Quxuroba: Sevinc həsrəti
Xoşbəxtlik nədir? Bəşər tarixi boyu bu suala cavabı hələ də tapmayıblar. Yer üzündə mövcud olmuş və indi də mövcud olan insanların sayı qədər bu sualın cavabı var. Bəs sevinc hissi nədir? Öz fikrimi qeyd etsəm, deyə bilərəm ki, sevinc hissi də, elə xoşbəxtliyin bir növüdür. Aralarındakı yeganə fərq, bu hisslərin davametmə müddətidir. Kiməsə xoşbəxt olmaq üçün bir fincan qəhvə bəs edir, kiminçünsə sevinc hissi keçirməyə minlərlə pul da azdır. Başqa sözlə desək, hər iki hiss nisbidir. İnsan, adətən, xoşbəxtlik axtarışında olduğu nəsnənin və məfhumun arxasınca illərlə, bəzə isə ömrü boyu qaçır. Lakin özünün də gözləmədiyi yerdə, vaxtda və subyektdə bunu əldə edir. Müdrikliyə və həyat təcrübəsinə malik olan insanlar bunu dərhal dərk edir. Amma kor-koranə axtarışda olanlar isə – “Bəxt üzüyü” bədii filminin qəhrəmanı Moşu kimi – “xoşbəxtlik” deyə-deyə öz dünyalarında var-gəl edirlər. Düşünürəm ki, insan özü üçün xoşbəxtlik və ona sevinc hissi yaşadacaq obyekti müəyyən etdikdə, özünə hesabat verməlidir, özünü sorğu-sual etməlidir. Mən doğrudan da bunu istəyirəm? Bu mənə nə dərəcədə lazımdır? Bu olmasa, mənim həyatım nə qədər dəyişəcək? Buna nail olandan sonra mən daha nə istəyəcəyəm? və s.
Bir neçə il öncə rejissor Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmini ilk dəfə izləmək, mənə kifayət qədər sevinc hissi yaşatmışdı. Çünki iyirmi dəqiqə ərzində maraqlı hekayə nəql etməyə və bununla da məni bu müddət ərzində kinozal kreslosunda oturub diqqətimi bir an belə ekrandan yayındırmamağa qadir olan rejissorun varlığından məmnun olmuşdum. Bu filmin təbiiliyi, qəhrəmanların hər bir azərbaycanlıya yaxın olması, hadisələrin autentikliyi tamaşaçının onu sevməsinə yardım edir. Müəllifi şəxsən tanımasam da, onun bu cür ekran əsərini ərsəyə gətirməsi, mənim rejissor haqqında yaxşı müşahidə bacarığının olduğunu deməyə əsas verir.
Zənnimcə, qısametrajlı film çəkmək, tammetrajlı film ərsəyə gətirməkdən daha çətindir. Qısa vaxt kəsiyinə əvvəli, ortası və sonu olan maraqlı hekayəni yerləşdirməyə hər müəllif qadir deyil.
Yuxarıda xoşbəxtlik və sevinc hissi sözlərindən bəhs etdim. Bəs bu haqqında danışacağım filmin qəhrəmanları xoşbəxtdir yoxsa yox? Onları sevindirən nədir?
Filmdə iki baş qəhrəman var. Birinci – taksi sürücüsü (Elvin Adıgözəl), çörək pulu qazanmaq üçün “Ağa deyir, sür dərəyə” misalının qəhrəmanı kimi, müdirinin onu göndərdiyi yerə getmək məcburiyyətindədir. Boz iş günlərinin birində müdiri onu, Qusarın Quxuroba kəndinə dostunun qızının toyu üçün gəlin paltarı çatdırmağa göndərir. Kəndin adını ilk dəfə eşidən və hər dəfə onu yanlış tələffüz edən qəhrəman, yola düzəlir. Qəhrəmanın xarakterinə gəlincə, o, orta-statistik Azərbaycan vətəndaşının prototipidir. Özünün də səsləndirdiyi kimi, bir zamanlar, regiondan Bakıya (çox güman ki, qazanc məqsədi ilə) gəlib. Qayğılar səbəbindən, qapalı, pessimist və aqressivdir. Gözü yolda olsa da, fikri arzularının yanındadır.
Yolüstü yanacaqdoldurma məntəqəsində könülsüz olaraq götürdüyü xanım sərnişin (Roza İbadova), filmin ikinci əsas qəhrəmanıdır. Xanım sərnişin də, taksi sürücüsü kimi paltar aparır. Lakin sürücüdən fərqli olaraq, o, alverçidir və Bakıdan ucuz alıb, regionlarda sataraq pul qazanır. Xanım da sürücü kimi qayğılardan əziyyət çəkir, lakin o, sürücüdən fərqli olaraq, özünə əmindir, optimistdir və bunu, onun üzündən filmboyu əskik olmayan istehzalı təbəssümü təsdiq edir.
Xarakterlərindəki bu fərqlər səbəbindən, onların arasında yolboyu xırda mübahisə qığılcımları baş verir.
Xanım: “Mənə elə gəlir ki, Xırdalan ayrı şəhərdir, Bakı ayrı şəhər”
Sürücü: “Mənə isə elə gəlir ki, sizin Bakıdan xəbəriniz yoxdur ümumiyyətlə”
Bu tipli mənasız mübahisələr, qəhrəmanların xarakterləri arasında bir-birini üstələmək cəhdindən xəbər verir. Amma bu mübahisələrin-dialoqların filmin süjetinə dəxli yoxdur və onu irəli aparmağa hesablanmayıb.
“Quxuroba“ bədii filmi “roadmovie” subjanrına aiddir. Arayış üçün qeyd edim ki, bu kateqoriyaya aid filmlərdə qəhrəmanlar yola çıxır, bir nöqtədən o biri nöqtəyə doğru hərəkət edir və hadisələr yolda baş verir.
Qəhrəmanların arasında gizli yaxınlaşma, hər ikisi təbii ehtiyaclarını ödəmək üçün maşını tərk edəndə baş verir. Səhraya oxşar yerdə hərəsi bir tərəfə çəkilən zaman sürücü, xanımı itirir. İnstinktiv olaraq yaranan narahatlıq xanımın ürəyində naməlum sürücüyə yer ayırır. Onlar yol qırağında kafeyə gedirlər. Daha sonra isə xanım, sürücünü evinə dəvət edir.
Çay süfrəsindən sonra xanım, sürücünün çatdıracağı gəlin paltarını əyninə geyinir, güzgünün qarşısında özünə zövqlə tamaşa edir. Paralel verilən epizodda isə gəlin paltarının əsl sahibinin toyudur və o, ona çatacaq paltarın yerinə idman gödəkçəsi ilə toy maşınından düşür, hamı, tamamilə hamı, hətta təzə bəy də xoşbəxt görünür, lakin gəlinin üzündəki “zəhrimar”, onun damarından qara qanların axdığından xəbər verir. Amma toyu olmayan xanım yer üzünün ən xoşbəxt insanı kimi özünü hiss edir. Onun arxasında duran sürücü isə, biraz mat-məəttəl, biraz da potensial sevgili qismində onun əksini güzgüdən seyr edir.
Bu epizodda müəllif çox incə və olduqca həssas bir məqama toxunub. Azərbaycanda, toy adət-ənənəsində xüsusi gəlin paltarı kultu mövcuddur. Belə ki, xanımlar toy öncəsi, gəlin paltarını seçən zaman ayırdıqları diqqəti, bəlkə də, heç gələcək həyat yoldaşlarını seçəndə istifadə etmirlər. İki-üç saat əyinlərində qalacaq gəlin paltarı gənc xanımlar üçün xüsusi önəm kəsb edir və onlar bu paltarı xoşbəxt ailə həyatının simvolu kimi görürlər. T.Qəmbərov bu detalı xüsusi dəqiqliklə təsvir edə bilib.
Filmin əsas “uğursuz” yeri onun adındadır. Belə ki, hadisələrin Quxurobada və ya hər hansı konkret bir məkanda baş verməsi, filmin həmin məkanın adı ilə adlandırılmasına əsas vermir. Tamaşaçı, Quxurobaya xas olan element və xüsusiyyətləri görmür. Mövcud hadisələr Azərbaycanın istənilən yerində baş verə bilər. Ümumiyyətlə, müasir milli kinomuzda bu tendensiya mütəmadi hal alıb. Müəlliflər tamaşaçı diqqətini cəlb etmək üçün filmlərə və seriallara konkret yer adı verirlər. Misal üçün “Biləsuvar” (rej. Elvin Adıgözəl), “Alatava” (rej. Əlixan Rəcəbov) və s. Yerli ssenaristlər effektiv ad dalınca qaçaraq, ssenari kamilliyini unudur və nəticədə zəif film ərsəyə gəlir.
Nəzərə almaq lazımdır ki, filmin adı dramaturji elementdir və doğru ad seçimi filmin uğurunun müəyyən faizini təmin edir. Dünya kinematoqrafiyasından “Kasablanka” (rej. Maylı Körtis) və “Doqvil” (rej. L.von Trier) kimi məşhur bədii filmləri misal çəkə bilərəm.
Filmdə baş rol olan aktyorlar – Roza İbadova və Elvin Adıgözəl (titrlərdə Elxan Səmədov kimi qeyd olunub), rollarının öhdəsindən məharətlə gəliblər və mükəmməl duet yaradıblar və bu seçim əlbəttə ki, rejissorun peşəkarlığı sayəsində formalaşıb. İstənilən halda “Quxuroba” bədii filmi əsl Azərbaycan filmidir və burada baş verən hadisələr, iştirak edən qəhrəmanlar uzun illər öncə mövcud olub və bundan sonra da aktuallığını itirməyəcək.
İlqar Quliyev