Muğam, aşıq musiqisi və kino
“Aşıq Qərib” (1988) Sovet kinosunun çox maraqlı rejissorlarından sayılan, Azərbaycanı, onun mədəniyyətini sevən erməniəsilli rejissor Sergey Paracanovun son filmlərindəndir. Mixail Lermontovun “Aşıq Qərib” əsəri əsasında ekranlaşdırılan filmin çəkilişlərinin bir qismi Azərbaycanda baş tutub. Filmin mətni üzərində filologiya elmləri doktoru Paşa Əlioğlu, şairlər Həmid Herisçi və Aydın Əfəndiyev işləyiblər.
Bəstəkar, Əməkdar incəsəsənt xadimi Cavanşir Quliyev “BBC Azərbaycanca”ya bu yaxınlarda verdiyi müsahibəsində rejissor Sergey Paracanovun “Aşıq Qərib” filmindəki iş təcrübəsini bölüşüb.
Cavanşir Quliyev müsahibəsinə Paracanovla tanışlığından başlayıb: “Mənə “Azərbaycanfilm” kinostudiyasından zəng elədilər. Dedilər ki, Paracanov filmini bura dublyaja gətirib, səninlə görüşmək istəyir. Kinostudiyada görüşəndə, bir az əmr tərzində soruşdu ki, mənə musiqi yazacaqsan? Mən də yarızarafatla dedim ki, məndən soruşmaq istəmirsiniz, sizlə işləmək istəyirəm yoxsa yox? Dedi ki, materiala baxsan istəyəcəksən. Kinostudiya əməkdaşları, dublyajda iştirak edəcək aktyorlarla birgə filmin ilkin versiyasına baxdıq. Mən materialı görəndə mat qaldım. Yəni vizual baxımdan deyirəm. Film bitəndən sonra fikrimi soruşdu, dedim yazacağam. Məni qaldığı hotelə dəvət etdi. Onda “Azərbaycan” hoteli vardı, orada qalırdı. Görüşdük, filmdən danışdı, tapşırıqlarını verdi. Dedi ki, biz burada bir həftə qalacağıq, Azərbaycan aktyorları ilə filmi dublyaj edəcəyik, sonra, Tbilisiyə qayıdacağıq. Sən iki həftədən sonra musiqiləri gətir Tbilisiyə. İki həftənin az müddət olduğunu dedim. Çünki film bir saatdır və əvvəldən axıradək musiqi səslənir. Özü də müxtəlif musiqilər. Filmin musiqisini işləyəndə bəstəkar üçün müəyyən çətinliklər olur. Əgər filmdə vəziyyətlərə uyğun müxtəlif musiqilər səslənirsə, hər musiqi üçün başqa-başqa musiqi kollektivindən istifadə etmək lazım gəlir. Eyni tipli musiqi olanda isə rahat olur. Lap film üç saat davam etsə də. Yazmağa daha az vaxt sərf edirsən”.
Müsahibəsində maraqlı faktları açıqlayan bəstəkar bildirib ki, Paracanov filmin musiqisini əvvəlcə erməni bəstəkarı Alfred Terteryana təklif edib: “Terteryan vəfat edib. Yaxşı bəstəkar idi. Paracanov dedi ki, o məni aldatdı. Tacikistandakı dostu Tolibxan Şahidiyə (tacik bəstəkarı) zəng vuraraq, ondan tacik xalq musiqisinin nümunələrini göndərməyi xahiş edib. O da yollamışdı. Paracanov dinləyəndə, onların tacik musiqisi olduğunu başa düşüb. Terteryana deyib ki, bu, bizim filmin dramaturgiyasına uyğun deyil. Sonra gürcü bəstəkarı Giya Kançeliyə müraciət edib. Kançeli Şərq musiqisini və dünyasını bilmədiyini deyib və imtina edib”.
Beləliklə, Paracanov Bakıya gələndə filmi tezliklə təhvil verməli olduğunu deyib və ona Cavanşir Quliyevi nişan veriblər. Çünki C.Quliyev aşıq musiqisi ilə bağlı çalışan bəstəkar idi. C.Quliyev Azərbaycan musiqi tarixində saz üçün yazılmış ilk sonatanın müəllifidir. Paracanov C.Quliyevin kinostudiyanın fonotekasında filmlər üçün işlədiyi musiqiləri dinləyəndən sonra onunla görüşmək istədiyini bildirib.
“Mənə dedi ki, iki həftədən çox vaxt verə bilmərəm. Çünki o zaman filmi vaxtında təhvil verməyəndə pulu ödəmirdilər. Gecələr yatmadım, musiqiçilərlə məsləhətləşdim və yazdıq… Ona qədər Paracanovun bütün filmlərini görmüşdüm. Sevirdim rejissor olaraq, yaradıcılığının yönünü bəyənirdim, ustad idi. “Aşıq Qərib” filmində məni təsvirlər heyran edirdi. Məsələn, bir kadr vardı: boz rəngli səhra, yanmış otlar. Yəni kadrda iki rəng vardı, boz və bir az sarı. Kamera panoram edir və birdən kadra qara rəngli hindi quşu sürüsü girir. Bu kadrı görəndə zalda hamı içini çəkdi ki, nə gözəldir. Filmdə təsvir baxımından gözəl kadrlar çox idi. Paracanov əslində rəssam idi. Görüntünü, rəngləri anlayan biri idi. Kadrda əşyaları qurmaqda, yerləşdirməkdə usta idi. Paracanovun bütün filmlərində bu xüsusiyyət var. Filmlərinin istənilən kadrı ayrıca rəsm əsəridir”.
Alim Qasımovun pərəstişkarı olan Paracanov yanında onun audiokassetini gəzdirər və dinləyərmiş. O, C.Quliyevdən, filmində əsas qəhrəmanın mahnılarını Alim Qasımovun səsləndirməyini istəyir. Bəstəkar etiraz edib və etirazını onunla əsaslandırıb ki, muğam və aşıq musiqisi fərqli şeylərdir, üstəlik, A.Qasımov aşıq yox, xanəndədir: “Ona dedim ki, sən onun oxuduğu muğamı filmə salmaq istəyirsənsə, mən bu filmdə yoxam. Ümumiyyətlə, filmi işlədiyimiz müddətdə Paracanovla bir neçə dəfə mübahisəmiz oldu. Birincisi, elə A.Qasımov məsələsində. Çünki mən sonra Azəbaycandakı musiqişünaslara cavab verə bilmərəm ki, niyə aşığa həsr olunmuş filmdə xanəndə muğam oxuyur. O, aşıq musiqisilə muğamın fərqini bilmirdi. Amma təkid etdi ki, Alim olsun. Dedim, qoy Alimlə görüşüm. Bilirdim ki, bəzən toylarda Alim aşıq havaları oxuyur, aşıq sənətini bilir. Alim dedi ki, nə lazımdır oxuyaram. Bəzi aşıq havalarını qatdıq, bəzi improvizasiyalar etdik. Filmdə klassik aşıq ifası yox, onlara bənzədilmiş musiqi olmalı idi. Çünki bu, aşıq konserti deyil. Aşıq Qəribin həyatı haqda filmdir. Musiqini yazdım, Tbilisiyə getdim, üç gün Paracanovun evində qaldım”.
Artıq, C. Quliyevin peşəkarlığına inanan Paracanov onun ideyalarını, təkliflərini qəbul edirdi: “Böyük rejissorlar adətən belədir. Səni sıxır, görsün ki, içində nə var. Bəzən də mübahisəni süni yaradır ki, mövqeyini müdafiə edə biləcəksənmi? Ondan sonra ya inanır, ya imtina edir… Mənə dedi ki, məhəbbət mövzusunda mahnı yaz, nə milli olsun, nə coğrafiyası bilinsin, ümumbəşəri olsun. Gəldim, oturdum, düşündüm, ağlıma dəli bir ideya gəldi. Dedim ki, məhəbbət mövzusunda iki variant təklif edə bilərəm. Birincisi Şubertin “Ave Mariyası”ı tarda ifa olunacaq, onun üstündə qıcığaz, Qatar muğamının zildəki zəngulələrini vuracaq. Çox xoşuna gəldi. Başqa bir variant da təklif etdim. Sen-Sansın “Skripka və orkestr üçün rondo kapriççiosu” deyilən əsəri var. Onun da teması tarda çalınacaq, fonda oğlan uşağı “Bayatı Şiraz”ın zəngulələrini vuracaqdı. Filmdə bir neçə sevgi səhnəsi olduğundan, hər birində bunları istifadə edərsiniz dedim, bəyəndi. Tarzən Ramiz Quliyevi, uşaq muğam ifaçılarından Bəturə Hüseynovanı dəvət etdim. “Bayatı Şirazı”da artıq adını unutduğum bir oğlan oxudu. Daha sonra, filmin sonunda Aşıq Qərib uşaqlarla kilsəyə girir. Çünki xanın ona qızını verməsi üçün o, pulu toplamalıdır. O, hər kəsdən yardım gözləyir. Toplaya bilmədiyindən, axırda sazla kilsəyə girir. Bu səhnəyə musiqi lazım idi. Paracanov dedi ki, ehtiyatlı ol, kilsə olduğunu nəzərə al: “Kilsə musiqisi arxivlərdə çoxdur qoya bilərəm, amma istəmirəm”. Bu səhnə üçün elektronik səslərdən baza hazırladım, üzərinə saz musiqisi və Bəturənin sanki uzaqdan eşidilən zəngulələrini qoyduq. Sanki zənguləni insan yox, quş oxuyur. Musiqidə bir növ kilsənin vahiməsini əks etdirən atmosfer var. Çünki Aşıq Qərib müsəlmandır, xristian kilsəsinə girir və onu orada vahimə bürüməli idi. Tanımadığı bir dünyaya girir, amma xoş niyyətlidir. Onun tək dərdi qızın ona verilməsidir. Kilsədən belə, bu yardımı istəyir. Hər bir epizodu Paracanovla müzakirə edirdik. Bəzilərini qəbul etmirdi, mən isə təkid edirdim. Bəzilərini heç qəbul etmirdisə, mən də razılaşırdım”.
Qeyd edək ki, filmdə səslənən saz musiqisini bəstəkar ifa edib. Çünki süjetə və üsluba əsasən, filmdə klassik saz musiqisinə ehtiyac olmayıb. Klassik aşıq musiqisinin davamçılarına bu üslubu izah etmək uzun vaxt tələb etdiyindən, C.Quliyev sazda özü ifa edib.
Bəstəkar daha sonra qeyd edib ki, məxsusi olaraq bəzi epizodlara yazılmış musiqilərin yeri dəyişdirilib: “Kino elə bir sənətdir ki, sən hansısa epizoda musiqi yazırsansa və rejissor onu dinləyib, qəbul edirsə, montajda fikrini dəyişə bilər. Çünki montajda görür ki, bu musiqi bu təsvirə uyğun gəlmir. Bu “Fəryad” filmində də başıma gəldi. “Aşıq Qərib”də də oldu. Ona görə, həmin musiqi parçasını bir neçə versiyada işləyirsən. Daha gərgin, daha tez, daha yumşaq ki, onlardan biri təsvirlə uyğunlaşsın. Bu bir sirdir ki, niyə sənin epizoda yazdığın musiqi sonradan uyğun gəlmir. Yalnız o anda bilirsən. Bəzən öz-özümə deyirəm ki, yaxşı ki, bu sirr var. Sirr olmasaydı, o musiqiləri kompüter də yaza bilərdi. Elə şey var ki, onu kompüter edə biıməz. O duyğuları proqramlaşdırmaq mümkün deyil”.
Filmin dublyajında Səyavuş Aslan, Rasim Balayev, Nurəddin Mehdixanlı, Əminə Yusfiqızı, Sadıq Hüseynov, Ramiz Məlikov, Məlahət Abbasova, Nəcibə Hüseynova iştrak ediblər. C.Quliyevin sözlərinə görə, Paracanov Səyavuş Aslanı çox bəyənmişdi:
“Dedi ki, bilsəydim sizdə belə aktyor var, mən xan roluna Ramaz Çxikvadzeni çəkməzdim. O rolu Səyavuş Aslan dublyaj eləyirdi. Ramaz öldürmüşdü o rolu, Səyavuş dublyajı ilə diriltdi. Plastik aktyor idi, nə deyirsən edirdi”.
C.Quliyev, müsahibəsində onu da bildirir ki, Paracanov səssiz filmlərə xas çəkiliş üslubu seçmişdi. “Aktyora deyirdi ki, filan yerə bax, qəzəblən və ya gül. Mətni sonradan yerləşdirmişdi. Bir dəfə mübahisəmiz oldu ki, “Aşıq Qərib” dastanında belə deyil. Hirsləndi ki, Lermontovun əsərini çəkirəm. Dedim ki, Lermontov da “Aşıq Qərib” dastanından götürüb. Amma dastanı çəksəydi, tamam başqa şey alınardı. Dastanın estetikası da başqa idi. Lermontovu özünə bir müdafiə kimi götürmüşdü. Bir şey olan kimi desin ki, mən Lermontovu işləyirəm. Əslində, dastandan çox uzaqlaşmamışdı. Motivlər eyni idi”.
Filmin mətninin bir hissəsini Paracanov, dublyaj vaxtı ayaqüstü deyirmiş. Kulis.az saytında verdiyi müsahibəsində Paşa Əlioğlu bildirmişdi ki, Aydın Əfəndiyev rusdilli olduğuna görə mətni azərbaycanlaşdırmağa gücü yetməzdi: “Ona görə mən, Həmid Herisçi ilə birlikdə əvvəlcə, dastanın dilini nəzərdən keçirdik ki, hansı sözləri necə istifadə edək. Filmin ümumiyyətlə mətni yox idi. Paracanov mətn düşünməmişdi. Dialoqları işləməliydik. O yalnız təsvirləri çəkmişdi. Dedim ki, axı belə olmur, heç olmasa, nəsə yazılmalı idi. Paracanov dedi ki, kinoya Dovjenkonun (Aleksandr Dovjenko, ukraynalı, məşhur Sovet rejissoru) təsiri altında gəlmişəm. Siz onun ssenarilərini görsəydiniz, bilərdiniz. Özü də ukraynca yaxşı bilirdi. İlk əsərlərini orada çəkmişdi. Paracanov deyirdi ki, Dovjenko rejissor ssenarisində yazırdı: “buludlu səma” – dialoq yazmırdı. Mən də aktyorların mətnini tam hazırlamıram. Bizə tam ixtiyar vermişdi ki, istədiyinizi yazın. Biz filmə dəfələrlə baxmışdıq. Qeydlər aparmışdıq. Orada Xızır gəlir, Qəribi çətin vəziyyətdən çıxarır. Dastanı oxumayan adam bilmir ki, o, Qəribə nə deyir. Deyir ki, “min tərkimə”. Lermontovun əsərində bir çox şeylər olmadığından dastandan istifadə etdik. Heç Paracanovun xəbəri də olmadı. O, filmin direktorunun yanında deyirdi ki, bunlar, yəni gürcülər məni sıxışdırırlar ki, “Allah” sözü olmasın. Mən dedim ki, Tanrı deyərik. Gürcülər anlamaz. Bir epizod var, qoca aşıq ölür, Qərib onu dəfn edir. Paracanov dedi ki, burada da nəsə mətn olsun. Çətinliyimiz oldu, söz tapa bilmədik. Qərara gəldik ki, sadəcə ah-nalə olsun. Yerdə qalan epizodlarda Səyavuş Aslan kimi istedadlı adamlar təcrübəsi, peşəkarlığı hesabına nəsə yaratdılar. Improvizasiya edirdilər. Bu da Paracanovun xoşuna gəlmişdi. İmprovizasiyaların çox olmasını istəyirdi.
Paracanov filmin Azərbaycan dilində olmasını çox istəyirdi, bu dili çox sevdiyini, musiqili dil olduğunu deyirdi. Bir də, orada qəhrəmanların görünüşündə Qacar miniatür məktəbinin üslubundan istifadə etmişdi. Minatür məktəbini yaxşı bilirdi. Qacar minatür məktəbi bir az Rembrandtın tablolarını da xatırladır. Onun tablolarında qara rənglə çox söz deyilirdi və qara fon rol oynayırdı. Paracanov zövqlü adam idi”.
Qeyd edək ki, “Aşıq Qərib” filmi “Gürcüstanfilm” studiyasının istehsalıdır. Filmin çəkilişləri İçərişəhərdə, Şəki xan sarayında, Sınıq körpüdə, Nardaran qalasında aparılıb. Film, Avropa Kinoakademiyasının əsas mükafatına layiq görülüb.
Sevda Sultanova