İNDİ OXUYUR
Abbas Kiarostami ilə kino dərsləri

Abbas Kiarostami ilə kino dərsləri

Haradan başlamalı?

Qüsursuz film deyə bir şey yoxdur, öncəkindən daha az səhvləri olan film vardır. Ən əsas məsələ bir ideya tapmaq və hazırlığa başlamaqdır. Bu mərhələdə daha sürətli işləməyinizə kömək edəcəksə, özünüzə bir yoldaş tapın və ya bir qrup yaradın. Kömək istəməyəcək qədər təkəbbürlü olmayın. İdeya kimdən gəlirsə-gəlsin, qəbul edin. Hamının şəxsi bacarıqlarını və təcrübələrini bir yerə toplaması çox zaman faydalı olur. Sürətli olun. Günlər, sizin xəyal etdiyinizdən daha tez keçəcək. Sürətinizi artırın və səhvlərinizdən nəticə çıxarın. Əldə etdiyiniz nəticədən məmnun deyilsinizsə, bir dəqiqə belə peşman olmağa dəyməz. Dərhal onu kənara qoyub yenidən başlayın. Kiçik layihələr (qısa filmlər) daha böyükləri üçün hazırlıqlı olmağımıza kömək edəcək.

Yaxşı filmlər, ən sadə və ən kiçik anlardan ortaya çıxır. Həyatda baş verən adi şeylərə açıq gözlərlə baxın və bunların nə qədər valehedici olduğunu görün. Rejissor olaraq bizim işimiz müşahidə etmək, xatırlamaq və ekranda əks etdirməkdir. Nə qədər çox müşahidə etsəniz, dünyaya o qədər intensiv şahidlik edərsiniz və işiniz bir o qədər yaxşı olar. Əgər daxilinizdə partlamaq üçün məqam gözləyən bir hekayəniz varsa, bu fürsəti dəyərləndirin və yoldaşlarınıza bundan danışın.

İllərdir çalışdığım Tehranda kino məktəbi üçün iştirakçılar seçərkən onların kinematoqrafiya haqqında nə bildiklərini və ya həyatları boyu film çəkib çəkmədiklərini soruşdum. Mənə bir hekayə danışmalarını rica etdim. İnsanların ortaya atdıqları fikirlər və hekayələrini danışmaq bacarıqları – dramatik bir təsir yaratmaq üçün nə zaman fasilə verməli olduqlarını bilmələri, yəni obrazları necə tanıdacaqları, üstündə çox da durmamalı olduqları şeyləri, hekayəni nə vaxt sonlandırmağın mühüm olduğu kimi – bu insanların kino üçün doğru insan olub-olmadıqlarını ayırd etmək üçün yaxşı bir yoldur. Danışanla dinləyici arasındakı münasibəti anlamaq vacibdir. Ruminin şeirlərinin birində, bir nəfərin xitab gücü, həvəsi və əzminin olub-olmamasının, hekayənin dinləyicisi tərəfindən ortaya çıxarıldığı bildirilir.

Filmlərinizin üstündə işləməyə başladıqda, ifadə şəkliniz sadə və tamam olsun. Dörd dəqiqəlik bir filmdə hər hansı bir adamın keçmişini detalları ilə təsvir etməyə zaman yoxdur. Ən vacib olan, tamaşaçının izlədiyi və duyduğudur. Obrazların istəkləri və hərəkətləri jest və mimikalarla fiziki olaraq təmsil edilməlidir. Kinematoqrafiyaya məxsus bir formada, görüntülərlə düşünməyə başlayın. Hekayənizi çəkiliş qrupuna danışdıqda fəlsəfi tərəfə yönəlməyin. Heç bir şeyi açıqlamayın. Sadəcə, gördüklərinizi və eşitdiklərinizi təsvir edin. Rejissor, tamaşaçıya filmini izləmədən öncə yazılı bir bildiriş vermir.

