Təhtəlşüura səyahət
Hayao Miyazakinin qəhrəmanlarının real dünyadan çıxaraq başqa dünyaya, şüuraltı dünyaya keçidi, uşaq fantaziyasının sonsuzluğu tamaşaçını artıq heyrətə gətirmir. Tamaşaçı məhz bunu ondan gözləyir. Onun animasiyaları təkcə uşaqların sevimli əyləncəsi deyil, həm də insan təbiətinin gizli psixoloji vəziyyətlərini təsvir edən, təhlilə açıq olan vacib obyektlərdir. Ən sonuncu “Oğlan və quş” filmində də rejissor eyni xətlə davam edir.
Filmdə balaca qəhrəman Mahitonun yuxusunda, yanğında ölmüş anasının ondan kömək istəməsilə bütün həyatı dəyişməyə başlayır. Əslində, bu onun daxilində olan şübhədən başlayır və sonrakı hadisələri özü ilə gətirir. Bildiyimiz kimi, uşaqlar, itaət edib-etməməsinə görə iki yerə ayrılırlar. İtaət onlarda seçim yaradır. Xüsusilə, ananın onun qarşısına qoyduğu iki şeydən birini seçmək qaydası və onun itaəti, sonrakı həyatında özünü keçmiş seçimindən yola çıxaraq, sanki bu itaət deyilmiş kimi ifadə etməyə başlayır. İtaəti öyrənən uşaqlar böyüdükdə asi, itaət etməyənlər isə çevriliş edən, “dünya”nı dəyişə biləcək qabiliyyətə malik olurlar. Mahito əslində, seçim etməyən, çevriliş edən bir obrazdır. O öz dünyasını – təhtəlşüurunda çərçivəyə salınmış dünyanı dağıdır. Lakin, İD-ə daxil olmaq üçün onun təkcə fiziki varlığı kifayət etmir. Burada onun daxili simvolikləşdirilmiş varlığa, onun kölgəsi rolunda olan bələdçiyə ehtiyac duyur. Onun “əkiz”i olan Quş, Mahitonu məcbur edir. Onun məqsədi İD-də Atanın (Tanrı) hüzuruna Mahitonu çıxarmaqdır. Quş, Mahitonun qaranlıq, hücumçu, kinli, bəzən qorxaq tərəfidir.
Mahitonun öz eqosu ilə gizlətdiyi bütün ilkin hisslər məhz Quşdadır. Quşa ögey anasının oxla hücum etməsi və Quşun qaçması səhnəsi, xüsusi mənaya malikdir. Bundan sonra, Quşa qarşı Mahito da ox və yay düzəldir və oxunun başlığında Quşun tükündən istifadə edir. Psixoanalizdən məlumdur ki, qadın, ömrünü mərkəzləşmiş kişi dünyasında, kişiyə nəzərən əskik olaraq yaşayır. Yəni, o, kişi genital orqanından məhrumdur. Bir çox filmlərdə və ədəbiyyatda bu məsələyə tez-tez toxunulur. Uşaq ananın əskikliyini anlayan zaman, bunun atadan qaynaqlandığını düşünür və orqandan məhrum edilmək təhlükəsi ilə qarşı-qarşıya qalır. Ögey ananın animasiyada ox və yayla təsviri, onun əskik orqanının yerinə keçir. Ox və yay, onu kişi ilə bərabərləşdirir. Mahitonun özünə ox və yay düzəltməsi, məhz təhtəlşüurunda hiss etdiyi məhrumolma qorxusundan yaranır. Bu da onun cinsiyyət orqanının yerini tutur. Mahito ögey anasının otağına daxil olarkən, burada atasının papağı, əşyaları və qadının ox-yayı diqqət çəkir. Anası ona toxunduğu zaman Mahitoda qayğı yaranmağa başlayır. Bu qayğının təməlində edipvari əlaqələr durur. Otağın ab-havasından atanın hakimiyyəti hiss olunur. ”Rəqibi”nin məkanı onu sıxır və oranı dərhal tərk edir. Mahitonun başqa dünyaya daxil olmasının başlıca səbəblərindən biri, anasını xilas etmək istəyidir. Amma burada ana anlayışı ikibaşlı mənaya malik olur. Bu həm Mahitonun ölmüş anasıdır, həm də onun ögey anasıdır. Mahito, atanın gücünə meydan oxuyur və ana üçün rəqibini məğlub etməyə hazırdır. Ananı xilas etmək, onun qalibiyyəti, ata hakimiyyətindən azad olmaq deməkdir. O, ataya həm itaət edir, həm də onu düşmən kimi görür. Quşun buradakı təsviri antropomorfikdir. Yəni, heyvana insani keyfiyyətlər köçürülmüşdür. Filmdə Mahito, Lakanın “ayna mərhələsindədir”. Mahito Quşun gözlərində öz “Mənini” görür. Quşa baxmayan Mahito, özünü də görə bilməz. Biz, təhlili Quşun baxış bucağından verə bilmirik, çünki, Mahito insan olaraq bizə daha yaxındır və ayna mərhələsində hansı proseslərin baş verəcəyini, reaksiyalarını bilirik. Lakin, bir heyvanın bu mərhələdəki dəyişkənliyini sezə bilmirik. Təbii olaraq, insan bir heyvanı yamsılamaqla, heyvan ola bilməz nə də əksinə, heyvan buna qadir deyil. Mahito ilə Quş, tam vahid simvol əmələ gətirirlər. Məhz Mahitonun İD-ə daxili olmasının təməlində arzu durur – qalib olmaq arzusu. Hələ ki, bu arzu təmin olunmayıb. Çünki, təmin olan hər bir şey adiləşir və arzu olmaq nəsnəsindən çıxır. Daxil olduqları məkanda Mahito anasını görür. Bu illüziyanı məhz Quş yaradır. Quş, Mahitodan asılı varlıq deyil, sadəcə, onun zəif nöqtələri var. Mahito təbii ki, özünün digər tərəfinin zəif nöqtələrini bilir.
Biz, filmdə ümumi məkanı üç hissəyə bölə bilərik. Bunlardan biri, Eqonun olduğu, hər zaman maskalanan xarici dünyadan supereqoya – qədim binaya daxil olur. Girişin yuxarısında “Fecemi la divina potestate” (“ İlahi qüvvə tərəfindən yaradıldım”) yazılıb. Burada insanın özü və ya onun təhtəlşüurunun ilahi qüvvə tərəfindən yaradıldığını nəzərdə tutması sual altındadır. İD-ə keçid, günəş simvolunun daxilindən sanki, suya düşürmüş kimi təsvir olunub. Mahitonun yuxarı doğru deyil. məhz aşağı doğru çəkilməsi, cənnətə yox, təhtəlşüura olan səyahətini sübut edir. Mahitonun təhtəlşüurunda heyvanların real qabiliyyətləri təhrif olunmuş vəziyyətdədir. Məsələn, burada olan tutuquşular, əslində, çox gözəl səsə malik və insanlar tərəfindən qəfəsdə dekorativ quş kimi saxlanılır. Mahitonun təhtəlşüurunda bu quşlara insani əlamətlər verilməklə, onlar vəhşiləşdirilmiş və düşmən mövqeyindədirlər. Atası, bir səhnədə oğlunun birdən tutuquşuya çevrildiyini deyir. Əslində, Mahito reallıqda ailənin daxilində məhz bu quşdan fərqlənmir. Qəfəsdə yaşayır və daim izlənilir. Digər tərəfdən, imperatora malik vəhşi, şiddətə meyilli quşlar, real dünyada imperatorun və onun ardınca gedən insanların metaforudur. İmperator, dünyanın eyni vəziyyətdə qalmasının və şiddətin, zülmün hakim olmasının tərəfdarıdır. Sonda, dünya məhz onun qılıncı ilə yox olur. İD-də onun daxili şiddəti belə yozulur. Qutanlar isə, Mahitonun dözümlülüyünün, savaşçı ruhunun simvoludurlar. Onlar da Tanrının (ata) əmrilə bu dünyaya təhkim olunmuşlar. Bu savaşçı mübariz ruh, realda eqonu heç cür əks etdirmir. Qutanlardan birinin dediyi kimi, onlar Tanrı tərəfindən məhkumdurlar və yaşamaq uğrunda mübarizə aparırlar. Dəfələrlə yuxarı (eqo) doğru uçmağa çalışsalar da, nail ola bilməyiblər. Burada təhtəlşüuru tarazda saxlayan, onu ierarxik vəziyyətdə qoruyan Tanrı simvolu var. Tanrı simvolu realda ata ilə eyniləşir. Bütün hər şeyə bais olan, dünyanı yaradan məhz Tanrıdır. O, sanki Mahitonu öz yerinə varis kimi gətirməklə, “mənini” yox etməyə, onu öldürməyə çalışır. Tanrı yerinə keçmək – bu dünyada qalmaq deməkdir. Fiziki olaraq xarici dünya ilə əlaqəsini kəsən Mahito, ölü hesab olunur. Onun əsas istəyi anasını xilas etməkdir. Mahitonun şüuraltı dünyasında hər bir şey atanın hakimiyyəti altındadır və hamı ona tabedir. Onların hər biri Mahitonun hisslərinin – qorxu, kədər, sevinc və s. – simvollarıdır. Mahitonun dünyasındakı ata obrazı artıq yaşlanıb və zəifləyir. Bu, realda atası ilə olan əlaqələrin (Edipvari) zəiflədiyinin göstəricisidir və Mahito yeni dövrə keçid edir. Bu keçid üçün isə bir çevriliş, yenilənmə baş verməlidir. Mahitonun dünyadakı hakimiyyətdən imtinası ilə atanın yaratdığı dünya sarsılır və dağılır. Mahito anasını xilas edərək təhtəlşüurunu qalib kimi tərk edir. O bununla, bir növ ailəsi olan asılılıq bağını qırır və azad olur. Artıq arzunun tələbatının ödənilməsi yekunlaşır və biz postedipvari mərhələyə keçid edirik.
Animasiyadan göründüyü kimi, Mahitoya yardımçı qüvvələrin hamısı qadınlardan ibarətdir. O, təhtəlşüurunda yanğında ölən anasının oda hakimliyini əlaqələndirib. Bu od həm qəzəbin həm də cinsiliyin simvoludur. Ananın odu göyə qalxaraq körpə kimi dünyaya gələcək uşaqları qutanlardan qoruyur. Çox maraqlı məqam isə, Mahitonun dünyasında körpələrin varvara adlanan sevimli varlıqlar şəklində olmasıdır. Digər tərəfdən, biz onun ögey anasının doğum anını görmürük. Bunun səbəbi, uşaqda “körpənin necə dünyaya gəlməsi” ilə bağlı gerçəyə uyğun fikrin olmamasıdır. Mahito öz fantaziyasından yola çıxaraq, körpələrin məhz bu cür varlıqlar kimi dünyaya gəldiklərini təsəvvür edir və öz öyrənmək arzusunu təmin edir. Əslində, bütövlükdə bu səyahət arzuların yerinə yetirilməsi üzərində qurulmuşdur.
Mahitoya kömək edən digər bir obraz Kirikodur. Kirikoda hər iki cinsin xüsusiyyətləri toplaşıb. O, Mahitonun təhtəlşüurunda yol göstərən, bələdçi rolundadır. Xüsusilə, böyük balığın yarılma səhnəsi vacib simvolik əhəmiyyət daşıyır. Böyük balıq burada fallik mənada işlənmişdir. Onu necə parçalamağın Mahitoya Kiriko tərəfindən öyrədilməsi, bir növ, ana tərəfindən atanı məğlub etmək üçün yönləndirilməsi kimi izah oluna bilər. Digər bir məqam, Mahitonun dənizdə həm doğma anası, həm də Kiriko ilə olduğu səhnədir. Su özündə doğumu, varolmanı, ana və uşaq arasında olan əlaqələri mənalandırır. Mahito, təkcə ögey anasını deyil, həm də, bioloji anasını (daha doğrusu, anasının uşaqlığını) xilas etməyə çalışır. Mahito, ona qohumluq əlaqələri ilə bağlı olan bu qadınları həm real atadan, həm də Tanrıdan qorumaq istəyir. Hətta anasının uşaqlığını başqa bir dünyada yenidən anası olacağına görə buraxmaq istəmir. Lakin, real həyatın tarazlığı üçün bu vacibdir. Təhtəlşüurda baş verənlər xarici dünyaya təsir etmir, ancaq eqonun vəziyyətini dəyişdirə bilər.
Animasiya filmi həm də rejissorun şəxsi filmlərindən sayılır. Miyazakinin uşaqlığında baş verənlərlə səsləşən bəzi hadisələrin şahidi oluruq. Hadisələr İkinci Dünya müharibəsinin sonunda baş verir və geridə məğlub olmuş Yaponiya, minlərlə insanın məzarlığına çevrilən torpaqlar qalıb. Mahito Tokyo üzərində alovlanan mütəffiqlərin atdığı alovu görərkən, bunu öz dünyasında qalibiyyətin gücünə çevirir. Digər dünyada, dənizdə qarşılaşdığı boş gəmilər, kölgə, insanlar, məhz müharibənin qurbanı olmuş insanlarla eynilik təşkil edir. Mahitonun gizli dünyası, məzarların daş blokları üzərində qurulub. Buradakı ölülərin ruhları, onun itirdiyi insanların xatirələrini qoruyub saxlayır. Mahito və Kirikonun başındakı çapıq izi, bir növ, öz kimliyini qorumaq üçündür. Bu iz real dünyadakı əzabın, mükəmməlin olmadığının işarəsidir. Digər bir tərəfdən, biz Mahitonun öz əli ilə başına yetirdiyi xəsarəti real dünyada alınmaq istəyən gücsüz birinin qisası kimi qələmə verə bilərik. Onun atasına, dünyaya etirazının yeganə yolu budur.
Şəlalə Bədəlova