Bahar nəfəsinin oyatdığı xəzan yarpaqları
Ofisiant, zibilçi, sürücü, cibgir, mədənçi, rəssam, gözətçi, fabrik işçisi və s. peşə sahibləri Aki Kaurismyakinin filmlərinin qəhrəmanlarıdır. Onun filmlərində demək olar ki, zəngin, imkanlı qəhrəmanlar görmək mümkün deyil. Amma ən maraqlı cəhət odur ki, adi cəmiyyətin içindən çıxmış bu qəhrəmanlar cəmiyyət tərəfindən qəbul edilmir, qovulur, izlənilir, döyülür və hətta həbs də edilirlər. Kaurismyaki, filmlərində insanları 3 kateqoriyaya ayırır: Varlılar, kasıblar və xoşbəxtlik axtaranlar. Bu kateqoriyaya aid olan insanları maddiyyat maraqlandırmır. Onlar tənhadırlar, amma, öz taleləri ilə barışmırlar və xoşbəxtlik axtarışındadırlar. Lakin onların mənfi cəhəti, xoşbəxtliyin nədə və harada olduğunu müəyyən etmədiklərindədir. Onlar kor-koranə, ölü balıqlar axınla aşağı üzdükləri kimi, həyatın axarına özlərini buraxıblar.
Rejissorun 2023-cü ildə çəkdiyi “Xəzan yarpaqları” bədii filmi, dünya kinotənqdiçiləri tərəfindən ilin ən yaxşı filmi adlandırılıb. Kann kinofestivalında münsiflər heyətinin mükafatı da daxil olmaqla üç mükafat qazamış film, Oskar mükafatının heç bir kateqoriyasında namizəd olmadı. Burada təəccüblü heç bir şey yoxdur. Belə ki, 1981-ci ildən fəaliyyət göstərən rejissor bu günə qədər 34 bədii film istehsal edib və onların hər biri eyni üslubda işlənilib və demək olar ki, bir-birindən fərqlənmirlər. Buna baxmayaraq, rejissorun hər bir filmi unikal qəhrəmanları, sadə süjet xətti və dərhal yaddaşa həkk olan dialoqları ilə tamaşaçılara zövq verir. Onun filmlərində dialoq maksimal dərəcədə minimalist, lakonik və konkret verilir. Qəhrəmanlar öz daxillərindəki hissləri bildirmək üçün sanki tələsir, həyatın sürətli ritmini tutmağa çalışırlar. Dialoqlardan savayı, hadisələrin cərəyan etdiyi məkanlar da “xəsisliklə” müəyyən edilib. Müəllifin bu tip estetikaya üstünlük verməsi sadə tamaşaçıya, onun üzvü olduğu cəmiyyətin güzgüsünü tutmağa hesablanıb.
Onun demək olar ki, bütün filmlərində süjetin mərkəzində tənha qadın və tənha kişi dayanır. Hadisələr burulğanı onları müxtəlif sınaqlardan keçirir və bir-birinə qovuşdurur. Kaurismyakinin qəhrəmanlarının daha bir xarakterik xüsusiyyəti onların tamamilə soyuq olmaları və hər hansı bir emosiyaya qapılmamalıdır. Lakin, bu soyuqluq maskasının arxasında emosiyalarına və hisslərinə güc gəlməyə çalışan, artıq məğlub olmaq üzrə olan, lakin hələ də ümidini itirməyən insan xarakterləri gizlənir.
“Xəzan yarpaqları” filminin qəhrəmanları da tənhadırlar və xoşbəxtlik axtarışındadırlar. Holap (kişi) – içki aludəçiliyi səbəbindən hər dəfə iş yerindən qovulan, lakin səmimi biri olan, Ansa (qadın) – müəyyən anlaşılmazlıqlar səbəbindən bir neçə dəfə işini itirən, lakin hələ də xoşbəxtliyin haradasa, irəlidə rastına çıxacağına ümidlidir. Kaurismyakinin filmlərinin daha bir diqqətəlayiq məqamı, qəhrəmanların zamana, dövrə uyğun olmamasıdır. Sözügedən filmdə hadisələr bu günə təsadüf edir. Qəhrəmanlar hər dəfə radioda Rusiyanın Ukraynaya qarşı təcavüzünün nəticələrini xəbərlər buraxılışı vasitəsilə dinləyirlər. Mariupolda, Buçada baş vermiş qətliamın miqyasına şahid olurlar. Hadisələr indi və burada baş verir. Lakin qəhrəmanlar konservativ xarakterə malikdirlər. Misal üçün, ilk təsadüfi görüşdən sonra Ansa, Holapa öz mobil telefon nömrəsini kağıza yazıb verir. Onlar smartfon işlətmir, klassik, düyməli mobil telefondan istifadə edirlər. Bu və digər xırda detallar Kaurismyakinin filmlərində fərdi müəllif imzasından xəbər verir.
Ansa, ilk baxışdan sakit görünən, lakin həyatı boyu yaşadığı çətinliklər səbəbindən güclənmiş xarakterə malik bir qadındır. Holapı ilk dəfə evinə şam yeməyinə dəvət etdiyi gün ona, ondan çox xoşu gəldiyini bildirir və ondan içkini atmağı tələb edir. Ansa ilk gündən “şərti şumda kəsir”, açıq danışır və Holapdan ona tabe olmasını istəyir. Holap isə, qadının sözü ilə oturub-durmayacağını qəti bildirirərək evi tərk edir. O, içki aludəçiliyini daha da artıraraq həyatına davam edir və ardıcıl uğursuzluqlara düçar olur.
Ansa isə öz taleyi ilə barışaraq, sakit həyat axarına davam edir. Ansanın dominant olmaq istəyi sonrakı səhnələrdə təsvir olunur. Belə ki, küçədə evsiz itə sahiblənən Ansa, onu öz evinə gətirir, çimdirir, boynuna xalta taxır, əhliləşdirir, bir sözlə, nakam sevgisini itə proyeksiya edir. Belə qənaətə gəlmək olar ki, müəllif Holapla iti eyni səviyyəyə qoyur. Holap da it kimi kimsəsiz, sevgisiz və məqsədsiz şəkildə gününü sərgərdan dolanmaqla keçirir. Bu məqamda bir qədər haşiyədən çıxaraq, ötən il Kann kinofestivalının əsas mükafatını qazanmış “Yıxılmanın anatomiyası” (rejissor: Jüstin Triye) bədii filmini xatırlatmaq istərdim. Filmin rejissoru, feminist mövqeyindən çıxış edərək, kişi qəhrəmanını it ilə eyni səviyyəyə qoyduğu təqdirdə, “Xəzan yarpaqları” filmində müəllif, kişinin qadına daim ehtiyac duyduğunu, qadınsız kişinin mütəmadi qaydada uğursuzluqlara düçar olmasına eyham edir. Kaurismyaki, qadının, kişinin başının tacı kimi təsvir etdiyi halda, J.Triye, kişini, qadının bütün bəlalarının əsas səbəbkarı kimi qələmə verir.
Ansa filmboyu soyuqqanlı qəhrəman kimi təsvir edilsə də, onun sevgisinin aşıb-daşdığına da işarə olunur. Onun avtobusda həmişə eyni oturacaqda oturması və arxadakı oturacaqda oturan kişi sərnişinin təsvirini, Ansanın, xəyalında məhz Holapı canlandırdığı kimi başa düşmək olar. Holapla ilk uğursuz görüşdən və itə sahiblənəndən sonra itlə gedən Ansa, köpəyin simasında öz həyatının “sevgisini” tapıb. Holapın başına gələn bədbəxt hadisədən sonra avtobusda gedən Ansa bu dəfə tək, amma başqa oturacaqda oturub, arxadakı kişi sərnişin isə qadınla qucaqlaşıb, bu epizodda Ansa, Holapın həyatında öz yerini müəyyən edib və Holapın onun qayğısına ehtiyacı olduğunu başa düşüb. Filmboyu bu “üçlük” süjet inkişaf etdikcə, həyatdakı öz yerlərini tapırlar.
Holap da lirik ruhlu qəhrəmandır. Özünün acizliyini, kimsəsizliyini dərk və qəbul edəndən sonra Ansaya “təslim” olur və alkoqolun daşını atır. Bu transformasiyadan sonra başına gələn bədbəxt hadisə də onun dəyişilməsinin son nöqtəsi olur. Həm mənəvi, həm də fiziki “yenilənmədən” sonra Holap, Ansa ilə birgə qalır.
Filmin adı, caz bəstəkarı və musiqiçisi Yozef Kosmanın 1945-ci ildə bəstələdiyi eyniadlı (Autumun leaves) mahnısından götürülüb. Mahnının sözləri, zamanın keçməsini və bizim üçün əziz olanların itirilməsini simvollaşdıran xəzan (payız) yarpaqlarını təsvir edir. Mahnının gizli mənası, həyatın keçiciliyi və bizim üçün önəmli olan insanları və anları əziz tutmağın vacibliyi haqqında dərin ismarış verir.
Haqqında danışdığım filmin qəhrəmanları da taleyin onlara ayırdığı qisməti görmür, payız rüzgarı səbəbindən qopmuş xəzan yarpaqları kimi sürünür. Yalnız bahar istisinin – məhəbbətin təsirilə onlar bir-birinə qovuşur.
İlqar Quliyev