İNDİ OXUYUR
“Sevgisizliy”in “400 zərbə”si

“Sevgisizliy”in “400 zərbə”si

Alyoşa daxili böhran keçirirdi və bu ona o qədər acı

 verirdi ki, uzun müddət sonra belə o günü həyatının

 ən çətin ən ağrılı günlərindən biri olaraq xatırlayırdı.

“Karamazov qardaşları” F.M.Dostoyevski.

Müasir Rusiya kinosunda yeni səhifə açmağı bacarmış Andrey Zvyagintsev 2003-cü ildə ilk bədii filmi “Qayıdış” ilə Venesiya Film Festivalında “Qızıl Şir” mükafatını qazanmış və sonrakı illərdə “Qayıdış”, “Apokrif”, “Sürgün”, “Yelena”, “Leviafan” kimi əks-səda doğuran filmləri lentə almışdır. Təbiəti obraz olaraq filmə daxil etməklə Andrey Tarkovskiyə bənzədilən Zvyagintsev, yaşadığı ölkənin modelini 2017-ci ildə çəkdiyi “Sevgisizlik” filmində ailə fonunda əks etdirə bilmişdir. Film boşanma ərəfəsində olan özlərinə partnyor tapmış, lakin arzuolunmaz övladın kiminlə qalacağına qərar verməyən ailənin hekayəsindən bəhs edir. Gəlmiş-keçmiş kino nümunələrini incələsək, övlad və valideyn, ana və oğul mövzusu ilə müəllifin yaradıcılığını zirvədə saxlayan filmlərdən, rejissor Fransua Trüffonun çəkdiyi  “400 zərbə” filmini qeyd edə bilərik. Bu filmdən danışmazdan öncə, sevginin məhv olduğu kadrlardan keçək.

“Sevgisizlik”


“Sevgisizlik” filmində  ana və ata öz xoşbəxtliklərini tapsalar da, bu yolda onlara mane olan on iki yaşlı Alyoşadır. Filmin başlanğıcında Alyoşanın məktəb yoldaşlarından ayrı düşüb, özünün rahatlıq tapdığı məkana gəldiyini görürük. Əsasən yalnız dolaşan Alyoşa, uşaqlığını yaşaya bilməyən və nəticədə introvertə çevrilən yeniyetmə kimi təqdim olunur. Filmdə demək olar ki, aparıcı personajlar arasında sevgi bağı yoxdur. Bu, özünü qonaqların yanında Jenyanın övladı ilə rəftarından tutmuş ana ilə qızın, ərlə-arvadın münasibətlərində göstərir. “400 zərbə” filminin qəhrəmanı Antuanı Alyoşa ilə müqayisə etsək, hər iki uşaq, ailəsində sevgi görmədən yaşayır, amma Antuan Alyoşadan fərqli olaraq, təhsil sistemindən tutmuş ailə həyatına qədər hər birinə qarşı mübarizdə aparır. Siqaret çəkməsi, müəllimlərinə qarşı münasibəti, hətta ailəsini cəzalandırmaq üçün evdən qaçmasını misal göstərmək olar. O, tamaşaçı üçün balaca savaşçı rolunu üzərinə götürür və cəmiyyətdə, təhsil sistemində, ailə münasibətlərindəki problemlərlə savaşır. Alyoşanın həmin gecə ata-anasının davasından təngə gələrək  evdən qaçmasından isə valideynlərdən daha tez tamaşaçı xəbər tutur. Alyoşanın itməsi, filmdəki sevgisizliyin məntiqi kulminasiyasıdır. Alyoşanın qaçışı Antuandan fərqli olaraq intiqamdan çox xilas olmaq üçün atılan bir addımdır. Yeniyetmənin iyirmi dörd saatdan çox evdə olmadığının fərqinə varmayan biganə valideynlər bu ərəfədə öz partnyorları ilə zaman keçirirlər. Antuanın da anası Alyoşanın anası kimi həyatında mövzcud problemlerdən qaçış yolunu başqa biri ilə münasibətdə görür. “Sevgisizlik” filminin qəhrəmanı Alyoşadan fərqli olaraq, “400 zərbə” filmindəki Antuan buna öz gözləri ilə şahid olur. Və budan sonra tamaşaçı, anasının onunla pis rəftar edəcəyini düşünsə də, əksinə baş verir, anası Antuanla xoş rəftar edir. “400 zərbə” filmində ananın yalan olsa da xoş rəftarını görsəkdə “Sevgisizlik”də Jenyanın bu üzü ilə tanış olmuruq. Borisin qeyri-rəsmi nikahda olduğu Maşanın yuxusunda dişin çəkilməsini görməsini yuxu yozumlarına əsaslanaraq təhlil etsək, yuxu sahibinin  çətinliklərdən qurtulacağına, yəni Borislə bağlı təlaşının ötüb keçəcəyinə işarədir. Axtarış prosesində oğlunun nənəsinin yanında olduğundan şübhələnən Boris, Jenya ilə birlikdə onun evinə yola düşür. Valideynlərin Alyoşanı axtarma səbəbi valideynlik hissindən çox yaranan təzyiqdir. Boris uzun zaman onda mövcud olan ətalətdən, Jenya isə sadəcə lazım olduğu üçün Alyoşanı axtarır. Onlara “Alyoşa tapılsa nə olacaq?” ya da “O necədir?” suallarının cavabından çox Alyoşanı tapıb, Alyoşasız davam edəcəkləri yeni həyat maraqlandırır.

“400 zərbə”


Evlərinə çatdıqda tamaşaçı yeni personajla – Jenyanın uşaqlıq həyatını birlikdə keçirdiyi və bu həyatdan qurtulmaq ümidini gördüyü anası ilə tanış olur. Və bu zaman məlum olur ki Alyoşa kimi elə Jenya da arzuolunmaz övladdır. Anasından heç vaxt sevgi və diqqət görmədiyini söyləyən Jenya da övladına qarşı bu rəftarda olmuşdur. Psixoloji araşdırmalar valideynlərin keçmişdə yaşadıqları mənfi təcrübə ilə övladlarının davranış problemləri arasında əlaqə mövcudluğunu göstərir ki, bu da ananın travmasının bağlarla övladına keçməsinə gətirib çıxarır. Məhz o bağların əlaqəsindən doğan biganəlik, yeniyetmənin taleyində mənfi mənada böyük rol oynayır. Ana və qız arasında gərginləşən travmatik bağlantı Jenyanın anasından qurtulmaq üçün Borislə evlənməsi ilə nəticələnir. Borisin də öz növbəsində “həyat yoldaşını” seçməsi, sırf ailəyə sahib olmaqla bağlıdır. Rejissor tamaşaçıya günahsız “qurbanın” taleyini göstərməklə, Alyoşa kimi neçə uşağın ailəsinin sevgi üzərində deyil, sevgisizlik üzərində qurulduğuna toxunur. Filmdə sevgisizlik ailənin üzərindəki lənət kimi anadan qızına keçsə də “400 zərbə” filmində Antuanın nənəsi ilə tanış olmuruq, sadəcə, onun uşağın dünyaya gəlməsinə kömək etdiyini bilirik. “Sevgisizlik” filmində tamaşaçıya təqdim olunan ata obrazının biganəliyi, övladının taleyindən daha çox, işdən qovulma qorxusunda sezilir. Filmboyu oğlu ilə arasında bir dəfə də olsun dialoqu keçməyən ata, oğlunun internata verilməsinə qarşı çıxaraq, bundan uşaq qurumlarının xəbərdar olacağını düşünüb qorxuya düşür. Jenya və Borisin valideynlik instinkti morqda ikinci dəfə oğlu olduğunu zənn edib gətirilən cəsədə baxış zamanı oyanır. Yanmış meyiti gördükdə, özlərini cəsədin onların övladı olmadığına inandırırlar.  İnsanın “özünü aldatmaq” konsepsiyası psixologiyada da, əksini taparaq nəzəriyyəyə çevrilmişdir. Belə ki, münasibətlərimiz və davranışlarımız arasında fərq varsa, özümüzü narahat hiss edirik.  Biz bədbəxt oluruq və bu bədbəxtliyi aradan qaldırmaq üçün hərəkət edirik.  Beləliklə, özümüzü aldadırıq və bu bizi rahatlaşdırır. Elmi olaraq buna “Koqnitiv dissonans” deyilir. 1957-ci ildə Leo Festinger tərəfindən koqnitiv psixologiya və sosial psixologiyada hazırlanmış teoremdir. Bu teoremə görə, insanların ziddiyyətli davranış və rəftarları varsa, bu ziddiyyəti aradan qaldırmaq üçün onlara da əsaslandırmaq lazımdır. Xarici əsaslandırmanın olmamasından daxili əsaslandırma yaranır. “Özünü aldatmaq” konsepsiyası Yaponiya kinosunun məşhur simalarından biri olan Akira Kurosavanın “Rasyomon” filminin əsas ideyasını təşkil edir. Belə ki, öldürülən samurayın məhkəməsində dindirilən şahidlər həqiqəti hərəsi öz baxışından təhlil edir. Filmdə buddist rahib və yad adamın – “İnsan zəifdir, ona görə də yalan danışır, hətta özünə də! İnsanlar yalan da olsa pis şeyləri unudub yaxşı şeylərə inanmaq istəyirlər. Bu daha asandır” sözləri filmin məğzini ifadə edir.

“Sevgisizlik”


Filmin sonlarına doğru, Borisin artıq Maşadan övladının olduğunu görürük. Lakin aylar keçsə belə, dəyişilməyən iki nəsnə var. Borisin özündən başqa kimisə düşünməməsi, hətta yeni doğulan uşağına belə biganəliyi və Jenyanın varlı partnyorunda xoşbəxtliyi tapa bilməməsi. “Sevgisizlik” filmində Alyoşanın anası idman edərkən buludların arasından özünü göstərən günəşi “400 zərbə”filmində dəniz əvəz edir. Hər iki film sevgisiz böyüyən uşaqların taleyindən bəhs etsə də, Trüffo ailələrin taleyindən çox, Antuanın və onun yaşadığı çətinliklərə necə mübarizə apardığını təsvir edir. Trüffonun qəhrəmanı Zvyagintsevdən fərqli olaraq azadlıq üçün çabalayır.

“400 zərbə”


“Sevgisizlik” filmində qəhrəmanların müqəddəratını həll edən səhnələrdə, (Alyoşanın gecə həmin davaya şahid olması, meyitxana və s.) aktyorların (Mariyana Spivak,  Aleksey Rozin, Matvey Novikov və Andris Keyşs) oyunları filmin dramaturji xəttində həlledici rol oynayır. Rejissor işinə gəldikdə isə, filmin hər bir kadrı son dərəcə peşəkar bir işin məhsuludur. Tamaşaçını bədbinliyə sürükləmək üçün filmdə hava tutqun və buludlu təsvir edilir. Buna baxmayaraq, rejissorun ümidinə bir nişan olaraq bəzən buludların arasında günəşi gömək mümkündür.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya