Kinomexanikin sənədli ya bədii qayıdışı?
Bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da kinorejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” sənədli filmi təqdim edildi. Film sənədli olsa da mən ondan bədii film həzzi aldım. Elə bu səbəbdən də dərhal özüm üçün filmin janrını müəyyənləşdirməyə çalışdım. Lakin janr dəqiqləşdirmələri barədə bir qədər sonra bəhs edərəm. Hələlik isə onu deyim ki, çəkilişləri əsasən, Astara rayonunun Sım kəndində baş tutan ekran işinin yaranmasında heç bir peşəkar aktyor iştirak etməyib.
Filmin baş qəhrəmanı, uzun illər Sımda kinomexanik işləmiş Səmidin cavanlığı kimi xoş xatirələri də artıq keçmişdə qalıb. Vaxtilə münasib günlərdə köhnə traktorlar kimi səslər çıxaran proyektoru bəh-bəhlə qoşub kənd camaatına kino bəxş etsə də, həmшn idillik söhbətlərin üstündən 30 ildən çox vaxt keçib. Bu 30 ildə ölkə müstəqillik qazanıb, insanların həyat tərzi dəyişib, ən əsası isə yeni texnologiyalar insanların həyatına ayaq açıb. Özü də bu texnologiyalar – qədər güclüdür ki, nəinki kənddə, şəhərdə də kinoteatrları vurub sıradan çıxarmaq qabiliyyətindədir.
Belə bir şəraitdə, Səmid qonşusunun yeni texnologiyadan başı çıxan notbuklu yeniyetmə oğlu Ayazı qatırına mindirib dağa çıxarır ki, kino ənənəsini yenidən bərpa etmək istədiyi bu gözdəniraq dağ kəndinin hansısa yoxuşunda, hansısa təpəsinin qaşında, qırıq internet xətti yaxalayıb lampa sifariş verə – o lampa ki, yüz il əvvəl İliç adı ilə Sovet İttifaqının ən ucqarlarına belə ayaq açanda özü ilə söz verdiyi kimi maarif işığı da gətirmişdi. Səmidin axtardığı proyektor lampası isə kəndə yenilik gətirmək üçün deyil, köhnəliyi bərpa etmək, geri qaytarmaq üçündür. Bu baxımdan 100 il əvvəlin Azərbaycan kəndi indikindən daha fərəhli və ümidlidir.
“Kinomexanikin qayıdışı”nda təqdim olunan kənd isə əksinə, özünün miskinliyi ilə tamaşaçıya bədbinlik aşılayır. Palçıqlı cığırlar, yağışlı-palçıqlı yollar, kənd camaatının əziyyətli yaşayışı, elementar həyat şərtlərinin yoxluğu tamaşaçını məyus edir. Belə şəraitdə səadəti keçmişdə axtarmayasan, nə edəsən?
Səmidin hansı səbəbdən proyektoru bərpa etmək eşqinə düşməsi dərhal açıqlanmır. Yalnız tamaşaçı baş qəhrəmanın həyatına dərindən daxil olandan sonra onu yaxından tanıyır. Və yenidən “velosiped kəşf etməyə” çalışan bu adamın nədən belə bir bihudə sevdaya düşməsi kino pərdəsi kimi gözünün önündə aydınlanır və tamaşaçını kədərə qərq edir. Lakin bu cəhdlər açıq şəkildə bildirilmir, yalnız sezilir. Səmid səhər durub qara-borana baxmayaraq cavan bir oğlanın qəbrini ziyarətə yollanır. Şəkli mərmərdə əks olunmuş oğlan Səmidin oğludur. Bu fakt da filmdə qəfil deyil, tədricən açılır. Bundan sonra baş qəhrəman, tamaşaçının gözündə tamamilə dəyişir, əvvəl hərdəmxəyal təsiri bağışlayan Səmid dəyişib saflaşır. Onun oğul itkisini unutmaq üçün belə mümkünsüz və səmərəsiz bir işin altına girməsi açıq bildirilməsə də, hamıya aydın olur. Bu baxımdan “Kinomexanikin qayıdışı” kədərli hekayədir və haradasa Anton Çexovun “Qüssə” hekayəsi ilə də oxşardır. Rus yazıçısının hekayəsində oğlunu itirən faytonçu bütün günü müştərilərinə öz dərdini danışmaq istəsə də, heç kəs onu dinləmir. Axırda o, tövlədə öz dərdini yemlədiyi ata danışır. “Kinomexanikin qayıdışı”nda isə ata sanki qüssədən uzaqlaşmaq naminə özünə məşğuliyyət tapır, kinoproyektoru bərpa etmək cəhdi “dərdini danışmağ”ın başqa formasına çevrilir.
Gəlin, mən sizə sözügedən filmin başqa bir hekayə ilə də oxşarlığını qeyd edim. Əbdürrəhim bəy Haqverdiyevin “Uca dağ başında” adlı hekayəsində qışda, təcrid olunmuş şəraitdə yaşayan insanlar günlərini maraqlı etmək üçün dəli oynadırlar. Dəliləri öləndən sonra isə başqa bir sakini özündən çıxarıb dəliyə döndərirlər, yoxsa bu cansıxıcı əyalət məntəqəsində günlər getməz, adamlar havalanar. Səmidin də 30 il əvvəlki məşğuliyyətini gərək olmasa belə diriltməyə çalışması dəlilikdən qaçışdır. Yoxsa, adam o dərdin içində havalanar.
Heç yerdə tapılmayan lampaları axırı, Baltikyanı ölkələrin birindən sifariş verirlər. İndi, oturub lampaların gəlişini gözləmək lazımdır.
Səmidin fikrini əvvəl kənd adamları da bəyənir. Əvvəla ona görə ki, onun layihəsində keçmişə qayıdış var. İkincisi isə camaat, xüsusən yaşlı nəsil indinin “tərbiyəsiz” filmlərindən bezib, köhnənin əxlaqlı, nümunəvi hind filmlərinə yenidən baxmaq istəyirlər. Onlara elə gəlir ki, bütün gözəl şeylərin hamısı kənddə axşamlar proyektor qurub hamılıqla baxdıqları hind filmlərində qalıb.
Səmid isə işinə o qədər aludədir ki, artıq, kinonun nümayişi üçün yerli icra nümayəndəliyi ilə də danışıb, divarlara posterlər asıb, köhnə kinomexanik dostlarından film lenti alıb. Bircə qalıb lampanın gəlib çıxmağı. Səmid bu arada hələ bir dəfə də oğlunun məzarını ziyarətə gedir. Rejissor, Səmidin faciəsini dilə gətirmədən onu göstərir. Bəlkə də bu, filmin ən dəyərli xüsusiyyətlərindən biridir.
Filmin çox kiçik hissəsi Bakıda çəkilib. Səmid Bakıya gələndə də, burada oğlunun iş yoldaşları ilə görüşür. Məlum olur ki, iş vaxtı, bədbəxt hadisə nəticəsində həlak olan oğlu krançı imiş. Bundan sonra gəzə-gəzə gəlib Dağüstü parka çıxan ata, oğlunun bir zaman yüksəklikdən baxdığı şəhərə eyni səviyyədən nəzər yetirir, sanki ayağı altında qalan şəhərdən oğlunun ölümünün hesabatını soruşur. Lakin bunlar heç bir söz və ya dialoqla baş vermir, yalnız görüntü ilə öz həllini tapır.
Səmid aktyor olmasa da “aktyorluq” etməməyi ilə öz rolunu çox gözəl canlandırır, onun üzündəki lal kədər kəskin ismarışlar ötürür. Deyəsən, Səmidin çöhrəsindəki kiçik cizgilərlə də olsa belə, mərhum aktyor Fuad Poladova bənzərlik onu səhnəyə də, tamaşaçıya da doğmalaşdırır.
“Kinomexanikin qayıdışı” ötüb-keçmiş zamanı geri qaytarmaq cəhdidir, hansı ki, o keçmişin içində ötən illərin filmlərinə nostalji ilə yanaşı, həm də, oğul haqqında xatirələrin axtarışı da var.
Proyeksiya cihazının işə salınması uzandıqca kənd camaatı arasında söz-söhbət də yaranır. Adamlar onu lağa qoyur, giley edirlər. Nəhayət, qınaqlara baxmayaraq inadından dönməyən Səmid, Ayazla birlikdə film nümayişini təşkil etməyə nail olur. Kənd sakinləri maraqla salona daxil olsalar da, sonradan elə bil əvvəlki ləzzəti ala bilmədiklərini görürlər. Bu dəfə deyəsən, filmdən çox onun nümayiş prosesi xüsusən, yenə nəsilə maraqlı gəlir. Uşaqlar telefonlarını çıxarıb prosesi çəkirlər. Bir az sonra salon seyrəkləşir. Tərslikdən proyektor yenə xarab olanda, qərara alırlar ki, Ayazın hazırladığı həvəskar animasiyanı nümayiş etdirsinlər. Beləliklə, əziyyət bahasına başa gələn seans yekunlaşır.
Filmin sonunda, Səmidlə Ayaz evdə arxası üstə uzanıblar, ayaqlarını divara söykəyib təqdim etdikləri seansın əskiklərini məmnunluqla müzakirə edirlər. Evin çölündən çəkilmiş rakursda onların ayaqları görünür. Elə bil, iki ayaq danışır. Bu səhnəni Səmidin, işləri baş-ayaq görməsinin metaforu kimi də dəyərləndirmək olar. Səmid gördüyü işin səmərəsiz olmasının fərqində deyil. O, missiyasını yerinə yetirib, kəndin 30 illik nostaljisini dirildib, keçmişin qaranlıq xatirə otaqlarının lampalarını yenidən yandırıb. Bu xatirə otaqlarının rəflərində onun da oğlu ilə bağlı xatirələri gizlənib. Deyəsən, Səmidi məmnun edən vacib məsələ də elə budur! Gələcəklə deyil, keçmişlə maraqlanmaq Səmidin təsəllisidir.
Yazının əvvəlində filmin janrından bəhs etmişdim. “Kinomexanikin qayıdışı” filmi mənə Andrey Konçalovskinin “Aleksey Tryapitsının bəyaz gecələri” filmini xatırlatdı. Rusiyanın Arxangelsk vilayətindəki kiçik bir kənddə çəkilən filmdə iki qəhrəman istisna olmaqla, qalan rolları kənd sakinləri oynayıb. Zənnimcə, “Kinomexanikin qayıdışı” filmi də bədiilik baxımından Konçalovskinin filminin xüsusiyyətlərini daşıyır. Bu baxımdan, Orxan Ağazadə “Kinomexanikin qayıdışı”nı tam hüquqla, bədii film adlandıra bilərdi. Fikrimi daha yaxşı aydınlaşdırmaq üçün incəsənətlə müqayisə aparmaq istəyirəm. Rəssamlıq, eləcə də, heykəltaraşlıqda hiperrealizm deyilən janr mövcuddur. Bu janra məxsus əsərlər hədsiz real alınır; bir insan heykəlini gerçək insandan, bir rəsm əsərini fotodan ayırmaq mümkünsüzdür. “Kinomexanikin qayıdışı”nı bu xüsusiyyətlərinə görə sənədli film yox, məmuniyyətlə bədii film adlandırardım, çünki onu da sənədli filmdən ayırmaq olmur, hər iki janrın xüsusiyyətlərindən yoğrulub.
Lakin sənədli və ya bədii film olmasından asılı olmayaraq, mənim nəzərimdə “Kinomexanikin qayıdışı” uğurlu ekran işidir. Azərbaycan kinosunun hazırkı vəziyyətində “Kinomexanikin qayıdışı” kimi sanballı işlər bizi bədbin olmağa qoymur, kinomuzun gələcəyi ilə bağlı ümidlərə nəfəs verir.
Mirmehdi Ağaoğlu