Müasir Azərbaycan kinosunun özünü identifikasiya problemi
Gələn il on yaşını qeyd etməyə hazırlaşan Bayqonur Film festivalının təsisçiləri – Anuar Kenzibayov və Yerjan Cumabəyov hər il festivalı zənginləşdirmək üçün yeni şeylər fikirləşirlər. Belə yeniliklərdən biri də festivalın tərkibində fəaliyyət göstərən Kinoşünaslar və Kinotənqidçilər Forumudur. Bu il 3-cü dəfə baş tutan forum, yəqin ki, ən çox “Gənclərin kinosu nədir?” adlı panellə yadda qaldı. Panel, vaxtilə sıx əməkdaşlıq edən, Sovet İttifaqı dağılandan sonra əlaqələri qırılmış, ya da azalmış ölkələri bir-birinin müasir kinosu ilə tanış etmək məqsədi güdürdü. Aygün Aslanlı və Aliyə Dadaşovanın həmin tədbirdəki “Müasir Azərbaycan kinosu və onu yaradanlar” adlı məruzəsini ixtisarla təqdim edirik.
126 yaşlı Azərbaycan kinematoqrafiyasının tarixində üç parlaq mərhələ göstərə bilərik. Bunlardan birincisi, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra – 1920-ci illərin ortalarından başlayaraq, 1930-cu illəri – Böyük Vətən müharibəsinə qədərki dövrü əhatə edir. Həmin dövrə qədər çəkilən filmlər daha çox Rusiyadan gəlib Azərbaycanda işləyən rejissorların, xüsusilə, Boris Svetlovun adı ilə bağlıdır. 1920-ci illərin ortalarından isə yerli kadrlar yetişməyə başlayır. Onlar – Abbas Mirzə Şərifzadə, Səməd Mərdanov, Mikayıl Mikayılov, Ağarza Quliyev, Rza Təhmasib, Cəfər Cabbarlı və digərləri, öz filmlərində yeni formasiyanın təşviq etdiyi ideologiyanı, bərabərlik, qadın azadlığı, kütləvi maarifləndirmə, dinlə, köhnə dövrün qalıqları ilə mübarizə və s. konsepsiyaları kino dili vasitəsilə vizuallaşdırırdılar. Səsli kino hələ meydana çıxmadığına görə, müəlliflər təsvir dilinin imkanlarından – dinamik montaj, musiqi və təsvir kontrapunktu, işıq-kölgə oyunları, iri planlardan istifadə edirdilər. Bu dövrün həm dramaturji strukturu, həm də təsvir həlli baxımından diqqətəlayiq filmlərindən “Bismillah” (1925; rej. A.M.Şərifzadə), “Sevil” (1929; rej: Amo-Beknazarov), “Almaz” (1936; rej: Ağarza Quliyev, Q.Braginski), “Kəndlilər”in (1939; rej: S.Mərdanov) adlarını çəkə bilərik.
İkinci parlaq dövr, 1960-1970-ci illərdir. Əksəriyyəti ÜDKİ-də, Leninqrad Dövlət Kino və Televiziya İnstitutunda, SSRİ ərazisindəki başqa nüfuzlu sənət məktəblərində təhsil alıb qayıdan gənc nəsil – Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Eldar Quliyev, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Əlisəttar Atakişiyev, Oktay Mir-Qasım, Arif Babayev və digərləri – Azərbaycan kinosuna həm neorealizm cərəyanının havasını, həm də “Yeni dalğa”nın cəsarətini gətirmişdilər. Təbii ki, Stalinin ölümündən sonra ölkənin siyasi həyatında baş verən yumşalma olmasaydı, çox cəsarətli ola bilməzdilər. Amma nəzərə alsaq ki, kinoya nəzarət edən strukturlarda, idarəçilərin canında o qorxu hələ də yaşayırdı, belə mühitdə işləmək böyük cəsarət tələb edirdi. Onların filmlərini fərqli, 1960-1970-ci illəri isə Azərbaycan kinosunun inkişaf dövrü adlandırmağımızın səbəbi nədir? Sözügedən gənclər Azərbaycan kinosuna Mixail Yampolskinin “Kinematoqrafik insan” məqaləsində, haqqında danışdığı “fenomenoloji insan” obrazını gətirmişdilər. Sadə dillə desək, onların qəhrəmanları artıq sırf ideoloji mövqelərinə görə dəyərləndirilən mənfilər və müsbətlər deyildilər. Çoxqatlı, psixoloji-fəlsəfi qatda düşünən, müşahidəçi, dünyaya açılmağa və onu dəyişməyə çalışan, ən azından, bunun üçün mübarizə aparan qəhrəmanlar idilər. Məsələn, Sergey Gerasimovun tələbəsi olmuş Eldar Quliyevin 1969-cu ildə neorealizm üslubunda çəkdiyi “Bir cənub şəhərində” filminin qəhrəmanı, mühafizəkar məhəllədə yaşayan neftçi-fəhlə Murad, çoxluğun fikrincə, namussuzluq etmiş – nişanlı olduğu qızla yox, başqası ilə evlənib – yaxın dostunu öldürməyə təhrik ediləndə bunun doğru, ya da yanlış olduğunu, ümumiyyətlə, dostunun hərəkətinin, həqiqətən, namussuzluq olub-olmadığını fikirləşir. Nəticədə həm fiziki, həm də mənəvi olaraq balaca məhəlləsindən çıxır, böyüyür… və sonda tək qalır.