Açıq və anlaşıla bilən olmaq daha ağır işdir. Bəzən, ən sadə hekayələr üzərində daha çox işləmək, üzərində düşünmək lazım gəlir. Sadəliyi bəsitliklə səhv salmayın. Əsas məqam, qarışıq olan şeyi sadə göstərə bilməkdir. Lazımsız olan hər şeyi atın. İlk ideyanızdan sonra gələn qarışıq fikirlərin, əlavələrin sizə hökm etməsinə icazə verməyin. İdeyanızın saflığını pozmayın. İşinizi artıqlardan təmizləməyin ən yaxşı yolu qısa və bəsit saxlamaqdır. Heykəltaraşlar daş blokların lazımsız hissələrini təmizləyərək öz əsərlərini yaradırlar. Rumi isə çox danışmaq yerinə ən az kəlmələrlə danışmağın vacibliyindən danışır. Hekayələrinizi danışarkən, filmlərinizi çəkərkən, görüntüləri seçərkən və yaşayarkən bu fikri beyninizin bir küncündə saxlayın.

Dünyada hamının anlaya biləcəyi bir iş ortaya çıxarmaq istəyirsinizsə öz mədəniyyətinizin dərinliklərinə gedin. Başdan ayağa hər şeyini öyrənin. Məkanları, düşüncələri və insanları, insanların eşqlərini və qayğılarını tanıyın. Bəzi rejissorlar dünyanı gəzərək məlumat toplamaq istəyir, ancaq, dünyada öyrənəcəyi hər şey öz ölkəsində, cəmiyyətində mövcud ola bilər. Ətrafınızdakı hər şey ilə münasibət qurun ki işiniz dünyəvi olsun. Söhrabın dediyi kimi “harada oluramsa olum, səma mənimdir”. Şeir, gündəlik həyatda da qarşımıza çıxa bilər. Sadəcə gözlərinizi açın. Hər kəs özünü digərindən fərqli görür, təkrarolunmaz olmaq istəyir, amma hamımızda ortaq olan da elə budur. Əgər nələrsə marağıma səbəb olursa və onu filmimə salmağı qərar vermişəmsə bir başqa insanın bu qərarımıı məntiqli görmək ehtimalı var. Hekayə danışan şəxs, suyunu ortaq istifadə olunan qabdan içən insandır.

Kinematoqrafiya haqqında düşüncələr

Kinematoqrafiya fırıldaqçılıqdan başqa bir şey deyil. Filmlər həqiqəti heç vaxt olduğu kimi əks etdirmirlər. Hər bir hekayə, hekayəni yaradan insanın izlərini daşıdığı üçün bir sıra yalanları da özü ilə gətirir. Sizin baxış bucağınızı əks etdirir. Filmin planlara əsasən texniki avadanlıq seçimindən tutmuş, rəngli və ya ağ-qara olmasına, səsli və ya səssiz olmasına kimi, filmə dair hər şey, rejissorun filmi təsviretmə prosesinə müdaxilə etməsində zəruridir. Bir film hər hansı bir həqiqətdən yola çıxaraq qeyri-real bir vəziyyət yarada bilər və yenə də həqiqətə sadiq qala bilər. Bir animasiya filmi real olmamasına baxmayaraq, səmimi ola bilər. İnsanı öz reallığına inandırmağa qadir olan, inandırıcı obrazlarla zəngin ekzotik bir elmi-fantastik filmi iki dəqiqə izlədikdə, tamamilə reallığı əks etdirmədiyini bildiyimiz halda bunu unuda bilərik. Bir dəqiqə öncə səhnədə ölmüş olan, lakin bir dəqiqə sonra qarşımıza çıxıb bizi salamlayan teatr aktyoruna inanırıq. Bir aktyorun səhnədə ya da filmdə ölüb, başqa bir filmdə qarşımıza çıxmasını anlayırıq. Filmin həqiqəti dəqiqliklə, olduğu kimi bizə əks etdirməsinə ehtiyac yoxdur. Əksinə, həqiqət vurğulanmalıdır. Bir vəziyyətin idarəsini ələ alıb tamaşaçıya yaradıcı bir formada təsvir etdiyimiz üçün həqiqətlər, müdaxilələr və şərhlər vurğulana, artırıla bilər. Bu yaradıcılığa icazə vermək və bunu təşviq etmək, tamaşaçı və rejissorun arasındakı razılığın bir parçasıdır. Hər bir rejissor, həqiqəti özünə məxsus formada şərh edir və bu da hər bir rejissorun yalançı olduğunu təsdiqləyir. Lakin bu yalanlar bəşəriyyətin dərin həqiqətlərini əks etdirmək kimi bir vəzifə görürlər.

Yarısını izləyib buraxdığım filmlərin qeyri-müəyyənliyini sevirəm. Tamaşaçının normalda olduğundan daha çox əzm göstərməsini, müvəqqəti olan qarışıqlığın ləzzətini duymasını, beləliklə özlərini ifadəetmə bacarıqlarını ortaya çıxarmalarını istəyən bir rejissoram; buna görə də tamaşaçılarımın bir qismini itirirəm. Mənim üçün filmlər, insanları görməyə və suallar verməyə, onun bir əyləncə vasitəsi olmaqdan savayı bir funksiya ilə dəyərləndirmə zəhmətini göstərməyə razı salmaqla əlaqəlidir. Əgər bir kitabın son səhifəsi əskikdirsə, qəhrəmanınızla nə baş verdiyini, nə qərarlar vermiş olduğunu təxmin etmək lazım gəlir. Yazıçı, oxuyucularına hekayəni öz-özlərinə tamamlamasına icazə verirmiş kimi. Açıq finalı olan film, müəyyən, qatı və möhürlü bir həlldən daha inandırıcıdır. Hansı film obrazların həyatlarının başlaması ilə başlayıb, sona yetməsi ilə də sonlanır? Hər kəsin, bizim görə bilmədiyimiz bir keçmişi və gələcəyi var. Hekayə, biz ona rast gəlmədən öncə başlayır və biz arxamızı çevirib getdikdən sonra da davam edir.

Realda bir şey göstərmədən nə qədər şey göstərə bilirik? Təsvir etmədən göstərən filmlər yaratmaq istəyirəm. Bəzi filmlər o qədər şeyi açıqlığa qovuşdurur ki, tamaşaçının xəyal gücünün müdaxiləsinə yer qalmır. Məqsədim, filmi kim izləyirsə izləsin, ağlındakıları mümkün qədər ortaya çıxarmağa imkan yaratmaqdır. Filmdəki obrazları izləyərkən və özümüzü kəşf edərkən, öz həyatımızın acı və şirin tərəflərini, uyğunlaşdığımız və mübarizə apardığımız şeyləri, sərsəmlikləri və alilikləri xatırlayırıq. Mən hər kəsin filmlərimi öz şərhi ilə izləməsini istəyirəm. Böyük ehtimalla filmdə olduğunun fərqində olmadığınız gizli bir mesaja sakitcə işarə etmək istəyirəm. Nə zaman ki, kimsə dərin düşüncələrə qərq olsa Farça “iki gözü var idi, ikisini də borc alıb” deyə bir ifadə işlədərik. Canlandırmaq istədiyim borca alınan o gözlərdir. Görməyin irəlisində nələrin olduğunu anlamağa kömək edən bu gözlərdir.

İnsanların filmləri cavabları hamı üçün eyni olan tapmacaların açmasını tapırmış kimi izləmələrini istəmirəm. Filmin “şəxsiyyəti” onu izləyən tərəfindən yaradılır, bu da tamaşaçı sayı qədər mənaların olduğu deməkdir. Bir filmin sarsılmaz bir sturukturu və konkret bir nəticəsi olmamalıdır. Tamaşaçının keçə biləcəyi çuxurlar və çatlaqlar olmalıdır. Sonu olmayan bir oyundur bu. Sizi, hadisələri mümkün qədər ifadə edilməmiş bir formada buraxmağınız mövzusunda təkid edirəm. Bir şey mütləq bir şəkildə ifadə edildikdə manevr etməyə yer qalmır. İşinizə qeyri-müəyyənlik qatın ki, tamaşaçı sərhədsizliyi duysun. Detalları gizlədin ki tamaşaçı güclənsin. Bir insan, filmlərimdən birini izlədikdə yeni şeylər yaranır. Filmin sonu nə qədər açıq qalarsa, şərhləri də o qədər ilhamverici olar. Ruminin də dediyi kimi, “Hər kəs öz təsəvvürü ilə mənimlə dost olur”. Andrey Tarkovski deyir: “Min fərqli insan tərəfindən oxunmuş bir kitab, min fərqli kitabdır”. İncəsənətin gücü, fərqli insanlarda yaratdığı fərqli təsirlərlə əlaqəlidir. Filmlərinin böyük bir pərəstişkarı olmasam da Robert Bressonun teoriyalarının maraqlı olduğunu düşünürəm, xüsusilə də məhrum buraxaraq yaratma metodunun: “Əlavə edərək deyil, ixtisar edərək yaradılır”, deyir rejissor. Görünməsi bir o qədər lazımlı olmayan şeylər var. Mənim bir səhnəni formalaşdırma yolum isə tamaşaçını dik bir formada oturmağa, boyunlarını düz tutmağa və göstərilməyəni axtarmağa məcbur etməkdir.

Yaxşı fikirləri özündə daşıyan filmlər yaxşı çəkilməsələr belə dəyərlidirlər. Diqqət çəkməyən bir ideya, çatlamış bir şüşə və ya durğun su kimidir. Sadəcə dayanır, heç bir şey vermir.

Səs, təsvir və texnika haqqında

Səs və təsvir əslində bir-birindən ayrı şeylər kimi işlənməlidir. Bir rejissor olaraq bu ikisini bir-birindən asılı olmayan iki şey kimi ələ alın. Necə ki bir təsviri anlamaq üçün səsə ehtiyac yoxdur, müəyyən bir səsi anlamaq üçün də tamaşaçının təsvirə ehtiyacı yoxdur. Kinematoqrafiyanın estetikası, eşitdiyimizlə gördüyümüzün fərqində gizlidir. Səs, görmədiyimiz şeylərin varlığını hiss etdirmək, təsvirə üçüncü bir ölçü qazandırmaq üçün təsirli bir mexanizmdir.

Tamaşaçıya verə biləcəyim və onunla filmin mənasını aydınlaşdırmağa kömək edəcək bir açarım yoxdur. Belə bir şey olsaydı belə, bildiyimi inkar edərdim. Maraq, hətta təəccüb duyğusu yaratmaq rejissorun əsas məqsədi olmalıdır.

Bir filmi çəkərkən hər zaman şanslı olmaya bilərsiniz amma diqqətinizi işinizə yönəldin, qərəzli düşüncələrdən uzaqlaşın və hər şeyə uyğunlaşmağa hazır olun. Bəxtsizliyinizi öz lehinizə istifadə edə bilərsiniz. Rəssam Renuar, bir parça boyanın rəsmə səhvən düşməsinin həmin rəsm əsərini mütləq şəkildə məhv edəcəyi mənasına gəlmədiyini deyirdi. Bunun əvəzinə yeni bir kompozisiya yaradın. Öz rəsmlərimdən birində, diqqətsizlik ucbatından bulaşan ləkəni bir oturacaq təsvirinə çevirdiyimi xatırlayıram. Bu gün rəsmə baxıram və rəsmin həmin oturacaqla daha yaxşı olduğunu düşünürəm. Xətalar və çatışmazlıqların müsbət təsirləri ola bilir. Taleyin və gözlənilməyənin ləzzətini duyun. Təsadüflərə dəyər verin. Qəzalara qucaq açın.

Bir səhnəni yazmaq və daha sonra işinizdəki xətaları aradan götürmək üçün bu səhnəni təkrar çəkmək qədər çətin bir öyrənmə üsulu yoxdur. Beləliklə, sonrakı lahiyənizə artan təcrübənizlə yaxınlaşmış olursunuz. Bu texnikanın təkamülüdür.

Film çəkməyə başladığım ilk zamanlarda insanlar davamlı olaraq texniki bacarıqlarımın əskikliyindən danışdığı üçün bir rejissor olaraq sahib olduğum texniki bacarıqları göstərmək istədim. İlk filmimi nümayişkaranə bir hərəkətli planla bitirdim. Çəkilişlər yetərincə maraqlı idi, amma texniki ustalığımı göstərmək cəhdlərim açıq bir formada hekayənin ayağına dolaşmışdı. Kameranı hərəkət etdirmək üçün hər zaman yaxşı bir səbəbiniz olmalıdır. Seçdiyim rakursların olduqca sadə olduğunu, komanda və texniki avadanlıqları minimal tutmağa çalışdığımı inkar edə bilmərəm. Əslində rejissorluğumu olduqca birbaşa qəbul etdikləri üçün operatorlar illərboyu mənimlə işləməkdən boyun qaçırdılar. Lakin, hekayədən savayı başqa bir şeyə fokuslanmaq tamaşaçını aldatmaq kimidir. Əgər filminizdə şeir kimi baş verən nələrsə varsa, bu özünü obrazlar, obrazların qarşılıqlı əlaqələri, bərabər kəşf etdikləri mənzərələr vasitəsilə ortaya çıxaracaq; nümayişkaranə bir kamera hərəkəti ilə yox.

Peşəkar və qeyri-peşəkar aktyorlarla iş

Mühakimə etməyə meyli olmayan aktyorlarla işləməyi sevirəm. Peşəkar aktyorlar nadir hallarda saf qala bilirlər, xüsusən də digər rejissorlarla xoşagəlməz təcrübələri olubsa; belə bir vəziyyət onu göstərir ki, mənim vəzifəmə həm də keçmişə dair pis hadisələri və xoşagəlməz xatirələri unutdurmaq daxildir. Bu aktyorlar, texnikaları üzərində illərlə çalışmış olduqları üçün həddindən çox sual verirlər. Obrazları haqqındakı hər bir detal onlar üçün mütləqdir, bu da o deməkdir ki, bəzən texniki dillə ünsiyyət qurmalı oluram. Peşəkar olmayanlar isə tamamilə instinktlərinə güvənirlər və davamlı olaraq məni öz mühakimələrimdən əl çəkməyə sövq edirlər. Bu iki yanaşma, bir-birini əks etdirir və eyni səhnədə həm peşəkarların həm də qeyri-peşəkarların bir yerdə olduğu son nəticə diqqət çəkir. İdeal bir dünyada, həm peşəkar, həm də qeyri-peşəkar aktyorlar inandırıcı performans göstərir, ancaq vəzifələrinə tamamilə fərqli yollardan yaxınlaşırlar. Aktyorun ya edəcəyi iş haqqında mütləq sürətdə hər şeyi bilməsi və texnikasını inkişaf etdirməyə çalışması, ya da heç bir şey bilməməsi ən yaxşısıdır. Bu ikisi arasında qalan hər şey problem mənbəyi ola bilər. Peşəkar aktyor, çəkiliş meydançasına addımını atdığı an başqa bir insana çevrilir. Vəzifəsi, artıq özü olmamaqdır. Öz-özündən nə qədər uzaqlaşarsa, oynadığı obraza bir o qədər yaxınlaşar. Kameranın önündə dayandığı vaxt, ətrafını əhatələyən bütün texniki avadanlıqlar və qarışıq metodlarla əlaqəli hər şeyi bilir, amma özünü bütün bunları yox saymağı bacaracaq formada tərbiyə etmişdir. Peşəkar aktyor o qədər işinə hakim olmalıdır ki, dediyi və etdiyi hər şey daxildən gəlməlidir. Gördüyü iş və şüurlu şəkildə istifadə etdiyi texnikalarla bu səmimiyyəti yaratmalıdır. Peşəkar olmayan aktyor isə vəzifəsinə şüuri olaraq yaxınlaşmadığı kimi, öz həqiqi şəxsiyyətindən başqa heç bir şey gətirmədən, lazım olan performansı həyata keçirir.

Duyğular aktyorların jestlərinə uyğunlaşmalıdır; jestlər duyğulara yox. Aktyorun qəmgin olmasını istəyirsinizsə, onun daxilindəki bir duyğunu tətikləyin. Əgər bu obraz qorxuları olan biridirsə, bu rolu oynayan aktyoru doğrudan qorxutmağı yoxlaya bilərəm. Hər şey mümkün qədər real və səmimi olmalıdır. Peşəkar olmayan aktyora “xoşbəxt biri kimi davran” desəniz, çox vaxt gülümsəməyə başlayar. Eynilə, ona “qəmgin biri kimi davran desəniz” qaşlarını düyünləyər. Bütün bunlar son dərəcə teatraldır və inandırıcı deyil. Peşəkar olmayan aktyorlarla çalışarkən aktyorluq etmələrini tələb etmirəm. Özləri kimi davranmalarına ehtiyac hiss edirəm. Bir insanı, konkret bir formada davranması üçün tətikləyən səbəbləri kəşf edin və bunun üçün strategiyalar yaradaraq bundan faydalanın.

Aktyorlara qarşı nəzakətli olun. Bədənini ətrafda hərəkət etdirmək məcburiyyətində olan tək insan kukla oynadanlardır. Kameranı, aktyorun ən yaxınına yerləşdirməyin nadir hallarda əsaslı səbəbi ola bilər. Məsafənizi qoruyun. Həm aktyorların, həm də rejissor olaraq özünüzün ləyaqətini qoruyun.

Bir rejissorun edəcəyi ən asan və ən pis iş, aktyora nəyi səhv etdiyini demək və beləliklə əskikliklərə diqqət çəkərək idarəni daha çox əlində tutmasıdır. Özünün hər şeyə qadir olduğuna inanan rejissor, kameranın önündə işləyənlərə iztirab, kameranın arxasında çalışanlara isə dərddir. Hər səhnənin sonunda “stop!” deyə qışqıran rejissor aktyorların kabus görməsinə səbəb olar. Bu avtoritar ilahi obrazı reallıqlarla üzləşdirməyimiz vacibdir. Əgər bir aktyordan səmimi bir performans gözləyirsinizsə, onun marağını dialoqundan başqa bir yerə çəkin. Fokuslanacaq bir şeyi olan zaman deyilməli olan sözlər öz-özünə gəlməyə başlayır.

Montaja baxışım

Montaj tamaşaçıda bir sıra duyğu və düşüncələr yaratma və yönləndirmə imkanı verdiyindən, gücü rejissorun əllərindədir. Rejissor, istədiyi dəyişikliyi edə bilir, bir insanı çıxarıb yerinə bir başqa insanı qoya bilir, müqəssir, ittiham edən şəxslə yer dəyişdirə bilir. Montaja, rejissorun ən süni ünsürü kimi yanaşıram və bunu hər hansı filmimi düzəltmək, müəyyən səhvləri aradan qaldırmaq üçün istifadə etməmişəm. Montaj əsnasında materialın yenidən sıralanması kimi dəyişikliklər bir filmi yaxşılaşdırsa da tamamilə dəyişməz, ən azından yaxşılığa doğru.. Bu proses vasitəsilə, keyfiyyəti pis olan görüntüləri kökdən düzəltməyin mümkün olmadığı kimi, yaxşı olan görüntüləri də mümkün olmayacaq şəkildə məhv edə bilməzsiniz. Filmin ümumi keyfiyyəti, təbiəti, əsasən bu tərz müdaxilələrdən təsirlənməz. Sadəcə çəkiliş zamanı həqiqətən mühüm hadisələr baş verə bilər. Montaja ehtiyacın olmadığını heç vaxt demərəm, kinonun içində montaj da var amma bəzi səhnələrin, görüntülərin olduqları kimi qalmalarının tərəfdarıyam. Mənim üçün montaj, filmin çəkilişlərinə başlamadan əvvəl zehnimdə reallaşır. Həqiqəti kameranın qarşısında olan zaman formalaşdırmağı üstün tuturam, montaj əsnasında edilən müdaxilələrlə yox. Montaj məsələsinə baxışım sadədir: yaxşı olduğunu düşündüyün şeyi saxlamaq və geridə qalan hər şeyi atmaq. Bir səhnənin ətrafındakı hər şeyə yad olduğu anlaşıldıqda, ediləcək ən yaxşı şey onu çıxarmaq ola bilər. Hər hansı aktyorun performansının çox qüvvətli olduğu bir andan, xüsusi diqqət çəkən bir dialoqu ya da obrazlar arasında qarşılıqlı təsirin yaranmağa başladığı səhnələrdən keçə bilərəm. Bunlar tamaşaçını diqqətini dağıdan və filmi üstələyən şeylərdir.

Sonda bir neçə xatırlatma..

Rejissor olaraq sizin vəzifəniz çox çalışmaqdır. Vərdişlərinizdən xilas edin özünüzü. Qanunları dağıdın. Hər gün dünyaya yeni bir gözlə baxın. Gözlərinizi açın. Vəzifəniz – işıqlandırmaqdır, buna görə adi olanı fərqli baxış bucağından görməyimizə vəsilə olacaq şəkildə yollar açın. Rejissorluq mövqeyindən, yeni gələn hər bir şəxs eyni sevinclərlə, eyni məhdudiyyətlər və həzzlərlə mübarizədədir. Bu səbəbdən tək vücud olun və hər şeyi paylaşın.Yer üzündə danışılacaq hekayəsi olmayan bir insan belə yoxdur.

Hafizin də dediyi kimi: “ürəyinizdəki atəşi söndürməyin, icazə verin gözyaşınız axsın. Qalan hər şey boşdur”. Mən isə deyirəm ki, qoyun atəş daxilinizdə həmişə yansın və hər hansı bir insanın sizə nəyi etməli olduğunuzu deməsinə imkan verməyin.

Pol Kronin

Tərcümə etdi: Leylaxanım Qənbərli

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya