Kittinin memuarları
Kino və ədəbiyyatın sintezi nəticəsində yaranan bir sənət əsəri hər zaman özünəməxsusluğu ilə seçilir. Yazıçının əsərini oxuduğu zaman oxucu, ilk səhifədən əsəri öz təxəyyülündə canlandırır. Bəzən daha sonra bu fantaziya məhsulunun bir analoqu olduğunu, ekranlaşdırıldığını da öyrənirik.
Bütün deyilənləri ötən əsr ədiblərinin əsərlərilə uzlaşdıranda, ümumiyyətlə, ayrı bir dünyaya qərq olursan. Qəhrəmanların lələklə məktublar yazdığı, bir yerdən digər yerə getmək üçün araba və kəcavələrdən istifadə etdiyi, balların təşkil olunduğu, sevginin saf olduğu dövrü tanınmış yazıçıların ruhu oxşayan bədii təsvirlərindən oxuyanda daxilində yaranan duyğuları itirməmək, onu daha da gücləndirmək üçün onları həm də ekranda müşahidə etmək arzusu yaranır.
Həyatına 78 kitab sığışdırmış ingilis yazıçısı Vilyam Somerset Moemin əsərlərinin qəhrəmanları psixoloji durumları, həyata baxışları, münasibətləri, hərəkətləri ilə cəmiyyətin mənəvi və intellektual qatlarını fərqli bucaqdan izləməyə imkan yaratmışdır. Həyatının böyük bir hissəsini təklikdə keçirən yazıçı, ehtirasını vaxt keçirdiyi qadınlardan çox, əsərlərindəki obrazlara ötürmüşdür. Hətta tənqidçilər, bütün diqqətini peşəsinə yönəldən yazıçını “qadın düşməni” belə adlandırırdılar. Moemin fikrincə, qadınlar əksər hallarda zəif və paxıl varlıqlardır.
Moemin təsirli romanlarından biri “Boyalı tor” romanıdır. Bu romanda da onun qadınlarla bağlı düşüncələri öz əksini tapıb.
“Boyalı tor” romanı kino tarixində üç dəfə ekranlaşdırılıb. 1934-cü ildə rejissor Riçard Boleslavski tərəfindən çəkilmiş eyniadlı ilk versiyada əsas rolları Qreta Qarbo və Herbert Marşall ifa edir. 1957-ci ildə rejissorlar Ronald Nim və Vinsent Minelli Moemin bu romanını “Yeddinci günah” adı ilə ikinci dəfə ekranlaşdırıblar. Bu məqalədə əsərin üçüncü ekranizasiyasından – rejissor Con Körran tərəfindən 2006-cı ildə çəkilmiş “Boyalı tor” filmindən danışacağıq.
Bütün hekayə filmin baş qəhrəmanı Kitti Feynin ətrafında cərəyan edir. Kitti 27 yaşlı nazlı, şıltaq, kübar və bir o qədər də dərin düşüncələrə sahib olmayan gənc xanımdır. O, kübar cəmiyyətin əsas əyləncəsi olan ballardan birində bir centlmenin qəlbini ovlamağı bacarır. Volter Feyn mədəni, savadlı, təvazökar, eyni zamanda, hisslərini büruzə verməkdə çətinlik çəkən 41 yaşlı bakterioloqdur. O, Kittiyə heyran olur və evlilik təklif edir. Çinə köçüb yeni, nağıl kimi həyat sürmək arzusunda olan qəhrəmanları müşahidə edəndə onların tamamilə fərqli dünyaların insanları olduğunun fərqinə varırıq. Tamaşaçını bir sual intizarda saxlayır: “Bu münasibət nə qədər sürəcək?”.
Feyn, Kitti ilə evləndikdən sonra münasibətləri fərqli inkişaf edir. Aristokrat tədbirlərini sevən, daim əyləncə axtaran, alim həyat yoldaşının mühitində özünə yer tapa bilməyən Kitti, söhbət edərkən ondan cavab eşitməyə belə nail olmur, çünki Feynin fikri-zikri yalnız öz elmi işlərindədir. Lakin Volter vaxtaşırı özünə həyat yoldaşı olduğu xatırladır. Bəzən Kittinin simasında “Görəsən, mən bu evliliyə razılıq verməklə düz etmişəm?” sualı oxunur.
Nəhayət, Kitti həyat yoldaşı ilə birlikdə teatra gedir. Teatrda onlar Taunsend cütlüyü ilə tanış olurlar. Kitti Çarlz Taunsendi ilk baxışdan cəlb edir və beləliklə, ailəli qadının həyatında eşq macərası başlayır. Film də məhz bu andan sonra maraqlı olmağa başlayır.
Əslində, bu evlilikdə tərəflərdən birinin əvvəl-axır bu addımı atacağını güman etmək olardı. Volter də seçdiyi xanımın xasiyyətinə tab gətirməyib bunu edə bilərdi, halbuki bu, ondan gözləniləsi addım deyil. Kittinin xəyanəti fonunda Con Körnan həmin dövr ingilis cəmiyyətində evli insanlar arasında yaşanan aktual problemləri nümayiş etdirir:
Emosional bağın olmaması. Volter ilə Kitti arasında ilk görüşdən bu əlaqənin səthi olduğu və hətta yoxluğu hiss olunmuşdur. Bu münasibətin möhkəm olacağına dair ümid hissini yalnız Volterin baxışlarında oxumaq mümkün idi. Kittinin hissləri isə emosional yelləncək kimi idi. Bəlkə o da özlüyündə bununla bağlı xəyallar qururdu, lakin qəti şəkildə büruzə vermirdi. Bu emosional əlaqəni “qəribə bağlılıq” adlandırmaq daha yerinə düşərdi.
İntim həyatda qeyri-məmnunluq. Emosional əlaqənin yoxluğu Kittinin qısa müddətlik evlilik dönəmində intim həyatında da öz əksini tapır.
Volter gecə Kittinin yanına gələndə işığı söndürmək istəyir. Kitti buna təəccüblənir. Beləliklə, biz öz mühitində böyük nailiyyətlər əldə etmiş savadlı, zəhmətkeş, peşəkar bakterioloqun tamamilə fərqli psixoloji tərəflərini kəşf edirik. O, peşəkar nailiyyətlərinə baxmayaraq, şəxsi cəbhədə həmin uğurları əldə edə bilməmişdir. Volter əsl kişiyə xas olan cəlbedici çeviklikdən, xanımında əminlik, rahatlıq hissi yaratmaq qabiliyyətindən məhrumdur. Onun özündən bədgüman olması işığı söndürmək istəyindən bəllidir. Münasibətdə olan ən həssas proses- intim əlaqə zamanı o, Kittinin gözləntilərini doğrulda bilməməkdən, özündən soyutmaqdan çəkindiyi üçün sanki bu prosesin zil qaranlıqda baş verməsində rahatlıq tapacağını düşünür, çıxış yolunu bunda görür. Bu sarıdan Kittinin müşahidə etdiyi zəif potensial onun inamsızlığını daha da möhkəmləndirir.
Filmin əvvəlində Kitti ilə Volterin dialoqunda belə sözləri səslənir:
-Mən qadınlarla münasibətdə uğur qazana bilməmişəm. Lakin əlimdən gələni edəcəyəm ki, sən xoşbəxt olasan.
Bu sözlər özünü bir sıra məqamlarda doğruldaraq Kittinin tamamilə məyus olmasına gətirib çıxarır.
Tənhalıq və bir kişi tərəfindən anlaşılmamaq hissi. Kitti, Volterdən kifayət qədər diqqət və emosional dəstək almadığı üçün özünü tənha hiss edirdi. Volter ona müəyyən mövzularda həmsöhbət olmaqda çətinlik çəkirdi. Vaxtını daha çox həyat yoldaşına deyil, öz elmi işlərinə sərf edirdi. Zadəgan tədbirlərində iştirak isə yalnız məcburiyyətdən irəli gələn öhdəlik idi onun üçün. Bu anlaşılmazlıq və dəstəyin olmaması, sönük münasibət Kitti üçün dözülməz olur və onu ailəsindən kənarda təsəlli axtarmağa məcbur edir.
Özünü təsdiq etmək və diqqət çəkmək istəyi. Kitti savadı ilə seçilən qadın deyildi. Özünü güvənsiz hiss edən Kitti hər zaman digər kişilərin diqqəti vasitəsilə öz cəlbediciliyini və əhəmiyyətini təsdiq etməyə çalışmışdır. Həyat yoldaşından isə bunu heç görmürdü və bu ona sanki yoldaşından intellektual cəhətdən bir neçə pillə aşağı olduğunu xatırladırdı. Aldatmanın, özünə hörməti artırmaq üçün bir vasitə olduğu hekayələr nadir deyil.
Bütün boşluqları Kitti Çarlz ilə yaşadığı eşq macərası ilə doldurur. Hər görüş Kittini sanki yenidən həyata qaytarır. O, diqqətin, kişi qayğısının, zərif münasibətin nə olduğunu öyrənməyə başlayır. Hətta bu ehtiras dolu hekayə o dərəcəyə çatır ki, Kitti, Taunsendin öz yoldaşını boşayıb, onunla evlənəcəyinə inanır.
Çox tez bir zamanda Volter xəyanətdən xəbər tutur. Kitti ilə bu haqda söhbət edərkən onu seçim qarşısında qoyur: “Ya mənimlə birgə Honkonqa gedəcəksən, ya da mən səndən boşanacağam”. Taunsendin onu sevdiyinə əmin olan Kitti, Çarlzdan evlənmək barədə rədd cavabı aldıqda ürəyi paramparça olur. Bu hadisə həyatında ona vurulan, bəlkə də, ilk ən böyük zərbə idi. O, bir az götür-qoy edəndən sonra cəmiyyətdə biyabır olmaqdansa, bədbəxt yaşamağı seçərək Volterlə Honkonqa yollanır.
Rejissor, Honq-Konqu filmdə cəhənnəm motivi ilə təqdim etmişdir. insan əli dəyməmiş ekzotik təbiətin gözəlliyi dözülməz istinin, hər bucağa yayılan vəba xəstəliyi təhlükəsinin, harada gəldi qarşıya çıxan meyitlərin yaratdığı dəhşətli mənzərənin qarşısını ala bilməmişdir.
Kittinin Volterlə birgə xəstəliyin ən qızmar çağında bu torpağa ayaq basmağı, ölümlə üz-üzə gəlməyi onun düşüncələrində, həyata baxışında bir intibaha səbəb olmuşdur. Hər gün Volter xəstəxanaya yollananda, Kitti evdə tək qalırdı. Həmin müddətdə o, sanki ən ağır cəzanı çəkirdi. Kittinin daima tər içində evdə dolaşması cəhənnəm əzabına bənzəyirdi. Etdiyi hərəkəti, gördüyü satqınlığı, Honkonqa gəlişini, hətta ölümünü belə təsəvvür edərək, az qalsın ki, dəli olur, beləliklə, hər gün özünü sorğulayaraq, düşüncə və hisslərini süzgəcdən keçirərək yavaş-yavaş özünü ələ almağa çalışırdı. Deyib-gülməyə alışmış Kitti, evdəki təkliyə tab gətirə bilmir və körpələrə yardım etmək üçün hər gün monastıra gəlib-getməyə başlayır. Volter bunun əleyhinə olsa da, ona mane ola bilmir. O, monastırda tez-tez Kitti ilə qarşılaşır. Kittinin körpələrlə incə rəftarı onu biganə qoymur.
Filmdə Kittinin ətrafında toplaşan məsum uşaqlar, qayğısına qaldığı körpələr mələk simasında təqdim ediliblər. Səhnələrin birində Kitti pianoda ifa edir, qızlar isə onun ətrafında toplaşıb dinləyirlər. Bu kadrda Kitti mələklərin əhatəsində olan qayğıkeş ana kimidir. Volter isə bu mənzərəni qapıdan izləyir və yumşaq baxışlarını gizlədə bilmir. Bu anda balaca mələklər sanki bir-birlərinə daha yaxın olmaları üçün cütlük arasında bir körpü yaradırlar. Otağa daxil olan rahibə Volteri də içəri dəvət edir. Musiqi qəfildən şaqraq əhval-ruhiyyədən minor lada keçir. Kitti fransız bəstəkarı Erik Satinin “Gnossienne no.1 “ əsərini ifa edərək sanki Volterə öz əzabından, peşmançılığından və onu əfv etməsi ilə bağlı diləyindən bəhs edir. Bu səhnə simvolik anlam daşıyır. Monastır, qız uşaqları, rahibə təmiz və pak başlanğıcın, ən əsası, ümid hissinin rəmzidir. Növbəti səhnələrdə tamaşaçı Kitti və Volter arasında buzların əridiyini müşahidə edir. Dəyərlər yenidən ölçülür, münasibət dəyişir, Kitti balaca şıltaq qız qılafından çıxıb yetkin, müdrik bir xanıma çevrilir. Yerli yeniyetmələr Kittini düşmən sayıb hücum etmək istəyəndə Volter işini atıb dərhal onu xilas edir, onlar ilk dəfə ehtiras dolu gecə keçirirlər. Sonra Kittinin ana olacağı məlum olur. Volter körpənin atasının Taunsend olduğunu bilsə də, hər şeyin yaxşı olacağını və bunun da öhdəsindən gələcəklərini bildirir. Bu səhnədə peşəkar aktyor oyunu öz sözünü deyir. Edvard Norton sevinc və məyusluq hisslərinin sintezini, obrazın həmin anda özü ilə, öz hissləri ilə qarşıdurmasını tamaşaçıya da yaşadır.
Xoşbəxtlik, təəssüf ki, çox sürmür. Volter xəstəliyə yoluxaraq dünyasını dəyişir. Həyat Kitti ilə çox ağır davranır. Məlum olur ki, Kitti, əslində, ən böyük zərbəni həqiqətən sevdiyi insanı, həyat yoldaşını itirdikdən sonra alır.
“Boyalı tor” romanı da, onun ekranizasiyası da insanın mənəvi intibahından bəhs edən filmdir. Lakin eyni zamanda kitab ilə film arasında olduqca kəskin kontrast mövcuddur. Belə ki, Moemin əsərində Kitti, itkidən sonra soyuq və qəlbi qapalı bir qadına çevirir. Volterin ölümü əzabdan çox, əzabdan qurtuluşu simvolizə edir yazıçının qələmində. Filmdə isə Volterin ölümündən sonra Kittinin həyatında yeni bir səhifə açılır. Volter sevdiyi qadının mənəvi azadlığı üçün həyatını qurban verir. Burada sevgi hekayəsi ilə yanaşı, həm də bir fərdin, bir qızın həyata olan yüngül, yanlış, sadəlövh baxışlarının dəyişməsindən, onun mənən təmizlənib yeni bir insana çevrilməsindən bəhs olunur. Filmdə rejissor, münasibətdə qarşılıqlı anlayış, hörmət, səbir, qəbuletmə, daxili və fiziki dialoqların aparılması problemlərini də işıqlandırmışdır.
Niyə Kitti Volterin evlilik təklifinə razılıq verdi? Çünki o, Volterin cəsarətindən heyrətə gəlmişdi və bu cəsarətin davamını gözləsə də, gözləntiləri özünü doğrultmadı. Volterin bütün potensialı, gücü və xarizması özünü büruzə verdi, lakin gec büruzə verdi. Diqqəti sevən, şıltaq qızcığaz birdən-birə öz aləmi, dünyagörüşü olan ciddi centlmenlə ailə həyatı qursa da, onun hər mənada ləng həyat tempinə tab gətirə bilmədi, səbirsiziliyi və məyusluğu müdrikliyinə qalib gəldi. Volter baş verənlərdə öz günahını və zəifliklərini də çox gözəl dərk edirdi. Onun həyat yoldaşını boşanma ilə hədələməyi əbəs yerə deyildi. O, çox gözəl bilirdi ki, Kitti onunla boşanmayacaq. Volterin məqsədi qisas deyildi, əksinə, o, həm özünü, həm də Kittini bu yolla mənəvi yükdən azad etmək istəyirdi. Volter filmin əvvəlində Kittiyə verdiyi sözünə əməl etdi. O, Kittini xoşbəxt etməyi bacardı; üstəlik, təkcə həyat yoldaşı kimi deyil. Volter həm də onu yenidən həyata qaytardı. Ölüm səhnəsi qarşılıqlı halallıqla sonlanır.
Filmin mərkəzi qəhrəmanlarından olan Çarlz Taundsend isə ümumi insan yığınından seçilən aciz narsistdir. Görünüşü nə qədər cazibəli olsa da, ruhu, düşüncələri və əməlləri bir o qədər cılızdır. Onunla bağlı hər şey çox prozaik və bayağı təsvir olunub. Taunsend üçün Kitti, həyatın bir mərhələsində yaşadığı müvəqqəti fərqlilik idi. Eşq macərasının cəmiyyətə məlum olmasından qorxan Taunsend üçün ad-sanını qoruyub saxlamaq hər şeydən üstün idi. Bundan əlavə, ictimai rəy diktə edir ki, xain amansızlıqla cəzalandırılmalıdır. Beləliklə, onun bütün “cazibədarlığının” arxasında nəinki aciz, hətta qorxaq insan fiquru gizlənirmiş.
Onun şəxsiyyətinin düşkünlüyü Kitti ilə sonuncu dialoqunda özünü bir daha büruzə verir.
Ailədə uğursuzluq problemi. Kittinin anasının dilə gətirdiyi sözlər ailədə hökm sürən ucuz və bayağı düşüncələrdən bəhs edir və bu düşüncələrin Kittinin taleyinə təsir göstərdiyini görmək olar. Qadına yalnız gözəl bir əşya kimi baxmaq cəmiyyətdə tipik yanaşma idi. “Standart” yaşı ötüb keçən xanımların aqibəti bir vaxtlar cəmiyyətdə gündəmdə olsa belə, get-gedə öz aktuallığını itirməkdədir.
“Nə vaxta kimi atan səni təmin edəcək?” Ən doğma insanlardan, valideynlərdən eşitdiyi bu sözlər, inciklik və dərin məyusluğa səbəb olaraq Kittini “möhkəm”, “qayğıkeş”, “dəyər verən” kişinin (Taunsendin) qucağına qaçmağa vadar edir.
Kitabda Kitti qız övladı gözləyir və Moemin bu ideyasının əsasında Kittinin dünyaya qız övladı gətirməsi ilə sanki özünün ikinci dəfə dünyaya gələrək tamamilə yeni və təmiz həyata başlaması dayanır. Filmdə isə əksinə, Körran, Volterin sevgisini həm tamaşaçının, həm də Kittinin qəlbində əbədiləşdirmək məqsədilə onu oğlan övladı ilə göstərir. Oğlanın adı isə Volterdir.
Kitti rolunu ifa edən Naomi Uotsun yaratdığı obraz 2005-ci ildə çəkilən “Kinq Konq” filmindəki En obrazı ilə bənzərlik təşkil edir. Aktrisa şıltaq xarakteri, körpəsayağı baxışları, eyni zamanda zərifliyi çox uğurla nümayiş etdirir. Onun digər tərəf müqabili olan Taunsend obrazının ifaçısı Liv Şrayber həmin an aktrisa ilə evli idi və onların real münasibətindəki romantiklik ekranda da öz əksini tapıb.
Onu da qeyd edək ki, Kitti Feyn roluna ən birinci Nikol Kidman nəzərdə tutulmuşdur. Zənnimcə, Nikolun sərgilədiyi aktyor oyunu həddindən artıq sərt olacaqdı və tamaşaçıda özünə qarşı daha çox qıcıqlıq hissi yaradacaqdı.
Filmdə təbiətin rəng sxemi əhval-ruhiyyəni, emosiyaları və alt mətni çatdırmaq üçün mühüm vasitədir. Bu, personajları, filmin mövzusunu və atmosferini daha dərindən dərk etməyə kömək edir. Yaşıl rəng sxemi sadəcə estetik gözəllik üçün deyil. Rejissorun hekayəni, Kittinin mənən sakitləşdiyini izah etmək üçün istifadə etdiyi vizual dilin bir hissəsidir.
Filmin çəkilişləri Şanxayda aparılıb. Vəba tutmuş kəndi lentə almaq üçün rejissor Con Körran dekorasi qurmaq istəməyib və çəkiliş qrupu Çində sivilizasiyanın toxunmadığı uyğun bir yer axtarıb. Nəticədə, Quanqsi Çjuan Muxtar Bölgəsində qədim Huan Yao şəhərini kəşf ediblər.
Yaşadığımız dünyaya ancaq ona görə ikrahsız baxmaq olar ki, bu dünyada insanın zaman-zaman xaosdan yaratdığı gözəllik var. Rəsm əsərləri, musiqiləri, kitablar, yaşaya bildiyi həyat. Və ən çox gözəllik yaxşı yaşanmış həyatdadır. Bu, ən yüksək sənət əsəridir.
Bu sözlər Feyngilin qonşusu Uoddinqtona aiddir. Volter dünyanı vaxtsız tərk etsə də, yaşadığı xaosdan gözəllik yaratmağı bacarır. O, Kittini bağışlayır və onların sevgisi canlanır. Beləliklə, o öz həyatını qurban verərək Kittini həyata qaytarır…
Nəzrin Mahu