Eyni konsepsiyanı Şamil Mahmudbəyov, Arif Babayev, Həsən Seyidbəyli və o dövrün başqa rejissorlarının da filmlərində izləmək mümkündür.
Müasir Azərbaycan kinosunu yaradanlar
Nəhayət, kinomuzun 3-cü inkişaf dövrü… 2000-ci illər. Əslində, bu dövrü “inkişaf” sözü ilə ifadə etmək, vəziyyəti bilənlər üçün bir az paradoksal görünə bilər. Çünki 2000-ci illər Azərbaycan kinosu üçün film istehsalı baxımından periodik durğunluq mərhələləri ilə xarakterikdir. Baxmayaraq ki, “Əsrin müqaviləsi” adlandırdığımız məşhur neft müqaviləsindən sonra ölkəyə gələn neft pulları ildən-ilə artmağa başlamışdı; Baxmayaraq ki, mədəniyyət, incəsənət sahələrinə, o cümlədən, kinematoqrafiyaya hər il müəyyən stabil vəsait ayrılırdı, lakin inzibati idarəçilik, qanunvericilik müasir tələblərə cavab vermədiyinə görə, sadəcə vəsait ayrılması effektiv olmurdu, hətta əksinə. Rejissorlar hələ də arzuladıqları filmi çəkmək üçün illərlə növbə gözləməli olurdular. Nəticədə kəmiyyət azalır, paralel olaraq, keyfiyyət də istənilən səviyyədə olmurdu. İldə cəmi 3-4 film çəkildiyinə görə, diqqətəlayiq filmlər də 3-4 ildənbir çıxırdı. Belə filmlərdən Asif Rüstəmovun “Axınla aşağı”, İlqar Nəcəfin “Buta”, “Nar bağı”, Elçin Musaoğlunun “40-cı qapı”, “Nabat” filmlərinin adlarını çəkmək olar. Sadaladığım filmlər Venesiya, Asiya Pasifik, Lokarno kimi nüfuzlu festivallarda iştirak ediblər. Ancaq təəssüf ki, barmaqla sayılacaq qədər azdırlar. Üstəlik, son illər ölkədə milli dövlətçilik, dövlət təhlükəsizliyi ideologiyasının təbliği gücləndiyi üçün inzibati sistem probleminə bir də senzura əlavə olunub.
Məhz bu məqamda yuxarıda haqqında danışdığımız paradoksal vəziyyət yarandı. Azərbaycan kinosunda bürokratiyaya, senzuraya məruz qalmaq istəməyən rejissorlar meydana çıxmağa, müstəqil müəllif kinosu inkişaf etməyə başladı. İlk dövrlərdə bu proses dağınıq xarakter daşıyırdı, hər kəs müstəqil işləməyə cəsarət etmirdi. Çünki müstəqil işləmək az büdcəyə, hətta büdcəsizliyə razı olmaq, öz filmin taleyi üçün məsuliyyət daşımaq demək idi. Bu istiqamətin pionerlərindən Elvin Adıgözəlin, Hilal Baydarovun, Teymur Hacıyevin, Elmar İmanovun adlarını çəkmək olar. Onlar filmlərini dostlarının köməyilə, xarici fondların, festivalların pitçinqlərində qazandıqları pul mükafatları sayəsində çəkir, Lokarno, Kann, Venesiya, Karlovı-Varı, Tokio, Busan, Rotterdam kimi nüfuzlu festivallarda təqdim olunurdular.
Son illərdə müstəqil, yaxud yarı-müstəqil işləyən rejissorların – Orxan Ağazadə, Daniel Quliyev, Leylaxanım Qənbərli, Atanur Nəbiyeva, Azər Quliyev, Lalə Əliyeva, Elməddin Süleymanov, Türkan Hüseyn, Nurlan Hüseynli və s. – sayı, onların filmlərində müəyyən mövzu, üslub ardıcıllığı, tendensiyaları izləyə biləcək qədər artıb. 25-35 yaş arası bu gənclərin əksəriyyəti İngiltərə, Amerika, Türkiyə, Çexiya, Macarıstanın kino məktəblərində təhsil alıblar, ilk işlərini ölkədən kənarda çəkiblər. Yəni başqa təcrübənin olduğundan xəbərdardırlar. Onlar “Zet” nəsli deyil, amma “keçid dövrünün nəsli” də deyil. Onlar üçün keçid artıq baş verib. Onlar üçün dövlət yeganə maliyyə mənbəyi, filmlərini çəkə bilmək üçün yeganə çarə deyil. Onlar “Çayxana” kimi media platformaları, Kann, Sarayevo və s. festivalların tərkibində gənc kinematoqrafçılara dəstək verən fondlarla işləyir, pitçinqlərdə, film və ssenarinin inkişafı laboratoriyalarında iştirak edir, yaradıcılıqla azad məşğul olmağın bir yolunu tapırlar. Bəzən filmlərinin rejissoru da, operatoru da, montajçısı da özləridir. Buna görə də, yeni Azərbaycan kinosunda sənədli kino önə çıxıb. Çünki bədii film nisbətən böyük büdcə, heyət tələb edir.
Müasir Azərbaycan kinosunda mövzular
Mövzu yelpazəsi çox genişdir, ancaq illərdən keçib gələn və gənclərin kinosunda da davam edən bir neçə tematik xətt var.
Onlardan biri – “Atalar və oğullar”mövzusudur. Bu mövzu hər yeni dövrdə yeni çalarlar qazanır.
Əgər Sovet dövründə Azərbaycan kinematoqrafiyası bu mövzuya inqilab, maarifçilik hərəkatı çərçivəsində yeni ilə köhnənin konflikti, ya da ailə-məişət kontekstində yanaşırdısa, 2000-ci illərdə mövzuya fəlsəfi, sosial, mental aspektlər daxil olur. Məsələn, Asif Rüstəmovun “Axınla aşağı”, “Mərmər soyuğu” (29-cu Vezul Beynəlxalq Asiya Filmləri Festivalında münsiflərin əsas mükafatı, NETPAC və Marc Hazz münsiflərinin mükafatları), Rüfət Həsənovun “Daxildəki ada” (26-cı Sarayevo Beynəlxalq Kinofestivalında “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi) filmlərində atalar və oğullar problemi dərin psixoloji köklərə malik şəxsiyyət böhranı kimi nəzərdən keçirilir.
Rejissor Daniel Quliyevin “Bic” (Türkiyənin İstanbul şəhərində keçirilən Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalının əsas mükafatı) və “Uzaq” qısametrajlı bədii filmlərində isə ata avtoriteti, cəmiyyəti təmsil edir. Hər iki filmdə ata obrazı fiziki mövcud olmasa da, oğulların həyatındakı dağıdıcı rolu hər an hiss edilir.
Emin Əfəndiyevin qısametrajlı “Tənha insanın monoloqu” bədii filmində isə sözügedən mövzu fərqli rakursdan göstərilir. İkinci Qarabağ müharibəsinə getməyə hazırlaşan oğul, yataq xəstəsi, birinci müharibənin veteranı olan atası ilə vidalaşmağa çalışır. Ata ilə oğulun, daha çox ikincinin monoloqunun xatırladan dialoqunda patriarxal dünyada tipik ata-oğul konfliktinə şahidlik edirik.
Təbii ki, müasir Azərbaycan kinosunda ən aktual mövzulardan da biri də müharibədir. Emin Əfəndiyevin yuxarıda haqqında danışdığımız filmində müharibə bütün pisliklərin səbəbidir; O – insanların həyatını məhv edən total Şər, nəsildən nəsilə keçən yoluxucu xəstəlikdir.
Teymur Qəmbərovun IX Baykonur Film Festivalının “Ən yaxşı operator işi” nominasiyasında qalib gələn qısametrajlı “İki gün” bədii filmində də (oper. Nikita Lıçyev) müharibənin təkcə kölgəsi belə, balaca ailənin həyatına xaos gətirir.
Rejissor Qulu Əsgərovun XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasında mükafata layiq görülmüş “Hasar” filmində yaşlı qəhrəman qələbədən sonra doğma kəndinə qayıdır. O, yurdunun bərpasına erməni qonşu ilə arasındakı dağılmış hasarın təmirindən başlayır. Qonşunun kor oğlu itəndə qəhrəman onu tapıb ailəsinə təhvil verir və yenidən hasarı ucaltmağa davam edir.
Müharibə mövzusundan danışarkən Hilal Baydarovun “Balıqlara xütbə” (75-ci Lokarno Film Festivalında “Pardo Verde WWF Xüsusi Diqqət” mükafatına layiq görülüb) filmini unutmaq olmaz. “Xütbə” və ya “Müharibə əhvalatları” trilogiyasına daxil olan “Balıqlara xütbə” filminin poetik kino dili və üslubu ilə yanaşı, daha bir xüsusiyyəti də var: bu filmdə müharibə lokal, coğrafi hadisə yox, geniş yayılmış, toxunduğu hər şeyi çürüdən cüzamdır. Filmin qəhrəmanı Davud, müharibədən qayıdıb. Müəllif burada vergül qoyur, çünki, əslində, oradan qayıtmaq mümkün deyil. Uzun kadrlar, asketik mənzərələr və qəhrəmanın mətni elə bir ritmdədir ki, sanki o, qorxulu yuxusunu danışır. Xarabalıq, ölüm qoxusu – müharibədən sonra dünya belə görünür. “Balıqlara xütbə” filmində müharibə həyatın antoniminə çevrilir.
Sənədli kinoda müharibə qurbanların dili ilə açılır və baş verənləri dərk etməyə çalışır. “Yuxuda ani görüş” (rej. Lalə Əliyeva) filmi müharibədə həlak olanların həyat yoldaşlarından bəhs edir. “Şəhid arvadı” xüsusi statusdur. Filmin qəhrəmanları bunu anlayır və bu statusla yaşayırlar. Bəs onlar özləri bir qadın kimi nə hiss edirlər, şəhid arvadı olmaq nə deməkdir? Rejissor bu suallara vizual obrazlarla, məzmunlu kadrlarla, daha çox qəhrəmanların daxili səsini xatırladan müsahibələrlə cavab axtarır. Qəhrəmanlardan biri, mərhum həyat yoldaşını toy günü görmüş xanım, onu ölümündən sonra sevməyə başladığını, digəri isə ərinin ölümündən öz gücünü kəşf etdiyini deyir.
Ev də müasir Azərbaycan kinosunda həm vizual baxımdan, həm də məzmunca inkişaf edən, yeni mənalar qazanan mövzulardan biridir. Ev – əxlaq, ev – dəyər, ev – məskən, ev – insanın özəl məkanı, ev – tənhalıq, ev – xatirə, ev – modern dünyada evsizlik…
Rejissor Elmar İmanov “Mövsümün sonu” (2019-cu ildə Rotterdam kinofestivalında FİPRESSİ-nin mükafatına layiq görülüb) filmində bu mövzunun, demək olar ki, bütün aspektlərinə toxunur. Film, bir-birinə yadlaşmış, xoşbəxtliyi, daha doğrusu, xilas yolunu yeni həyatda axtaran bir ailədən bəhs edir. Qısqanclıq, nifrət, absurda çatan sarkazm və sevgi… Yay mövsümünün sonunda bir ailədə bunlar yaşanır. Onlar üçün yeni ev – yeni dəyərlər, azadlıqlar deməkdir.
Gənc rejissor Leylaxanım Qənbərlinin “Babamın evi” sənədli filmində ev, dünyadan köçmüş baba haqqında xatirələr obrazındadır. Artıq, çoxdan xatirəyə çevrilmiş o evdə müəllif sevgi və qayğı ilə əhatə olunub.
Atanur Nəbiyevanın sənədli “Evsiz ay” filmində isə öz xatirələrinin axtarışına çıxan müəllif başqa həyat tapır. Onun, uşaqlığını keçirdiyi dağın ətəyində indi bir nənə və nəvə yaşayır. Dağ, otlar, heyvanlar, qarışqalar və balaca daxma – bu dünya balaca qızın evidir. Dağ, daş çıxarmaq məqsədilə partladılanda təkcə Ay evsiz qalmır, çünki dağın başında Ay məbədi, ayın evi də vardı; insan da evsizləşir, mənəvi sığınacağını itirir. Filmin ideya spektrinə ekologiya problemi də salınıb. Lakin film daha çox transsendental atmosferi ilə diqqət çəkir.
Sosial-siyasi mühit və şəxsiyyət. Bu, kinoya gəldiyi gündən müstəqil işləməyi seçmiş rejissor Elvin Adıgözəlin yaradıcılığının əsas mövzusudur. Onun “Qaranlıqdan reportaj”, “Buqələmun”, “Biləsuvar”, “Rəna xanımın film çəkilişi” və s. filmləri Lokarno, Marsel, Busan kimi böyük festivalların əsas müsabiqələrində iştirak edib. Elvinin filmləri kəskin tənqidi baxış, reallığın pafossuz və çılpaq mənzərələri ilə seçilir. O, əxlaqi baxımdan kirlənmiş mühitdə insanın necə deqradasiya etdiyini, öz şəxsiyyətini qorumaq, həqiqət, öz həyatın və sərhədlərin uğrunda mübarizə aparmağın nə demək olduğunu araşdırır. Elvinin kameragözü uzun kadrlara rəğmən hərəkətli, sakit, canlı və pafossuzdur.
Gənclər öz filmləri vasitəsilə nə deməyə çalışırlar?
İyulda Bakıda keçirilən V Sevil Qadın Sənədli filmləri Festivalının münsifi olan qırğız kinotənqidçisi Gülbara Tolomuşova festivalda gördüyü Azərbaycan filmləri haqqında “bu filmlərə baxanda hiss olunur ki, müəllifləri özlərini həyatda təsdiqləyiblər və indi keçmişlərini, kimliklərini araşdırırlar” demişdi. Düzdür, həmin gənclərin özləri onunla razılaşmırlar, amma düşünürəm ki, Gülbara xanımın sözlərində müəyyən həqiqət var. Yeni nəsil nə istədiyini, ya da bəlkə, nə istəmədiyini çox yaxşı bilir: onlar həyatlarını güzəştə getmək istəmirlər. Bəlkə bəziləri bunu, məsələn, müsahibələrində, ya da sosial şəbəkələrdə açıq şəkildə dilə gətirmirlər, ancaq kino dilində ifadə edirlər. Yeni nəsil xilaskar axtarmır, onlar üçün ənənəvi anlamda qəhrəman obrazı artıq inandırıcı deyil. Onlar daha çox fərdi xilasa inanırlar. Bu baxımdan Azər Quliyevin “Təngnəfəs” filmini nümunə göstərmək olar. Filmin qəhrəmanı – ortayaşlı qadın boz bir həyat yaşayır. Yeganə məqsədi arıqlamaq, sağlam olmaqdır. Qadının həyatına yeni bir şey daxil olanda, kiminsə qəhrəmanı olmaq imkanı yarananda bundan imtina edir.
Rejissor Orxan Ağazadənin operator işinə görə (oper. Daniel Quliyev) Almaniya Kamera Mükafatına, Cənubi Koreyanın EBS Beynəlxalq Sənədli Filmlər Festivalında Qran-Priyə layiq görülmüş “Kinomexanikin qayıdışı” filmində isə qəhrəman sonda qalib gəlir. Amma son epizoddakı dinclik, sevincdən çox kədər, xiffət hissi yaradır, “Pirr qələbəsi”ni xatırladır.
Leylaxanım Qənbərlinin “Qəssabın qızı”, “Babamın evi”, Atanur Nəbiyevanın “Evsiz qalmış ay” filmləri isə itirilmiş cənnət haqqındadır. Müəlliflər uşaq vaxtı xoşbəxt olduqlarını düşündükləri evi, məkanı, xatirələri bərpa etməyə çalışırlar. Bu filmlərdə ev – təkcə kimlik axtarışlarını ifadə etmir. Bu, həm də müəlliflərin simasında Azərbaycan gəncinin stabil, etibarlı sığınacaq, həyata davam edə bilmək üçün bir dayaq tapmaq cəhdidir.
Aliyə Dadaşova, Aygün Aslanlı