İNDİ OXUYUR
Feminizmin təntənəsi

Feminizmin təntənəsi

Öncədən qeyd edim ki, bu yazıda qatilin kim olub-olmaması haqqında fikirlərə yer ayrılmayacaq. Yazıda geniş yer verilən ölüm hadisəsinin olduğu medalyonun digər üzündə olan qadın-kişi əlaqələrinə baxışdır. İlkin olaraq təhlil edilməsi vacib olanlardan biri, kişinin öz patriarxal düşüncəsini qorumağa çalışması və qadına qarşı apardığı şiddətli mübarizədir. Bu düşüncə, sistem olaraq tarixən mövcud olmuş və ənənəyə çevrilmişdir. Tarixdə kralın hakimiyyətini möhkəmləndirmək üçün ona rəiyyətinin atası adı verilmiş, hətta həddi aşaraq Tanrı mərtəbəsinə qaldırmışlar. Bununla da kralı öldürmək, ata qatili və tanrı qatili olmaq bənzətməsinə  gətirib çıxarmışdır. Ata və Tanrı arasında olan bu eyniləşmə ailədə atanın rolunu gözlə görünə biləcək səviyyədə üstə çıxarmışdır. Filmdə atanın ölümü, hakimiyyəti altına düşə biləcək insanların azadlığı mənasına gətirib çıxarır. Sandranın filmboyu soyuqqanlı davranışı, sadəcə onu həyat yoldaşı Samuelin ölümündən deyil, məhz məhkəmənin lehinə və ya əleyhinə verə biləcəyi qərardan narahatlığı, azadlığının verdiyi həzzin altında olmasıdır.


Filmdə Samuelin faciəsi öz varlığının önəmini sübut edə bilməməsi, hədəfə çatmamaq və ya həyatda çatması vacib olan bir hədəfinin olmamasıdır. Filmdə sanki bütün hadisələr Danielin qəza nəticəsində görmə qabiliyyətini itirməsi ilə başlayır və ölüm hadisəsi ilə finala çatır. Anladığımız qədərilə Samuelin məsuliyyətsizliyi Danieli qurbana çevirir. Amma burada bir məqam var, o, oğlunu evə gətirməyə başqasını göndərir. Gizli qalan Samuelin ailədə dominantlığını itirdiyini hiss etməsi (oğluna Sandradan daha çox qayğı göstərməyə məcbur olması) və buna bir növ məsuliyyətsizlik donu altında qarşı çıxma idi ki, sonu faciə ilə nəticələndi. Sandra onu bütün baş verənlərin günahkarı olaraq, Samuel isə onu manipulyasiya və ittihamedici tərəf olaraq görür. Bu onların məhkəmədəki səs yazısından aydındır. Sandranın onu günahkar bilməsi, radikal şəkildə patriarxallığa qarşı çıxması, özündə qarşısıalınmaz nifrət və şiddəti ortaya çıxarır. Qadına görə Daniel, Samuelin ucbatından kordur və cəzasını çəkməlidir. Əslində, burada ilk baxışda görünən ananın övladına qarşı sevgisidir. Bunun izahı üçün qadın-kişi əlaqəsində vacib olan “biz” anlayışından “mən”ə keçidi əsas götürməliyik. Sandranın öz məninə narsistlik dərəcəsində verdiyi dəyər ənənəvi ailə modelinin parçalanmasına gətirib çıxarır. O, Danielə öz “məninin” davamı olaraq baxır. Özgə biri kimi, yəni Samueldən fərqli olaraq, oğlu, onun “məninin” bir hissəsini təşkil edir, ona daha yaxındır. Valideynlər, “mənin” arzuladığı amma həyata keçirə bilmədikləri fəaliyyətləri övladına aşılamağa çalışırlar. Məhz məhkəmədə Sandranın Danieldən danışarkən onun bacarıqlarını ortaya qoyması verilmiş izahdır.


Filmdə rastlaşdığımız digər bir məqam cinsin “ikiləşməsi” prosesidir. Yəni qadında kişiliyin və ya kişilik rolunun üstünlüyü, kişidə isə əksi nəzərdə tutulur. Samuellə Sandranın dialoqundan aydındır ki, qadının dəyişməsi, kişinin dəyişməsinə səbəb olmuşdur. Məcazi mənada qadın tam mərkəzdə duraraq, ətrafında çevrə əmələ gətirib. Bu çevrəyə Daniel, Samuel, vəkili və cinsi əlaqədə olduğu bəzi qadınlar daxildir. Bu çevrə daxilində həm görüntü həm də hisslər baxımından yerdəyişmə baş verir. Məsələn, qadının həyatında olan bu 3 kişinin də saçları bir qədər uzundur. Samuel, daxilindəki hisslərini, narahatlığını, kədərini açığa çıxararaq əks cinsin rolunu öz üzərinə götürür. Onu məhkəmədə ittiham edən tərəfdəki kişinin saçı yoxdur. Sandra onunla qarşı-qarşıya qaldığı səhnələrdə dominantlığını basdırmalı olur və özünü gücsüz göstərir. Bunun bir səbəbi də qarşı tərəfin kişi olaraq heç bir ikinci cinsin üstünlüyünə özündə yer verməməsi də səbəb kimi göstərilə bilər.


Sandra, Samuel haqqında danışarkən daha çox intellektuallığa toxunur. Xüsusilə hadisələrin uzaq dağ evində baş verməsi, təbiətlə insan arasındakı əlaqə rejissor tərəfindən istehza kimi verilmişdir. İnsan hər zaman sözlə təbiətin bir hissəsi olduğunu desə də, bunu fakt olaraq qəbul etmək istəmir. İnsanın özünü təbiətdən və təbii olandan ayırması, ağıla üstünlük verilməsi ilə xarakterizə olunur. Sandra ərini bu evə gəlməkdə ittiham edir. Samuel onunla cinsi münasibətlərindən danışanda iyrənirmiş kimi davranır. Məhz bu anda qadın düşüncəsinin ikili olması qarşımızda durur. Sandra həm Samuelin dominantlığını istəmir, həm də onun emosional olmasından “iyrənir”. Bütün vəziyyətlər əlaqələrdə tarazlığın itməsinə gətirib çıxarır.

Samuel təkcə Sandraya qarşı deyil, həm də Danielə də müəyyən qədər psixoloji şiddət göstərir. Səhnələrin birində Samuel, Danieli, onun ən yaxın köməkçisi olan Snup adlı iti ilə təhdid edir, onun ölə biləcəyini deyir. Əslində o, heyvan üzərindən özünə də işarə edir. Yorulduğunu, özünə vaxt ayıra bilməməyinin səbəbkarını isə, Danielin olduğunu bildirməyə çalışır.

Snup ev heyvanı olaraq sadəcə uşağa xidmət edir və bir növ gozlərinə çevrilir. Bəlkə də Samuelin necə öldüyünü də görən odur. Platonun insana xidmət edəcək heyvanların saxlanılmasına olan münasibəti filmdə də açıq şəkildə təsvir olunub. Snupun vəzifəsi var və ömrünün sonuna kimi bu vəzifəni yerinə yetirməlidir. Samuel kimi.


Sandranın daha bir mübarizə mövqeyi dildə görünür. Sandra almandır, Samuel fransızdır. Ailədə isə ingilis dilində danışılır. Kökündə duran, qadının uşaqlıqdan atası ilə yaşadığı problemlər, ona qarşı olan nifrəti alman dilində danışmamaqla ifadəsi, digər tərəfdən, eyni nifrətlə fransız dilində danışmaqdan yayınmasıdır. Sandra, ətrafında olan heç bir kişinin dünyasına girmək istəmir. Həm Samuel, həm də ona qarşı hissləri olan vəkili onunla ingilis dilində danışırlar və ya məcbur olurlar.

Filmdə əsas olan digər bir məqam nəzərdir. Bu filmi, rejissor A.Kurosavanın “Rasyomon” bədii filmindəki məhkəmə səhnəsindən ayıran əsas xüsusiyyət, məhz hadisənin baş verdiyi məqamda nəzərin olmamasıdır. Hadisə zamanı heç kimin baxış bucağı, iştirakı yoxdur. Film tamaşaçını da, digər obrazları da bundan məhrum edir. Hadisənin yeganə şahidi ola biləcək Daniellə tamaşaçının nəzərini eyniləşdirmək mümkün deyil. Çünki o, ölüm anını təsəvvür edir, görmür. Bu, feminizmdə kişi nəzərini yoxetmənin metaforudur.
Bir sözlə desək, film, kişi ilə qadın arasındakı ölümcül, sərhədini aşmış mübarizənin təsvir həlli idi.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya