İNDİ OXUYUR
Qanı, qanla yumaq…

Qanı, qanla yumaq…

Bütün arzusu, istəyi və fəaliyyəti insanlara qarşı zorakılıq etmək olan bir insanı tutduğu yoldan döndərmək mümkündürmü? Mümkündürmü ki, belə insanlar həbsə düşüb öz cəzalarını çəkdikdən sonra, həqiqətən də, islah olunsunlar, öz əməllərindən üz döndərsinlər? İnsanın daxilinə, şəxsiyyətinə, mənliyinə sirayət etmiş şəri onun içindən çıxarıb atmaq çox çətindir. Bəs bu cür insanlara qarşı fərqli üsullar tətbiq olunsa necə? Məsələn, o insanın azad iradəsini, seçim haqqını əlindən alsaq, onu pis işlər görməkdən məhrum etsək… Bunun nəticəsində həmin insana “yaxşı insan” deyə, ümumiyyətlə, onu “insan” adlandıra bilərikmi? Yazıçı Entoni Börcesin eyniadlı romanı əsasında, rejissor Stenli Kubrikin 1971-ci ildə çəkdiyi “Mexaniki portağal” filmi bu məsələlərə toxunur. Bu film bizi, insanın azad iradəsi, seçim etmək haqqı, yaxşılıq və pislik məfhumları haqqında düşünməyə vadar edir.

Filmdə cinayətkar bir yeniyetmə və onun dəstəsindən bəhs olunur. Filmin əsas qəhrəmanı Aleks (Malkolm Makdauell) azyaşlı olmasına baxmayaraq, cinayətkar bir dəstəyə başçılıq edir. Bu dəstənin “ağızlarından süd iyi gələn” üzvləri hər gecə xüsusi kostyumlar geyinərək şəhərə çıxırlar. Əsasən yaşlı və əyyaş adamlara dözümləri olmayan bu gənclər onlara zülm edir, özünü müdafiə edə bilməyən insanları döyürlər, heç kimə ziyanı olmayan, sakit bir kişinin evinə girib arvadını zorlayırlar. Lakin bir gün Aleks və digər dəstə üzvləri arasında liderlik uğrunda münaqişə baş verir. Dostları Aleksin liderliyini qəbul etmir və plan quraraq onun polis tərəfindən tutulmasına, həbsxanaya düşməsinə vəsilə olurlar.


Hekayəmizin əsas məğzi və dərin tərəfləri isə bundan sonra açılmağa başlayır. Aleks, dövlətin günahkar insanlarda günah refleksini öldürmək və həbsxanalarda siyasi məhbuslar üçün yer açmaq məqsədilə tətbiq etmək istədiyi planından xəbər tutur. Buna “Lüdoviko üsulu” deyilir. Həbsxanın işçiləri ilə, əsasən də, oradakı keşişlə münasibətini yaxşı saxlayan, yeganə məqsədi həbsxanadan çıxmaq olan Aleks bu planın onun üzərində tətbiq edilməsini istəyir və istəyinə çatır. Bəs bu “Lüdoviko üsulu” nədən ibarətdir?

Bu üsulu tətbiq etməklə, günahkar şəxsləri cəmiyyət üçün təhlükəsiz bir vəziyyətə gətirməkdir. Təcrübəçilər elə edirlər ki, Aleks qarşısındakı ekrandan gözünü çəkə bilmir və göstərilən filmlərə baxmağa məcbur olur. Göstərilən filmlərin əsas mövzusu isə zorakılıq və təcavüz idi. O, bu filmlərə baxdıqca bədəni narahat bir vəziyyətə düşür, şiddətli şəkildə ürəyi bulanır və buna tab gətirə bilmir. Müalicədən sonra Aleks kiməsə qarşı zorakılıq görəndə, hətta kiməsə qarşı zorakılıq etmək istəyəndə haldan düşür, ürəyi bulanır, bədəni həminki narahat vəziyyətə düşür və nəticədə zorakılıq edə bilmir.

Onun bədəninin bu vəziyyətə düşməsini biz, yazıçının özünün də ilhamlandığı “Pavlov qanunları” ilə izah etməliyik. Aleksə qarşı tətbiq olunan “Lüdoviko üsulu” fizioloq İvan Pavlovun itlər üzərində apardığı təcrübələrlə, demək olar ki, eyni sistemə malikdir. Pavlovun bu təcrübəsinin mahiyyəti nədən ibarət idi? Məsələn, bir itin ət və yaxud da yeməli bir şey görəndə ağzının suyunun axması olduqca təbii bir prosesdir. İtin ona yemək verməli olan sahibini gördüyü zaman ağzının sulanması heyvanın şərti refleksləri ilə əlaqədardır. Bu, itin beynində sahibi ilə yemək arasında bir əlaqə qurduğunun sübutudur. Bu müşahidə Pavlovun diqqətini cəlb edir, buna görə də fərqli bir üsul tətbiq etmək qərarına gəlir. İtə yemək verilməmişdən qabaq zəng çalınır, sonra ona yemək verilir və bu proses uzun müddət davam etdirilir. Nəticədə, zəngin səsini eşidən kimi itin ağzı sulanmağa başlayır, yəni itin beynində zəng səsi ilə yemək arasında bir əlaqə yaranır. Aleksin də vəziyyəti bunun kimidir. Ona iynələr vurulduqdan dərhal sonra zorakılıq və təcavüz səhnələrindən ibarət filmlərə baxması isə onun beynində şərtləndirilmiş refleksə səbəb olur. Beyin ağrı ilə zorakılıq arasında əlaqə yaradır. Buna görə də o, artıq zorakılıq edə bilməyəcək səviyyəyə gəlir. Artıq kiminsə “toyuğuna daş atmaq” istəyəndə Aleksin ürəyi bulanır və vəziyyəti o qədər pisləşir ki, hətta intihar edərək bu vəziyyətdən qurtulmağa çalışır.


Bir nüansı da qeyd etmək lazımdır ki, bu filmlərin nümayişi zamanı arxa fonda Bethovenin musiqisindən, xüsusən də, “9-cu simfoniya”dan istifadə etmələri Bethovenin pərəstişkarı olan Aleksi özündən çıxarır. O həyatıboyu heç kimə ziyan vurmamış bir şəxsin musiqisindən belə bir işdə istifadə etməyin günah olduğunu bildirir. Müalicə nəticəsində Aleks, Bethovenin bir zamanlar sevərək dinlədiyi “9-cu simfoniya”sından belə iyrənir.

Kənardan müşahidə etdiyimiz zaman Aleksin cəmiyyət üçün artıq təhlükəli olmadığı qənaətinə gəlirik. Lakin təcrübəçilər “Şər”i Aleksin içindən çıxarıb atmağa müvəffəq olublarmı? Bu üsul onu, həqiqətən də, yaxşı bir insana çeviribmi? Xeyr, biz buna müsbət cavab verə bilmərik, çünki onun pislik edə bilməməsinin səbəbi bədənidir, beyni deyil. Pislik, yamanlıq onun mənliyinin, şəxsiyyətinin bir parçasıdır. Xəstəxanadan çıxandan sonra Aleksin bir neçə dəfə “keçmiş gözəl günlər”ə qayıtmaq istədiyini görürük. Evində yad bir adam görən Aleks onu vurmaq istəyir, lakin bunu edə bilmir, bədəni icazə vermir. Bu istək onun içindən çıxarılmayıb. Kitabın da, filmin də adı məhz bundan irəli gəlir. “Mexaniki portağal” başqaları tərəfindən yönləndirilən şəxs mənasında işlənir. Bu təcrübə nəticəsində o, həqiqətən də, mexaniki bir varlığa çevrilir, onu maşına çevirən sistemin ilk qurbanı olur. Filmdə bir-birinə zidd olan iki münasibət, iki baxış bucağı, bu baxış bucaqlarını təmsil edən iki şəxs var: nazir və keşiş.

Nazirin fikrincə, tətbiq olunan metod olduqca düzgün və ədalətlidir; Aleksin azad iradəsi əlindən alınsa belə, onun pislik edə bilməyəcək vəziyyətə düşməsi müvəffəqiyyətdir; deməli, hazırda cəmiyyət üçün daha zərərsiz, hətta faydalı bir fərddir; cəmiyyətin dincliyi üçün bu üsula rəvac vermək lazımdır.


Keşiş obrazı isə məsələyə tamamilə fərqli aspektdən yanaşır. Bu təcrübə nəticəsində Aleksin azad iradəsi əlindən alındığına görə onu “yaxşı” və ya “pis” insan adlandıra bilmərik. Ümumiyyətlə, onu “insan” adlandırmaq düzgün deyil. İnsanı insan edən, onun seçimləridir. Keşişin dediyi kimi: “Yaxşılıq insanın daxilindən gəlir. Yaxşılıq seçilən bir şeydir. Seçim edə bilməyən bir insan insan deyil”. Pisliyi seçməyən insana “yaxşı insan” deyə bilərik. Bəs pisliyi seçə bilməyən insana “yaxşı insan” deyə bilərikmi?

Keşişin fikrincə, Aleks bu təcrübələrdən sonra seçim edə bilmək qabiliyyətini itirdiyi üçün onu “yaxşı insan” adlandıra bilmərik. Əgər biz yaxşını və ya pisi seçə bilməyəcək bir vəziyyətdəyiksə, artıq bu məfhumlar da öz mənasını, dəyərini itirir. Bəlkə də, pisliyi seçən bir insan pisliyi seçəbilməyən bir insandan daha yaxşıdır.

Nazir və onun kimi düşünənlərin fikrincə, Aleksin azad iradəsi əlindən alınmış olsa da, o və onun kimi insanları yenidən cəmiyyətə qaytarmağın yeganə yolu budur. Çünki Aleks və o qəbildən olan insanlar heç vaxt öz pis əməllərindən vaz keçə bilməzlər. İstədiklərini etməyə qabil olsalar, seçim edə bilsələr, mütləq pisliyi seçəcəklər. Onları zərərsizləşdirmək, iradələrini əllərindən almaq lazımdır. Doğrudan da, Aleksin xarakterini analiz edəndə onda yaxşılıqdan əsər-əlamət görmürük.

Aleks həbsxanada İncili, İsanın başına gətirilənləri oxuyanda özünü sadəcə İsaya zülm edən romalılardan biri və ya eyş-işrətlə məşğul olan imperatorlar kimi təsəvvür edir. Kitabda ona maraqlı gələn sadəcə zorakılıq və eyş-işrət səhnələri olan hissələr idi. Aleks yaxşı bir insan kimi göründüyü səhnələrdə də oyun oynayır, rola girir, insanları aldadır.

Ümumiyyətlə, Aleks olduqca qəribə bir obrazdır. Vəhşi və zorakılığa bu qədər meyilli olmasına baxmayaraq, incəsənəti, klassik musiqini, xüsusən də, Bethoveni həddindən artıq çox sevən bir obrazdır. O bütün bunları niyə edir? Onun xarakter etibarilə pis olmasının səbəbini hansısa travmaları ilə də əlaqələndirmək olmur. Çünki normal ailəsi var, heç kəs ona pislik etməyib, heç nədən məhrum edilməyib. Əslində, o törətdiyi əməllərə estet kimi yanaşır, onları pis və ya yaxşı saymır. O bütün bunlara oyun, əyləncə, zövq, incəsənət kimi baxır. Yatağına uzanıb Bethovenə qulaq asanda da zorakılıq haqda düşünür, kiməsə pislik etməyi, pis-pis işlər görməyi xəyal edir. Onun bu əməlləri hansısa ideologiyaya, xüsusi bir məqsədə söykənmir. Çünki o, zorakılıqdan zövq alır.

Bununla belə, tamaşaçı ona nifrət edə bilmir. Xəstəxanadan çıxandan sonra düşdüyü aciz vəziyyət, ailəsinin onu istəməməsi, otağında yad bir adamın yaşaması, vaxtilə zülm verdiyi şəxslərin fürsətdən istifadə edib onun özünə zülm verməsi, Aleksin onlara cavab qaytara bilməməsi tamaşaçının ona acımasına səbəb olur. Bu üsul Aleksi xoşbəxt edə bilmir. Fiziki və ruhi sağlamlığı pozulur, hər dəfə zorakılıq haqda düşünəndə özünü öldürmək istəyir, hətta intihara cəhd edir. Lakin bu cəhd uğurlu olmur.

Filmdəki musiqi həlli də olduqca maraqlıdır. Qəhrəmanın həyatda ən çox zövq aldığı şeylərdən biri olan musiqi, filmin sonlarına yaxın onun özünü ələ verməsinə, həbsxanaya düşməmişdən əvvəl zülm etdiyi kişi tərəfindən tanınmasına səbəb olur. Belə ki, həbsxanaya düşməmişdən əvvəl bir kişinin evinə girib ona və yoldaşına zülm verəndə zümzümə etdiyi musiqini həbsxanadan çıxdığı və o kişinin evinə sığındığı zaman da zümzümə etməsi onu ələ verir, kişi onu tanıyır. Həmçinin, Aleks musiqi üzündən intihara cəhd edir. Kişi onun zəif nöqtəsinin “9-cu simfoniya” olduğunu bilir, buna görə də Aleksə “9-cu simfoniya”nı dinlədir. Bir zamanlar qulaq asanda böyük zövq aldığı musiqiyə dözə bilməyən Aleks intihara cəhd edir.


Yazıçının da, filmin rejissoru Kubrikin də gəldiyi nəticə, bizə göstərmək istədiyi fikir ondan ibarətdir ki, öz azad iradəsi ilə pisliyi seçən bir insan, pisliyi seçə bilməyən insandan daha üstündür. Börcesin fikrincə, insanın seçim edə bilməsi olduqca önəmlidir. Hətta pisliyi seçmək belə insani davranışdır. Dövlətin və ya kimlərinsə bizi yaxşılığa məhkum etməsinin, bizi pislik edə bilməyəcək vəziyyətə salmasının özü pislikdir. Bu, insanın öz azad iradəsi ilə pislik etməsindən də pisdir.

Qeyd etmək lazımdır ki, yazıçının yazdığı finalla Kubrikin finalı eyni deyil. Börcesin yazdığı sonluqda Aleks öz azad iradəsinə qovuşub xəstəxanadan çıxandan sonra yeni bir dəstə yaradır və pis işlər görməyə davam edir. Lakin bir gün köhnə “silahdaşı” Pitlə qarşılaşır. Aleksdən fərqli olaraq Pit, öz həyatını yaxşılığa doğru dəyişib, hətta ailə həyatı qurub. Bundan təsirlənən Aleks pisliyə qarşı marağının artıq əvvəlki kimi olmadığını, pislik etməkdən artıq əvvəlkitək zövq almadığını anlayır. Buna görə də kitabın son səhifələrinə kimi Şərin canlı mücəssəməsi olan Aleksi son səhifələrdə dəyişilmiş bir obraz kimi görürük. Lakin bu sonluq bir çoxları tərəfindən tənqid olundu. Belə bir sonluğun Aleks kimi obrazın xarakteri, şəxsiyyəti və mənliyi ilə uyğunluq təşkil etmədiyini qeyd edənlər oldu. Bu fikirlərlə razılaşan Kubrik öz filminin sonluğunu dəyişdi. Film, Aleksin sağalması, öz azad iradəsinə yenidən qovuşması ilə bitir və biz anlayırıq ki, o, dünyanı yaman günə qoymağa qaldığı yerdən davam edəcək.

Məryəm Qurbanzadə

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya