İNDİ OXUYUR
Əbədi və əzəli Almaz

Əbədi və əzəli Almaz

“Almaz” pyesinin ssenarisini Cəfər Cabbarlı yazmışdı və filmi də özü çəkməliydi. Onun qəfil vəfatından sonra rejissorluq Ağarza Quliyevlə, Qriqori Braginskiyə tapşırılır. Ssenarinin gərgin keçən müzakirəsində, kinostudiyanın əməkdaşı Dubrovskinin əsas tapşırıqlarından biri bu olur:

 “Almaz Sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əgər o, bütün filmboyu həyatsevərliyini qoruyub saxlaya bilsə – bu, ətək geymiş “Çapayev”dir. Ssenari bütünlüklə Almazın mənfi qüvvələrə qarşı mübarizəsi üzərində qurulmuşdur”.

Beləliklə, Sovet hakimiyyətinin sifarişilə meydana çıxan “Almaz”ın qadın qəhrəmanı yeni quruluşun, sosializm ideyalarının simvollarından biri olmalı, güclü şəxsiyyəti, mətin mübarizəsi ilə kütlələrə təsir etməliydi. Təsadüfi deyil ki, bədii mətndən fərqli olaraq, eyniadlı ekran əsərində (1936) Almaz daha qətiyyətli, cəsarətli xarakter kimi kinoya gətirilir. Sovet dövrü Almazının portreti plakatçı intonasiyasda həll edilərək, yenilikçi, azad Sovet qadınının ümumiləşdirilmiş obrazı kimi təqdim olunur. Hətta film ümumilikdə, bir sıra xüsusiyyətlərinə görə, tamamilə ideoloji təbliğat təsiri bağışlamasa belə…

Qəribəsi odur ki, XXI əsrdə çəkilmiş “Vətəndaş A” bədii serialında da (ssenarist Asiman Ağa Rövşən) Almaz obrazı niyəsə sosrealizm metodundan, plakatçılıq pafosundan təmizlənmir. Bir halda ki pyes (1931) müasir dövrümüzə uyğunlaşdırılıb, fərqli obraz və vəziyyətlər təklif edilir, onda Almaz obrazına da ciddi əl gəzdirilməliydi. Bunun üçün, məsələn, ucqar kəndlərimizdə işləyən gənc müəllimlərin təcrübəsi, düşdükləri mühit dərindən araşdırılmalı (heç olmasa bir neçə kəndə gedilməli), ümumi, ortaq xarakterik cizgilər əsas qəhrəmanda və mühitin təsvirində əksini tapmalı idi. Asiman Ağa Rövşən müəyyən araşdırmalar apardığını, ssenarinin Təhsil Nazirliyinin məmurları tərəfindən oxunduğunu və onların təkliflərini nəzərə almağa çalışdıqlarını desə də, bütün hallarda materialda naşılıqlar çoxdur.   


Ümumilikdə, rejissorun (Elvin Rütəmzadə) maraqlı yanaşması, operatorun (Vasif Vəlizadə) uyğun nəzər nöqtəsi, rəssamın (Vüqar Qurbanov) dəqiq baxışı “Vətəndaş A”nın müsbət keyfiyyətlərindəndir. Eyni şeyi əminliklə, ssenari haqda deməyə çətinlik çəkirəm. Hərçənd, ssenaridə ayrı-ayrılıqda uğurlu gedişləri də istisna etmirəm.

Almazın (Günəş Tegin) monoloq və replikalarında maarifçilik diskursunun ultimativ və deklamasiyaçı tonu önə çıxır. Obrazın tamaşaçını tərbiyələndirmək, maarifləndirmək məqsədi, niyyətin aşkar olması  sosrealizm estetikasındadır və vəziyyətlərin bədiiliyinə xələl gətirir. Məsələnin təfərrüatlarına irəlidə toxunacağam…  

…Kənd avtobusunda kənd qadınlarının söhbəti zamanı, həmcinslərinin ailələrində üzləşdikləri fiziki və emosional təzyiqə, hüquqi pozuntulara haqq verməsi (təbii ki, onlara görə, bu, normal həyat hadisələridir və hansısa pozuntudan söhbət gedə bilməz) ilə başlayan ilk bölümündə Abdalbəyli dünyadan izolyasiya olnumuş, nəinki sərt patraixal qaydalarla, hətta bəzi məqamlarda ibtidai icma mühitinin əlamətlərini daşıyan məkan kimi xarakterizə edilir. Bu, təxminən 10-11-ci bölümə qədər davam edir və son dərəcə tutqun, soyuq rənglər, natura səhnələrindəki cansızlıq, qorxu-hürkü, miskinlik kəndin obrazını aşırı qaramatlaşdırır. Belə bir seçim, hekayənin ovqatına, məzmun-ideyasına adekvatdır.

Əgər “Vətəndaş A” geniş kütləyə xitab edirsə, üstəlik, İctimai kanalda göstərilirsə, ictimai-sosial problemlər (xüsusən, qızların təhsildən yayındırılmasını, erkən nikahların və kəndlərdə müəllimlərə qarşı emosional zorakılığı nəzərdə tuturam) kəskin qoyulursa, deməli, hekayə lokal məkanı və problemi əhatə etmir (və etməməlidir). Çünki bir serialda xüsusi qabardılan ictimai, sosial problemlərin mühitimiz üçün aktuallığı və əhatə dairəsi nəzərə alınmalıdır. Daha sadə deyim: Yəni serial bütün cəmiyyətin güzgüsü olmağa iddialıdırsa, onda orada baş verənlər ya bütün, ya əksər ərazilərdə yayılmış problem olmalıdır.   

Ona görə təbii olaraq, suallar doğur: Ölkəmizdə valideynlərin neçə faizi qızlarının təhsil almasının əleyhinədir?

Ölkə üzrə, ən son 5 ildə erkən nikahların sayı nə qədər olub?

Əyalətlərdə, ucqar kəndlərdə Almaz kimi neçə müəllim emosional zorakılığa məruz qalıb və bu hansı regionları əhatə edir?

İnternet resurslarında kiçik araşdırma etdim. Ölkədə qızların neçə faizinin təhsildən yayındırılması ilə bağlı dəqiq statistika ilə rastlaşmadım. Amma Dövlət Statistika Komitəsinin 18 yaşadək qadınların nikahlarına dair cədvəlinə nəzər salaq. Son 20 ildə erkən nikahların sayı ən çox 2011-ci ildə qeydə alınıb – 5,8%. 2012-ci ildən başlayaraq faizlər 0,4-0,6  arası dəyişir. Yəni ölkə üzrə erkən nikahların sayı (bu həm də müəyyən mənada qızların təhsildən yayındırılması deməkdir) aşağıdır. Təbii ki, qızların təhsildən yayındırılması, onların hamısının ailə qurması anlamına gəlmir. Burada sosial, infrastruktur problemləri də rol oynayır ki, məsələ ilə bağlı dəqiq statistik nəticələr əldə etmək, artıq əlaqədar qurumların üzərinə düşür.    

Sadalanan (kəndlərdə, əyalətlərdə müəllimlərə qarşı emosional təzyiq faktına isə rast gəlmədim) problemlər var, amma ona şişirdilmiş (sanki ölkədə erkən nikah, qızların təhsildən yayınması üç əsas problemdən biridir), Molla Nəsrəddinsayağı sarkastik-satirik, kəskin dramatizmlə yanaşma hansı əsaslardan doğur? 


Həmçinin, kənd adamlarının nadürüst, mədəniyyətsiz, ən adi etik qaydalardan uzaq göstərilməsi mübaliğəli yanaşmadır. Kəndin mənfi obrazı, kitabxanaçı Təvəkküllə (Rasəf Mehdiyev) daha da gücləndirilir. Çünki məktəbdə Almazdan başqa, sekulyar, normal adam kimi göstərilən Təvəkkül məhz başqa kənddəndir. Almazın evinə sığınan, ailələrinin onların əvəzində qərar verməsinə qarşı çıxan iki gənc (Elsevər Rəhimov və Zəhra Əlisoy) belə tərbiyəsiz və sırtıq davranırlar, onlar da daxil, əksəri Almaza “sən“ deyə müraciət edəndə, müəllimin ləyaqətinə toxunmur, amma niyəsə, həmkarı, biologiya müəlliminin (Xalidə Əliməmmədova) “sən” deməsindən qeyzlənir. İqbal (Əlibəy Məmmədli) obrazının kitabxanda kitablara, meşədə böyümüş Tarzan kimi ilk dəfə görürmüş kimi heyrətlə baxması nəyin ifadəsidir? Kəndin nadanlığının qrotesk fəndlə ümumiləşdirilməsi? Bütün hallarda qroteski, ssenaridə hətta bu yoxdursa belə, rejissor öz həllində əsaslandırmalı idi. Ən azı, onun yaşadığı mühit, şərtlər əksini inkar edir…

Serial əlbəttə ki, bədii faktdır. Məsələ, reallığın ekrana köçürülməsindən və ya onun olduğundan daha mübaliğəli göstərilməsindən getmir. Məsələ, müəlliflərin reallığa, hadisələrə münasibətində – bədii traktovka ilə (və ya bədii həqiqətlə) yox, illüstrativ yanaşmasındadır. “Vətəndaş A”nın  müəllifləri qaldırdıqları problemlərdə görünməyənləri göstərməyiblər, mahiyyətə dərin toxunuşlar etməyiblər, konflikt sosrealizm estetikasına xas ağ və qara rənglər (mövqelər) üzərində qurulur. Bu isə obrazların əksəriyyətini ziddiyyətli, mürəkkəb xarakterdən, dərinlikdən, həyatilikdən məhrum edir.

Məsələn, mənfi obraz Vidadi (Niyaz İlyasoğlu), əslində faciəvi fiqurdur, mühitin qurbanıdır. O, qəddardır, pis mənada mühafizəkar olmasına rəğmən, əri tərəfindən tərk edilmiş Cəmiləyə (Ruhiyyə Yusifova) evlilik təklif edib. Təklifi cavabsız qalıb və Cəmilə başqası ilə ailə qurub. Vidadi onun maddi çətinliklərini bilir, bir epizodda ona yardım göstərir, sonra isə yardımını geri alaraq, qadını təhqir edir. Vidadi sevgisizlikdən əziyyət çəkir, əslində, kənddə qəddar, nadan kimi göstərilən hamı sevgidən necəsə məhrum olublar, ona görə, biri digərini aşağılayır. Problemlərin kökü kimi, məsələn, sevgisizlik xəttini əsas motivə çevirmək mümkün idi. Vidadini sona qədər murdar, mənfi göstərməyə qərarlı olan müəlliflər, onun işıqlı ola biləcək tərəfini də ləkələyirlər. Bununla da Vidadi obrazı ziddiyyətdən məhrum edilərək, bəsitləşdirilir.


İqbalın, Vidadidən fərqli olaraq, ilk bölümlərdə nisbətən üzüyola, yumşaq davranmasına dair eyhamlar onun dəyişəcəyini gözlənilən edir. Onun dəyişmə prosesində mənəvi çətinliyi nisbətən işlənilib. Hərçənd, ssenaristin problemlərindən biri, gözlənilənləri gözlənilməz etməməsi, klişelərlə işləməsidir: Hacı Əhməd (Qurban İsmayılov), arvadı, atası tərəfindən təzyiqlərə məruz qalan Ülvinin (Anar Şəfiyev) susması və əsəb partlayışının Fəttahın (Şövqü Hüseynov) qətli ilə bitməsi, kənd camaatının (qızının başqasının gəlini ola-ola, digər kişi ilə qaçması səbəbindən) onun dükanından mal almaması, son bölümlərdə düyünlərin toplu halında, tələsik çözülməsi və sosrealizm pafosunda işlənmiş final. Təbii ki, final səhnələrində qaramat kəndin rəngi-ruhu açılır, suyu sovrulmuş dəyirmana oxşayan məktəb işıqlanır və s.

Amma, şair Dünyamalı (Rauf Şahsuvarov) obrazı daha gözlənilməzdir, ilk səhnələrdə onun haqqında seksual manyak təsəvvürü formalaşır və hadisədən-hadisəyə xarakteri, mahiyyəti fərqli yöndə açılır. Bundan başqa, şagirdlərin bir qisminin şəxsi hekayəsinin işlənməsi ssenarinin müsbət cəhətlərindəndir. 

Nisbətən mürəkkəb, ziddiyyətli obraz – antaqonist Hacı Əhməd ola bilərdi. Bir çox epizodlarda Hacı Əhməd, Almazla müqayisədə daha təbiidir, həyatidir. Hərçənd, onun kabus-yuxusu oyun və kompozisiya etibarilə bir qədər teatral təsir (daha kinematoqrafik ola bilərdi) bağışlayırdı. Hacı Əhmədin daxili  konflikti Tanrı ilə söhbəti epizodlarında yer alır. Sözügedən səhnələr, Hacı Əhmədin daxili dünyasını göstərməkdən, vicdanı ilə haqq-hesab çürütməkdən çox, tamaşaçıya onun bioqrafiyası haqda məlumata hesablanmış müəllif şərhi, remarkası kimi görünürdü. Sovet hakimiyyəti qurulanda, Hacı Əhmədin nəslinin mülkiyyət hüquqları tapdalanıb. Stalinin ölümündən sonra həmçinin, bəy övladlarına bəraət verilməsini, Hacı Əhmədin Tanrı tərəfindən seçilmiş bəndə kimi qəbul etməsi bəsit səbəb-əsasdır. Çünki mülayimləşmə dövründə bəraət, kollektiv şəkildə olub, yalnız Hacı Əhmədə verilməyib ki, o, özünü məxsusi, seçilmiş kimi hiss etsin. Yəni onun özünü xüsusi hesab etməsindən ötrü nəsə daha maraqlı, orijinal bir şey düşünülə bilərdi. Hər halda Hacı Əhmədin Tanrı ilə dialoqlarının məzmununda maraqlı, kontrastlı mətləblərin olmamasını, müəlliflərin həyat təcrübəsinin azlığına bağlayıram.


Ssenaridə digər problem, bütün informasiyanın əvvəldən verilməsi və dərhal tamaşaçıda kəndin necəliyi haqda təsəvvür formalaşdırmaq idi. Kənd avtobusunda sakinlərinin söhbəti, artıq Almazın mübarizəsinin motivini açıqlayır, məcazi işarələr (Almazın yıxılması, avtobusun xarab olması, maşının üzərinə sürətlə şütüməsi) buna xidmət edir. Halbuki kəndin obrazı tədricən açılmalı idi. Əksər hallarda hansısa problemi qabartmaq məqsədilə, sosial ismarışlar bədii fəndlərsiz, birbaşa verildiyindən, situasiyalara zorən yeridilmiş kimi görünür. Ən pisi odur ki, ismarışların bir qisminin ictimai əhəmiyyəti yoxdur; məsələn, kitabxanaçı Təvəkkülün tərəqqi anlayışı kənd əhlinin “şortik” geyinən adamı qəbul etməməsilə ölçülməsi  və Almazın bunu cəmiyyətimizdə, az qala, qlobal problem kimi qəbul etməsi kimi.

Almaz deyir: “Şortik problemi Bakıda da tam həll olunmayıb. Məsələ qapalı cəmiyyətdədir. Məsələn bu kənd. Öyrəşilmiş həyat standarları var” və s.

Haşiyə: Bizim Cənub bölgəsinin (məlumatı olduğum kəndlərdən söhbət gedir), kəndimiz də daxil olmaqla, digərlərində bir kişinin (və ya qadının) “şortikdə” gəzməsindən sakinlər narahat olurlar. “Şortikdən” narahat olan əhalinin əksəriyyəti qızlarının təhsil almasına səxavətlə pul xərcləyir və əgər şagirdin təhsil almasında problem yaşanırsa, başlıca səbəblərdən biri infrastruktur problemidir…


Yaxud, heç bir dramaturji zərurət olmadan biologiya müəlliminə Almazın “cinsəllik mövzusunu uşaqlara keçmişiniz?” sualı o vəziyyətə son dərəcə pinti tikilmiş, parçası, rəngləri uyğun gəlməyən yamaqdır.

Təəssüflənirəm ki, azadlıq haqda təsəvvürlərimiz hələ də kəndlərdə “şortikə” neqativ reaksiya, cinsəllik məsələlərini publik müzakirə etməklə məhdudlaşır. Azad düşüncə “şortiklə” ölçülürsə, onda bu məntiqlə Almaz məktəbə dekoltedə gələ, yaxud ciddi siyasi verilişdə kişi aparıcı “şortiklə” çıxa bilərdi. Hansısa əyalətdə “şortikdən” narazılığın və ya ona dözümsüzlüyün azad, tolerant düşüncə kontekstində mühakiməsi primitivdir və qarşısına ciddi məqsədlər qoyan serialda müzakirə mövzusu olmamalı idi. Nəzərə almaq lazımdır ki, kənd kiçik məkandır, bir növ icmadır, onun yazılmamış etik qaydaları mövcuddur. Yadıma düşmüşkən, aktrisa Zendayanı Romadakı restoranların birinə, məhz açıq-saçıq geyiminə görə buraxmamışdılar.

Yaxud Almaz, dərs vaxtı Fəqanın (Elşad Şirinov) dayısı Hacı Əhmədə aqressiv eyhamlar etməklə, şagirdinə münasibətdə müəllim etikasını pozur, qeyri-peşəkar davranır. Bu ona görə baş verir ki, ssenarist növbəti kadrda konfliktə şərait yaratsın və Almaz məhz belə bir maarifçi monoloq desin: 

“Bizim cəmiyyətdə qadınlar həyatdan təcrid olunmuş şəkildə yaşayır, ona görə də təcrübəsizdirlər, məlumatsızdırlar. Kişilər ailənin iqtisadi yükünü çiyinlərinə çəkir, çox işləyir, çox görür, çox məlumatlanır. Nəticədə elə çıxır ki, guya, kişi qadından çox ağıllıdır”.

Və ya 16-17 yaşlı Daşqının (Nihad Hacıyev) Hacı Əhmədin sexində işlədiyini aşkara çıxarmaq məqsədilə, sinfə girən kimi Almazın “Bakıda kim olub?”, ardınca “tarixi yerlərdə olmuşunuz?” sualları da süni görünür. Sanki Bakı Tokiodur, bura əyalətdən gəlmək çətindir və tarixi yerlər ancaq paytaxtda mövcuddur. Təbii ki, dialoq zamanı Daşqının işləməsi haqda məlumatlanan Almaz istismar haqda növbəti tərbiyəvi-maarifçi mühazirəsinə başlayır.


Beləliklə, serial, bir-birinə oxşar, bədii yükü olmayan monoloqlarla doludur: biologiya müəlliməsinin dərsində təkamül mübahisəsi, ateizm haqda söhbət, Almazın çayxanada əxlaq anlayışını xırdalaması və s.

Məhz “zorakı” maarifçiliklə yüklənməsi səbəbindən Günəş Tegin sözügedən epizodlarda orqanik ola bilmir, “komsomol” tapşırığı almış Sovet müəlliminə oxşayır və sxematik təsir bağışlayır. Almazın yenilikçi müəllim kimi novatorluğu da yoxdur. Dərsini Sovet müəllimləri kimi keçir, yaradıcı, maraqlı mühit yaratmır və finalda o, missiyasının öhdəsindən gələ bilmir: dəcəl, ipə-sapa yatmayan şagirdləri Qulu (Əşrəf Orucov) və Fəqanı cəmiyyətə qazandıra bilmir. Finalda bu, aydın görünür. Atası tərəfindən erkən ərə veriləcək şagird, Almazın sayəsində yox, ağır xəstə olduğundan, qarşı tərəf ondan imtina etdiyi üçün məktəbə qayıdır. Kənd adamlarının psixologiyasını, baxışını da Almaz dəyişə bilmir. Onlara Gülzarın (Nigar Mürsəl) təklif etdiyi əlverişli iş şərtləri sərf edir. Məntiqlə, Hacı Əhməd də uyğun şərtlər təklif etsəydi, razılaşardılar.

Başqa bir məsələ, Almazın aqressivliyidir. Digər müəllimlərə aqressiv davranışına görə irad tutan Almaz, özü aqressiv davranır, məsələn, Fəqana “sənə güclə dözürəm” deyir. Mühit onu aqressiv edirsə belə, o, təmkini, sevgisi ilə digər müəllimlərdən fərqlənməli idi. Yeri gəlmişkən, elə bu mövzuda Loran Kantenin “Sinif” (2008) bədii filmi əla nümunədir və ssenarist, müəllim işləmiş Fransua Beqodonun real təcrübəsinə əsaslanır.


Almaz obrazının kimliyinin sonrakı bölümlərdə açılması ilə ssenaridə başqa ziddiyyətlər ortaya çıxır. Almaz, qız qaçırmaq kimi orta əsr adətlərinə qarşı olduğunu deyir, hətta belə adətin hələ də mövcudluğuna təəccüblənir: “Mən başqa mühitdə böyümüşəm”. Təsəvvür yaranır ki, Almaz hansısa  Avropa ölkəsində, yüksək təbəqəyə məxsus ailədə böyüyüb. Halbuki o, qardaşı ilə birgə, valideynləri tərəfindən tərk edilib və uşaq evində çətin şərtlərdə böyüyüb. Almazın rakursundan baxsaq, deməli, o da orta əsrlər mühitində böyüyüb. Bəs niyə Xoşqədəmin, Zaurun verilişindən xəbərdar olan, gündəlik xəbərləri izləyən müəllim özünü İslandiyadan gəlmiş kimi aparır?! Bu kimi problemlər bir daha serial və filmlərimizdə redaktor məsələsinin zərurətini ortaya qoyur.

“Vətəndaş A” həddən çox sosial-ictimai problemlərlə yüklənir: təhsildəki çatışmazlıqlar, bələdiyyə sədrinin törətdiyi qanunsuzluqlar, sakinlərin hüquqlarının pozulması, korrupsiya, varlı adamın manipulyasiyası, erkən nikah, namus motivli qətl hadisəsi, qadın və uşaq haqları, nadanlıq…


Kompleks problemlər altına girdiyindən, “Vətəndaş A”da nəticədə sosial mövzular istismar edilir (eyni problem digər serial və filmlərimizdə də var). Ona görə “Vətəndaş A” dramdan çox, janr etibarilə sosial horrordur. Sosial horror janrında çəkilən ekran işlərində sosial basqılar psixoloji, fiziki təzyiq səviyyəsində təzahür edir və sinfi, cinsi ayrı-seçkiliyə, ailədəki gərgin münasibətlərə vurğular olunur. “Vətəndaş A”nın bir epizodunda kişinin namusa görə kəndin mərkəzində gənc oğlanı qətlə yetirməsi, sakinlərin qətli adi hal kimi qarşılması və azyaşlı uşaqların meyitə baxıb dəhşət hissi keçirmək əvəzinə gülüb ləzzət alması sosial horrorun normal olduğunu göstərir.   

Ümumilikdə isə “Vətəndaş A”,  “Almaz” pyesinin, “Pərdə” filminin (rejissor Emil Quliyev) atmosferi və “Qəm pəncərəsi”nin (rejissor Anar) hibrididir.

Yadımda qalan müsbət cəhətləri də qeyd edim: Zaur Baxşəliyevin verilişində ailə qalmaqalına baxan Cabbarın (Ötkəm İsgəndərov) ölüm epizodu, geniş baxış bucağını təmin edən, dərin dramatizmə hesablanmış paralel montajlar, bır sıra səhnələrdəki təbii yumor qatı, kriminal, detektiv janr xüsusiyyətlərinin düzgün işlənməsi, aktyorların əksəriyyətindən alınan yaxşı nəticə, situasiyanın psixoloji ovqatının çatdırılmasında rol oynayan rakurslar (məsələn, Almazın qızını erkən ərə verən ata ilə söhbəti səhnəsi), interyerlərin xırda detallara qədər işlənməsi, hadisəni, xarakterləri tamamlayan məkan seçimi, operatorla rəssamın uğurlu əməkdaşlığı, ssenaridə bır sıra xətlərin tamamlanması, Vüqar Məmmədzadənin musiqisindəki durğunluq, ətalət qarışıq gərginlik hissi hekayənin məğzinə adekvatdır. Bəzi epizodları nəzərə almasaq, rejissor musiqi ilə təmkinli işləyib, yəni təsvirləri musiqiyə qurban verməyib.


Günəş Tegin müəyyən epizodlarda ikinci planı ilə əla işləyir, amma təəəsüf ki, digər səhnələrdə komsomol pafosu oyununu, yuxarıda qeyd etdiyim kimi sxematikləşdirir və təbiilikdən uzaqlaşdırır.

Biologiya müəllimini oynayan Xalidə Əliməmmədova, obrazındakı karikatur xüsusiyyətlərini ölçü hissini itirmədən, izafi şişirtmələr etmədən bədən dili ilə və replikaları ilə təbii, orqanik çatdırır.

 Məktəb direktoru rolunun ifaçısı Şamil Süleymanlının obrazı tamamən mənfi çalarlarla verilsə də,  aktyor peşəkarlığı, illərin təcrübəsi sayəsində obrazını birqatlı göstərməməyə çalışıb.

Həmçinin, Oktay Mehtiyevin, Zülfiyyə Qurbanovanın, Əlibəy Məmmədlinin, Nəsibə Eldarovanın, Toğrul İsabəylinin və digər şagirdlərin ifası hekayəyə canlılıq qatırdı.  

 “Vətəndaş A”  “SFN Film Production” şirkətinin məhsuludur. Sözsüz ki, serialın ortaya çıxması, diqqətləri çəlb etməsi hər şeydən əvvəl, baş prodüser Sevinc Əliyevanın əməyinin, yaxşı təşkilatçılıq qabiliyyətinin və zövqünün nəticəsidir. Qeyd edim ki, Sevinc Əliyevanın bundan əvvəlki teleserial layihələri də uğur qazanmışdı.


Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya