Now Reading
Qapı arxasında gizlənən kimdir?

Qapı arxasında gizlənən kimdir?

Rejissor Vüsal Əhmədzadənin “Qapı” tragikomediyası ilk baxışda dəqiq planlanmış, lakin gözlənilməz situasiyalar nəticəsində alınmayan soyğun hekayəsidir. Vəfa (Sənubər İsgəndərli), yanında işlədiyi, etibarını qazandığı varlı-hallı ailəni qarət etmək istəyir. Ancaq özü şübhədən kənarda qalmaq üçün yaxın qohumlarını – həbsdən təzə çıxmış Vəfadarla (Rəfael İsgəndərov) həyatında heç nə düz getməyən, artıq intihar həddinə çatmış Vidadini (Nurlan Rüstəmov) bu işə cəlb edir.


Hekayənin dramaturji strukturu dairəvi təhkiyə üzərində qurulub (ssenari müəllifləri Vüsal Əhmədzadə və Emin Əfəndiyevdir), filmin ilk epizodunda yarımçıq qalan akt sonda tamamlanır. Bu 360 dərəcəlik döngüdə Vəfa, Vidadi, Vəfadar həyatlarını kəsə yolla dəyişməyə cəhd edirlər, tamaşaçı da bəzən fləşbəklər, daha çox isə dialoqlar, peripetiyalar vasitəsilə qəhrəmanları tanıyır. Dairənin içində cəmiyyətin müxtəlif qatlarından olan, heç kimin görmədiyi həyat yaşayan insanlar var: yalqızlıqdan qurtulmaq üçün hamının işinə yaramağa çalışan, məsləhətləri ilə bezdirən yaşlı qadın da (Zemfira Əbdülsəmədova), gün ərzində cürbəcür insanların şıltaqlıqlarına dözməyə məcbur qalan kuryer də (Emil Musayev), populyar müğənni də (Kamran Ağabalayev), aliment verə bilməyən ata da, hər vəziyyətə uyğunlaşmağı bacaranlar da, ikili həyat sürənlər, hər şeyə doğuşdan haqqı çatdığını düşünüb özünü başqalarından üstün görənlər, yoxsulluğu fərdi qüsur hesab edənlər də. Hamı, bağlı qapılar arxasında gizlədilmiş reallıqdan xəbərsiz, gözəllik salonunun işçisi kimi (Kəmalə Onur) bir-birilərinin saxta dünyalarına paxıllıq edir. Amma bir gün məhz bağlı qapı sayəsində bütün sirlər üzə çıxır.


Tamaşaçı, qəhrəmanları tanıdıqca, filmin əvvəlində üzündə yaranan gülüş yavaş-yavaş çəkilməyə başlayır, Vidadinin yerə çırpılmasıyla isə yoxa çıxır. Vidadi gündüz intihar etməklə, gecə intihar etmək arasındakı fərqi öyrənə bilmir. Biz isə öyrənirik: gündüzlər cüzi də olsa, bir xilas ümidi var, gecələr yoxdur.


Film elə ilk epizoddan sərt rakursdan çəkilmiş distorsik təsvirlə (quruluşçu operator: Orxan Məmmədov) bizə anormal, tərs-məzhəb bir dünyaya daxil olduğumuz barədə  xəbərdarlıq  edir. Bu dünyada pəhləvan cüssəli insanlar qorxaq və aciz (Kamran Ağabalayev müğənni Canik rolunda bu ziddiyəti məharətlə göstərir), Vəfalar vəfasızdırlar, uşaqlar nənələrini öldürmək istəyirlər. Vidadinin yanlış yolu seçdiyini simvolizə edən, həm də bağlanmayan yeganə qapı – əyridir. Halal zəhməti ilə yaşayan, haqqını və şərəfini qoruyan tək qəhrəman – Volt kuryeri isə kütbeyin, qrotesk xarakterdir. Hər şeyin astarının üzünə çevrildiyi dünyanın normalı da belə olmalıdır. (Bilmirəm, müəlliflər bu qəhrəmanı yazanda kuryerlərin keçənilki etiraz aksiyalarına eyham vurublar, ya yox, amma mənə o hadisəni xatırlatdı).


Sadəcə, problem ondadır ki, rakurs çəkiliş fəndi filmboyu tez-tez, üstəlik qırıq montajla paralel şəkildə təkrarlandığı üçün yorucu təsir bağışlayır, bir çox hallarda isə özünü doğrultmur. Bu, iri planlara da aiddir. Məsələn, Vəfadarın Vidadidən uşaq vaxtı onu satıb-satmadığını soruşduğu səhnədə kamera onları nisbətən aşağı rakursdan çəkdiyi üçün Vidadi böyük, Vəfadar isə balaca görünür. Halbuki burada çətin vəziyyətdə olan Vidadidir, həm öz dilinin bəlasına düşüb, həm də sıxışdırılmış qəhrəmandır, yəni aşağı mövqedə o olmalıdır. Ssenaridə olduğu kimi təsvir həlli də müəyyən dramaturji məntiq, əsaslandırma tələb edir. Bu olmayanda istənilən fənd ən yaxşı halda təcrübəsizliyi, ən pis halda isə sırf fərqli görünmək məqsədi daşıdığını dərhal büruzə verir.


Filmin daha bir problemi də aktyorların qarşılıqlı ifalarındakı qopuqluqdur. Xüsusən, ailənin sirrinin açıldığı və “rus ruleti” epizodlarında sanki nəyi və niyə etdiklərini anlamır, sadəcə replikalarını təkrarlayır, bir-birilərinin sözünü bitirməyini gözləyirlər ki, bu da dialoqlarda pauzaların yaranmasına, ahəngin pozulmasına səbəb olur. Ona görə də, bu səhnələr o qədər də inandırıcı alınmayıb.

Taleh Yüzbəyov isə, deyəsən, qəhrəmanını Kristian Beylin “Amerikalı psixopatı”na bənzətmək istəyib, amma qəhrəmanına xas xudbinliyi, cəzasızlıq hissinin yaratdığı özündənrazılığı ifasında dəqiq çatdıra bilmədiyindən ortaya didaktik bir obraz çıxıb.


Ancaq bütün bunlar bağışlanası qüsurlardır, çünki “Qapı”, Vüsal Əhmədzadənin ilk tammetrajlı işidir, türklər demiş, ilkin – günahı olmaz. Əsas odur ki, onun tamaşaçıya deməyə sözü var və tamaşaçıların kinozalı doldurmağını, reaksiyalarını nəzərə alsaq, müəllif onları həm güldürməyi, həm də düşündürməyi bacarıb.

Aygün Aslanlı     

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top