Now Reading
Məcburi sərsərilik

Məcburi sərsərilik

1950-ci illərin sonuna yaxın Fransada “Yeni dalğa” adlı film cərəyanı yarandı. Bu dalğanı yaradanlardan və ən əsas üzvlərindən biri Fransua Trüffo idi.  Fransız kinotənqidçi Andre Bazenin dəstəyilə kinoya gələn Fransua Trüffo, yaradıcılığa kino tənqidçisi kimi “Cahiers du cinema” jurnalında yazmaqla başlayıb. Kəskin tənqidlərinə, bəzən isə təhqirlərinə görə Kann kino festivalına gəlməsi qadağan edilsə də, bir il sonra “400 zərbə” (1959-cu il) bədii filmi ilə Kann festivalında “Ən yaxşı rejissor” mükafatını alır. Həyatında hər zaman problemlərlə üzləşən Trüffonu Andre Bazen sözün əsl mənasında xilas edib.  Təsadüfi deyil ki, müəllifin ilk tammetrajlı avtobioqrafik filmi olan “400 zərbə” bədii filmində  “Andre Bazenə həsr olunur” qeyd olunub.

Trüffo, “Xarici dildə ən yaxşı film” kateqoriyasında Oskar mükafatını alan yeganə “Yeni dalğa” rejissorudur. Və “400 zərbə”  Fransada genişekranlı (2:35:1) formatda çəkilən ilk filmdir.


Trüffo klassik film ənənələrinə bağlı idi və onun filmlərinin hekayələri öz sentimentallığı ilə seçilir. “400 zərbə” filmi rejissorun ağrılarından doğulan filmdir. Bu film həm də rejissorun aktyor Jan Pyer-Leo ilə başladığı silsilə filmlərdən birincisidir. O öz həyatından bəhs edən daha bir neçə film çəkib və hər birində də baş rolu Jan Pyer-Leo oynayıb. “20 yaşında sevgi” (1962), “Oğurlanmış öpüşlər” (1968), “Ailə ocağı” (1970), “Qaçışda sevgi” (1979) – bu filmlərin hər biri Trüffonun həyat hekayəsidir. O öz travmasını çox mükəmməl formada incəsənətə, kinoya çevirməyi bacarıb. Məhz bu səbəbdən, Trüffonun öz həyatına istinadən çəkdiyi filmlər uğurlu alınıb. Onun həyatına nəzər salsaq görərik ki, o, özü-özünü böyüdüb, yetişdirmiş insandır. Bu filmdə də o, sanki cəmiyyətə olan acığını, onlardan aldığı zərbəni göstərir. Trüffo da Antuan kimi nənəsi ilə yaşamış və onun vəfatından sonra anası və atalığı ilə yaşamağa başlayır. O da  əsl atasını heç vaxt görməyib və atalığının soyadı ilə böyüyüb. Antuan-Trüffo bu çətinliklərdən çıxış yolu axtarır və tapır, film onları xilas edir.


Baş qəhrəmanı uşaq olan filmlər böyüklər üçündür.

 “400 zərbə” Fransanın bəzi bölgələrində avaralıq etmək, sərgərdan həyat keçirmək mənasını verir. Filmin qəhrəmanına baxanda isə onun avaralığı könüllü seçmədiyini görürük. Bu hekayə, yeniyetməlik dövrünü yaşayan insanın sərgərdanlığa məcbur edilməsini əks etdirir. Antuan adi dəcəl yeniyetmə deyil, çətin bir həyatı yaşamağa məcbur olan, bəlkə də “sevgiylə doğulmayan” təsadüfi bir uşaqdır. O hələ də saflığını saxlayıb, hələ də gülə, əylənə bilən çox mübariz bir uşaqdır. Bu qədər çətinliyin içində özünə bir dünya yaratmağa çalışır, yollar axtarır. Antuan, üzərinə düşən işləri etməyi, yaxşı olmağı, hər şeyi yaxşılığa doğru dəyişməyi hər kəsdən çox istəyir. Əslində o heç də problemli bir uşaq deyil, öz həyatımızı, etdiklərimizi yada salsaq bizdən heç bir fərqi yoxdur. Onun ehtiyacı olan yeganə şey qayğıdır və Antuan ona verilən mühit üçün həddindən artıq yaxşıdır.


Filmin hər bir qəhrəmanı – valideynlər, müəllimlər, polislər qəzəblidir, Antuan və dostu Rene onların arasında ən məsum olanlardır. Biz Antuanın ailəsi üçün olan dəyərini filmboyu öyrənirik. O heç vaxt ailənin bir üzvü olmayıb və hər zaman ediləcək işlər, gediləcək tətillər zamanı əngəl kimi ortaya çıxır. Onun yatağı, hətta əynindəki gecə köynəyi belə, onun ailəsinin həyatındakı yerini göstərir. Filmdə yalnız bir dəfə anası ona “nəvaziş”, “sevgi” göstərir, burada da özünə sərf etdiyi üçün. Sevgisiz ailə mühitindən, məktəbdəki problemlərdən qaçıb özünə yaratdığı dünyada sakitlik tapır. Bu filmdə ev, məktəb, islah düşərgəsi – hər biri özlüyündə insanı günaha aparan və həbsxanaya bənzəyən bir yerdir. İslah evinin heç kimi qurtarmayacağını, əksinə, bəzi şeylərin daha da pis olacağını görürük. İlk səhnədə oradan qaçmaq istəyən yeniyetmə, həyətdəki balaca qızların çərçivəli yerə salınması, öz çörəyini yediyinə görə Antuanın vurulması və s. bunları  düşünməyə əsas verir.


Antuan hər şeydən qaçır, daha doğrusu, bu cansıxıcılıqdan canını qurtarmaq istəyir. Onu qaçmağa məcbur edən, “avaralığa” sürükləyən isə mühitdir. Sərt müəllimlər və qayğıkeş olmayan valideynlərindən qaçıb azadlığa, sonsuzluğa yol alır. Əslində, burada problem Antuanda deyil, ailənin sevgisizlik içində olmasındadır. Bu ailənin xoşbəxt olduğu yeganə səhnə evdəki yanğından sonra kinoya getdikləri səhnədir. Burada xoşbəxt olmağa can atan ana idi, problemin kökünün bir qolu da bu qadının həyatına bağlıdır. O istəyəndə ailə üzvləri xoşbəxt ola bilir. Ana ilə tanışlıqda da onu deyinən, hər şeydən narazı qadın kimi görürük. Antuanın atası belə, qadının oğluna qarşı olan soyuqluğunu hiss edir. Ailə münasibətində ata oğluna qarşı daha mehriban və qayğıkeş görünür, danışmaq, ailəyə istilik gətirmək istəyir. Sanki ata da, oğul kimi ananın soyuqluğundan “donur”. Təsadüfi deyil ki, Antuanın kimsəsiz uşaqlar evinə qoyulması təklifi də anası tərəfdən irəli sürülür. Və Antuanın yalandan anasının ölməsini deməsi heç də təəccüblü deyil. Onun səsləndirdiyi bu kəlmə, bəlkə də ürəyində gizlətdiyi arzusudur. Anası ilə danışanda gözlərini yuxarı dikməsi, sanki bu danışığa inanmadığı, nəsə boş söhbət olduğunu hiss etməsidir.

Onu yalan danışmaqda ittiham edən valideynləri özləri yalan danışır. Atası onu heç vaxt döymədiklərini deyir, amma, biz atanın onu məktəbdə vurduğuna əvvəlki səhnədə şahid olmuşuq. Antuanın yeganə istədiyi şey qayğıdır, sevgidir, amma onun sevgi gözlədiyi valideynlərin özləri də sevgidən “kasıbdırlar”. Onların evinin həddən artıq balaca olması da orada yaşayanların hər birinin qəfəsdə olmasına işarədir.


Antuanı xoşbəxt edən, arzularını, problemlərini bölüşə bilən yeganə insan dostu
Renedir. Hər iki uşağın acı reallıqdan qaçıb xəyala, uydurma olan bir şeyə – filmə sığınmaqları xüsusi vurğulanır. Kino onların öz dünyasıdır. Trüffo da uşaqlıqda acı reallıqdan yalnız kinematoqrafiya vasitəsilə xilas ola bilmişdi.

Antuanın həyatının bəzi məqamları haqqında məlumatı İslah düşərgəsində olarkən psixoloqla söhbəti əsasında öyrənirik. Bu səhnədə o səmimi olaraq etiraf edir və heç bir şeyi gizlətmir. Biz, doğma ailəmizdən daha çox, yad insanlarla səmimi oluruq. Onlarla özümüzü çox rahat hiss edirik, çünki, onların bizi qınamayacaqlarına əminik, eynisini də biz edirik. İmkan veririk ki tanımadığımız insanlar bizimlə dərdləşsinlər.


Filmin sonunda, qəhrəmanın gəldiyi yol çox uzun təsvir olunur. O kameraya baxır və stop-kadrla film bitir. Filmin açıq finalı tamaşaçını da dondurur, baxışların təsiri altında, qəribə hisslərlə baş-başa qalırsan. Bu müəmmalı baxışlar tamaşaçıya ünvanlanıb. Onların açıqlanması tamaşaçının ixtiyarına buraxılıb. O baxışlar sanki “siz də ətrafda baş verənlərə, laqeydliklərə görə günahkarsınız” deyir. Eyni zamanda azadlıq və gərginlik hissi ötürür. Qəhrəman bizdən qaçır yoxsa öz həyatına nəzər salır? Kimə baxırdı? Niyə dayandı? Nə demək istəyir? Bundan sonra nə olacaq? Onu tutmadılar ki? Bu suallar filmi unutmağa qoymur. Çünki kameraya baxmaq hər filmdə rast gəlinən kadr deyil. Bunun xüsusi yükü var.

F.Trüffo və J.P.Leo “400 zərbə” filminin çəkiliş meydançası


Antuan heç vaxt görmədiyi dənizə gəlir, bəlkə də heç vaxt görmədiyi azadlığa, sevgiyə gəlir. Dənizi sevdiyini, görmək istədiyini, filmin əvvəlki səhnələrindən bilirik, amma qaçaraq dənizə doğru gəlməsinin başqa və ən əsas  səbəbi var.  Fransız dilində “ana” sözü ilə “dəniz” sözü eyni cür səslənir (tələffüz olunur). Bu filmdə də ana problemi, daha doğrusu ana sevgisinin əskikliyi lap əvvəldən öz əksini tapıb. Qəhrəman həm azadlığa, həm də “ana”sına qovuşur. Eyni zamanda dəniz təsviri romantik duyğular aşılamaqla yanaşı ümid verir. Sanki filmin ağır mühitini yüngülləşdirir.

Və bu film hər zaman valideynlər, müəlimlər tərəfindən uşaqların psixologiyasını başa düşmək, onların yanaşma tərzini anlamaq üçün mütləq baxılmalı olan filmlər sırasında öndə dayanır.

Ülviyyə Əhmədova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top