Now Reading
San-Sebastyanda sonuncu gün

San-Sebastyanda sonuncu gün

Uşaqlığı televizor önündə keçən biri kimi, məndə, televiziyanın uşaqlara olan təsiri barədə film izləmək fərqli bir hisslər oyatdı. Televiziyadan necə uzaqlaşdığımı, ancaq canlı idman yarışlarına baxmaq üçün televiziya qarşısına keçdiyimi xatırladım. Deyəsən, 1990-ların nəsli üçün böyümək, televiziya ilə əlaqəni kəsməkdən başlayır. Artıq, böyümüsən, televiziyada göstərilən bütün o uşaq filmləri, teleserialları artıq sənin üçün maraq kəsb etmir. Həyatda daha maraqlı şeylər var və onların heç biri televiziyada əks olunmur.

ABŞ rejissoru Ceyn Şönbrunun psixoloji dram və qorxu janrında çəkdiyi “Televiziyanın parıldadığını gördüm” bədii filmi məhz televiziyanı mərkəzə qoyaraq gender identifikasiyasını və gender disforiyasını araşdırır. Ouen və Meddi televiziyada gecə yayımlanan serialın hesabına tanış olurlar. Bu serialın adı “Çəhrayı mat”dır. Burada “Cənab Melanxoliya” adlı əsas anti-qəhrəman var ki, onun gücü, zamanı və reallığı dəyişə bilməsindədir. Bu serial gənclərin həyatında qəribə hadisələrə səbəb olur. Ouen, Meddinin videokasetə yazdığı buraxılışları izləyir (ailəsi ona yatmaq vaxtından gec başlayır deyə həmin seriala baxmağa imkan vermir və Meddi onun üçün bu çarəni tapır), bir yerdə “böyüyürlər”. Ancaq, Meddi həyatından razı deyil və qaçmaq qərarına gəlir. O, qaçdıqdan sonra isə serial fəaliyyətini dayandırır.

“Televiziyanın parıldadığını gördüm”


Burada rejissorun qurmaq istədiyi narrativ Ouen vasitəsilə ortaya çıxır. Ona izləmək istədiyi serialı həm də, “bu qızlar üçündür” deyərək qadağa edirlər. Üstəlik, Ouen ona seksuallığı barədə verilən suala da “qızlardan ya oğlanlardan xoşun gəlir?” bilmirəm cavabı verir. Bütün film Ouenin daxili dünyasında yaşadığı səksəkə, yeni reallıq və ona adaptasiya cəhdləri olaraq gedir. Gender disforiyası bioloji istəklə gender identifikasiyanın üst-üstə düşməməsidir və rejissor bu hissi – öz bədəninə yad olmaq və cəmiyyətin normaları ilə üst-üstə düşməməyi yaxşı qurur. Ancaq, filmin qorxu tərəfinə gəldikdə isə uğurlu saymaq olmaz. Sona doğru isə “body horror” əlamətlərini görürük. Obrazın özünü tapa bilməməsi onun bədəninə zərər verəcək həddə gətirib çıxarır. Ceyn Şönbrunun özü də gender disforiyası yaşayıb və transfeminin olub. Elə buna görə də, filmi izləyənlərin bir çoxu “trans olmaq” barədə izlədikləri ən həqiqi film olduğunu vurğulayırlar.

İzlədiyim növbəti film isə Paolo Sorrentinonun “Partenopa”sı oldu. Müasir İtaliyan kinosunun ən tanınan və uğurlu müəlliflərindən sayılan Sorrentino yenə öz sevimlisi Neapola qayıdır və bu dəfə hekayəyə dünyanın ən gözəl qadınının gözündən baxmağa cəhd edir.


Hadisələr 1950-ci illərdə baş verir. Bir qadın hamilədir, xaç atası onun üçün xüsusi, Versaldan qızıla bürünmüş at arabası hədiyyə gətirib, övladın kimliyi də ona məlumdur – qız olacaq! Həqiqətən də, övlad qız olur və xaç atası ona Partenop adını qoyur. Bu ad yunan mifologiyasından gəlir. Odisseyi toruna salmağa çalışan su pərilərindən biridir. Odissey özünü gəmiyə bağlayaraq onun mahnısına güc gələ bilir və bundan kədərlənən Partenop özünü sahilə vuraraq intihar edir. Qalıqlarının insanlar tərəfindən tapıldığı yer isə indiki Neapoldur. Sorrentino, hekayəsini mifik dünyanın üzərində qurur.

Partenop öz mifoloji sələfindən geri qalmır – dünyanın ən gözəl qadınıdır və yoldan çıxara bilməyəcəyi insan yoxdur. Bu onun həqiqətən də dünyaya qızıl arabada gəldiyinin sübutudur. Onu hər kəs ələ keçirməyə çalışır, hətta öz qardaşı da Partenopun cazibəsinə məğlub olur və böhran yaşayır. Partenopu canlandıran Selesta Dalla Porta filmboyu ulduz kimi parıldayır. Rejissor bu gözəlliyə xüsusi vurğu etmək üçün yaxın planlardan, məharətlə qurulmuş işıqlardan, dəbdəbəli geyimlərdən gen-bol istifadə edir. Tamaşaçını Partenopun sehrinə salmaq üçün əlindən gələni edir və buna nail olur.

“Partenopa”


Sorrentino, Partenopa ilə Neapolu eyniləşdirir. Çünki bu, bir qadının başına gələnlər deyil, həm də şəhərin yaşadıqlarıdır. Partenopun gördükləri Neapolun müxtəlif mənzərələridir. Burada hər şey var – iki mafiya ailəsindən olan gəncin ailə üzvləri qarşısında sevişməsi, kasıblıqdan tanınmaz hala qalmış şəhər sakinləri, yalançı ayin və möcüzə ilə insanları aldadan rahib, etdiyi plastik əməliyyatlara görə üzünü heç kimə göstərməyən aktrisa, böyüdüyü şəhərə qayıdıb insanları təhqir edən diva, mafiozlar, elm adamları və s.

Partenop, tanış olduğu bütün kişilərdə eyni məqamı görür – onun cazibəsinə qapılıb təslim olmaqlarını. Yalnız iki kişi qəhrəman onun gözəlliyi ilə maraqlanmır. Bunlardan biri amerikalı yazıçıdır (Qari Oldman), digəri isə akademiya professorudur. Professor və yazıçı onunla sevişmək istəməyən yeganə kişi obrazlarıdır. Buna, bir növ, ağılla bədənin dualizmi də deyə bilərik. Yazıçı “sənin gözəlliyin müharibəyə qapı açır” deyir və ona “gəncliyinin bir saniyəsini belə israf etmək istəmərəm” deyərək uzaq durur. Akademik isə ondakı ağılı duyur və onu dəstəkləyir. Partenop filmboyu “ağıl, yoxsa gözəllik” arasında var-gəl edir. Əlbəttə, burada gözəlliklə birgə ələ alınan məsələlərdən biri də “gənclik”dir. Gəncliyin təravəti, gözəlliyin məftunediciliyi və adamın ağlını başdan alması Sorrentino üçün yad mövzular deyil. O, həm “Möhtəşəm gözəllik” filmində, həm də “Gənclik” filmində bu mövzuları araşdırır.

Rejissor gözəlliyin xoşbəxtlik yoxsa lənət olduğunu tapmağa çalışır. Gözəllik hər işi asanlaşdırır, yoxsa bunun lənəti adamı qarabaqara izləyir? Partenop, eynilə rejissor kimidir – şansı olsa da, heç vaxt Neapolu tərk etmir. Onun məftunedici gözəlliyini, “Napoli” futbol klubunun İtaliya çempionluğunu, şəhərin vaxt ötdükcə dəyişən görkəmini çatdırmaq istəyir. Sorrentino Partenopun əbədi gözəlliyi ilə birgə Neapolun ruhunu filmə hopdurmağa çalışır. Çığıraraq çempionluğu qeyd edən azarkeşlərə sevinc dolu baxışlarla baxan Partenop, artıq qocaldığının, onu lənət kimi izləyən gözəlliyinin uçub getdiyini bilir, ancaq bundan narahat olmur, hər şeyi olduğu kimi qəbul edib.

Sorrentino bu filmində əvvəlki filmlərindən öyrəşdiyimiz dəqiq ölçülüb-biçilmiş kamera hərəkətlərini, kompozisiyaları yenə bizə göstərir. Bəzən bunu o qədər şişirdir ki, özü-özünün parodiyasına çevrilir və sanki reklam filmindən çıxmış görüntülər təəssüratı yaradır. Musiqidən də gen-bol istifadə edərək tamaşaçını ovsunlayır.


Filmdən sonra Pedro Almodovarın mətbuat konfransı baş tutdu. Bu il Venesiyada “Yandakı otaq” filmi ilə qələbə qazanan Almodovara San-Sebastyanda “Şərəf mükafatı” təqdim ediləcək. Mətbuat konfransında filmdə baş rolda oynayan Tilda Svinton da iştirak edir. Tilda, Almodovarla münasibətlərini özü üçün yeni, misilsiz bir təcrübə sayır və onunla birgə işlədiyi üçün özünü xoşbəxt hiss etdiyini deyir. “Yandakı otaq” filmi Almodovarın ilk ingiliscə filmidir. Bu barədə ona sual verəndə isə deyir ki, yenilik hər zaman yaxşıdır, insanı irəli aparır. Ondan “Necə hələ də çağdaşsan?” sualı soruşulanda isə cavabı belə olur: “Spontanlığa üstünlük verirəm, çünki hər şeyi əvvəlcədən planlaşdırmaq qeyri-mümkündür. Spontan olanda isə hər şey təbii baş verir, qalanı isə misteriyadır”. Tilda Svinton da ona bu əlavəni edir: “Pedro Almodovarla iki filmdə işləmişəm və hər filmdə sanki debüt iş həyəcanı keçirmişəm. Bu, onu əvəzedilməz edir”.


Fürsəti əldən verməyib Tilda Svintonla xatirə fotosu da çəkdirdim. Bütün imza və foto istəklərini qəbul edən aktrisa, yaxşı aktrisalıqdan əlavə, təvazökarlığı ilə də auditoriyanın rəğbətini qazanır.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top