Ağababanın bağı
Azərbaycan təbiətinin əsrarəngizliyini, bənzərsizliyini, hətta ətrini belə bir sıra görkəmli ustadlar öz əsərlərində əks etdirmişdirlər. Təsviri incəsənətdə bu mövzuya Əyyub Məmmədov, Səttar Bəhlulzadə, Əbdülxalıq Rzaquliyev, Qafar Seyfullayev, Elbəy Rzaquliyev və s. kimi görkəmli rəssamlar müraciət ediblər. Təbiət sözü hazırda özündə yalnız insanı əhatə edən bioloji reallığı deyil, həm də insanların daxili aləmini, ruhunu, mənəviyyatını əks etdirən anlamdır. Beləliklə, bu əsərlərdə istifadə olunan boyalarda, onların yaxmalarından tutmuş tonlarına qədər Azərbaycan xalqının mənəvi dəyərləri, gözəllikləri əks olunub.
Kino aləmində də sənətkarlar bu mövzudan yan keçməyiblər. Rejissor Tofiq Tağızadənin “Bağ mövsümü” filmi sanki həmin boyakarlıq nümunələrindən yığılmış dinamik müəllif əsəridir. Bu əsərin baş qəhrəmanı Bakı bağlarının birində yaşayan sakit, vicdanlı avtobus sürücüsü Ağababadır. Onun ən böyük nailiyyəti təmiz insan olması, gözəl ailəyə, gözəl həyat yoldaşına sahib olmasıdır. Övladlarının sevinci onun sevincidir, xanımının xoşbəxtliyi onun xoşbəxtliyidir. İnsanlara bəslədiyi və insanlardan gördüyü hörmət, həyatına olduğu etibar, məmnunluq hissini onda möhkəmləndirmişdir. Bu ailənin üzvü yalnız ana, ata və övladlar olmamışdırlar. Bir gün dəniz kənarında gəzişərkən o, balaca itlə qarşılaşır. Həmin andan etibarən Toplan da bu ailənin ayrılmaz üzvünə çevrilir.
Ailədə hökm sürən sakitlik həmin həyətə, Ağababanın evinə köçən ailə tərəfindən pozulur. Ağabacının (Ağababanın həyat yoldaşı) təklifi ilə onlar qaldığı evi bir ailəyə kirayə verirlər (özləri də bir otağa sığışırlar). İlk baxışdan şən, mədəni təəssürat bağışlayan ailədə xanımın daimi narazılığını, bəzi məqamlarda hegemonluğunu görəndə müəyyən şübhələr özünü doğrultmağa başlayır. Dərisinin təmiz olması üçün losyonlardan və tərəvəz qabıqlarından istifadə edən Əminə, Ağabacıya və Xeyransaya “müasirlik”dən bəhs edir. Lakin onun hərəkətləri, yersiz istehzaları və kobudluğu müasir və mədəni xanımın duruşuna tam ziddir.
Ağababa da Ağamirzə ilə söhbət edəndə onun düşüncələrinə təəccüblənir. Tədricən Ağababanın sakit həyəti boş, mənasız söhbətlərin keçdiyi yemək-içmək mərasimlərinə çevrilir.
Filmin mənası iki tamamilə müxtəlif düşüncələrə, mənəvi dəyərlərə sahib olan ailələrin müqayisəsi əsasında formalaşıb. Tofiq Tağızadənin toxunduğu mövzulardan biri, ailə şərəfi mövzusudur. Ağababanın ailəsində “ailə şərəfi” anlayışı yalnız mücərrəd anlayış deyil. Bu, onun hər bir hərəkətə xüsusi dəyər və məsuliyyət verən ailə üzvlərini birləşdirən, bir növ görünməz ipdir. Bunu hər bir üzvün davranışında, hərəkətlərində, qərar qəbul etməsində və hansı seçimlər etməsində görmək olar. Tamaşaçılara mənəvi seçimlər, insan münasibətlərinin dəyəri haqqında düşünməyə imkan verən bir neçə əsas mövzunu gündəmə gətirir. Münaqişənin bu cür formalaşdırılması müxtəlif dəyər sistemləri arasındakı ziddiyyəti və bu ziddiyyətlərin qəhrəmanların həyatına təsirini ifadə etməyə xidmət edir.
Əxlaq və əxlaqsızlıq arasında ziddiyyət: Əxlaqi mövqelərə zidd olan ailələrin müqayisəsi vasitəsilə rejissor, əxlaqi prinsiplərə riayət və ya etinasızlığın insanların həyatına necə təsir etdiyini vurğulayır. Şərəfli bir ailə dürüstlük, ədalət və başqalarının qayğısına qalmaq üçün səy göstərəcək, əxlaqi dəyərləri olmayan ailə isə başqalarını inkar edərək, yalnız şəxsi maraqlarına xidmət edəcək. Ağamirzə tez-tez həyətdə qonaqlar qəbul edir. Lakin onları dəvət etməkdə məqsədi, yalnız şəxsi mənfəətini güdməkdir. Ağamirzənin oğlu Adil universitetə daxil olmağa hazırlaşır.
Atası isə nəinki onunla ünsiyyət qurmur, hətta çoxdan onun yerinə harada təhsil alacağı haqda qərar verib. Bu kontekstdə ata və oğul arasında qeyri-ciddi münasibət təqdim edilib. Ağamirzənin oğlu ilə münasibətlərində etimadın qırılması müşahidə olunur. Oğlunun seçiminə hörmət etməyən Ağamirzə, övladlarının həyatına nəzarət edən avtoritar xarakter kimi təqdim olunub. Səhnələrin birində qonaqlar və valideynləri Adilin rəssamlıq qabiliyyətinin şahidi olurlar. Və Ağamirzə onun məşğuliyyətini tənqid edir. Bazar təfəkkürü onun sənət, təhsil, əxlaq kimi ali və mücərrəd fikirlərə dəyər verməkdənsə, maddi qazanc, sürətli uğur və rahatlığı ön planda tutan həyata yanaşmasını göstərir. Onun üçün vacib olan yeganə şey pul və ya biznes uğurları ilə ölçülə və qiymətləndirilə bilənlərdir. Bu tərbiyə üsulu Adildə daxili konfliktlərə, iztirablara gətirib çıxarır. O, bir tərəfdən atasını razı salmaq, digər tərəfdən isə öz həyatını yaşamaq istəyir. Narazılıq və məyusluq hissləri filmboyu daim onu müşayiət edir. Eyni zamanda, bu cür davranış başqalarının hiss və ehtiyaclarına məhəl qoymayan, yalnız öz ehtiyaclarına, zövqlərinə və ya maraqlarına diqqət yetirən qəhrəmanın həddindən artıq eqoistliyini göstərir. Tez-tez Ağabacının bu məclislərdən narahat olduğunu, uşaqların cana yığıldığını müşahidə edirik. Rejissor belə bir xarakterdən istifadə edərək əxlaq və nəzakət çatışmazlığının təkcə ailə daxilində deyil, həm də daha geniş sosial kontekstdə münasibətləri necə məhv edə biləcəyini göstərir.
Ailənin fərd və cəmiyyətə təsiri: Rejissor iki ailəni təsvir edərkən, əxlaqi münasibətlərin şəxsi inkişafa necə təsir etdiyinə diqqət yetirir. Ailə dəyərləri və vəzifəni birinci yerə qoyan, başqalarına məsuliyyət və hörməti öyrədən şəxsiyyəti şərəflə formalaşdıracaq. Bunun əksinə olaraq, mənəvi dəyərləri olmayan bir ailə şəxsi mənafeyi ön planda tutan bir insan yarada bilər ki, bu da son nəticədə cəmiyyətlə münaqişələrə və daxili nifaqlara gətirib çıxarır. Lakin “Bağ mövsümü” filmində biz bunu əksini görürük. Belə ki, Ağamirzə və Əminə, övladları ilə kəskin kontrast təşkil edirlər. Bu, onların (uşaqların) qayğıkeş, səmimi və ədalətli olmaq arzusunda ifadə olunub, baxmayaraq ki, valideynləri onları tez-tez kobud və ya haqsız qərarlar qəbul etməyə sövq edir. Tofiq Tağızadə göstərir ki, bütün pis nümunələrə baxmayaraq, uşaqlar yenə də öz əxlaqi mövqeyini seçə bilirlər. Bu, hər bir insanın çətin şəraitdə böyüdüyünə baxmayaraq, daxili seçim qabiliyyətinə malik olması və çətin irsə baxmayaraq, öz yolunu seçə biləcəyini vurğulayır. Ofelya (Əminənin böyük qızı) Toplanla oynamaq istəyəndə anası hər dəfə onu danlayır, məsum heyvanı acılayır, təhqirli sözlər istifadə edir. Lakin hər şeyə rəğmən Ofelyanın itə qarşı olan mərhəmətli münasibəti dəyişmir. Eynilə Adil də. Atasının onun istəklərinə hörmətsiz yanaşmasına baxmayaraq, onun bir dəfə də olsun etirazını, narazılığını müşahidə etmirik. O, bütün hiss-həyəcanını daxilində yaşayır.
Filmin əsas qəhrəmanı həm də Toplandır. İtin sədaqəti, sahibinə şərtsiz sevgisi ailədə hökm sürən hörməti, xeyirxahlığı bir daha vurğulayan mühüm süjet elementidir. Toplanın aqressiv və vicdansız insanları hissetmə qabiliyyəti filmin emosional intensivliyini artırır. Hər dəfə, ələlxüsus da təzə kirayənişinlərin ona qarşı iyrənc rəftarlarını görəndə qaçır və dayanacaqda Ağamirzəni gözləyir. İşdən sahibini gözləyən it kinoda ən təsirli və simvolik obrazlardan biridir. Bu detal, insanlarla heyvanlar arasında dərin emosional əlaqəni göstərmək üçün istifadə olunub. Toplanın gözləmə səhnələrində həm də incə simvolizm duyulur. Bu ümid hissidir. Hər şeyin əvvəlki kimi yaxşı olacağına dair ümid hissi. Qəhrəmanların itə qarşı qəddarlığı, pisliyi onların mənəvi çöküşünü vurğulayır, həmçinin, qəhrəmanların daxili dünyasını dəyişdirmək və ya sonrakı müsbət hadisələrlə kontrast yaratmaq da daxil olmaqla, süjetin inkişafı üçün katalizator rolunu oynayır.
