İNDİ OXUYUR
Kainatın ağuşunda: Bəşər və sonsuzluq

Kainatın ağuşunda: Bəşər və sonsuzluq

Sizi ən çox qorxudan nədir? Ölüm, yoxsa ondan daha pisi – öldükdən sonra unudulmaq? Əbədiliyin yollarını axtarıb, ölümsüzlüyə çarə tapa bilməyən insan mənəvi dincliyini yalnız simvolik ölümsüzlükdə tapa bilər. Yazıçıları əsərləri, rejissorları filmləri, hökmdarları siyasətləri, ümumiyyətlə, hər kəsi özlərinə xas nəsnələr insanlara xatırladar. Ölməkdən daha betəri – unudulmaq, ondan daha faciəlisi isə xatirələri yaşadacaq varlıqların fani olmasıdır. Bəşər, təbiət və kainatla yarışdıqca məğlub olacaq, insanlar məhv olduqca kainat varlığına davam edəcək. Xatırlayanlar yox olduqca, xatirələr də yer üzündən silinəcək və beləliklə, biz və bütün nəsnələr kainatın ağuşunda boğulacağıq. O burulğanda bizi nələrin gözlədiyi isə məlum deyil.

Bu naməlumluq bizə çoxdan tanışdır. Lap uşaqlıqdan. Yeməyimizi yeməyəndə, sözə qulaq asmayanda bizi qorxutduqları xoxanla, dozanqurdu ilə heç vaxt getmək istəməmişik. Bilinməzliyin kölgəsinə yaxınlaşmağa cəsarətimiz olmasa da, güman edirəm ki, çoxumuz ağ çarşab geyərək qorxulu kabus rolunu oynamışıq. Az sonra anlayacaqsınız ki, xatirələrimizdə oyun kimi qalan bu illüziya, əslində, erkən qavrayışın müjdəçisidir.


Qorxunu insanların “ölüm və varlıq” anlayışı üzərində quran Devid Lourinin “Kabus hekayəsi” (“A ghost story”) filmi ekzistensial narahatlıq, ölüm və ölümdən sonrakı proses, zaman və məkan, emosional bağlılıq və s. mövzulara işıq salır. Vizual sadəliyi ilə dərin mənalar yaradan, filmlərində minimalizmi və fəlsəfi düşüncəni ön plana çəkən müəllif, yaradıcılığında, əsasən, ölüm və itki mövzularını, duyğuların emosional ifadəsini, zamanın keçiciliyini qabardır. “Yaşıl cəngavər” (2021), “Pitin əjdahası”(2016), “Müqəddəs bədənlər deyil” (2013) kimi filmlərin müəllifi olan rejissor, 2017-ci ildə çəkdiyi “Kabus hekayəsi” filmi ilə karyerasında əhəmiyyətli dönüş yaratmaqla yanaşı, öz üslubunu təsdiqləyir: “Bu, yəqin ki, çəkdiyim ən yaxşı filmdir. Bütün filmlərim müəyyən dərəcədə eyni dramatik məzmundan və mövzudan bəhs edir. Ölüm qorxusu və əhəmiyyətsizlik”. Rejissor “Kabus hekayəsi” filmində də ənənəvi mövzularına sadiq qalır. Filmdə qəhrəmanlar, aktyorların adlarının baş hərfi ilə təyin edilib. Keysi Afflekin oynadığı rol C (ər), Runi Maranın personajı isə M (arvad) kimi xarakterizə edilir.


Melanxolik atmosferi ilə seçilən film, M (arvad) və C-nin (ər) bir-birlərinə sarıldığı səhnə ilə başlayır. M, həyat yoldaşına bağlı personaj kimi təqdim edilir. C ilə aralarında keçən dialoqdan M-in uşaqlıqdan bəri tez-tez ev dəyişdiyi və tərk etməzdən öncə özündən xatirə buraxdığı məlum olur. Rejissor özündən sonra iz qoymağa çalışan qəhrəmanın fonunda insanın unudulmaq qorxusundan söz açır.

“Kabus hekayəsi” filmində baş verən dramatik hadisə – C-nin avtomobil qəzasında həyatını itirməsi tamaşaçını emosional bağların qırılması səhnələrinə götürməklə yanaşı, onu kainat və varlıq haqqında düşünməyə vadar edir. C, dünyasını dəyişəndən sonra hadisələrə – zaman və məkan anlayışının dərin fonuna ağ örtük geyinmiş ruh qismində daxil olur. Onun vəfat etdikdən sonra dünyaya ruh olaraq qayıtması və ətrafda baş verən hadisələrə müdaxilə hüququndan məhrum edilməsi artıq həyatdan təcrid olduğunu göstərir. (Daha yaxın məna ilə ifadə etsək, ruh adlandıra bilərik.) Qəhrəmanın daxil olduğu növbəti mərhələ isə – ölümdən sonrakı dərketmədir. Müəllif, C-nin özünü və ətrafa münasibətini göstərməklə zamanın və kainatın insandan daha böyük olduğunu tamaşaçıya izah etməyə çalışır. Filmin ikinci əsas qəhrəmanı M-in, yoldaşının ölümünü qəbul etmədiyi səhnələrdə peşəkar aktyor oyunu sayəsində qəhrəmanın ağrısını hiss edirik. Məsələn, meyitxanadan sonra evə gələn M-in yemək yediyi səhnəni rejissor, dayanmadan beş-altı dəqiqə ərzində tamaşaçıya göstərməklə, sanki qəhrəmanın özünə də hadisəni qəbul etdirməyə çalışır. İri plandan istifadə vasitəsilə qəhrəmanın daxili təlatümünü və mənasızlıq hissini ekranlara sızdırır.


Qəhrəmanın barışmazlıq mövqeyindən əl çəkməməsi, isveçrəli-amerikalı psixiatr-yazıçı Elizabet Kubler Rosanın ölüm və itki ilə üzləşən insanların kədərinin beş mərhələsini ifadə edir: inkar və şok mərhələsi, qəzəb mərhələsi, danışıqlar mərhələsi, depressiya mərhələsi və qəbuletmə mərhələsi.

İnkar mərhələsi: Ərinin ölümü ilə barışa bilməyən M, evin hər küncündə, yataq otağında belə onun izlərini axtarır. Qəzəb mərhələsi: M, həyatın mənasızlığı və ölümün ədalətsizliyi hissini yaşayır. Danışıqlar mərhələsi: Musiqinin dili ilə daxili dünyasına səyahət edərək, sanki C ilə dialoq qurur. Depressiya: Yemək səhnəsi; M, həyat boşluğunda itkin düşür, özünü emosional cəhətdən təcrid edir, yaşamaq həvəsi itir. Buna baxmayaraq, depressiya mərhələsinin davam etdiyini M, ağrısını azaltmaq məqsədilə evə yeni sevgili gətirəndə görürük. Bu onun daxili boşluğunun müvəqqəti həlli kimi göstərilir. Ruh görünməz, fiziki təmasdan məhrum olsa da, onun müdaxiləsi, yəni, qəzəblənərkən otağın işığının qorxulu formada yanıb-sönməsi simvolik təsvir və dramatik vasitə kimi təqdim edilir. Bunu C-nin emosional vəziyyətinin güclü təzahürü adlandırmaq olar. Nəhayət, Qəbul mərhələsi: M-in ərinin yoxluğu ilə barışması və onun ölümünü qəbul etməsi daxili dünyası ilə yanaşı həyatını da dəyişir. Belə ki, o, evdən köçməyə hazırlaşır və özündən sonra adəti üzrə divarların küncündə görünməz yerdə yazı qoyur. Qəhrəmanın evdən çıxdığı səhnə filmin rənginə də təsir edir. Belə ki, zamanın dayandığını və keçmişə üsyanı ehtiva edən tünd, bozumtul tonlar qəhrəmanın iri planında istifadə edilən parlaq və rəngli tonlarla əvəz edilir. Sükan arxasında əyləşən M-in iri planı fonunda simasına düşən günəş şüası onun daxili dünyasının işıqlandığını, artıq yeni şeylərə hazır olduğunu ifadə edir. Evə isə yeni sakinlər köçür. Zaman keçdikcə dəyişməyən yeganə nəsnə ruhun varlığı olur. Yeni sakinlərin evə gəlməsi, ruhun kənardan onları izləməsi, həyatın dövriliyinə, zamanın axıcılığına və eyni zamanda, kainatın sonsuzluğuna işarə edir. Ən ali canlı hesab edilən insan, əslində, kainat fonunda bir heçdir. O özünü əbədi və güclü varlıq kimi hiss etsə belə, kainatın nəhəng sonsuz fəzasında bir nöqtə olduğunu unutmamalıdır. Beləliklə də, insan həyatının nə qədər kiçik və məhdud olduğunu öyrənirik. Kainat, sonsuz dövriyyəsində insan və insandan sonra qalan hər şeyi ağuşuna alacaq.


“Bir yazıçı roman yazır. Bir şair mahnı sözləri yazır. Bəstəkar musiqi bəstələyir. Bunlar ən yaxşı nümunədir. Çünki ən yaxşılar Tanrı üçün yazılıb. Sizcə, əgər Bethoven öz Doqquzuncu Simfoniyasını yazandan sonra bir gün oyanıb Tanrının olmadığını anlasaydı, nə baş verərdi? Birdən kimsə bütün  akkordların, insan varlığını aşmalı olan bütün ahəngin fiziki yanaşma olduğunu deyər. Onda Bethoven söyləyər: Ah! Tanrı yoxdur! Deməli, bunu sadəcə insanlar üçün yazıram… Əslində, biz də unudulmamağa çalışırıq. Mirasımızı parça-parça yaradırıq. Ümid edirik ki, bəlkə o zaman dünyada bir neçə insan bizi xatırlayar. Öləndən sonra burada olmaq üçün əlimizdən gələni edirik. Amma bütün uşaqlar və onların da uşaqları öləcək…”

Dialoqların çox az istifadə  edildiyi filmdəki yeganə uzun və filmin məğzini təşkil edən dialoqu oxudunuz. Rejissorun təbirincə desək,  insan ölüm haqqında həyəcan  keçirmədən  düşünməli və dərk etməlidir. Çünki insan həyatı müvəqqətidir, zamanın sonsuz hərəkəti qarşısında keçicidir. Daimi olan və heç vaxt tükənməyən yeganə nəsnə kainat və varolmadır.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya