İNDİ OXUYUR
Doğmalar arasında özgə

Doğmalar arasında özgə

və ya “Yox” deyə bilməməyin fəsadları

Yox… bu üç hərfli sözün arxasında böyük bir yük, məsuliyyət durur. Bu sözü sadəcə tələffüz etməklə can qurtarmaq olmur. Yox demək, insandan xüsusi cəsarət, güc və xarakter tələb edir.

“Yox” sözünü abreviatura kimi istifadə etsək, Y – yerinə, O – oturuşmuş, X – xarakter kimi incələmək olar. (Bu, mənim təxəyyülümün məhsuludur) Biz kiminsə xətrinə dəyməmək və ya işimizi həll etmək xatirinə, çox zaman yox deməyə çəkinirik. Və bununla da, yox deməyi bacarmayan insan, tədricən xaraktersizləşir, nəticədə pəncərə qırağındakı gül dibçəyinə çevrilir. Kimin ürəyi hara və necə istəsə qoyacaq.

Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filminin qəhrəmanı Elnur (Murad Şükürlü) da yuxarıda misal çəkdiyim insan tipinə uyğundur. Elnur, yırtıqdan əziyyət çəkir, sağ əli məhdud fəaliyyətlidir. Yırtığın harada olması və Elnurun sağ əlinin əlil olmasının səbəbi filmdə səsləndirilmir. Amma bu elə də önəm kəsb etmir. Bunlar metafor qismində təsvir edilir.


Elnur Bakıda tək yaşayır, müalicə alır. Bakıya iş dalınca gələn qardaşı (Nurlan Rüstəmov), Elnurun yanında məskunlaşır. Elnurla müqayisədə, onun böyük qardaşı tamam fərqli subyektdir. Sərbəst, eqoist, deyib-gülən, ekstravert, öz fikirlərini yaş əsgi kimi üzə çırpan.


Tamaşaçı, bu iki qardaşın arasındakı fərqi məhz böyük qardaş ekranda peyda olandan sonra görə bilir.

Elnur heç kəsə və heç bir vəziyyətdə “yox” deyə bilmir. Xronoloji ardıcıllıqda getsək, filmin əvvəlində o, imtahan zamanı fiziki məhdudiyyəti ucbatından imtahana hazırlaşa bilmədiyini etiraf edə bilmir. İmtahandan sonra atasının telefon zənginə cavab verərkən (atası, onun qardaşının tezliklə onun yanına gələcəyini bildirir), atasına da “yox” deyə və qardaşının gəlişini istəmədiyini etiraf edə bilmir. Qardaşının gələcəyini eşidib, tez evə qaçır və evdəki tör-töküntünü yığışdırır, zibilləri atır. Onun qaldığı mənzildəki xaotik və pinti ab-hava, Elnurun başındakı səliqəsizlikdən xəbər verir. Səliqə-sahman yaratmaqla, o, bir növ, öz daxili dünyasını qardaşından, ümumiyyətlə, hamıdan gizlətməyə çalışır. Davam edək…


Elnur, qardaşını görməyə şad deyil, bu aydın məsələdir. Gecə vaxtı onun xorultusundan Elnurun gözlərinə yuxu getmir, yenə də etiraz edib, “yox” deyə bilmir.
İrəliləyən dəqiqələrdə məlum olur ki, Elnur, ailəsinin müalicə üçün göndərdiyi pulu öz tüfeyli dostuna borca verib (yox deyə bilməyib!!!) və indi ondan pulu nə vaxt geri qaytaracağını soruşanda, olduqca, cılız və gülməli görünür. Bu səhnədə fonda səslənən “Yuxu” rok-qrupunun “Xəyalpərəst” mahnısı, Elnurun bu epizoddakı vəziyyətini aydın izah edir:

“Göydə qartal uçarkən,
Sən də onun kimi uçmaq istədin.
Onun qanadları var,
O, göydə, sən yerdə
Fərqin gör…
Yorma özünü nahaq,
İnsan quş kimi uça bilməz”…

Bu mahnının “qəhrəmanı” kimi, filmin qəhrəmanı Elnur da, xəyalındakı qartal ola bilmir və qartal olmaq cəhdi onu “nahaq yerə” yorur.


Növbəti epizodda, Elnur və onun qardaşının səs-küylü dostları (kimin dostlarının dəqiq olması filmdə bildirilmir, amma, Elnurun introvert xarakteri, onun belə səs-küylü insanlarla dostluq etməsini istisna edir.) yeyib-içmək məclisindədirlər. Hamı deyir-gülür, alkoqol qəbul edir, keflər kök, damağlar çağ. Yalnız Elnurdan başqa. Onun gözləri, tavanda çəkilmiş quşların rəsminə yönəlib. O, azad olmaq istəyir, bu “əziyyətdən” can qurtarmaq və yuxarıda qeyd etdiyim, “qartal” olmaq istəyir, amma, “yox” deyib, qurtula bilmir.

Bu epizodda gözlənilməyən dönüş baş verir. Bazar günü olmasına baxmayaraq, Elnurun qardaşına müdiri zəng edir və təcili yanına çağırır. Bu dəfə isə Elnurun qardaşı “yox” deyə bilmir. İstirahət günü olmasına və sərxoş halına rəğmən, o, müdirə suyu süzülə-süzülə “hə” deyir. Amma, Elnurun şüurlu şəkildə “yox” deyə bilməməsi təqdirdə, onun qardaşı içki təsiri altında “yox” deyə bilmir. Bu vacib məqamdır.


Elnurun qardaşı, dostlarının təkidinə qulaq asaraq, öz yerinə Elnuru göndərir. Elnur, maşın sürə bilməməsinə baxmayaraq, lal-dinməz, maşının açarını götürür və bir neçə dəqiqə sonra, gözlənilən qəzanı törədir. Belə də olmalı idi, bu qəza, xaraktersiz insanın apofeozudur. Onun fiziki və mənəvi çöküşünün kulminasiyasıdır. Yeri gəlmişkən, Elnurun sağ əlinin məhdud fəaliyyətli olması da, onun xaraktersizlik ucbatından çöküşünün metaforudur.

Fiımin sonunda – hər iki qardaşın bir-birindən uzaq məsafədə durduğu epizodda atalarından gələn zəng onları yaxınlaşdırır. Elnurla danışan zaman atası, əvvəlcə, ondan, nəyin ona icazə verilib-verilmədiyini sorğulayır (və ya diqtə edir). Daha sonra, özünün sevdiyi mahnını zümzümə etməyi xahiş edir. İlk baxışdan absurd və ağlasığmaz görünən epizod məntiqi ardıcıllığı tamamlayır. “O olmasın, bu olsun” operettasından olan mahnının sözlərinə diqqət edin:

“Ey, kimsən orda?
Aç qapını! Aç qapını,
Gəlib səni öldürək!”

Bir neçə saniyədən sonra Elnurun qardaşı da ona qoşulur və onlar mahnını ataları üçün duet halında zümzümə edirlər və bununla da onlar məhz bu səhnədə bərabərləşirlər.


Belə banal qənaətə gəlmək olar ki, bu qardaşların bu cür yetişməsində onların atasının təsiri var. Və ya, onların belə fərqli olmasına atası heç cür mane olmayıb. Ataları onlara “açıq olmayıb” və bu zavallı cütlük cəmiyyətin ixtiyarına filmdəki kimi təslim edilib. Bu suala müəllif özü dəqiq cavab verə bilər.

Zənnimcə, filmin materialı tammetrajlı film üçün daha uyğundur və gələcəkdə D.Quliyev bu mövzunu daha da genişləndirmək imkanına malikdir. Daniel Quliyev “London Film School” yetirməsidir. Operator kimi daha çox fəaliyyət göstərmiş müəllifin dəqiq gözünü, filmin mizanı təsdiq edir. Əlbəttə ki, filmin mükəmməl operator işində və rəng həllində Orxan Abbasovun da işini danmaq olmaz.
“Ultra production” studiyasının istehsalı olan filmin prodüserləri Emil Nəcəf və Orxan Ağazadədir.  

İlqar Quliyev

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya