarımçıq içki şüşəsi və qədəhlər var.
İNT. XALİDİN AVTOMOBİLİ. SƏHƏR
Xalid oyanır. Əkbər maşının pəncərəsini döyür. Əl işarəsi ilə evə çağırır. Xalid yerində dikəlir. Qıc olmuş əl-qolunu ovuşdurur. Şüşəni aşağı salır.
ƏKBƏR:
Gəl, yeməh yeyəh.
İNT. XALİDİN EVİ. SƏHƏR
Mətbəx yığışdırılıb. Axşamkı dağınıqlıqdan əsər-əlamət yoxdur. Xalid narahat oturub. Ətrafına baxır.
ƏKBƏR:
Axşam, deyəsən, gəlmişdin?
Xalid başını yelləyir. Əkbər qızardılmış sosis dolu tavanı süfrəyə qoyur. Özü də əyləşib iştahla yeməyə başlayır.
XALİD:
Hardan tapmısan bunu?
ƏKBƏR:
Sosiskaları? Marketdən.
Əkbər diqqətlə Xalidin üzünə baxır. Sanki onun fikirlərini oxumağa çalışır. Xalid atasına baxır.
ƏKBƏR:
Halaldı. Səninçün seçmişəm.
XALİD:
Yo, yaxşı fikirləşmisən. Gündüz molla, axşam da dul arvadları yola verirsən.
ƏKBƏR:
Hansı arvad?
Xalid başıyla yataq otağına işarə edir.
XALİD:
Nə bilim. Dünən qəbristanlıqda kimlə xısınlaşırdın?
Əkbər gülümsəyir.
ƏKBƏR:
Şəhərdə arvad çoxdu. Gözəldilər. Ərrəri də yoxdu.
Xalid pərt olur. Əkbər öskürməyə başlayır. Öskürək get-gedə güclənir. Əkbərin üzündə ağrı ifadəsi var. Qalxıb mətbəxdən çıxır. Xalid qarşısındakı boşqaba baxır və düşünür.
(ARDI)
Əkbər molla geyimində şkafın güzgüsünün önündə dayanıb. Çalmasını düzəldir. Xalid yataq otağına girir. Əkbərə baxır. Otağa göz gəzdirir. Baxışları çarpayıda donub qalır.
XALİD (Öz-özünə):
Dəhşətli adamsan.
Əkbər diqqətlə saqqalını darayıb, güzgüdə özünə baxır. Güzgüylə danışırmış kimi sakitcə cavab verir.
ƏKBƏR:
Az demaqoğluğ elə. İşə gecikiriy axı!
Başını aşağı salmış Xalidə tərəf çevrilir.
ƏKBƏR:
Ölülər bizi gözdüyür, ayıbdı.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ. SƏHƏR
Xalidin maşını tıxacda ilişib. Radiodan muğam səslənir. Sərnişin kürsüsündə Əkbər əyləşib, yüksək səslə Quran oxuyur. Xalid musiqinin səsini alır. Əkbər Quranı bağlayıb, gözləri bağlı, əzbərdən bir ayə oxuyur.
ƏKBƏR:
İzəə cəəəƏ-nasrullahi vəl-fəth’. Və raəy’tən-nəəsə yəd’xuluunə fii diinilləəhi əf’vəcəə. Fəsəbbih’ bihəmdi Rabbikə vəs’təğ’firhu innəhu kəənə təvvəəbəə.
Əkbər gözlərini açaraq Xalidə baxır.
ƏKBƏR (DAVAM EDİR):
Yüz onuncu surə. Ən-Nəsr. Kömək!
XALİD:
Əzbər bilirsən? Ay bərəkallah!
Əkbər ironiyanı sezir. Eyni kinayə ilə gülümsəyir.
XALİD (danışdıqca səsini qaldırır): Molla əmi, bəs Quranda fahişə zakaz eləməkdən nə deyillər? Müstəhəbdi? Yalan danışmaq… araq içmək… adam öldürmək!
ƏKBƏR (tamamlayır):
Və zina… mənim balam!
Xalid gülümsəyir. Səs tonunu xeyli aşağı salır.
XALİD:
Və zina…
Atasına tərəf çevrilib.
XALİD:
Məni özünə tay tutma. Mən yalandan mollalıq eləmirəm.
ƏKBƏR:
Mən də yalannan rəssamlığ eləmirəm.
Xalid pərt olur.
XALİD:
Mən rəssamam.
ƏKBƏR:
Mən də mollayam.
Əkbər söhbətə son verir və musiqinin səsini qaldırır. Xalid maqnitofonu söndürür. Əkbər tərs-tərs baxır, amma heç nə demir.
EXT. QƏBRİSTANLIQ. GÜNDÜZ
Qəbiristanlıqda yeni qəbir qazılır. Mərhumun yaxınları ətrafına yığışıb işin bitməsini gözləyirlər. Əkbər də onların arasında durub. Əl-qoluyla işləyənlərə müxtəlif göstərişlər verir.
İNT. MƏRMƏR SEXİ. GÜNDÜZ
İri, qara mərmərdən baş daşı Xalidin qarşısında molbert kimi qoyulub. Xalid gənc əsgər portretini elektrik yonma cihazı ilə mərmər üzərində işləyir.
EXT. QƏBİRİSTANLIQ. BOSTAN. QÜRUB
Əkbər bostanı sulayır. Arada bir öskürüb sonra siqaret çəkir. Xalid bir qədər dayanıb kənardan ona tamaşa edir, sonra yaxınlaşır. Əkbər arxaya çönməsə də, onun gəldiyini kölgəsindən bilir. Yanındakı vedrəni götürüb Xalidə verir.
ƏKBƏR:
Get bir vedrə su gətir. Pomidorrar yanır.
Xalidin telefonuna mesaj gəlir. Ekrana baxır:
(ekranda titr)
“GƏL”
Xalid Əkbərə baxır. Əkbər oğluna gülümsəyir. Xalid vedrəni götürür. Getmək istəyəndə Əkbər ona səslənir.
ƏKBƏR:
Bayax dediyimə görə sənnən üzr istiyirəm. Sən yaxşı rəssamsan!
XALİD:
Amma mən sözümü geri götürmürəm!
ƏKBƏR:
Canın sağ olsun.
XALİD:
Sən qatilsən!
Əkbər nəfəsini çəkir. Bir siqaret yandırır.
ƏKBƏR:
Davada adam öldürənə medal verillər. Düşmənin ölməyi əskərin qəhrəmannığıdı. Əsas odu, hansı göznən baxırsan…
XALİD (K.A):
Hər şeyə də bir dənə fəlsəfi izahın var da. Axşamkı o qəhbə nəydi? O da biznesmen idi, yəqin? Pul qazanırdı da.
ƏKBƏR (aramla):
Niyə də yox? Fahişə dərin söhbətdi. Kiminsə arvadı, başqasının fahişəsi ola bilər. Kiminsə fahişəsi başqasının muzey işçisi ola bilər. Həyat qəlizdi, bala.
Xalid qıp-qırmızı qızarır. Əkbər ayağa qalxıb, dikəlir. Qamətini düzəldir. Üzü çox ciddi ifadə alır. Bir addım yaxın gəlir. Gözlərini Xalidin gözlərinə zilləyir.
ƏKBƏR:
O qızdan aralan!
Xalid dönüb kadrdan çıxır. Əkbər onun ardınca baxır. Yolda “əlinə yapışmış” vedrəni ikrah hissi ilə yerə çırpır.
İNT. EV MÜZEYİ. AXŞAM
Vanna otağı. Ətrafda yanan çoxsaylı şamlar, kerosin lampaları otağa romantik abu hava verir. Xalid və Ayan köhnə, elə də böyük olmayan vannada oturublar. Xalid ayaqlarını büküb. Üzündən görünür ki narahatdı. Ayan ayaqlarını bükərək kürəyini onun sinəsinə söykəyir.
AYAN:
Hə. Dəqiq.
XALİD:
Hardan bilirsən, dəqiqdi?
AYAN:
Sənə hər şeyi izah eliyim?
Xalid əsəbləşir.
XALİD:
Hə! Zəhmət olmasa, mənə izah elə!
Ayan vannadan qalxaraq kadrdan çıxır. Xalid onun ardınca baxır.
AYAN (K.A): O, heç vaxt mənimlə olmur.
Xalid təəccüblənir.
XALİD:
Necə yəni? Sən heç vaxt ərinlə olmursan?
AYAN (K.A):
Bundan da artıq izah lazımdı? Onun problemləri var. Mənimlə də elə-belə evlənib, gözdən pərdə asmaq üçün. Dedim axı olmuruq! Heç vaxt.
Xalid yerində dikəlir.
XALİD:
İndi necə olacaq? Abort?
Ayan dəsmala bükülü halda qapıda dayanır.
AYAN:
Yox! Uşağı saxlayacam.
Bir qədər yaxınlaşır.
AYAN (davam edir):
Amma onunla yaşamaq istəmirəm.
XALİD:
Boşanırsan?
AYAN:
Yo. Məni qara qəpiksiz qoyar. Keçmişə qayıtmaq istəmirəm.
Ayan vannaya yaxınlaşır.
AYAN:
Başqa yolu var.
XALİD:
Nə yolu?
Ayan əyilərək Xalidin qarşısında çöməlib, oturur.
AYAN:
Hərdən insanlar yoxa çıxır.
XALİD:
Deyirsən, qaçaq? Mən razı.
Ayan etiraz olaraq başını yelləyir. Gülümsəyərək düz onun gözünün içinə baxır.
AYAN (alçaq səslə):
Yox. O(!), yox ola bilər.
Ayan Xalidə çox ciddi bir ifadə ilə baxır.
AYAN:
Sənin atan kömək eləsə…
Xalid tamamilə özünü itirir. Ayan əlini onun sinəsinə qoyur. Danışdıqca əlini aşağı sürüşdürməyə başlayır.
AYAN (K.A) :
Təsəvvür elə. Şamil yox olur… Ev, maşın, pullar. Hamısı bizim olur! Evlənirik. O axmaq işini atırsan…, öz emalatxananda işləyirsən… əsərlər yaradırsan! Məşhur rəssam…, həyat yoldaşı və OĞLU! Xoşbəxt ailə.
Ayan onu öpməyə başlayır.
Xalid çaşqındır. Öpüşsə də, fikri uzaqlardadır. Gözlərində qorxu var.
EXT. QƏBİRİSTANLIQ. BOSTAN. QÜRUB
Əkbər ağzında siqaret, yeni şitillər əkir. Üst-başı torpaq içindədir. Dönüb Xalidə baxır. Xalid büzüşüb oturduğu küncdə dirçəlir.
XALİD:
Niyə yalan desin ki?
Əkbər gülümsəyir.
ƏKBƏR:
Nə bilim. Qadınlar hər şeyə qadirdi.
XALİD:
Sən yaxşı bilərsən.
ƏKBƏR:
Sualıma cavab vermədin.
XALİD:
Nə sual?
ƏKBƏR:
Ona inanırsan?
Xalid bir an düşündükdən sonra əminliklə cavab verir.
XALİD:
Hə!
Əkbər onu müşahidə edir.
ƏKBƏR:
Uşax sənnəndi?
Xalid ani düşünür və sonra qətiyyətlə cavab verir.
XALİD:
Hə!
ƏKBƏR:
Di yaxşı.
Xalidin gözlərinin içinə baxır.
ƏKBƏR:
Sən heç nəyə qarışma! Denən, təklif eləməyə üzüm gəlmədi. Qoy özü sifariş eləsin.
Əkbər işinə davam edir. Xalid onu müşahidə edir.
İNT. YEMƏKXANA. AXŞAM
Xalidlə Ayan otağın küncündə masa arxasında gözləyirlər. Hər ikisi əsəbidir. Əkbər içəri daxil olur. Onlara yaxınlaşır və heç bir söz demədən oturur. Ofisiantı səsləyir.
ƏKBƏR:
Ay uşax, gəl görüm!
Ayana baxıb gülümsəyir. Xalidə başı ilə qonşu stolu işarə edir.
ƏKBƏR (Xalidə):
Sən o tərəfdə otur. İstəmirəm, sən eşidəsən. Bu işdərin sənə dəxli yoxdu.
Yenidən Ayana baxır. Xalid özünü itirir. Atasına qarşı çıxmaq istəyir.
ƏKBƏR (davam edir):
Artığ adam nəyimizə lazımdı? Statyası da ağır olur.
Ayan eşitdiklərindən diksinir. Əkbər Xalidə sərt baxır. Xalid qalxıb gedir. Ayan tək qaldığından daha da həyəcanlanır. Səsi titrəyir.
AYAN:
Düzdü.
Çevrilib Xalidin arxasınca baxır. Xalid küncdəki stolun arxasında oturur.
ƏKBƏR (K.A):
Xalid dedi, nəsə ərinnən problem var. Danış görüm, nə məsələdi.. Danış görüm, nə məsələdi…
Ayan nəsə demək istəyir, amma yaxınlaşan ofisiantı görüb susur. Ofisiant çay dəstgahını süfrəyə düzmək istəyir, lakin Əkbər əliylə onu saxlayır. Xalidin stolunu göstərir.
ƏKBƏR: Çayı o cavan oğlana apar. Bizə içməyə bir şey gətir. Mənə bir yüz qram yaxşı arax. Yanında da az-maz nəsə. Özün bax. Xanıma da, yəqin ki… şərab?
Əkbər Ayana baxır. Ayan bunun sual olduğunu dərhal anlamır. Başa düşdükdə tələsik cavab verir.
AYAN:
Hə, ağ şərab… Yox! Yox, mənə olmaz. Su gətirin, sadə. Zəhmət olmasa.
Əkbər ofisianta baxır.
ƏKBƏR:
Xanıma da sadə su. Di tez ol.
Ofisiant uzaqlaşır.
Ofisiant dəstgahı aparıb Xalidin qarşısında düzmək istəyir, lakin Xalid əl hərəkəti ilə onu yarı yolda saxlayır. Ofisiant çaşqın halda bir Əkbərə, bir Xalidin qəzəbli üzünə baxır və dəstgahı gətirdiyi kimi də geri aparır.
Ayanla Əkbər bir-birinə tərəf əyilərək az qala pıçıltı ilə danışırlar. Xalid kənardan onları izləyir. Xalid nəsə düşünür, əsəblərinə hakim ola bilmir və qalxıb gedir. Onların yanından keçərkən Ayana səslənir.
XALİD (K.A):
Maşında gözləyirəm.
Hər ikisi Xaldin ardınca boylanırlar.
Ayan bir qədər baxdıqdan sonra söhbətinə davam edir.
AYAN:
Ən çox Moskva, bir də Kiyevdə olur. Üç gün sonra yenə gedir. Bilet alıb.
ƏKBƏR:
Şirkət özünündü?
Ayan başını bulayır.
AYAN:
Şərikdi. Üç nəfərin payı var.
Əkbər gülümsəyir.
ƏKBƏR:
Sövdəmiz baş tutsa, gərək qiyməti də danışaq.
Ayan susur.
ƏKBƏR (Davam edir):
Özümçün demirəm. Rusetdəki dostdara göndərməliyəm.
