Qırx dərəcə isti altında yad
Rejissoru Leyla Səfərova, ssenari müəllifi Eldəniz Quliyev olan “Kölgədə 40 dərəcə isti” (1988) bədii filmi Azərbaycan kinosunda insan hisslərinin, cəmiyyətlə arasında olan uçurumun, uyğunsuzluğun məkanla əlaqəli şəkildə təsvir edildiyi filmlərdəndir. Məqalədə film, yadlaşma, yaxşılıq anlayışı, insan və cəmiyyət mövzuları əhatəsində nəzərdən keçirilir.
Filmin ilk səhnələrində mədəni kod işə düşür və son səhnəsi də bu təsvirlə bitir. Bu filmin bir neçə yerində işlənənən “Vağzalı” musiqisidir. “Vağzalı” qədim tarixə malik musiqi olması və xüsusilə toy mərasimlərində çalınması ilə seçilir. Filmdə musiqi, qəhrəmanın düşdüyü vəziyyəti tamaşaçıya daha təsirli çatdırır. Bu səhnələrdə kədər, sevinc iç-içədir. Filmdə Əlibaba evin qapısının açarlı olduğunu görür, bu zaman yol ilə “Vağzalı” ifaçıları uzaqlaşır. Bu səhnə onunla izah olunur ki, ömür yolunun ikiyə ayrıldığı, özünüdərkin başladığı, yeni həyata, köhnə qapının bağlanması ilə başlandığı andır. “Vağzalı” həm Əlibabanın, bacısının, Mirpaşanın nail ola bilmədikləri nakam sevginin son sədasıdır. Digər bir tərəfdən, Əlibaba üçün bacısının nəzir verməsi, müsəlman cəmiyyətlərində dəliliyin Qərbdən fərqli mənaya malik olmasına və yanaşılmasına dəlalət edir. Dəli hesab olunan birinin davranışı ümumi “inanclara” görə şərh olunur.
Filmdə Əlibabanın cəmiyyətdən qopduğunun şahidi oluruq. Onun fərqliliyi nəticəsində cəmiyyət ona “dəli” damğasını vurur. Əlibabanın hərəkətləri, cəmiyyətin qoyduğu mədəni, etik qaydalara uyğun olmadığı üçün, o cəzalandırılır. Lakin, bu cəzalandırma, cəmiyyəti silkələmir, çünki onların gözündə Əlibaba artıq yaddır, yadlaşmış qəhrəmandır. Yadlaşmış qəhrəmana atılan hər bir böhtan araşdırılmır, şübhə doğurmur. Əlibaba yad olaraq, cəmiyyət arasında azadlıq əldə edir. Bu azadlıq cəmiyyətə ziddir. Çünki əldə olunan azadlıq hissi yalnız cəmiyyətin qarşısında olduğu təqdirdə əldə oluna bilir. Əlibabanın insanlar arasında, həmçinin, təbiətdə mövqeyi fərqli təsvir olunur. O, cəmiyyətdə daim mübarizədədir, əks mövqedədir. Hər zaman hərəkətdədir. Bu hərəkətlər sonda cəzalanma ilə nəticələnsə də, Əlibaba bunu cəza kimi qəbul etmir. Qəhrəmanın iradə azadlığı ilə etdikləri, onun üçün təhlükəli və ya səhv olaraq önə çıxarılmır. Burada işə əxlaq anlayışı düşür. Məsələn, Əlibabanın akademikin həyat yoldaşını öpdüyü səhnəni götürək. Cəmiyyətdə baş verən bu hadisə ciddi əxlaqi pozuntu olaraq qəbul edilir. Bunun səbəbi qəhrəmanın öz müstəqil iradəsi ilə hərəkəti yerinə yetirməsidir. Həmçinin filmdə göstərilən “qarşılıqsız” yaxşılıqlar da bura daxildir.
