Ey, kimsən orada? Aç qapını!
Vüsal Əhmədzadənin bu il prokata çıxan “Qapı” tammetrajlı bədii filmi (layihənin ideya müəllifi Əlixan Rəcəbovdur) klassik qarət hekayəsidir. Daha doğrusu, qarət motivinin kinoda işlənmiş modellərindən biridir. Kriminal tragikomediya janrında çəkilmiş filmdə dramaturji düyünlərin faciəli yöndə mürəkkəbləşməsi, onu eyni zamanda trillerin tipik xüsusiyyətlərinə yaxınlaşdırır…
Süjetə əsasən, ailə problemlərini həll edə bilməyən, intihara cəhd göstərən Vidadiyə (Nurlan Rüstəmov) bacısı Vəfa (Sənubər İsgəndərli), xadimə işlədiyi zəngin bir ailənin evini soymağı məsləhət görür. Onlar kömək məqsədilə, yaxın qohumları, təcrübəli, həbsxanadan yenicə çıxmış Vəfadara (Rəfael İsgəndərov) müraciət edirlər. Qarətçilərin planı istədikləri yöndə getmir və onlar oğurluq etdikləri evin qapısı kilidə düşdüyündən içəridə qalırlar…
Diqqətimi hər şeydən əvvəl, “Qapı”nın ssenaristlərinin (Emin Əfəndiyev və Vüsal Əhmədzadə) kriminal motivli milli komediyaların pis ənənəsi ilə getməməsidir; onlar tamaşaçını güldürmək xətrinə istifadə edilən absurd, qrotesk, gik kimi fəndlərdən (və demək ki, bayağılıqdan) imtina edirlər, səliqəli və nisbətən əsaslandırılmış dramaturgiya qururlar, maraqlı, fərqli qəhrəmanlar düşünürlər. Hətta dialoqlardakı yüngül qeyri-normatv leksikon qulaqları narahat eləmir, çünki süni şəkildə ortaya çıxmır, situasiyaların daxili ritmi, təbii axarı nəticəsində, üstəlik, qəhrəmanların xarakterinə və anındakı davranışına uyğun şəkildə təsvir olunur.
Beləliklə, hadisələrin əsas hissəsi zəngin ev sahibinin mənzilində baş verir. Kilidə düşmüş qapı da, müxtəlif sosial təbəqələrin qarşılaşdığı ev də cürbəcür yozumlara açıqdır. Müəlliflər “cinayət və cəza”, yəni cinayət varsa, cəzası da olmalıdır prinsipinə sadiq qalırlar. Səmimiyyəti, sadəlövhlüyü ilə istər-istəməz rəğbət, mərhəmət hissi doğuran Vidadinin belə cinayətini (hətta o, cinayəti ekstremal şəraitdə etsə də) müəlliflər bağışlamır. Ekspozisiyada intihara cəhd göstərən Vidadi özünəqəsd aktını sonda başa çatdırır; bir gündə baş verən proseslər, onu mənəvi və psixoloji cəhətdən bu çətin akt üçün yetişdirir. Və ssenaristlər, Vidadinin əvvəldə baş tutmayan intiharından finala qədər olan hissədə, hadisələrin məntiqi, qəhrəmanın emosional inkişafını doğru ardıcıllıqla qururlar.
“Qapı”nın digər fərqi, bir qisim film və seriallarımızın yoluxduğu, publisistika, sosial bəyanat ritorikasında, bədii fəndlərsiz, birbaşa deyilən “sosial ağlaşma, sosial istismar” motivli ismarışların demək olar ki, olmamasındadır. Düşünürəm ki, belə bir nəticə, təkcə ssenaristlərin, rejissorun yox, həm də əsas qəhrəman Nurlan Rüstəmovun oyunu hesabına baş verir. Çünki Nurlan Rüstəmov obraza münasibətində ucuz dramatizmə yer qoymur, öz qəhrəmanının psioxofiziki vəziyyətini yaxşı mənimsədiyi hiss olunur, müxtəlif emosional, bir-birinə zidd situasiyaları çevik oynayır və qəhrəmanının daxili vəziyyətini anında, doğru ifadə vasitələrilə ifadə edir.
Söhbət “sosial istismardan” düşmüşkən, bunu da deyim. Vüsal Əhmədzadənin rejissor kimi ilk işlərindən biri qısametrajlı “Kloun” (2021) filmidir. Nicat Rəhimov maddi sıxıntılar üzündən kloun işləyir və düşdüyü vəziyyətdən çıxış yolu tapmayan və sonda intihar edən qəhrəmanı oynayır. Kloun mövzusu bədii və sənədli kinoda müxtəlif kontekstlərdə çox işlənib. Milli kinomuzda isə Elmir Süleymanovun “Gizlənpaç” (2016) komediyasında kloun motivi var; qəhrəmanlar maddi imkansızlıq səbəbindən ziyafətlərə kloun qismində gedir və burada da cəmiyyətimizin onlara olan təhqiramiz münasibətinə toxunulur. Hərçənd, rejissor problemin alt, dərin qatlarına nüfuz etməyib.
Vüsal Əhmədzadəinin “Kloun”u isə dramdır. Daha çox komik obrazlarla tanınan Nicat Rəhimovu rejissor əks ampluada sınayır, aktyor tapşırığın öhdəsindən heç də pis gəlmir və ifa etdiyi komik obrazlarının dramatik potensialını sezdirib. “Kloun”da başlıca problem, ssenaridə (Toğrul Eminli) və rejissorun baxışındadır. Çünki qısa filmdə, əsas obraza, az qala, cəmiyyətin bütün dərdləri birdən yüklənir; Oğlu avara uşaqlara qoşulur, tipik deyingən evdar qadını ona zəngin qonşu ilə xəyanət edir və o, üstəlik, kloun kimi də uğursuzdur. Müəllif ənənəvi ailə dramı çəkib, ənənəvi qəhrəmanlardan istifadə edib, qəhrəmanın faciəsinə səthi, informativ yanaşıb. Yəni sosial-psixoloji qata bədii vurğular edilmir, hekayə bədii metodsuz, sənədli reportaj üslubunda kobud işlənir. Məhz bu mənada “Qapı” daha bədii-estetik keyfiyyətli işdir.
“Qapı” filmində adi bir cinayət hadisəsi zamanı cəmiyyətin tam olmasa da, müəyyən mənada mənzərəsinin təsvirini görürük: Kənar adamların həyatına burnunu soxan, öz məsləhətlərini əhəmiyyətli sayan qonşu qadından tutmuş (Zemfira Əbdülsəmədova), öz haqqını komizm qarışıq sentimental didaktika ilə tələb edən kuryerədək (Emil Musayev)…
Qəhrəmanların hekayədəki pafosu, leksikonu, psixoportreti düzgün düşünülüb. Həssas, sentimental adam təsiri bağışlayan kuryerin, təhqir olunmuş ləyaqətini şüarçı intonasiya ilə qoruması – dramatik və bir qədər absurd vəziyyətlərdə, təklif olunmuş psixoloji mühitdə son dərəcə təbii görünür. Həmçinin, müğənni obrazını yaradan Kamran Ağabalayevin maskulin fakturasına tərs mütənasib gözüqıpıqlığı, bir qədər qadınsayağı, komforta düşkün xarakteri də, gözəllik salonunun işçisini oynayan Kəmalə Onurun müştərilərinin şkafındakı gizli skeletleri ilə maraqlanan qeybətcil, mənfi enerjili qəhrəmanı da.
Ümumiyyətlə, Kəmalə Onur maraqlı aktrisadır, yaxşı müşahidəçidir, obrazlarını bir-birindən fərqləndirən əhəmiyyətli xırdalıqlar tapır. Qətiyyətli, nə istədiyini bilən keçmiş cinayətkarı canlandıran Rəfael İsgəndərov əvvəldə bir qədər “Bu şəhərdə” layihəsindəki xarakterik obrazların intonasiyasından çıxa bilməsə də, sonrakı ekstremal vəziyyətlərdə başqalaşa bilir. Xadimə rolunun ifaçısı Sənubər İsgəndərliyə, nitqinə yüngülcə pəltəklik tətbiq etməsi və üz ifadələrində ölçülü qrimas kifayətdir ki, fərqli xadimə obrazı görək.
Hər bir obrazın xarakterik cizgiləri, gizlindəki kimliyi bir-birilə qarşılıqlı münasibətlərində, konfliktlərdə aşkara çıxır və beləcə, cəmiyyətin müəyyən münasibətlər sisteminin tablosuna çevrilir.
Hərçənd, ev sahibləri – zəngin ər-arvad (Taleh Yüzbəyov və Kəmalə Piriyeva), ümumi dinamikadan sanki bir qədər kənarda qalırdı. Qarət hadisəsinin başa çatmasına təkan verən, ərin homoseksual olduğunun meydana çıxan gözlənilməz səhnədə aktyorların oyununda, ümumiyyətlə, səhnənin özündə vacib olan dramatik və emosional dərinlik, naqolaylıq nəzərə çarpmadı. Ola bilsin, buna mane olan səbəblərdən biri, təyin olunmuş mizanlarla, seçilmiş kamera rakursları ilə, planlarla da bağlı idi. Taleh Yüzbəyovun qəhrəmanının sirri faş olan zaman verdiyi reaksiyası, artıq, fırtınadan sonrakı sakitliyi xatırladırdı. Kəmalə Piriyevanın, daxili təlatümlərini ikinci planında çatdırmasında natamamlıq duyulurdu. Ümumiyyətlə, ər-arvad münasibətləri ilə bağlı xəttin dolğun toxunuşlara ehtiyacı vardı.
“Qapı” kamera filmidir və minimal məkana hesablanmış analoji ekran işlərini çəkmək asan deyil. Bu, operatordan, aktyorlardan, rejissordan hazırlıq, daha iti, yaradıcı düşüncə tələb edir. Operator Orxan Məmmədov ümumən, məkanda əlverişli pozisiyalar seçib, bəzən, onun sanki təhrif olunmuş təsvirləri hadisənin absurdluğuna, qeyri normallğına adekvatdır.
“Qapı”nın ssenaristlərindən biri Emin Əfəndiyevin sözlərinə görə, ona təklif olunmuş 5-6 səhifəlik materialda ideya, ismarış yox, sadəcə vəziyyətin təsviri olub:
“Vüsal dedi ki, film çəkmək istəyirəm, mənə kömək edərsənmi? Bütün strukturunu, süjet xəttini qurdum, ideyasını tapdım, içini Vüsal doldurdu. Redaktələr etdim. Ümumi iş belə getdi. Mən müəllif kinosunda da yazanda janra uyğun yazıram. Janr kinosunu nəzərə alıram. Əsas məqsədim odur ki, düzgün süjet olsun, hadisə olsun, dramaturgiya düzgün olsun. Müəllif kinosunda da, kommersiya kinosunda süjet xəttinin və dramaturgiyanın olması vacibdir. Əvvəlki kommersiya filmlərimizdə bu, o qədər də nəzərə çarmır. Bu, təhsil tələb edən bir şeydir. Hər iki halda, yəni istər müəllif, istərsə də kommersiya filmləri tamaşaçı üçündür. Sadəcə müəllif kinosunda, onu dəyişib fərdiləşdirirəm. Burada isə daha çox akademik yazıram ki, çəkəndə rejissora rahat olsun və tamaşaçının diqqətini ekranda saxlasın. Mütləqdir ki, kommersial ssenariləri də peşəkar, təhsilli adamlar yazsınlar. Ona görə dünyada böyük pullar xərclənir. Məncə, “Qapı” yaxşı alınıb. Əslində bir məkan üçün yazmaq çətindir. Çünki fantaziyanı çox işə salmaq olmur. Həm də büdcə çox olmayanda real büdcəyə uyğun yazırsan”.
Qeyd edim ki, Vüsal Əhmədzadə buna qədər “Qış nağılı 1-2”, “Hozu Zona”, “Qız qalası” bədii filmlərinin ikinci rejissoru kimi çalışıb. Yutub platformasında yayımlanan filmlər çəkib:
“Bundan öncə qısametrajlı filmlərimdə özüm üçün müxtəlif yeniliklər edirdim. Məsələn, komediya aktyorunu dramda yoxlamaq kimi. Özümü ümumiyyətlə komediya janrında rahat hiss edirəm. Kriminal komediya janrında daha çox filmlərə baxıram. Bəlkə ona görə də, birinci iş bu janrda oldu. “Qapı”nın ssenarisini yazıb, bir neçə dostumuza oxumağa verdim. Sonra belə oldu ki, suallar verməyə başladılar. Başa düşdüm ki, dramaturji baxımdan boşluqlar var və möhkəm strukturun olmaması bu sualları doğurur. Ona görə, bu işi daha düzgün bilən Eminə müraciət etdim. Və onun “ssenari doktoru” kimi daha çox mənə köməyi lazım idi. Struktur və dramaturgiyasının düzəlməsi ssenarini tam etdi.
Mən kamera filminin ucuz alınacağına ümid edirdim. Sən demə, elə deyilmiş. Bu da ən böyük təcrübə oldu. Ümumilikdə, kommersiya filmlərimiz içində bu janrda kamera filmi görməmişdim. Varsa da baxmamışam”.
Prokatda gözlənilən gəliri əldə etməsə də, xırda-para çatışmazlıqlarına rəğmən, “Qapı” kommersiya kinomuzda xarakterinə, yanaşmasına görə ciddi və vacib işdir.
Sevda Sultanova