Kiçik bir pauza verib Ayanın reaksiyasını dəyərləndirir.
ƏKBƏR:
Sənə köməyim o olar ki, deyərəm, gözdüyəllər. Söz-söhbət yatana kimi…
Ofisiant yaxınlaşır. Ayan telefonu götürüb öz nömrəsinə zəng edir. Çantasından zəng səsi eşidiləndə qırmızı düyməni basıb zəngi bitirir. Hərəkətlərindən görünür ki, həyəcanlıdır. Əkbər onun hər hərəkətini izləyir, üzünün ifadəsini müşahidə edir. Gözünü Ayandan çəkmədən qədəhi başına qaldırır və buterbroddan azacıq dişləyir.
ƏKBƏR:
Özüm səni yığacam. İndi gedə bilərsən.
Ayan suyu başına çəkib ayağa qalxır və çıxışa tərəf gedir. Yanından keçəndə Əkbər qəfil onun biləyindən tutur. Başını yuxarı qaldırıb Ayanın gözlərinin içinə baxır və qəfil soruşur.
ƏKBƏR:
Uşax kimnəndi?
Ağrıdan Ayanın səsi tutulur. Tələsik, dili dolaşa-dolaşa cavab verir.
AYAN:
Onnandı.
Əkbərin gözləri işıldayır.
AYAN (davam edir):
Xaliddəndi.
Əkbər gözlərini ondan çəkmədən bir qədər baxır və nəhayət, gülümsəyib əlini boşaldır. Ayan ağrıyan biləyini birtəhər dartıb çıxarır. Tələsik qapıya tərəf gedir/qaçır. Əkbər yerində qalır. Telefonundakı nömrəyə baxıb nəsə düşünür.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/KÜÇƏ. AXŞAM
Radioda sakit səslə klassik musiqi səslənir. Xalid hirslidir. Ayan bir qədər sakitləşib, amma çox fikirlidir.
AYAN:
Dəhşətli insandı.
XALİD:
O, bizi ələ salır.
Ayan cavab vermir.
XALİD (davam edir):
Bizim xirtdəyimizdən yapışıb. İndi necə istəsə, elə də fırladacaq.
Ayan Xalidə baxır.
AYAN:
Çıxış yoxdu. Biz ona güvənməliyik. XALİD:
Ona?
AYAN:
Hə. Necə olsa da, atandı.
Xalid başını bulayır.
XALİD:
Ata e! Kaş ki, heç olmayaydı.
Ayanın gözləri yol çəkir.
AYAN (fikirlidir):
Məncə, hər şey yaxşı olacaq.
Dönüb Xalidə baxır. Nəvazişlə onun keçəl başına sığal çəkir. Xalid sakitləşir. Ayana qarşı qəfil sevgi hiss edir. Qəflətən Ayanı bərk-bərk qucaqlayıb alnından öpür.
EXT. QƏBİRİSTANLIQ. GÜNDÜZ
Xalid qəbirlərin arasında gəzişərək uzaqdan atasına tamaşa edir. Əkbər kiçik bir qrupun başında durub sərt və güclü bir səslə dua oxuyur. Dua bitdikdən sonra pul mükafatını alıb qəbirdən aralanır. Sanki kənardan izləndiyini hiss edir və yırtıcı kimi ətrafa baxır. Gözləri Xalidlə toqquşur. Daha yaxşı görmək üçün yavaşca yerini dəyişir. Xalid də bir neçə addım irəli gedir. Hər ikisi hərəkət etsələr də, gözlərini bir-birindən ayırmırlar. Nəhayət, dayanırlar. Hər ikisi yerində donur.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ. GÜNORTA.
Əkbər və Xalid yol gedirlər. Heç biri danışmır. Musiqi də səslənmir. Mərkəz küçələrindən birində Əkbər sükutu pozur.
ƏKBƏR:
Yuxarı məhləynən sür. Düşəcəm.
XALİD:
Orda niyə?
Əkbər Xalidin sualını eşitməməzliyə vurub cavab vermir. Barmağıyla küçəni göstərir.
ƏKBƏR:
Burdan dön. Belə qısadı.
XALİD:
Məscidə gedirsən?
ƏKBƏR:
Hə… Cümədi.
Xalid əsas yoldan dar bir küçəyə dönür. Sıxlıq olduğundan maşın yerində tıxanıb qalır. Əkbər məscidə çatmamış düşür və izdihama qoşularaq piyada gedir. Xalid maşını arxaya sürərək əsas yola qayıdır.
İNT. XALİDİN EVİNİN QARŞISI. QÜRUB
Xalid qapıdan asılmış qıfıla baxır. Əlindəki ərzaq torbasını yerə qoyub, əllərini ciblərinə salıb yoxlayır, narazı halda başını yelləyir. Telefonu götürüb Əkbərin nömrəsini yığır. Əkbər dəstəyi götürmür. Xalid əsəbi halda çöməlib oturur. Torbadan bir portağal çıxarıb qabığını soyur və yeməyə başlayır.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ. QÜRUB
Xalid avtomobildə gedir. Maşında klassik musiqisəslənir.Musiqinin səsini alıb telefonda Əkbəri yığır. Avtomatik səs telefonun söndürüldüyünü bildirir.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/AYANIN EVİNİN ÖNÜ. AXŞAM.
Şamil binadan çıxıb taksiyə əyləşir və uzaqlaşır. Xalid ağacların arxasında saxladığı maşından müşahidə edir. Taksi gözdən itənə kimi gözləyir, sonra maşından düşür və qapıya yaxınlaşır. Ayanın mənzilinin zəngini vurur. Cavab gəlmir. O, yenidən zəngin düyməsini basır. Cavab gəlmir. Xalid avtomobilinə qayıdır və telefonla Ayanın nömrəsini yığır. Cavab yoxdur.
İNT/EXT. XALİDİN AVTOMOBİLİ/BAKI KÜÇƏLƏRİ. AXŞAM
Xalid avtomobildə gedir. Radioda muğam yayımlanır. Sərnişin kürsüsünə qoyduğu telefonun şarjı bitir və ekran sönür.
EXT. EV MÜZEYİ. GECƏ
Pərdələrin arasından işıq görünür. Xalid muzeyin qarşısında dayanıb ikinci mərtəbənin pəncərəsinə baxır. Xalid təhlükəsizlik kodunu bir-bir yığır. Sonuncu rəqəmdə tərəddüd edir. Gözləyir. Yenidən kodu yığır. Bu dəfə son rəqəmi xeyli düşünür və nəhayət, düyməni sıxır. Qapı azacıq aralanır.
İNT. EV MÜZEYİ. PİLLƏKƏNLƏR. GECƏ
Xalid qapını açıb içəri girir və qaranlıqda qədim pilləkənlərlə yuxarı qalxır. Səs salmamağa çalışır. Nəhayət, muzeyin qapısına çatır. Əlini dəstəyə uzadıb çevirir. Açılan qapının arasından isti işıq süzülür. Artıq hənirti səsləri gəlməyə başlayır. Stolun üstündə boş şərab şüşəsi və iki badə var.
İNT. EV MÜZEYİ. GECƏ
Xalid qaranlıqda heç nəyə toxunmamağa çalışaraq yataq otağına tərəf gedir. Yataq otağının açıq qapısından zəif qırmızı işıq süzülür. Getdikcə onun qarşısında dəhşətli mənzərə açılır.
Çarpayıda sevişən Əkbərlə Ayan ətrafdakı bütün parlaq səthlərdə əks olunur. Güzgülər, qapı şüşələri, foto çərçivələri – hamısı bu mənzərəni əks etdirərək çoxaldır, sayını artırır.
Ayan Xalidi görən kimi qışqıraraq sürüşüb, Əkbərin arxasında gizlənir. Əkbər otağın ortasında dayanan Xalidi görəndə elə də təəccüblənmir. Vəziyyətdən, çılpaq bədənindən zərrə qədər də utanmadan yerində dikəlir. Əkbər gülümsəyir.
ƏKBƏR:
Oğul?
Xalidin gözlərində vəhşi qəzəb var. O, çarpayıya tərəf gedir.
Şüşə şkafın qapısı açıqdı. Sırayla düzülmüş cərrah qayçılarının arasında bir yer boşdur.
İNT. XALİDİN EVİ. GÜNDÜZ
Xalid sakitcə atasının yataq otağına daxil olur. Yorğun addımlarla keçərək rahatca onun çarpayısına uzanır. Gözlərini tavana dikib baxır.
İNT. POLİS BÖLMƏSİ. GÜNDÜZ
Xalidin qarşısında bir fincan çay və salfetə bükülü bir neçə qənd parçası var. Xalid özündə deyil.
1POLİS (K.A): Münasibətlərini bilirdin?
Xalid başını sallayır.
XALİD:
Dost idik. Mən tanış eləmişdim.
1POLİS (K.A):
Qızın ərini də tanıyırdın?
Xalid çayından bir qurtum alır. Yavaş-yavaş başını qaldıraraq polislərə baxır və başını yelləyir.
2POLİS (K.A):
Son günlər tez-tez zəngləşirmişlər atanla.
Xalid eşitdiklərindən çaşıb qalır.
1POLİS (K.A):
Axırıncı dəfə nə vaxt görmüsən atanı?
XALİD:
Dünən günorta. Məscidin yanında düşürtdüm. Cümə namazına gedirdi.
1POLİS (K.A):
Bəs Ayan Orucovanı?
XALİD:
Dörd-beş gün əvvəl. Bulvarda. “DALĞA” çayxanasında. Atamla söhbət eləyirdilər.
1POLİS (K.A):
Nə söhbət?
XALİD:
Bilmirəm. Mənə dedi ki, başqa stolda otur, bizim söhbətimiz var, istəmirəm, eşidəsən. Sonra da mən getdim, onlar qaldılar.
1POLİS (35 yaş) və 2POLİS (25 yaş) öz aralarında baxışırlar. 2Polis dəftərçəsinə qeyd edir.
1POLİS:
Qızın əri cinayətdən 1 saat sonra Rusiyaya uçub. Zapros göndərmişik. Narahat olma. Tutub gətirəciyih.
1Polis diqqətlə Xalidi müşahidə edir.
2POLİS:
Ölümdən qaçmaq olmaz. Onsuz da az qalmışdı.
Xalid çaşqın halda polis nəfərinə baxır.
XALİD:
Nəyə az qalmışdı?
Polislər baxışırlar.
1POLİS: Deməyib, yəqin.
2POLİS: Xəstəliyinə görə buraxmışdılar. Çox yaşayan deyildi.
Xalidin gözü yol çəkir.
1POLİS (K.A):
Di yaxşı get. Lazım olsan, çağıracayığ.
2POLİS(K.A):
Allah rəhmət eləsin.
Xalid qətiyyən özündə deyil və polisin başsağlığını eşitmir. Həqiqət get-gedə ona aydın olmağa başlayır.
İNT. MƏRMƏR SEXİ. GÜNDÜZ
Avtomat dəzgah mərmər daş üzərində qadın portreti çızır. Şəkil Ayanı xatırlatsa da, yarıya qədər cızıldığı üçün hələ dəqiq demək mümkün deyil. Xalid mexanizmi müşahidə edir. Xalidin üz-başını tük basıb. Hiss olunur ki, mənəvi və fiziki xeyli yorulub, əldən düşüb. Onun zahiri görkəmi Əkbəri xatırladır.
ƏLİ (K.A.):
Boş şeydü. Üzdən cızır. Beş-on ilə qar-su yuyub aparıcey. Əl əməyinün yərün heç nə verməz.
Xalid dönüb Əliyə baxır. Əli yaxınlaşıb əlini Xalidin çiyninə qoyur.
ƏLİ (dəzgaha işarə edir):
Özün bilisən, söbət mənniy dögür. Xozeynin qərarıdu. Heç məə də dimigib.
Xalid başıyla razılıq bildirir. Çevrilib getmək istəyir. Əli onu saxlayır.
ƏLİ:
Sən yəğin şekli özün çəkəceysön…?
Xalid başını sallayır.
Qalaqlanmış mərmər lövhələr.
ƏLİ (davam edir):
Hansınu istigirsən seç. Xərji mənliydü.
Xalid xeyli baxdıqdan sonra barmağını daşlardan hansınasa tuşlayır. Əli başı ilə razılıq işarəsi verib aralanır. Xalid daşa baxır.
EXT. QƏBİRİSTANLIQ. BOSTAN. QÜRUB
Kiçik pomidorlar qıpqırmızı qızarıblar. Xalid pomidorlardan birini dərib vedrənin dibindəki suda yaxalayır və iştahla yeməyə başlayır.
Vedrədəki suyu bitkilərin diblərinə boşaldır. Sonra vedrəni götürüb qəbirlərin arasındakı dar cığırla irəliləyir.
EXT. QƏBRİSTANLIQ. QÜRUB
Xalid vedrənin dolmasını gözləyir. Bir siqaret yandırır. Xeyli fikirləşdikdən sonra bir qədər irəli gedir. Qəbirlərin arasıyla dolaşaraq anasının qəbrinə yaxınlaşır. Anasının baş daşının sol tərəfindəki yeni, qırmızı mərmər daş üzərində Əkbərin rəngli şəkli çəkilib. Gözlərində eynək, əlində tutduğu Quranı oxuyur. Şəkil onun həyatda olan obrazından xeyli fərqlənir. Sərt, soyuqqanlı Əkbər indi bir qədər mehriban, nurani ağsaqqalı xatırladır.
Xalid qəbrin önündə donub qalıb. Kranın altındakı vedrə artıq dolub -daşır. Xalid vedrəni götürür, əyib bir az boşaldaraq yüngülləşdirir. Getmək istədikdə kənardan bir səs onu haylayır. Çevrilib gəldiyi yerdə bir nəfərin ona əl elədiyini görür. Vedrəni yerə qoyub adama tərəf tələsir.
Yaraşıqlı geyinmiş, ağ saçlı bir KİŞİ (60-65 yaş) arxası ona tərəf dayanıb. Üzünü görməsək də, hiss olunur ki, dalğındır. Əliylə Xalidin anasının qəbrini göstərib sanki özüylə danışırmış kimi səslənir.
KİŞİ:
Oxu!
Uzünü qəbirə tutub ovuclarını birləşdirir və duanı gözləyir. Xalid çaşqın halda bir qəbirə, bir də kişiyə baxır. Tələsmədən cibindən dua kitabını çıxarır. Bütün diqqəti kişidədir. Xatırlamağa çalışsa da, tanıya bilmədiyi hiss olunur. Nəhayət, kitabı açıb diqqətini cəmləyir.
XALİD (K.A):
Mərhumənin adı…?
Kişi kitabın arasına 5 manat qoyur.
KİŞİ (K.A):
Mələk. Mə-Lək.
Xalid bir də kişiyə, sonra isə kitabın arasındakı 5 manata baxır. Sual vermək istəsə də, özünü ələ alır.
Xalid pulu kitabın arasından götürür və aramla dua oxumağa başlayır.
XALİD (K.A):
Bismillahir-Rahmənir-Rahim..
TİTRLƏR PEYDA OLUR.
SON