Qonaqlar hər dəfə Toplana sataşaraq, iyrənc bir məxluq yığını tablosunu yaradırlar. Əminənin ümumiyyətlə iti görən gözü yoxdur. O, canlı varlığa sanki lazımsız əşya kimi baxır. Və hətta bir anda elə bir təəssürat yaradır ki, sanki o, imkanı olsa iti zəhərləyib öldürər. Bu səhnələr personajların əxlaqi tənəzzülü və ya həyasızlığını, pis niyyətlərini, qəddarlığını nümayiş etdirir. İnsanla heyvan arasındakı əlaqə vasitəsilə onun əsl mahiyyətini göstərir.
Filmin kulminasiyasını Toplanın evdən qaçmağı təşkil edir. Bütün dəhşətlərə tab gətirməyən əlacsız heyvan, ailəsini, sevdiyi sahibini tərk edib qaçır. Bu məqam metaforik anlam daşıyır. Bu dəfə itinə xəyanət edən sahibi mənəvi səmtini itirmiş biri kimi göstərilir və bu da tamaşaçıda güclü təsir yaradır. Belə bir sual yaranır ki, Ağababa bu qədərmi yaratdığı mənəvi dirəyi unudub ki, bütün baş verənlərə göz yumur? Lakin bunu biganəlik də adlandırmaq düzgün deyil. Bu yenə də bir inamdır. Filmin əvvəlində Ağababa yoldaşının istəyini yerə salmadı. O dərk edirdi ki, bu onun və ailəsi üçün vacibdir. Ailəsi üçün çətinliklərə dözən Ağababa, fədakarlığın, cəsarətin və sevginin vacibliyini göstərən güclü və çoxşaxəli xarakterdir. Tamaşaçı belə filmlərdə insanın öz yaxınlarının xoşbəxtliyini, rifahını təmin etmək üçün özünü necə qurban verməyə hazır olduğunu görür ki, bu da onlar üçün çox vaxt ilham və mənəvi güc mənbəyi olur. Ağababanın emosional gərginliyinin kulminasiya nöqtəsi Əminənin yoldaşı olmadığı zaman onun dostunu həyətdə də deyil, evdə qarşılamağı oldu. Bu biabırçılığa tab gətirə bilməyən Ağababa, Əminəyə ailəsi ilə birgə evi tərk etməyi əmr edir.
“Bağ mövsümü” filmi tamaşaçını gözüyaşlı qoymur. Mənəviyyatın, ədəb-ərkanın nə olduğunu bilməyən insanlar isti ocağı tərk etdikdən sonra hər şey qaydasına düşür və əvvəlki kimi səmimi həyat başlanır. Toplan müəyyən müddət tapılmasa da, Ağababa onunla bir gün təsadüfən qarşılaşır. İtin sahibi ilə vizual dialoqunda sevgi, qayğı, kədər, həyəcan və hətta narazılıq hissləri ifadə olunub. Sonra isə onlar yenə də bir vaxt tanış olduqları məkana – dənizə tərəfə gedirlər. Filmin ən son kadrı tamaşaçıda qeyri-müəyyən hisslər doğura bilər. Zənnimcə, tamaşaçı, filmi öz təxəyyülündə dənizdəki səhnə ilə də sonlandıra bilər. Tofiq Tağızadə tamaşaçını yenidən dəniz səhnəsinə yönəldərək hər şeyin əvvəlki kimi olacağına inandırır.
Filmin aktyor ansamblını Həsən Məmmədov, Zemfira Sadıxova, Səməndər Rzayev, Leyla Şıxlinskaya və s. təşkil edirlər.
Filmdə saflıq və əmin-amanlıq simvolu olan bağ tez-tez istirahət, təbiətlə harmoniya və ən dərin düşüncələr üçün bir məkan kimi istifadə olunur. Bu, insanların şəhərin səs-küyündən və qayğılarından uzaqlaşa, tənhalıq və dinclik tapa biləcəyi yerdir. Həmin bağın ruhlandırıcı ab-havası böyük şəhərin səs-küyü və xaosu ilə kontrast yaradır ki. Bu, qəhrəmanlara bir daha harmoniya tapmağa və həyatları haqda yenidən düşünməyə imkan verir.
Beləliklə, mənəvi dəyərlərdən, ailə dəyərlərindən bəhs edən filmi ərsəyə gətirən Tofiq Tağızadə insan təbiətinin, əxlaqi prinsiplərin və ailə dəyərlərinin dərindən araşdırılması üçün məkan yaradır ki, bu da belə filmləri universal və mədəniyyətlər və dövrlər arasında aktual edir.
Nəzrin Mahu
*Fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim edilib.