Əslində, Əlibabanın etdiyi yaxşılıqların heç biri qarşılıqsız deyil. Sadəcə, maddi olaraq görə bilmirik. Mücərrəd olaraq qarşılıq hər zaman mövcuddur. Bu, həzzin doyurulmasıdır. Əlibabanın etdiyi hər bir yardımın qarşılığı olaraq, maddiyata üstünlük vermədən onun həzzi doyurulur. Bu qarşılıq puldan daha üstündür. Əxlaq fəlsəfəsindən yanaşdıqda, bu vəziyyət utilitarizmə (davranışın faydalılığını onun əxlaqiliyinin meyarı kimi qəbul edən nəzəriyyə) aid olunur. Ultilitarizm nəzəriyyəçisi, hüquqşünas Ceremi Bentam etikada insanın istəklərinin, həzzinin doyurulmasının vacibliyini ifadə edir. Yəni faydaçı əxlaq kateqoriyasının əsasında həzz durur. Filosof, siyasi xadim Frensis Bekona görə “faydalı” anlayışı “yaxşı” anlayışı ilə üst-üstə düşür. Ümumiyyətlə, təbiətdə insan həzz və iztirab çərçivəsində durur. Hər bir hərəkət və ya qərar həzz və iztirab əsas götürülərək yerinə yetirilir. Belə çıxır ki, bizim bütün etdiyimiz cəhdlər məhz hər iksinə görə hesablanır. Bunun əsas səbəbi isə insanın xoşbəxtliyə çatmaq istəyidir. Xoşbəxtlik əxlaq fəlsəfəsində zəruri ehtiyac olaraq qəbul olunur. Lakin, cəmiyyətin xoşbəxtliyi, məmnunluğu ilk növbədə fərdlərin şəxsi xoşbəxtliyindən asılı olur. Bəzi hallarda fərdin həzzə çatmaq yolu cəmiyyətdə qəbul olunmaya da bilər. Fərd cəmiyyət üçün özünü fəda edə və ya öz həzzi üçün onunla mübarizə apara, ona qarşı gələ bilər.
Əlibabanın etdikləri haqqında əxlaq fəlsəfəsinə görə fikir bildirsək görərik ki, o, xoşbəxtliyini cəmiyyətdə tapır. Yəni həzzin doyurulması üçün hərəkətə ehtiyac var. Bu hərəkət, yalnız sosial mühitdə mümkündür. Əlibaba həm insanlardan azad, həm də xoşbəxtliyi üçün onlardan asılı hala düşür. Biz bunun bariz nümunəsini bacısı ilə dialoqunda görürük. Əlibaba deyir: “Mən istəmirəm. Özüm üçün işləmək istəmirəm”. Bu ifadələrdən aydın olur ki, Əlibabanın əsas xoşbəxtlik, həzz qaynağı – cəmiyyətdir. Onun üçün cəmiyyətin xoşbəxtliyindən öz istəkləri daha üstündür. Bu zaman toplumun digər fərdləri ilə arasında konflikt yaranır. Çünki digər fərdin həzz ehtiyacı doyurulmur.
Bir səhnədə klub müdiri Ziya ona iş təklif edir və qarşılığında pul vermək istəyir. Əlibaba işi sevdiyini, pulu istəmədiyini bildirir. Ziya bundan hiddətlənir və ona hücum edir. Bunun əsas səbəbi, qarşılıqlı faydalılıq prinsipinin pozulmasıdır. O, istəklərini, xoşbəxtliyini cəmiyyətin arzularından, qanunlarından daha üstün tutur. Cəmiyyət öz əxlaq qanunlarını universal olaraq qəbul edir. Hamı bu qaydalara itaət etməlidir. Lazım gələrsə, öz həzzindən əl çəkməli, özünü fəda etməlidir. Əlibaba kimi xarakterin bunu etməsi isə qeyri-mümkündür. O, akademikin həyat yoldaşını öpdüyünü qəbul etsə də, bunu cəmiyyətin əxlaqi qaydalarına zidd olmasını qəbul etmir. Onu cəza səbəbi saymır. Bacısı ilə söhbətində bu məsələni deyil, Mirəli kişini təhqir etdiyinə görə cəzalandırıldığını deyir. Əlibabanın Mirəli kişi ilə bağlı problemi onun üçün əzab qaynağıdır. Bu onu həzzə aparmır. Xoşbəxtlik duyğusu kədərlə əvəzlənir. Sanki təkcə polis Mirpaşa deyil, Əlibaba özü-özünü cəzalandırır. Bu hissə görə özünü günahkar hesab edir. Əlibabanın sevgisində də həmin faydaçı əxlaqın izlərini görürük. Bu zaman onun sevgisindən şübhəyə düşürük. Çünki o, burada da faydalı olmaq prinsipindən istifadə edərək, öz həzzini doyurur. Biz Əlibabanın sadəcə qızı sevdiyini eşidirik. Tamaşaçı, Əlibabanın qızın yolpulunu verməsini sevgi nümunəsi kimi qəbul edə bilmir. Çünki onun digər hərəkətlərində də bu mövcuddur. Onun yer üzündə hər şeyə sevgisi var. Bu sevginin digərlərindən fərqləndiyini hiss etmirik. Ən azından, təsvirlər buna imkan vermir.
İnsan fəlsəfəsində “özünü işinə verən”, onu sevən insan haqqında maraqlı fikirlər mövcuddur. İnsan, həyatı boyu hərəkətdə olan varlıqdır. Onun yaşamağı məhz bundan asılıdır. “Özünü işə vermək” anlayışının dəyərlərlə sıx əlaqəsi mövcuddur. Bu, insanın işini sevməsindən irəli gəlir. Hər bir işi sevmək mümkün deyil. İşini sevərək görmək ilə yaradıcılıq arasında bağlılıq mövcuddur. Bir işi sevərək görmək, insanın dəyərlərə verdiyi önəmi artırır və onu bəsit, dar düşüncədən xilas edir. Biz həmin hərəkəti Əlibabanın işlərində görürük. O, işinin qarşılığı olaraq pul götürmür. İşini sevdiyi üçün pul götürməyəcəyini deyir. Bundan aydın olur ki, sevgi, maddi dəyərlərdən daha üstün dəyərlərə malik olmağa kömək edir. Bu zaman Əlibaba, qarşımıza bəsit işçi deyil, yaradıcı olaraq çıxır. Biz, Əlibabanın işini yüksək dəyərlərə aid edə bilirik. Burada aclıq, narahatlıq hissi yoxdur. O, gördüyü hər bir işin faydalı olmasını əsas tutaraq görür və ayırd etmir. Yüksək dəyərlər müstəvisində insanın təşəbbüskarlığı öndədir və azaddır. Azadlığın başlıca şərti, insanın öz işini yüksək dəyərləri nəzərdə tutaraq görməsidir. Bu zaman insan, işindən asılı vəziyyətə düşmür. Filmdə Əlibaba və digərləri arasındakı əsas fərq budur. Digərləri öz işlərindən asılı olduqları üçün vəzifələrindən istifadə edərək, fərdi maraqları dairəsində hərəkət edirlər. Daimi qazanc axtarışındadırlar. Cəmiyyətdə hörmətli, üstün şəxs olmaq üçün sərvətə ehtiyac duyurlar. Əlibabanın işi subyektiv deyil, obyektiv xarakter daşıyır. Burada maddi qazanc, sərvət yoxdur. Yüksək dəyərlər müstəvisində öz şəxsi maraqlarından ötrü hərəkət edilmədiyi üçün Əlibabanın rəqibi də yoxdur. Əlibabada nəsnələrə qarşı sevgi hakimdir. Filmdə dediyi kimi, yer üzündə hər nə varsa, sevgi bəsləyir.
Filmdə digər bir məqam Əlibabanın heyvanla (toyuq) münasibətidir. Bu əlaqə, hissi bağlılıqla xarakterizə oluna bilər. Əlibabanın xarakterik xüsusiyyətləri heyvanın xüsusiyyətləri ilə oxşar şəkildə verilir. Əlibaba, heyvan kimi bir çevrə yaratmır. Əvvəl qeyd etdiyimiz kimi, o, çevrəyə yaddır və həm də ondan aslıdır. Toyuq, simvol olaraq filmdə azad olmaq üçün, mübarizə aparan, lakin, həmişə boyunduruq altına salınan obyekt kimi təsvir olunur. Filmdə Əlibabanın vəziyyəti bundan fərqlənmir. Sistem bir ip kimi insanların boynuna dolanır. Onlar çırpınır və hesab edirlər ki, hər şey öz seçimləri daxilindədir. Əlibaba kimi çevrəni aşmaq istədikdə, bu ip həmin dəqiqə hiss olunur. Filmin bir səhnəsində Əlibaba toyuğu yerə qoyur və qum üzərində ətrafına xətt çəkir. Toyuq, bir heyvan olaraq, buna məhəl qoymur və nəticədə boynundakı iplə bağlı olduğunu hiss edir. Bu, modern insanın düşdüyü vəziyyətdən fərqlənmir. Filmdə toyuğun hipnoz olunduğu səhnə olmalı idi. Ancaq, bu səhnəni çəkmək mümkün olmayıb. Bu məlumatı nəzərə alsaq, hipnoz olunmuş toyuğun insanın ideoloji olaraq hipnoz olunaraq asılı hala salındığının metaforu kimi görə bilərik.
Digər bir məqam isə yadlaşmadır. İnsan, varlığından irəli gələrək, həyatı mənalandırmağa meyillidir. Bunu edə bilmədiyi və ya hər şeyin mənasız olduğu qənaətinə gəldiyi təqdirdə yadlaşma adlanan əlamətlə qarşılaşır. Yadlaşma həm psixologiyanın həm də fəlsəfənin vacib araşdırma mövzularındandır. Yadlaşma, insanı öz “mən”indən, sosial çevrəsindən və mühitdən qopara bilər. Əlibabanın yadlaşma prosesi daha dərin, patoloji hala çevrilmir. Onun bu prosesə düşməyinin səbəbi, insanların ona qarşı olan münasibətidir. Filmdə Əlibabanın vəziyyəti modernizmin nəticəsidir. İnsan, həddindən artıq fərdiləşərək cəmiyyətdən uzaqlaşır və sosial qruplar içərisində kölgəyə çevrilir. Əlibabanın “mən”ində yadlaşma prosesi olmasa da, daim daxili və xarici mübarizədədir. Bədən olaraq, daxili dünyasının istəyilə sosial qanunların diktə etdikləri arasında durur. İstəklərinə baş vurduğu zaman daha da tənhalaşır və bu zaman daha çox içinə qapanır. Vəziyyət sosial yadlaşmaya gətirib çıxarır.
Əlibaba üçün cəmiyyətin önəm verdiyi inancların əhəmiyyəti yoxdur. Qadağalar onun üçün heç nəyi ifadə etmir. Məsələn, akademikin həyat yoldaşının, kişinin qadını öpməsi ilə bağlı sualına Əlibaba: “Bizdə patriarxal qadağa yoxdur” cavabını verir. Filmdə, cəmiyyətdə sadəcə Əlibaba deyil, onun kimilərin hər zaman olacağı təsvir olunur (qucağında heyvan tutan uşaq).
Filmdə yurdsuz, kimliyi məlum olmayan obraz göstərilir. Bu obraz dini, mistik bir məna qazanır. Əlibabanı evdə görmürük. Onun qumluqda gəzməsi ilə həmin bu naməlum insanın obrazı eyniləşir. “Dərviş”lə Əlibaba, cəmiyyətin “günah keçisi”nə çevrilirlər. Dini mənbələrdə olduğu kimi, cəmiyyət, insanın (günah keçisi) üzərinə əlini qoyaraq bütün günahlarını etiraf edir və beləcə, bütün günahlar yüklənən insan çölə atılır. “Günah keçisi” insanların etdiklərini çox uzaqlara aparacaq. Əlibaba da, cəmiyyət daxilində belə birinə çevrilmək üzrədir. Cəmiyyət üçün yad sayılan obraz, zamanla bir niyyət ətrafında insanları birləşdirir və onlar tək qüvvəyə qarşı çıxaraq, yadı “günah keçisi” elan edirlər. Yadlaşdığı üçün damğalanıb, “günah keçisi” elan edilmək, sadəcə, qədim zamanlara ya da miflərə aid deyil. Filosof Rene Jerar və dini tarixçi Mirça Eliade modern cəmiyyətlərin bu anlayışdan hələ də qurtula bilmədiklərini qeyd edir.
Şəlalə Bədəlova