İNDİ OXUYUR
San-Sebastyan gündəlikləri – birinci yazı

San-Sebastyan gündəlikləri – birinci yazı

Biskay körfəzinin sahilində yerləşən kiçik San Sebastian şəhəri (ərazisi 60 kvadrat kilometr, əhalisi isə 200 minə yaxın) dünyada bir neçə xüsusiyyətilə tanınır: Elə ən birinci yada düşən, şəhərin adından gələn San Sebastian çizkeykini qeyd etmək olar. Qastronomiya, şəhərin dünyaya çıxış nöqtələrindən biridir. Ümumilikdə 15 Mişlen ulduzlu restoran məhz burada yerləşir və bu baxımdan Avropa şəhərləri arasında ilk onluqdadır. Qastronomiya ilə tarixi və təbiəti birlikdə təqdim etdiyi üçün, şəhər, həm də məşhur turizm dayanacaqlarından biridir. Xüsusilə yay aylarında turistlərin diqqətini cəlb edə bilir. Yay bitir, insanlar dağılışıb gedir mi? Getmir, ya da getsələr də geri qayıdırlar. Sentyabrın son ongünlüyündə keçirilən nüfuzlu San-Sebastian Film Festivalına görə yenidən burada vaxt keçirməyi düşünürlər. Festival da şəhərin güclü tərəflərindən yararlanmaq üçün əlindən gələni edir: Proqrama baxdığımız zaman kulinariyaya ayrılmış xüsusi bir bölmə olduğunu görürük. Festivalın sponsorlarından biri elə yerli idarəetmənindir ki, burada qonaqlara lokal mətbəxi dadmaq üçün imkanlar yaradılır.

San-Sebastian Film Festivalının tarixindən, əhəmiyyətindən, xüsusilə, Cənubi Amerikadan olan filmlər üçün Avropada körpü rolunu oynadığından xeyli danışmaq olar. Təkcə keçən ilin rəsmi festival rəqəmlərini burada paylaşaraq sizə mənzərəni çatdırmaq istəyirəm: Festival ərzində 158.194 tamaşaçı (nümayişlərdə iştirak edən ümumi tamaşaçı sayını bildirir, insan sayını yox) filmləri izləyib. 238 film üçün 600-dən çox nümayiş təşkil edilib. 58 ölkəni təmsil edən filmlər festivalda iştirak edib.

Festivalda izlədiyim filmlərə keçməmişdən qabaq çox xoşuma gələn bir nüansı qeyd etmək istəyirəm. Filmlər müxtəlif bölmələrdədirlər və hər bölmənin özünəxas treyleri var. Məsələn, bölmələrdən biri “Yeni rejissorlar” adlanır və rejissorluq karyeralarında ilk filmlərini çəkənlər üçün nəzərdə tutulub. Bu bölmədən hansısa bir filmə baxdığın zaman müəyyən qərəzə sahib ola bilərsən ki, yəqin yaxşı filmlər deyillər. Bəs festival treylerində nə göstərir? Daha əvvəl bu bölmədə mübarizə aparan, sonradan isə kulta çevrilən rejissoları, filmləri insanların diqqətinə çatdırır. Qısa bir dəqiqəlik treyler vasitəsilə tamaşaçıya siqnal göndərilir ki, bəlkə də sən indi gələcəkdə ulduz olacaq müəllifin ilk addımlarına şahid olacaqsan. Tamaşaçı üçün bundan gözəl nə motivasiya ola bilər ki?

Festivalın ilk günü, saat səkkizdən press akkreditasiyamı almaq üçün növbədəyəm. Səhərin gözü açılmamış tanımadığım şəhərdə tələsməyimin vacib bir səbəbi var: Birazdan izləyəcəyim filmə giriş etmək üçün əvvəlcə akkreditasiyamı almalıyam. İzləyəcəyim film isə Türkiyə-Kosova ortaq istehsalı olan, rejissor Belkıs Baykar tərəfindən çəkilən “Gülizar” filmidir. Filmi mənim üçün əlamətdar edən məqam, bəstəkarımız Kənan Rüstəmlinin filmin bəstəkarı olmasıdır. Sözügedən filmin dünya premyerasını Toronto Film Festivalında etdiyini və Avropa macərasına da San-Sebastyanda başladığını nəzərə alsaq, bəstəkarımız üçün dünya səviyyəli bir uğur olduğunu deyə bilərik.

“Gülizar” Türkiyədən başlayıb Kosovaya qədər uzanan qadınlıq hekayəsidir. Cəmiyyətin mövcud qayda-qanunları ilə yaşamağın qadınlar üçün nə qədər çətin olduğunu rejissor cinsi qısnama hadisəsi üzərindən araşdırır. Bu araşdırmada klişe həllər əvəzinə daha dərin bir baxış göstərir. Patriarxatın yaratdığı qayda-qanunlar təkcə qadınlar üçün yox, həm də kişilər üçün müxtəlif sınaqlara gətirib çıxarır. Xüsusilə, kövrək maskulinlik və kişi-qadın münasibətlərindəki yalan-həqiqət, rejissorun diqqət yetirdiyi məqamlardır.

Belkıs Bayrakın debüt işi olan “Gülizar”da kamera istifadəsi əsasən statikdir və tamaşaçı sadəcə müşahidəçi rolunu oynayır. Ancaq bəzi vacib anlarda “zoom” vasitəsilə qəhrəmanın daxili dünyasına nüfuz etməyə çalışır. Ecem Uzun və Bekir Behremin tandemi uğurlu alınır, sona qədər həm bədən dilləri, həm də aralarındakı energetika ilə diqqətləri üzərlərində cəmləyir. Kənan Rüstəmlinin musiqisi əsasən atmosferik tamamlayıcı rolunu oynayır. Yalnız filmin ortasında və sonunda atmosferi tamamlamaq əvəzinə atmosferə yeni çalar qatan musiqilər eşidirik. Xüsusilə filmin sonundakı musiqi diqqətəlayiqdir. Hilal Baydarovun filmlərindən şahid olduğumuz tərzinə Kənan Rüstəmli burada da sadiq qalır və səhnənin əzəmətini yüksəltməyi bacarır.

Qadın mövzusu günün başqa bir filmində də qarşıma çıxır. Payal Kapadianın bu il Kann Film Festivalında “Qran Pri” qazanan “İşıq təsəvvür etdiyimiz hər şey” filmi Mumbay şəhərinə müxtəlif ümidlərlə gələn üç qadının hekayəsidir. Film Mumbay şəhərinin sənədli təsviri ilə başlayır. Müxtəlif səslər, insanlar şəhər barəsində təsəvvürlərini bölüşürlər. Təhkiyənin sənədli girişi qəhrəmanlarla tanışlığımızı asanlaşdırır: Onlar şəhər xəstəxanasında çalışan, müxtəlif sıxıntıları olan iş yoldaşlarıdır. Birinin əri xaricə gedib, digəri vaideynlərindən uzaqlaşıb müsəlman bir oğlanla gizlin münasibət yaşayır, sonuncusu isə evi sökülmək təhlükəsi ilə üz-üzədir.


Payal Kapadia cəmi ikinci tammetrajlı filmini çəkməsinə baxmayaraq, heç də ürkək davranmır, hətta janrlar arasında keçidləri ustalıqla edir. Sənədli formatda başlayır (İlk tammetrajlı filmi “A night of knowing nothing” Kannda “Ən yaxşı sənədli film” mükafatını qazanıb), sonra ənənəvi sosial-dram kanonlarına göz vurur, birdən poetik bir dünyaya keçid edərək, Hindistanın mistik dünyasını açmağa çalışır. Üstəlik, bunları edərkən Mumbayda əhalinin nəzarətsiz artımına, hər kəsin bura bir parça ümid ardınca gəlməsinə, əslində isə ümidin (ya da rejissorun yozumuyla – işığın) sadəcə illuziya olduğuna, qadınların mənəvi azadlıqlarının önünə keçən maneələrə, insanları çarəsiz qoyan hüquq(-suzluq)lara toxunmağı bacarır. Xüsusilə filmin Mumbay olan səhnələrinin əksərən gecə olması diqqət çəkir. Mumbayın gecələrində işıq axtaranlar yekunda tənhalığa və ümidsizliyə qapılırlar. Belə olduğu halda, onların bir-birindən başqa sığınacaqları olmur. Eynilə üç iş yoldaşının yaşadıqları kimi.

Payal Kapadia cəmi 37 yaşında tarixi bir uğura imza atıb: O, Hindistanın tarixində ilk dəfə Kannda “Qran pri” qazanan rejissor olmağı bacarıb. Hindistanın 30 illik fasilədən sonra Kannda əsas yarışmada nümayişə haqq qazanması da diqqətə layiqdir. Rejissorun sanki onlarla filmi varmış kimi narrativi əzib-bükməyi və eyni zamanda, məzmunu itirmədən bunu bacarması insanı heyrətləndirir. Ən azından növbəti filmlərini gözləməyə səbəb verir.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya