İNDİ OXUYUR
Kinomuzun uşaqları

Kinomuzun uşaqları

təkcə filmlərdə zamanı ölçmək üçün
göstərmirlər uşaqları
epizodik rollarda
gerçək həyatda da
elə göz qırpımında keçir uşaqlıq
uşaqlarının boy-buxunu ilə ölçür ömrü-günü
analar-atalar…
dünən körpə olan
saçlarına ağ lent bağlayan qızın
toyuna dəvət alanda
öz yaşlarından xəbər tutur adamlar…
təkcə gələcəyi olmur uşaqlar adamların
həm də keçmişi olur o zaman…
xəyallarında çoxdan böyümüş uşaqları canlandırırlar tez-tez…

“Çörək rəngli ələr”şeir kitabından.

Kinomuzda ilk uşaqlar.

Azərbaycan kinosunda ilk bitkin uşaq obrazı 1930-cu ildə Mikayıl Mikayılovun çəkdiyi “Lətif” filmində yaradılmışdır. Film kollektivləşmə dövründə Azərbaycan kəndlərində kolxoz quruculuğundan bəhs edir. Filmin qəhrəmanı balaca Lətifdir.

Filmdəki bütün hadisələr, kənddə Sovet quruculuğu, ilk kolxozun yaradılması və s. balaca Lətifin taleyi fonunda verilir. Anasını itirmiş Lətif obrazını böyüyüb rejissor olacaq Lətif Səfərov yaratmışdı. Film çəkilən vaxt Lətif Səfərov on yaşında idi. Bundan əvvəl o, “Bismillah” (1925) filmində də kiçik rolda çəkilmişdi.

Filmin ssenarisi nə qədər sxematik olsa da, Sovet ideologiyasına xidmət etsə də, pafoslu fikirlər irəli sürsə də, film bir çox səbəblərdən dolayı kino tariximizdə mühüm yer tutur. Yerli kino kadrların kinoya cəlb edilməsi, Mikayıl Mikayılovun rejissoruluq işi, uşaq Lətif Səfərovun maraqlı və səmimi oyunu baxımından film öz dövrünün diqqətəlayiq filmlərindən idi.

Lətifin analığının obrazını ilk qadın aktrisalarımızdan sayılan Həqiqət Rzayeva yaratmışdı.

Sonralar bu filmə yaxın mövzuda, ideyada başqa bir film çəkiləcəkdi və “Ögey ana” (1958, rejissor H.İsmayılov) adlanacaqdı. Böyük sənətkarımız Ceyhun Mirzəyevin filmdə yaratdığı İsmayıl obrazı bir daha unudulmayacaqdı.

Balaca Ceyhun nəinki oynadığı obrazın öhdəsindən uğurla gələcək, obrazını hamıya sevdirəcəkdi, həmin obrazı gələcəyə də daşıyacaqdı. Sonralar biz həmin İsmayılla  Qarabağ müharibəsindən bəhs edən “Fəryad” (1993, Ceyhun Mirzəyev) filmində qarşılaşacaq, uşaqlıqda yol çəkməyə gedə bilməyən İsmayılı  müharibəyə yola salacaqdıq.

“Ögey ana” filmi bir-birindən maraqlı uşaq obrazlarıyla zəngin idi. İsmayılın bacılığı Cəmilənin obrazını yaradan Sevinc Axundovanın da oyunu yaddaqalandır, seviləndir.

“Ögey ana”


Filmin çəkilişləri İsmayıllı rayonunun Qalacıq kəndində aparılmışdı, baş rollarda çəkilmiş uşaqlardan başqa, kütləvi səhnələrdə kəndin uşaqları da çəkilmişdi. Dilarənin fırtınalı havada üstündən keçdiyi körpü o yerlərdə indi də  “İsmayılın körpüsü” adlanır.

Filmdə səsləndirilən, hələ də dillər əzbəri olan “Kəndimiz” mahnısını  o vaxtkı “Pionerlər evi” ndən gətirilmiş balaca bir qız, Ceyhun Mirzəyev özü və sinif yoldaşı Məsumə Atamova ifa ediblər.

“Lətif” filmində ögey ana obrazını yaradan Həqiqət Rzayeva  “Ögey ana”da İsmayılın ana nənəsinin obrazını yaradıb.  Qızının itkisiylə barışa bilməyən, onun yerinə başqa bir qadını qoymaqda əziyyət çəkən ana, Dilarə ilə dolanmır, İsmayılla onun arasına girir, uşağın ögey anaya mehr salmağına icazə vermir.

“Lətif”


Filmin ən təsirli səhnəsi İsmayılın analığını qucaqlayaraq, ona “ana” dediyi səhnədir. Deyilənə görə, filmin bu səhnəsi çəkiləndə  ögey ana obrazının mahir ifaçısı Nəcibə Məlikova da, balaca Ceyhun Mirzəyev də həqiqətən ağlayıbmış.

Yazıçı Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında rejissor Muxtar Dadaşovun 1935-ci ildə çəkdiyi qısametrajlı “Rəqs edən bağalar” filmində Qambay adlı oğlanın atasıyla sirkə getməsindən, sirkdəki heyvanların oyunlarına baxıb heyran olaraq, təlimçi olmaq fikrinə düşməyindən danışılır.

Ekran əsəri quraşdırılmış səhnələrlə, animasiya kadrları ilə zəngin idi. Hətta bu filmi animasiya kinosunun başlanğıcı da hesab etmək olar. Təəssüf ki, filmin nüsxəsi arxivdə saxlanılmayıb, film haqqında uzun-uzadı danışmaq da buna görə mümkün deyil. Film janr etibarilə uşaq filmi sayılır.

Komediya janrında çəkilən digər uşaq filmi 1937-ci ildə Aleksandr Popov və Qəmər Salamzadənin birgə çəkdiyi “Dəcəl dəstə” filmidir. Bakıdakı orta məktəblərdən birində şagirdlərin gündəlik qayğılarından bəhs edən filmdə uşaq rollarının çoxunu başqa millətlərin nümayəndələri oynayıblar.

“Dəcəl dəstə”


1955-ci ildə ekranlara çıxan “Bəxtiyar” filmində əsas qəhrəmanların uşaqlıq obrazları da yer alır. Rejissor Lətif Səfərovun çəkdiyi bu musiqili filmdə bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun əhvalatı danışılır. Qəhrəmanlar uşaqlıqdan dostluq edirlər, onlar bir yerdə əylənir, gülür, gəzib-dolaşır, hətta professor Rəcəbovun alma bağına oğurluğa girirlər. Məqsədləri isə meyvələri müharibədə ağır yaralanıb hospitala gətirilən əsgərlərə aparmaqdır.

“Bəxtiyar” filmi üçün yazılan mahnılar indi də məşhurdur və uşaqların da dillərinin əzbəridir. Bəstəkar Tofiq Quliyev bu film üçün on mahnı yazıb. Onlardan ən məşhuru  uşaqların oxuduğu “Ağacda alma”dır.

“Bəxtiyar”


Filmdə uşaqlar qayğısız, şən göstərilir. Baxmayaraq ki, müharibə gedir, hospital yaralılarla doludur. Ancaq, uşaqlar şən uşaqlıqlarını yaşamaqdan da qalmırlar. 

Sovet quruculuğunun təbliği, plakat filmləri arxa plana keçdikcə, film yaradıcıları mənəvi məsələlərə toxunduqca, sosial sifariş dəyişdikcə, filmlərdəki uşaq obrazları da reallığa yaxınlaşdı. “Bir cənub şəhərində” (1969), “Şərikli çörək” filmindəki uşaqlar fərqlidirlər, daha inandırıcıdırlar, əsl müharibə dövrü uşaqlarıdırlar.


Müharibə filmlərimizdə uşaqlar

Müharibə filmlərində tamaşaçılara ən çox uşaqlarla bağlı epizodlar təsir edir. Çünki, uşaqlar böyük tamaşaçıların ən həssas yeridir. Bəzən rejissorlar uşaqları çəkdikləri epizodlarda həddindən artıq sentimentallığa da varırlar. Bəzi filmlərdə uşaq obrazları vasitəsilə pafosun gücünü artırırlar.

Uşaq obrazları həmişə, bütün sənət sahələrində təsirlidir, ancaq filmlərdəki uşaqlar bir ayrı cür təsirlidir.

İkinci Dünya müharibəsindən bəhs edən filmlərimizin uşaq qəhrəmanları əsasən arxa cəbhədə göstərilirdi və onların  balaca boyunlarına böyüklərin  öhdəlikləri, vəzifələri  düşürdü. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Mən ki gözəl deyildim” filmlərində arxa cəbhədəki uşaqlar böyüklərə əllərindən gələn köməkliyi edir, üzərlərinə düşən vəzifə və borcu yerinə yetirməyə səy göstərirlər.

“Şərikli çörək” filminin balaca qəhrəmanları qonşularına su daşıyır, yun çırpır, zəhmət əvəzində bir parça çörək qazanırlar. Filmin əsas qəhrəmanı Vaqif, kartoçkalarını itirir, ancaq, düşdüyü ağır vəziyyətdən qətiyyəti, mənəvi gücü, ağlı sayəsində çıxır. O, qırçı Məhəmmədin yanında işə başlayır, çalışır, bazarda su satır. Onu evlərinə yeməyə dəvət edən qoca, yaşlı ər-arvadgilə də çörək yemək üçün getmir. Bəzi yaşıdları kimi bazardan oğurluq da etmir.

“Şərikli çörək”


“Bizim Cəbiş müəllim” filminin yeniyetmə qəhrəmanları cəbhəyə kömək məqsədiylə metal parçaları toplayır, səngər qazırlar. Cəbhəyə yollanan valideynlərinin əvəzinə evin, ailənin yükünü daşıyırlar, vaxtından əvvəl “böyüyürlər”. Uşaqların həm bir-birlərilə, həm böyüklərlə qarşılıqlı münasibətləri bütün  ziddiyyətlərilə açılıb göstərilir.

“Bizim Cəbiş müəllim”


“Mən ki gözəl deyildim” filminin yeniyetmə qəhrəmanı Səidə qoca poçtalyona məktubları ünvanlarına çatdırmaqda kömək edir. O, getdiyi ünvanlarda tez-tez anaların, ataların nalələrini eşidir, bağrının başına od düşür. Öz atası da cəbhədədir, özü də əsgər yolu gözləyir. Bütün bunlara körpə ürəklə dözmək olduqca çətindir.

“Mən ki gözəl deyildim”


“Tənha narın nağılı” filminin qəhrəmanı balaca Sadıq da müharibədə çətinlik çəkən, müharibənin ağır sınaqlarından nəcibləşərək çıxan qəhrəmanlardandır.

Müharibə filmlərinin uşaq obrazlarını bir cəhət birləşdirir. Onlar hamısı yaşından tez böyüyür, hətta “qocalırlar”. Ancaq bütün hallarda bu qəhrəmanlar müharibədən sonra qəddarlaşmırlar, əksinə daha da nəcibləşir, paklaşır, insani hisslərə sahib olurlar. Əvəzində isə nə qədər uşaqlığı qoruya bilsələr də, uşaqlığın qayğısız sevincləri azalır.

“Tənha narın nağılı”


“Şərikli çörək” filminin suyun altında rəqs edən, oynayan balaca qəhrəmanları, oyuncaqları olmasa da, dizlərinə üz-göz çəkib, gəlinciyə oxşadan, bu xırda sevinclə xoşbəxt olmağı bacaran balaca qız obrazları,  parislilərin necə yaşadığını öz gözləriylə görmək üçün axışan, növbə üstündə cığallıq edərək dalaşan balaca oğlanları, bütün çətinliklərə rəğmən uşaqlığını yaşamağı bacaran balaca və güclü adamlardır.

Qarabağ müharibəsi mövzusunda çəkilmiş yerli filmlərdəki uşaq obrazları təkcə müharibənin içində, təsirində deyillər, birbaşa mərkəzindədirlər. Onlar hətta müharibədə sıravi əsgər kimi iştirak edə bilirlər.

1995-ci ildə Ənvər Əbluc tərəfindən ekranlaşdırılan “Ağ atlı oğlan” filminin 12-13 yaşlı məktəbli qəhrəmanı Murad  (Abbasqulu Əbluc), nənəsinin danışdığı nağılların təsiri ilə cəbhəyə yollanır. O, “Ağ atlı oğlanın nağılı” nın qəhrəmanı kimi romantikcəsinə haqsızlığın üzərində haqq mübarizəsi aparmağa, şərin üzərində qələbə çalmağa gedir. Məşhur nağıldakı qəhrəman hər dəfə ağ paltarda, ağ atın üstündə meydana çıxanda, xalq Xeyirin qələbəsinə şahidlik edir. Murad da meydana ağ rəngə boyadığı tankında çıxmaq istəyir. Murad obrazı dövrün təsirilə xeyli pafoslu alınsa da, müharibə dövrünü yaşayan uşaqların psixologiyasının açılması baxımından xeyli maraqlı obrazdır. Anasını vaxtsız itirən Murad, nənəsinin himayəsində yaşayır. Atası ikinci dəfə evlənib, ögey anası ilə şəhərdə ömür sürür. O hərdən kəndə baş çəkir, anasının himayəsində qalan oğullarına pul göndərir. Anası ona deyir: “Ay oğul, uşaqlara puldan, pal-paltardan  vacib atadır!” Ata isə özünə haqq qazandırmaq üçün bəhanələr uydurur: “Neynəyim, ay ana, mənimki də belə gətirib, əgər uşaqların anası bu dünyadan vaxtsız köçməsəydi…”

Murad xoşbəxt uşaqlıq yaşamır. Ona görə də xoşbəxtliyi ancaq nənəsindən eşitdiyi nağıllarda, bir də xəyallarında tapır. Xəyalla reallığı qarışdıranda isə, Murad evi, doğma, isti ocağı tərk edib, Qarabağa, müharibəyə yollanır.

“Ağ atlı oğlan”


Tamaşaçı, Muradın timsalında ədalətin qələbə çalacağına inanaraq kinozalı tərk edir. Rejissor yarımçıq qalmış müharibəni muradların başa çatdıracağı ismarışını verir, bu çətin vəzifə Muradın çiyinlərinə yüklənib, yeni nəslin, gələcək nəslin.

2002-ci ildə animasiya rejissoru Elçin Hami Axundovun çəkdiyi “Cavanşir” adlı animasiya filminin qəhrəmanı, valideynləri ermənilər tərəfindən öldürülmüş, qisas məqsədilə cəbhəyə yollanmış, döyüşlərdə ağır yaralanmış, hətta şücaət göstərmiş məktəbli oğlandır.

Həkimlər onu həyata qaytarmaq uğrunda apardıqları mübarizə zamanı, onun yuxusuna tarixi qəhrəmanlarımız – Babək, Cavanşir, Cavad xan girir, onu məğlub olmamağa, güclü olmğa çağırırlar. Əməliyyat uğurla başa çatır, filmin sonunda gənc Cavanşir gözlərini açır.

Qarabağ müharibəsindən bəhs edən filmlərdə uşaqlardan danışarkən, sənədli kinonu unutmaq mümkünsüzdür. Xüsusən sənədli kinoda müharibə dövrünün uşaqları real əksini tapıb. Elçin Musaoğlunun  çəkdiyi “Günəş və bulud” filmi bu sözlərlə başlayır: “Bu əhvalatı Azərbaycanın işğal olunmuş ərazilərindən qaçqın düşərək çadır şəhərciklərində məskunlaşmış uşaqlar danışırlar”. Uşaqlar çadır şəhərciyində ağır şəraitlərdə doğulur, orada böyüyür, orada oxuyur, orada oynayır və orada sevirlər. “Bura mənim vətənimdir!”- deyir kadrarxası qızın səsi.

Müdrik uşaq. Qaraca qız.
Qaraca qız obrazı həm Azərbaycan ədəbiyyatında, həm Azərbaycan kinosunda barmaqla sayılacaq obrazlardan biridir. Qaraca qız dünya şöhrətli Kozettadan, Haydidən, Uzuncorab Peppidən heç geri qalmır. Çox istərdim ki, bu obrazın da şöhrəti dünyaya yayılsın və görkəmli yazıçımız Süleyman Sani Axundovun bənzərsiz əsəri dünya ədəbiyyatında da öz layiqli yerini tapsın.

“Qaraca qız”


“Qaraca qız” yaxşı ki ekranlaşdırılıb (1966, rejissor Şamil Mahmudbəyov) və bu gözəl ekran işi nəinki uşaqların, böyüklərin də sevə-sevə baxdığı əsərdir. Müasir dövrün uşaqlarının da diqqətini heç bir texniki hoqqasız çəkə bilən filmlərdəndir. Böyüklərin də nostalji hisslərlə izləməyə davam elədiyi, hətta şairlərin böyük sevgiylə şeir həsr elədiyi bir obrazdır Qaraca qız. 

Çağdaş yazarımız Şərif Ağayarın “Qaraca qız üçün” adlı  gözəl bir şeiri var:

yormaz ayaqlarını
bu dünyanın yolları
sümüyünə düşər havaları

yolların ayağını yormamağını
havaların sümüyünə düşməyini
sənə bağışlamaz dünya
şillələr!

partlaq dodağınla
acılar əmərsən yavrucuğum
çünki sevərsən sevərsən
sev kimsəsizim sev
yolları ayağından sev

havaları sümüyündən…
şilləni toppuş sifətindən sev
acıları partlaq dodağından …
sev ki sevməyə yaradılmış insan!

Bu balaca şeirdə Qaraca qızın portreti rəssam  dəqiqliyi ilə  çəkilib…

Qaraca qız olduqca gözəldir! Təmənnasız sevgisiylə, saflığıyla, məsumluğuyla, hamını özü kimi görməyilə, yaşından böyük ağlıyla, müdrikliyilə!

S.S. Axundov onu təsadüfən Qaraca qız adlandırmayıb. Qaraca qızın üzü, özü qara deyil ki! Günü qaradır, taleyi qaradır, qara camaatın içindən çıxan qaragünlüdür.

Onun əksi olan Ağca qız isə ağgünlüdür, ağ adamların balasıdır. Filmin əvvəllərində biz elə bilirik bəy, xanımdan yaxşı insandır, heç olmasa, o, Tutuya, qızı Xədicə ilə oynamağa icazə verir. Qızının rəiyyət balasıyla oturub-durmağında, gülüb-danışmağında, çalıb-oynamağında pis bir şey görmür. Bəyə rəğbətimiz yaranır. Ancaq həlledici məqamlarda, Tutu artıq ölüm döşəyinə düşəndə məlum olur ki, Piri babadan başqa heç kimin ürəyi Qaraca qız üçün yanmır.

“Qaraca qız”


Həkim, Tutunu müayinə edəndən və deyəndən sonra ki, dodağındakı yara ucbatından ilanın zəhəri uşağın qanına keçib, Piri baba hisslərinə hakim ola bilmir. O, bəyin üzünə bozarır, deyir ki, hamısı onun arvadının ucbatındandır, Qaraca qız bəyin qızını xilas edərkən, ölümcül vəziyyətə düşüb. Bəy, Piri babaya kobud cavab verir və çöldən tapılan rəiyyət qızıyla onun qızının müqayisə olunmağına etiraz edir. Hətta həkim orada olmasa və araya girməsəydi, yəqin ki, o, Piri babaya əl qaldırardı.

Qaraca qızların, Piri babaların insan yerinə qoyulmadığı amansız dünyada Ağca hələ safdır, təmizdir. O, anasının qadağalarına, aldığı cəzalara rəğmən özüylə Tutu arasında fərq görmür, onunla oynamağa can atır.

Qaraca qız öldükdən sonra, ona səmimi qəlbdən ağlayan, ürəkdən yaralanan Ağca olur. Qaraca qız bir vaxtlar Ağcayla xoşbəxtcəsinə oynadığı təpədə dəfn olunur.

Təsirli son səhnədə Piri baba, Qaraca qızın məzarı üstündə tək qalır. Ağcanı yenə də Qaraca qızın yanına buraxmırlar. Ağca nəinki Qaraca qızın dirisindən, ölüsündən də uzaq olmalıdır, xanımın fikrinə görə.

Qəddar, xudpəsənd bəy arvadı qızını ilan çalanda, onun həyatı təhlükəylə üz-üzə qalanda, başlarının üstündə durub seyr edən bəylərə yalvarır, ancaq bir kimsə Xədicəyə yaxın durmağa ürək etmir. Ana olduğu halda, özü belə qızını xilas etmək üçün barmağını tərpətmir. Yalnız Tutu özünü oda atır. Onda bəy arvadı Tutuya yaltaqlanır, “dostunu xilas elə”- deyir.

Filmdə diqqəti çəkən başqa bir məqam isə, Qaraca qıza “qaraçı qızı” kimi yanaşılıb, dəyər verilməməsidir. Maraqlı burasıdır ki, yazıçı da, rejissor da Qaraca qızın yerli camaatdan olduğuna diqqət çəkib. 

Film başlayanda biz qaraçı köçünü görürük. Onlar şəhərin ətrafında alaçıqlar qurublar, düşərgə salıblar. Zəlzələ baş verir, kənd dağılır, evlər uçur, yanır, adamlar fəryadla qaçışırlar. Qaraçılar kəndə köməyə qaçırlar. Qaraçı qızı Yasəmən, doğmalarını itirmiş Tutunu tapır, qardaşı qəddar, əyyaş Yusifin etirazlarına baxmayaraq, onu yanında saxlayır. Uşağa rəqs etməyi öyrədir. Uşaq qaraçı köçünə qoşulur, bir kənddən o birinə dolaşır, Yusifə pul qazandırır. Qardaşının əyyaşlığından, zorbalığından bezən Yasəmən sevdiyi qaraçı oğlana qoşulub qaçır, bundan sonra Tutunun həyatı lap ağırlaşır. O, qəddar Yusifin ümidinə qalır.

Müəlliflər Qaraca qızı qaraçı uşağı kimi göstərmirlər. Onu qaraçıların arasına düşmüş yerli bir uşaq kimi göstərir, bunu xüsusi vurğulamaq üçün zəlzələ təsvirini verirlər. Bizdə qaraçılara ürəyi yanmamaq kimi adət var. Hələ də, günün bu günündə də küçədə dilənən uşaqlar yaxınlaşanda, adamlar “qaraçıdır” deyib uşaqları özlərindən uzaqlaşdırmağa çalışırlar.

Diqqətçəkən  məqamlardan biri də, qaraçıların əvvəllər dilənməklə yox, oxuyub-oynamaqla, çalıb-oxumaqla, bir sözlə incəsənətlə, sirklə pul qazanmasıdır. Təəssüf ki, hazırda ölkəmizdə məskunlaşan qaraçıların böyük əksəriyyəti dilənməklə ayaqda qalır, incəsənət meyillərini itiriblər.

“Qaraca qız” ən yaxşı uşaq filmlərimizdəndir. Qəhrəmanı qızlar olan bu gözəl filmdə baş rolların ifaçıları olduqca istedadla məharətlərini göstəriblər. İstər Tutu rolunun ifaçısı Sevil Zeynalova, istər Ağca rolunun ifaçısı Leyli Axundova yaddaqalan, maraqlı obrazlar yaradıblar. Sirr deyil ki, uşaq aktyorlarla işləmək çox çətindir, bu mənada filmin yaradıcıları, xüsusən, rejissor Şamil Mahmudbəyov olduqca çətin bir işin öhdəsindən gəlib.

Əzilən uşaq. Ata və oğul problemi

Milli kinomuzda “ata-oğul” probleminin real və tünd bədii boyalarla işləndiyi filmlərdən biri, Yavər Rzayevin 2011-ci ildə çəkdiyi “İlahi məxluq” filmidir. Film, yeniyetmə İsmayılın atasıyla ziddiyyətli münasibətlərindən bəhs edir. Qafqaz dağlarında heyvan saxlayan  çoban ailəsi, payızın qəfil gəlişiylə, dağlara qar yağması, köç yolunun bağlanmasıyla çətinliyə düşür. Çoban bütün sürünü özüylə apara bilməyəcəyini başa düşüb 14 yaşlı oğlu İsmayılı öz yerinə qoyur. Yeniyetmə həm özünü, həm heyvanları şaxtadan, qardan, aclıqdan, həm də tez-tez hücum çəkən canavarlardan qorumalıdır. Bütün bu problemlərlə tək qalan uşağa  dağlara səfər edən gənc rəssam qızın ona bağışladığı şəkillər və onunla bağlı xatirələr həmdəm olur.

Rəssamlığa maraq göstərən İsmayılı, atası demək olar bezdirir, küsdürür. Kişi, oğlunun fırçaya, boyaya, rəsmə, nəhayət, şəhərə meyillənib rəssam qızın dalınca gedəcəyindən qorxur. Əlindəki fırçaları kobudluqla alıb ocaqda yandırır, şəkilləri  əzib tökür, oğluna əl qaldırır. Hətta daha irəli gedərək, gənc rəssam qıza təcavüz edir, onu alçaldır ki, uşağın gözündə yaranmış “ilahiliyi” kirlətsin.

Arvadıyla söhbətində çoban deyir: “Əgər mənim başqa bir oğlum da olsaydı, İsmayılı buraxardım gedərdi”.

Çoban, İsmayılı nə olur-olsun dağlarda, heyvanların arasında, özüylə saxlamaq istəyir. İsmayıl, atasının qurbanına çevrilir, öz xəyallarından, arzularından əl çəkməli olur.

İsmayıl rolunu Corc Qafarovun, ata rolunu Nurəddin Mehdixanlının canlandırdığı filmdə təkcə ata-oğul problemini görmürük, həm də uşaqlığı ən ağır şəraitlərdə keçən uşaqlar haqqında da düşünürük.

Ata-oğul problemi 2014-cü ildə çəkilən “Axınla aşağı” (rejissor Asif Rüstəmov) filmində də araşdırılır.    Mingəçevir şəhərində avarçəkmə müəllimi olan Əli nə arvadıyla, nə də yeniyetmə oğluyla yola gedir. Birgə çalışdığı polşalı sevgilisi də Əlini xaricə aparmaq üçün dilə tutur. Daxili tənhalıqla vuruşan Əli, xoşbəxtliyi ailəsində deyil, kənarda axtaran zəif iradəli adamdır. Bütün bu gərginlikdən, ailədəki problemlərdən bezən yeniyetmə oğlu özünü suya atır. Filmin əsas süjeti Əlinin arvadıyla oğlunu axtarmasından bəhs edir. İndi ər-arvadı, polşalı qadın da ayıra bilmir. Baş qadın rolunun ifaçısı Mehriban Zəki “Axınla aşağı” filmindən danışarkən rejissorun işi haqqında  deyir: “… Onun hekayələrində pritçalıq var. Konkret əhvalatı danışmaqla, dərin və sakral mətləbləri analiz etmək meyili duyulur. Bu əsəri də konkret insan həyatının hekayəsidir. Filmin sonunda övladını itirmiş ata, oğlunun öldüyü məkana gəlir, sakitcə oturub deyir ki, ilahi, bura nə gözəl yerdir…”

“Axınla aşağı”


Atalar və uşaqlar arasında ziddiyyətli münasibətlər barədə filmlər əvvəlki illərdə də çəkilib. Məsələn, Gülbəniz Əzimzadənin Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1974-cü ildə çəkdiyi qısa “Nəğmə dərsi” filmindəki  ata və oğul başqa dünyaların adamlarıdırlar. Balaca Fəxrəddin, anası və atalığı ilə birgə yaşayır, atası onunla nadir hallarda, gizli görüşür. Filmboyu tamaşaçıya bəlli olur ki, qadınla kişinin arasındakı münasibətlər uçurumludur, qadınla kişi ümumiyyətlə, başqa-başqa adamlardırlar. Filmin əvvəlində anası Fəxrəddini xırda bir kəpənəyə belə toxunmağa qoymur. Deyir qanadlarında toz var. Ancaq atası onunla görüşə gələndə gödəkçəsinin altında balaca küçük gətirib.

“Nəğmə dərsi”


Ata, oğlunu arzularındakı kimi böyüdə bilmir. Uşaq hər şeydən, hətta doğma atasından da qorunaraq böyüdülür. Atanın fikrincə, oğlan uşağı gərək qorxusuz, sərbəst  böyüsün. Ancaq, görünən budur ki, ana oğluna bu sərbəstliyi vermir. Onun yerini tutan yad kişiylə bağlı da atanın narahatlıqları var, tez-tez soruşur: “bəs, o nə deyir?”  

Ssenarisini Ramiz Rövşənin yazdığı, Hüseyn Mehdiyevin çəkdiyi “Süd dişinin ağrısı” (1987) filmindəki ata obrazı da ideal deyil. Onun da oğullarıyla problemləri var. Balaca Kərimin (Pərviz Hüseynov) anası doğuş vaxtı vəfat edib. Anasına aid hər şey onun üçün müqəddəs bir şeyə çevrilib. Anasının adıyla bağlı olan hər şeyi Kərim əzizləyir, qoruyur. Ona görə də, anasından qalan boyunbağını böyük qardaşı sevgilisinə bağışlayanda, atası gənc müəllimə ilə münasibət qurmaq istəyəndə, Kərim bunu qəbul edə bilmir. Anasından qalan köhnə şkaf atası tərəfindən yandırılanda isə Kərim sarsılır.

“Süd dişinin ağrısı”


Ata ilə oğulun, uşaqlarla böyüklərin qarşılıqlı münasibətlərindən bəhs edən film lirik, kövrək notlarla doludur.

Böyüklərlə uşaqların qarşılıqlı əlaqələrindən bəhs edən təsirli filmlərdən biri də 1991-ci ildə Həsən Əblucun İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyi “Pəncərə” filmidir.  Valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı internat məktəbinin böyük bir həbsxana kimi göstərildiyi filmdə uşaqlar valideynləri tərəfindən laqeydliyə, kobudluğa məruz qalıblar, birinin atası içki düşkünüdür, digərini anası atıb başqasına ərə gedib,  indi təkcə müəllimləri var, onlar da yetimlərlə qəddar davranırlar.

“Pəncərə”


Filmdəki hadisələr Sovet dövrünün son illərində baş verir, uşaqlar hələ pionerdirlər. Əslində, müəlliflər internat məktəbinin timsalında böyük bir ölkəni təsvir edirlər. Məktəb bir həbsxanadır. Bunu filmboyu müəllimlər də etiraf edirlər. Direktor Nəsiblə dialoqunda deyir:

– Buranı kazarmaya, türməyə döndərməyə sənə kim icazə verib?

– Qoyaq dağıtsınlar buranı? O boyda ölkəni başlı-başına buraxıblar deyə, bu günə qalmışıq. Adını da qoyublar demokratiya.

Nəsib demokratiyaya qarşıdır. O, demokratiyanı özbaşınalıqla eyniləşdirir və ona qarşı çıxır. O, despotdur. Öz kiçik hakimiyyətindən misilsiz zövq alır.

Müəllimlər və direktor, uşaqların əməyindən istifadə edirlər. Bunu başa düşən uşaqlar etiraz edirlər. Xaraktercə dəlisov olan Köçəri, direktorun kassasından yeşiklərin pulunu və əlindən alıb saxladıqları bıçağı oğurlayır. Uşaqların düzəltdiyi yeşikləri satıb pul qazanmışdılar. Buna görə, Köçəri o pulda özlərinin haqqı olduğunu düşünür, uşaqları başına yığıb əylənməyə gedir.

“Pəncərə”


Ertəsi gün direktor Köçərini Nəsibə döydürür. Uşaqları hədələyən direktor deyir: “Taleyiniz mənim əlimdədir. İstəsəm sizi kolona göndərərəm, istəsəm dəlixanaya. Onunla da məhv olub gedərsiniz”.

Köçərinin üstündə bıçaq tapılanda direktor bu cür hədələyir: “Nə qədər burdasan, quzu kimi olmalısan. Məktəbi qurtarandan sonra, nə oyundan çıxırsan, çıx”. Şagirdin taleyi müəllim üçün maraqlı deyil. Xatası ondan uzaq olsun. Məktəbi bitirəndən sonra lap gedib adam öldürsün.

Köçərinin əslində, sevə bilən, xeyirxah ürəyi var. Düzdür, yaşadığı həyat onu sərtləşdirib, ancaq o, sevmək qabiliyyətini itirməyib. Sevdiyi Nərminə ilə görüşəndə qız ona deyir ki, əvvəllər qorxurmuş ondan, daha qorxmur.

Nəsibdən bezən Köçəri onu bıçaqlayır, qolları qandallanaraq, həbsxanaya aparılır. Onun taleyi məşhur fransız filmi “Dörd yüz zərbə” filminin (rej. F.Trüffo) qəhrəmanı Antuanın taleyi kimi olur.

İnternat məktəbinin qonşuluğunda Ulduz adlı qız yaşayır, kamança çalır. Çaldığı həzin musiqilər yetimlərin ürəyinin sarı siminə toxunur. Belə gecələrin birində Əhsən özünü məktəbin pəncərəsindən atıb öldürür.

Əhsənin intiharı ilə bağlı polis işçiləri 7-ci sinif şagirdlərini dindirməyə gəlirlər. Doğrudur, dindirmədə filmin müəllifləri olduqca pafoslu cümlələr seçiblər. Bəzi cümlələr ümumiyyətlə, uşaq ağlının məhsulu deyil, inandırıcı görünmür. Ancaq, filmin ideyasının açılması baxımından maraqlıdır.

Pionerlərdən birini polis kapitanı sıxışdırır, pioneri yalan danışmaqda ittiham edir və deyir: “Boynunda qırmızı qalstuk gəzdirən oğlana yalan danışmaq ayıbdır”.

“- Deyirəm axı, böyüklər niyə qırmızı qalstuk taxmırlar! Hələ sevinin ki, o özünü qalstukundan asmayıb!”- şagird qışqırır.

Onun arxasınca polislər deyirlər:

– Məncə bu da özünü pəncərədən ata bilər.

– Görürəm bunların hamısı özünü pəncərədən ata bilər!


Əhsənin bu dünyada yeganə sirdaşı olan quzunu kəsib polislərə qonaqlıq verirlər. Bunu öyrənən uşaqlar maşının qarşısını kəsib, quzu kimi mələməyə başlayırlar. Bununla da hər birinin sistemin növbəti qurbanı ola biləcəklərini təsdiqləyirlər.

Filmdəki hadisələrin Novruz bayramı ərəfəsində cərəyan etməsi təsadüfi deyil. Uşaqlar, bayramı ancaq xoşbəxt xatirələrində yaşayırlar, bayramı hiss etmirlər. Onların bayram əhval-ruhiyyəsi onların əhvalı ilə kontrast təşkil edir. Bayırdakı bayramla insanın içindəki matəm kontrast təşkil edəndə, insanın faciəsi daha da dərinləşir. Yeri gəlmişkən, yazıçı Mövlud Mövlud da Novruz bayramı ərəfəsində özünü 17-ci mərtəbədən ataraq  intihar etmişdi.

Filmdə olduqca diqqətçəkən məqamlar var: hər gecə uşaqlar yatmazdan qabaq Əhməd Səməddən nağıl danışmağı xahiş edir. Səməd də hər dəfə “Axmaq padşahın nağılı”nı danışır. Filmin sonlarında Səməd eyni nağılı danışmaqdan bezdiyini söyləyir.

– Elə həmişə “Axmaq padşahın nağılı” nı danışıram.

– Onda “Ağıllı padşahın nağılı” nı danış.

– Ağıllı padşah olub ki?

Məktəbin direktoru da “ağıllı padşah” deyil. Məktəb şagirdlərinin başına bütün bu hadisələr gələndən sonra onun yalnız bir qayğısı var: hörmətimiz, ad-sanımız getdi işinə!

Bütün bu olanlardan sonra məktəbin müdiriyyəti çıxış yolunu Əhsənin əbədiyyətə yollandığı pəncərəni taxta ilə bağlamaqda görür. Pəncərə zülmdən, istibdaddan qaçış yoludur. Uşaqlar daş atıb onu sındırırlar.

Uşaq və animasiya filmlərinin qəhrəmanları.

Yuxarıda haqqında bəhs etdiyimiz filmlərin əksəriyyətinin qəhrəmanları uşaqlardır. Əslində, böyüklər üçün çəkilən filmlərdə uşaqlar “böyük” obrazlar yaradıblar. Filmlər var ki, uşaqlar üçün çəkilib, əsas qəhrəmanları da uşaqlardırlar. Məsələn, “Bir qalanın sirri” (Ə. Atakişiyev, 1959),  “Sehrli xalat” ( Ə. Atakişiyev, 1964), “Şir evdən getdi” (R.İsmayılov, 1978), “Mən mahnı qoşuram” (T. İsmayılov, 1979), “Asif, Vasif, Ağasif” (R. İsmayılov, 1982), “Yaşa, qızılbalıq” (N. Feyzullayev, 1988)

Bu filmlərin hər biri olduqca məşhurdur. Xüsusən, yaşlı nəsil arasında. Təəssüf ki, uşaq filmlərimizi indiki uşaqlar tanımırlar, yaxud fraqmentar olaraq tanıyırlar.

Müasir dövrdə uşaq filmləri çəkilmir, hətta deyərdim müstəqillik illərində cəmi bir “Dərs” uşaq filmi çəkilib. 2015-ci ildə rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən çəkilən filmdə müasir məktəbli uşaqların məktəb həyatı fonunda qarşılıqlı münasibətlərindən, dostluğa, həyata, cəmiyyətə baxışlarından danışılır. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və başqaları ifa ediblər.

Animasiya filmləri də az çəkilir, yeni filmlər də xarici animasiya filmləriylə ayaqlaşmaqda uduzur. Sovet dövründə ənənəvi üsullarla çəkilən, heç bir kompüter texnologiyasından istifadə olunmadan ortaya çıxarılan möhtəşəm animasiya filmlərimiz var. O filmlər mövzu və ideya baxımından həm ibrətamizdirlər, həm də maraqlıdırlar.

“Tülkü həccə gedir” (1971), “Bulud niyə ağlayır?” (1973), “Cırtdanın yeni sərgüzəşti” (1973), “Günlərin bir günündə  (1975), “Kirpi balası və alma” (1977), “Toplan və kölgəsi” (1977), “Sehrlənmiş küpə” (1979), “Meşəyə insan gəlir” (1980), “Taya” (1980), “Başlanğıc” (1982), “Uşaq və külək” (1982), “Akvarium” (1983), “Münəccimin şagirdi” (1983), “Sehrli naxışlar” (1984), “Balaca çoban” (1985), “Humayın yuxusu” (1985), “Anam ağaca çıxıb” (1986), “Qara leylək” (1986), “Talada ev” (1986), “Yeni il əhvalatı” (1986), “Sehrli çıraq” (1987) və bu kimi onlarla animasiya filmlərimiz mövzu, ideya, didaktik baxımdan nəinki  günümüzün, gələcəyimizin uşaqları üçün də aktualdır.

Böyüklər üçün filmlərdə yaradılan uşaq obrazlarından fərqli olaraq, uşaq və animasiya filmlərindəki uşaq obrazları daha qayğısız, şən, faciələrdən uzaq təsvir olunurlar. Bu filmlərdə müəlliflər uşaqlara ətraf aləm, yaşadıqları dünya, böyüklər haqqında məlumatlar verməyə çalışır, onları təbiəti, heyvanları, quşları, ağacları  qorumağa, yaşlılara hörmət etməyə, bir-birlərinə və başqalarına qarşı rəhmli olmağa, sevgiylə yaşamağa çağırırlar.

Uşaqlar üçün kaş elə dünya quraq ki, bütün acılar yalnız filmlərdə, nağıllarda, hekayələrdə, bir sözlə keçmişdə qalsın!

Hətta bir şeirimdə dediyim kimi böyüklərin də dünyası kaş elə olsun:

Tısbağalar da sürətlə qaçır
cizgi filmlərində
canavar dovşanı
pişik siçanı tuta bilmir
tutsa da əldən buraxır
cizgi filmlərinin sonunda
dostlaşır itlə pişik
ilanla insan
uşaqların dünyası nə gözəldir, İlahi
böyüklərin də dünyasını o cür elə…

  Sevinc Elsevər (Əzimova)

“Ulduz” jurnalı / 2024, may.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya