Zəmanəmizin qəhrəmanı
Uşaqların rol modelini seçmək və animasiyaların bu sahədə rolu haqqında danışmazdan əvvəl rol modelinin nə olduğuna baxaq. Sosial rollar, cəmiyyətdə müəyyən statuslara bağlı olaraq xarakterizə olunur. Sosial statusların mədəni çərçivələri olduğu kimi, sosial rolların da mədəni sferası mövcuddur. Statusun tələb etdiyi rollar hər cəmiyyətdə fərqlidir. Bunun əsas səbəbi həmin rolların cəmiyyətdəki mədəni ünsürlərə bağlı olaraq özünü göstərməsidir. Cəmiyyətdə insanların gözləntiləri də rolların formalaşmasına təsir göstərir. Qeyd etmək lazımdır ki, eyni statusa malik bir insandan sosial qrupun hər bir fərdinin gözlədiyi rollar müxtəlifdir. Məsələn, müəllimdən valideynin, məktəb direktorunun və şagirdin gözlədiyi rollar bir-birindən fərqlənir. Rol-model olaraq qavradığımız anlayış göstərir ki, hər bir insanın cəmiyyətdə, onun mənfi və ya müsbət rol almasına təsir göstərəcək insanlar və ya real olmayan vizual qəhrəmanlar mövcuddur. Cəmiyyətdə rol modeli olaraq mənimsənilən insanlar, əsasən dini, siyasi və media sahələrində məşhurluq qazananlardır. Aydın olur ki, rol modeli olaraq ələ alınan insanlar, sadəcə şəxsi keyfiyyətlərinə görə deyil, xüsusilə ideoloji və dini yönümlü olduqları üçün cəmiyyətin maraq dairəsində olurlar. Rol modelləri sıx şəkildə insanlarla əlaqədə olmurlar. Onlar daha çox müəyyən sosial şəbəkələr vasitəsilə izlənilir və ya mediada qarşımıza çıxır. Bunun əsasında, qarşısındakı şəxsi rol modeli olaraq seçən fərdin gözləntilərini qarşılaması durur. Psixoloq Albert Bandura qeyd edir ki, fərdin rol modelini seçməsi və davranışlarını uyğunlaşdırması bir neçə şəkildə baş verir.Bura təqlid edərək öyrənmək, dolayı yolla öyrənmək, icra edərək öyrənmək və müşahidə ilə öyrənmək daxildir. Məsələn, dolayı yolla öyrənən zaman fərdin hər hansı hərəkəti yerinə yetirməsi vacib deyil. O, digərlərinin hərəkətlərinin mənfi və ya müsbət qarşılanmasına istinad edərək öyrənə bilər. Müşahidə ilə öyrənmə zamanı, müşahidə edən rol modeli kimi seçdiyi insanın simvolik təmsilini qazanır. Rol modelin davranışlarının mənimsənilməsi zamanı fərdin xüsusiyyətləri də nəzərə alınmalıdır. Uşaqlar böyüdükcə rol modeli olaraq seçdikləri obrazların hərəkətlərini təqlid etməyə başlayırlar. Onlar güclü hesab etdikləri insanları və qəhrəmanları rol modeli olaraq mənimsəyirlər. Cəmiyyətdə rol model olaraq qəbul edilən şəxs, müşahidəçi fərdlərin davranışlarını formalaşdırmağa qadirdir. Rol modelin davranışlarını təqlid etmək üçün, fərdin xüsusiyyətləri ona uyğun olmalıdır. Əgər, rol modelin davranışları ilə fərdin davranışları arasında uyğunluq varsa, fərdin digər davranışları öyrənməsi daha asan olacaq. Fərd, rol modellərini müşahidə edərkən, daha yaxşısına doğru can atır. Bu da özündə mükəmməliyyətçilik (perfeksionizm) anlayışını ortaya çıxarır. Media və televiziya, cəmiyyəti hər zaman yaratdığı və təmsil etdiyi mükəmməllik anlayışı ilə manipulyasiya edir. Tamaşaçı, zamanla onun üçün yaradılan mükəmməl vasitələri qəbul edir və onun həyatında mükəmməllik medianın yeritdiyi ilə təmsil olunur. Mükəmməlliyə can atmaq, fərdin narahatlığına səbəb ola bilər. Çünki, zamanla mükəmməlliyə can atmaq, insanın arzu və istəklərinin qarşısına keçir və qayğı, stresi artırır. Mükəmməl rol modeli, onunla eyniləşmək məsələsi uşaqlarda problem yarada bilər. Bu yolda kinonun, televiziyanın rolu danılmazdır. Bəzən uşaqlar filmdə, animasiyada gördükləri qəhrəmanı real qəbul edirlər. Onun hərəkətlərini, davranışlarını təqlid edirlər. Buna görə də uşaqlar üçün olan bütün audiovizual əsərlərin yaradılmasında daha diqqətli və məsuliyyətli olmaq lazımdır. Animasiyada, bədii filmlərdə göstərilən qəhrəman modelləri simvolik model olaraq qəbul olunur. Rol modeli seçmək ən çox gənc nəsildə, xüsusilə, uşaq və yeniyetmələrdə müşahidə olunur. İnkişaf edən medianın isə rolu danılmazdır. Məqalədə təhlil olunan animasiyalarda təsvir baxımından neqativ hallar çoxdur. Hətta animasiya filmindən çox, oyun proqramlarında istifadə olunan vizual estetikliyə sahib olması haqqında problemlər, obrazlar, məkan, səsləndirmə və dialoqlarda olan nöqsanlar ayrı bir təhlilin mövzusudur. Qeyd olunan mövzuya görə, “Cırtdan və sehirli xalat” (1, 2 hissə; 2016, 2019 rej: Rəşad Əfəndiyev; Aleksandra Şirinova) və “Basat və təpəgöz” (2003; rej: Arif Məhərrəmov) animasiya filmləri maraqlı nüanslarla qarşımıza çıxır. Çünki, hər ikisində uşaqlar üçün rol modeli mövcuddur. Hər iki qəhrəman – Cırtdan və Basat, uşaqların özlərini eyniləşdirə biləcəkləri xüsusiyyətlərə malikdirlər.
Hər iki animasiya filminin finalında müsbət qəhrəmanlar önə çıxır və final müsbət sonluqla bitir. “Cırtdan və sehirli xalat” animasiyasında Cırtdan və sehirli xalat müsbət qəhrəman, Xan və qızı, cadugər qarı, ikinci dərəcəli müsbət qəhrəman, Təpəgöz isə mənfi obrazdır. “Basat və Təpəgöz”də Basat müsbət qəhrəmən, Aruz bəy ikinci dərəcəli müsbət qəhrəman, Təpəgöz isə mənfi qəhrəman kimi çıxış edir. “Cırtdan və sehirli xalat”ı “Basat və Təpəgöz”dən ayıran məqam, ailə modeli anlayışıdır. Belə ki birinci nümunədə ailə modeli önə çıxarılmayıb. Biz animasiya boyu Cırtdanın ailəsini görmürük. O, köhnə bir evdə tək yaşayır. Burada yeganə ailə modeli – Xan və qızıdır. Animasiyada Cırtdan, fərd olaraq öz xarakteri ilə ortaya çıxır. Ailə əlaqələrinə üstünlük verməyən animasiya, əsasən baş qəhrəmanla digərləri arasındakı əlaqələri, dostluq əlaqələri ilə təsvir edilib.
“Basat və Təpəgöz” animasiya filmində isə ailə modeli açıq şəkildə təsvir olunur. Hətta ailə Basatın sonrakı qəhrəmanlığında vasitəçi rolunu oynayır. Basat, ailəsi tərəfindən tapılana qədər aslanlarla yaşadığı üçün heç bir statusa, ada mövqeyə malik deyildi. Ailəsinin onu tapması nəticəsində Basat sosiallaşır, qəhrəmanlıq göstərir, ad qazanır. Basatla, malik olduğu cəmiyyət, qarşılıqlı əlaqə içərisində təsvir olunur. Xüsusilə, ailənin cəmiyyətdəki statusu onu daha da ucaldır. Digər tərəfdən, ailə – hadisələrin başlanğıcı – katalizator kimi təqdim edilir. Valideynlərinin məsuliyyətsizliyi nəticəsində Basat itir və Təpəgöz mənfi obraz olaraq cəmiyyətdə zülmkar rolunu tutur. Bu animasiyada ailə ön mövqedə durur. Digər animasiyadan fərqli olaraq, burada şəxsiyyət, fərdilik kimi anlayışlar ön plana çıxmır. Basat, insan cəmiyyətində, ailədən kənar qəhrəman ola bilmir. O və ailəsi qarşılıqlı vəhdət içində verilir. Ailə və Basat bir-birindən ayrı olarkən, tamlıq deyilən anlayış ortaya çıxmır. Onların bir araya gəlməsi ilə ideal ailə modeli tamamlanır və animasiyada qəhrəmanın formalaşması ailədən başlayaraq mümkün olur. Çünki, Aruz bəy özü də qəhrəman, qorxmaz, lider şəxsiyyət olaraq təsvir olunur. Basat bu xüsusiyyətlərinə görə atasına bənzəyir.
Hər iki animasiya filmində qadın və kişi obrazları arasında sosial fərqliliklərə rast gəlirik. “Cırtdan və sehirli xalat”da cadugər qadın sehirli qüvvələrə malik olmasına baxmayaraq, Təpəgözlə mübarizə üçün kişi qəhrəmanın çağırışına ehtiyac duyur. Qalanın dərinliyində yaşayan bu qadının işi mübarizə aparmaq yox, çağırış etməkdir. Digər bir tərəfdən, animasiyanın əvvəlində görünən xan qızı, köməyə ehtiyac duyan, çarəsiz qız rolunda verilir. Qızın milli geyimdə təsviri vizual baxımdan uşaq tamaşaçılar üçün müsbət örnək olsa da, cinsi ayrı-seçkilik fonunda təhlil olunarkən problemləri ortaya çıxarır. Animasiyada heç bir sevgi, ailə münasibətləri kimi anlayışlara yer verilmədiyindən, yaradılan xəyali dünyanın ənənəvilikdən çıxmış formasını görürük. “Basat və Təpəgöz”də kişi obrazı cizgi filminin mərkəzində durur. Burada da rol bölgüsü qeyri-bərabərdir. Digər animasiyadan fərqli olaraq, burada kişi və qadın arasındakı sevgi, ailə münasibətləri açıq şəkildə verilir. Animasiyada qadın yenə də qorunmağa möhtac olan obraz kimi təsvir olunur.
Digər bir mövzu hər iki animasiyanın mükəmməlliyətçilik, yəni mükəmməl rol modeli olmaq anlayışına necə yanaşdıqlarıdır. Onları bir-biri ilə müqayisəyə yaxın edən, hər ikisinin Təpəgözlə mübarizə aparmasıdır. Onların fiziki xüsusiyyətləri, məkanlar, verdikləri ismarış, sosial çevrə və bacarıqları təhlil olunmalıdır.
“Basat və Təpəgöz” animasiya filmində Basatın əsas köməkçisi onun gücüdür. O, demək olar ki, silah növlərindən (ox, qılınc) məharətlə istifadə edən qəhrəman kimi təsvir olunub. Basat Təpəgözə gücü ilə qalib gəlir. Qəhrəmana Basat adının verilməsi də onun göstərdiyi məharətlə bağlıdır. Onun aslanlarla böyüməsi onu daha da mükəmməl və heyranedici edir. Cırtdan isə hər hansı sehirə və ya gücə əsaslanan bacarıqlardan məhrumdur. O, Təpəgözə sehirli xalatla qalib gəlir. Bu animasiyada gücün əvəzinə ağıl və hiylə işlətmək ön plana keçir. Qəhrəmanın əsas bacarığı da elə ağıla əsaslanan keyfiyyətlə tamamlanır. Fiziki güc, döyüşmək animasiyada göstərilmir. Basatdan fərqli olaraq, Cırtdan adı qəhrəmana igidliyinə görə deyil, fiziki görünüşünə görə verilir.
Məkan hər iki animasiyada qəhrəmana uyğunlaşır. Cırtdan müasir uşaq olaraq, yaşadığı zaman və məkandan keçmişə gedir və bir qalada Təpəgözlə mübarizə aparır. Basat isə əvvəl heyvanlarla böyüyür, sonra insanlarla yaşayır. Bu animasiyada mağaradan, təbiətdən insanın yaratdığı məkanlara keçid olunur.
Cırtdan və Basat arasında fiziki xüsusiyyətlərinə görə fərq mövcuddur. Cırtdan balaca olmasına rəğmən həm də uşaqdır. Onun fiziki quruluşu mükəmməl qəhrəman obrazına uyğun gəlmir. Basat isə fiziki quruluş baxımından ənənəvi qəhrəman modelinə tam uyğun obraz olaraq təsvir olunur. Yəni hər iki obrazın ortaya qoyduqları qəhrəman anlayışı bir-birindən çox fərqlənir. Basat, görünüşü ilə mükəmməl qəhrəman obrazını yaratsa da, Cırtdan isə qəhrəman olmaq üçün mükəmməl görünüşə sahib olmağa ehtiyac olmadığını müdafiə edir. Basat, görünüşü ilə qəhrəmanın başqalarına bənzəmədiyi fikrini ortaya qoysa da, Cırtdan bunun əksini sübut edir. Yəni qəhrəman adi görünüşlü də ola bilər və fiziki görünüş qəhrəman olmaq üçün şərt deyil.
Animasiyaların ötürdükləri ismarış baxımından müəyyən fərqlərin olduğuna şahid oluruq. “Cırtdan və sehirli xalat” animasiyasında Cırtdan ağıllı, fərasətli biri kimi özünə güvənir. Sehirli xalat vasitəsilə Təpəgözə qalib gəlməsi, birliyin vacibliyini tamaşaçıya çatdırır. Digər bir tərəfdən qəhrəmanlıq üçün gücün, görünüşün deyil, ağlın əsas olduğunu önə çıxardır.Basat isə üstün qabiliyyətləri, fiziki gücü sayəsində düşmənə qalib gəlir, haqqın tərəfində durur. Onun gücü və fiziki görünüşü bir növ ismarışdır. Bunin vasitəsilə tamaşaçıya mükəmməl qəhrəmanın təsviri, güc ilə sosial çevrədə qazandığı status ötürülür.
Cırtdanın məhz müasir uşaq görkəmində olması, onu müasir uşaq tamaşaçısına daha yaxın edir. Burada əsas olan, tamaşaçının qəhrəmanla özünü eyniləşdirə bilməsidir. Müasir Cırtdan obrazı bu eyniləşməni əlçatan edir. Çünki, o daha realdır. Uşaq, Cırtdanı görən zaman onu özünə daha yaxın hiss edir, çünki bu qəhrəman nağıldan çıxır, real təsvir kimi uşaq tamaşaçıya ötürülür. Hər iki qəhrəmanı qarşılaşdırdığımız zaman, Basat ənənəvi, Cırtdan isə müasir qəhrəman modeli kimi görünür. Ənənəvi qəhrəman arxetipində güc əsas amildir. Qəhrəmanı ideal edən amil məhz budur. Ənənəvi qəhrəman arxetipi və müasir qəhrəman, uşaq tamaşaçılara təsvir kodları ilə müəyyən dəyərlər ötürür.
Şəlalə Bədəlova