Əxlaqın cəmiyyətdə sorğulanması
Filmlərin mövzusunu təşkil edən hekayələr əsasən real həyatdan götürülmüş hekayələrdir. İstehsal olunduğu ölkələrə baxdıqda, filmlərin həmin ölkənin cəmiyyətinin əksi olduğunu görmək mümkündür. Bu da o deməkdir ki, filmlər sadəcə insanın deyil, bütünlüklə cəmiyyətin güzgüsüdür. Həmin cəmiyyətdə yaşayan insanın həyatını, o cəmiyyətin güclü bir ifadəsi kimi görmək mümkündür. İnsanların dünyaya baxışı, dini inancı, həyat tərzi və başqa faktorlar bu cür filmlərdə təhlil oluna və eyni zamanda ölkənin mədəniyyəti asanlıqla anlaşıla bilər. Xüsusilə Şərq kinosu ənənəvi tərəfini qoruduğu üçün, bu cür filmlərdən həmin ölkə haqqında yüzlərlə mesaj ala və sorğu edə bilərik. Bu məqamda maraqlı olan digər bir araşdırma mövzusu isə fərqli mədəniyyətlərdə yaşayan insanların eyni anlayışı necə xarakterizə etməsi və öz həyatlarında hansı yerə sahib olmasıdır.
Əsgər Fərhadinin 2017-ci ildə “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına layiq görülən “Satıcı” filmi, İran mədəniyyətinin, ailə, kişi-qadın münasibətlərinin və bunlar üzərindən “əxlaq” anlayışının sorğulandığı olduqdca önəmli bir filmdir. Filmin təhlilinə keçmədən öncə “əxlaq” anlayışının təməlinə nəzər salmaq faydalı olar.
Əxlaq nədir?
“Hər sənət və araşdırmanın, eyni ilə hər fəaliyyət və seçimin bir “yaxşı olan”ı arzuladığı düşünülür; bu səbəbdən “yaxşı olan”ı hər şeyin arzuladığı “şey” təsvir edirlər”.
Aristotelin yuxarıda qeyd olunan düşüncələrinə görə, bütün fəaliyyətlər bir məqsədə uyğun təhlil olunur və bütün insani fəaliyyətlər, nəticədə insanın xoşbəxt olmasını əsas götürür . İnsanın yaxşılığının və ya məqsədinin əldə edilməsinə yarayan hər fəaliyyət doğru fəaliyyətdir. Əksi olaraq insanı yaxşılıqdan uzaqlaşdıran fəaliyyət isə yanlışdır.
Aristotelin də, Platonun da əxlaq anlayışı xoşbəxtliklə əlaqəlidir, çünki insan şəxslərin və bütünlükdə cəmiyyətin yaxşılığını, xoşbəxtliyini əsas götürür. İnsanların bütün fəaliyyətləri bu ən yüksək hədəfin əldə edilməsinə yönəlmişdir.
Aristotelin eramızdan əvvəl dilə gətirdiyi əxlaq və ona bağladığı xoşbəxtlik, yaxşılıq, şəxsin cəmiyyəti xoşbəxt etmək məqsədi ilə, bu gün ağlımıza gələn əxlaq anlayışı arasında söz bənzərliyindən başqa heç bir ortaqlıq yoxdur. Bu gün şəxs yox, cəmiyyət əxlaqın nə olduğunu müəyyən etməklə, bəzən şəxsin arzusu, istəyi xaricində qərarlar verməsinə səbəb olur. Bu da fərqli ölkələrin cəmiyyətlərində fərqli formada öz əksini tapır. Xüsusilə dinin insanın həyat tərzini formalaşdırdığı ölkələrdə əxlaq qanunlara əsasən icra edilməklə məcburi bir hal almışdır. İctimai əxlaqın şəxsi idarə etdiyi ölkələrdən ən başda gələni İrandır və İran kinosunda bu vəziyyətin insanların həyatında hansı təsirə sahib olduğunu tez-tez görmək mümkündür. Ələlxüsus, qadın və kişi münasibətlərində yanlış və əxlaqi olmayan fəaliyyətlər konkret olaraq müəyyən edilmişdir. İran kinosunda bunun təsirini demək olar ki hər filmdə görürük, amma bu vəziyyəti tənqid edən, insanı öz daxilində dilemmaya salan filmlər də az deyil.
“Satıcı”və onunölümü
Müasir İran kinosunun tanınmış rejissorlarından olan Əsgər Fərhadinin “Satıcı” filmi qadın və kişi, qadın və cəmiyyət, kişi və cəmiyyət münasibətlərini ələ alır və münasibətdə yer alan bəzi sirli məqamları əxlaqi cəhətdən sınağa çəkir.
Filmdə Fərhadinin daha öncə “Elli Haqqında”(2019) adlı filmində rol alan Təranə Əlidostu və Şahab Hüseyni rejissorun bu filmində baş rollarda çəkiliblər. Daha öncə olduğu kimi bu filmlə də aktyor və aktrisa uğurlu oyun göstərmiş, hətta uğurlarını ikiqat artırmışlar. Bunun əsas səbəblərindən biri obrazların yaşadıqları vəziyyəti və içinə düşdükləri dilemmanı olduqca realistik bir üslubda əks etdirərək tamaşaçıların ürəyində böyük bir təsir yaratmalarıdır.
Film, teatrda çalışan Emad (Şahab Hüseyni) və Rənanın (Təranə Əlidostu) yaşadıqları binanın yaxınlığında gedən tikinti səbəbindən oradan tələsik köçmələrilə başlayır. Emad və Rəna elə fəlakət gününün səhəri aktyor yoldaşlarından biri olan Babəkin (Babək Kərimi) köməyilə yeni bir evə köçürlər. Cütlük bir gün öncə öz evlərində itirdikləri rahatlığı bu evdə tapacaqlarını ümid etsə də, ilk gündən bəri narahatlıqları ikiqat artır. Belə ki, evə uyğunlaşmağa çalışan Rəna və Emad yeni köçdükləri evdə onlardan öncə yaşamış qadın kirayəçinin öz əşyalarını gəlib aparmaqdan boyun qaçırmasına görə, evə tam olaraq köçə bilmirlər. Cütlük bir tərəfdən yeni həyatlarına uyğunlaşma və problemlərini həll etməyə çalışarkən, bir tərəfdən də teatrdakı işlərinə davam edirlər. Emad teatrdakı fəaliyyətlə yanaşı özəl bir məktəbdə dram (yaradıcılıq) dərsi verməklə ailənin maddi yükünü azaltmağa çalışır. Günlər keçdikcə keçmiş ev sahibinin öz əşyalarını almağa gəlməməsinin səbəbi, cütlüyün rastlaşdığı ikinci hadisənin kölgəsində qalır. Bu gözlənilməyən hadisənin nəticəsində cütlük həm işlərinin həm də münasibətlərinin idarəsini itirməmək üçün mübarizə aparmağa başlayırlar. Rejissor bunu dini və ictimai əxlaq ilə şəxsi instinktlərin qarşı-qarşıya gəlməsini hekayənin mərkəzinə yerləşdirir.
Filmdə diqqətçəkən məqamlardan biri də obrazların teatr səhnəsində oynadıqları tamaşa ilə, şəxsi həyatlarında yaşadıqları vəziyyət arasında qurulan bağdır. Filmdə Artur Millerin “Satıcının ölümü” adlı qısa pyesi tamaşaya qoyulur. Bu pyesdə istifadə olunan rənglər, əşyalar və obrazların realda yaşadıqları həyat ilə paralelliyi gözdən qaçmır. Rejissor həm teatr səhnəsində, həm də filmdə yaratdığı hər üç obraz (Rəna, Emad və Babək) birdən-birə özlərini oyunun reallaşdığı vəziyyətin içində tapırlar. Rəna və Emad pyesdə Linda və Vili adlı ər-arvadı canlandırırlar. Həyatda olduğu kimi pyesdə də bu cütlüyün ev və maddi probemləri var. Vili namuslu və məsuliyyətli, anlayışlı bir kişi obrazıdır. Filmin ilk dəqiqələrindən başlayaraq Emad da davranışları ilə canlandırdığı obrazdan çox da fərqli olmadığını göstərir. Belə ki, filmin ilk səhnəsində yaşadıqları bina uçmaq təhlükəsi ilə üz-üzə gəldikdə, Emad öz canını təhlükəyə atıb hamı ilə birgə qaçmaq əvəzinə, qonşu qadının yatalaq oğlunu evdən öz kürəyində daşıyaraq çıxarır. Başqa bir səhnədə o, evin keçmiş sakininin əşyalarını gəlib aparmamasına reaksiya verən Babək və Rənadan fərqli olaraq, qadını sakit gözləməyi təklif edir. Rəna, Babəklə birgə qadının şəxsi əşyalarını eyvana daşıyarkən Emad bunun etik olmadığını bildirir, hətta gecə yağış başlayarkən təkbaşına əşyaları qorumaq üçün onların üstünü örtməyə çalışır. Emad dərs dediyi məktəbdə də tələbələri tərəfindən sevilən bir müəllimdir. O gənc oğlanların zarafatlarını mehribanlıqla cavablandırır və bəzən onların mənasız suallarına qarşı belə təmkinli davranaraq ideal bir insan obrazı yaradır. Rəna isə Emadın əksinə biraz səbirsiz və hətta düşüncələri, qərarları tam formalaşmamış insan kimi təsvir olunur. Rənanın və Emadın yaratdığı bir-birinə əks xarakterlər filmin ortalarına doğru dəyişilir.
İlk olaraq Rəna və Emadın xoşbəxtiyi və bir-birlərinə bəslədikləri hörmət bir sirrlə sarsılır. Evdə tək olduğu vaxt tanımadığı bir kişinin evə girərək Rənaya hücum etməsi ilə o, fiziki və psixoloji travma alır. Emad xəstəxanada, Rənanın partlamış alnı, qanlı siması qarşısında gücsüz və olduqca qorxmuş görünür. Bu səhnədə Emadın Rənaya olan sevgisi və qarşılaşdığı mənzərə qarşısında nə qədər həssas göründüyü tamaşaçının gözündə Emadı daha ucaldır.
Xəstəxanada olduqları müddətdə Emad Rənanın sadəcə öz-özünə yıxıldığını zənn edərkən birdən xəstəxanadakı qonşulardan birinin ona evdən hansısa kişinin çıxdığını, kişini görənə kimi onun yad adam olduğunu bilmədiklərini və evdə dava-dalaş olduğunu deməsi ilə Emad sarsılır. Qonşular evdə yaşayan keçmiş kirayəçinin yanına gələn hansısa kişinin bunu etmiş olmasının mümkün olduğunu Emada deyirlər. Emad həmin vaxt keçmiş kirayəçinin fahişəliklə məşğul olduğunu və arvadının həmin fahişənin müştərilərindən birinin hücumuna məruz qaldığını öyrənir və buradan etibarən, filmboyu Emadın dəyişimini izləyirik. Zaman irəlilədikcə Emadın üzə çıxan eqoist və kobud rəftarı onun xarakterinə zidd görünsə də bu qaçılmazdır. Çünki o, arvadından daha çox qonşuların, cəmiyyətin ona necə baxdığını və dəyərləndirdiyini, hətta polisə şikayət etmək barədə danışanda polisin onun Rənaya verəcəyi sualların necə olacağını düşünür. Cəmiyyət qarşısında arvadının adına ləkə gələcəyindən, özünün zəif bir kişi olduğu fikrinin yaranacağından və hətta arvadının başqa bir kişi ilə münasibətdə olmasa belə, bunun asanlıqla dedi-qoduya çevriləcəyindən qorxan Emadın susmaqdan başqa əlindən heç nə gəlmir. Emad susur, amma Rənaya və qonşularına deyə bilmədiklərini teatr səhnəsində tamaşaçıya deyir. Bəzən improvizasiya edərək tərəf müqabili və eyni zamanda yaşadığı evin sahibi olan Babəki təhqir edir, bəzən Rənaya acıqlanır amma bunları normal həyatından daha çox fərqli bir cəsarətlə edir. Emad səhnədə azaddır, heç kimin onu yaratdığı obraza görə günahlandırmağa haqqı yoxdur. Real həyatda isə belə deyil. O artıq çiyinlərində arvadının əxlaq yükünü daşıyan və onu təmizləməkdən başqa yolu olmayan bir kişiyə çevrilmişdir.
Filmdə Rənanın nə hisslər keçirdiyini bilmirik amma bu sadəcə bizə yox, Rənadan başqa hamı üçün belədir. Tamaşaçı filmi izləyərkən alışdığı tərəftutma haqqından tamamilə məhrum edilmişdir. Hər obraz özü-özlüyündə haqlıdır, bu da bizə tərəf tutmaq və katarsisə çatmaq haqqını vermir. Qisas gözləntisi tamaşaçıya elə bir dilemma yaşadır ki, filmin əvvəlində ər-arvad arasındakı haqlı və haqsızın kim olması düşüncəsi bu dilemmanın yanında öz təsirini itirir.
Rənaya hücum edən şəxsin özündən sonra dəlil buraxması və Emadın bu dəlillə həmin adamın izini tapması, tapdığı insanın güclə nəfəs alan yaşlı bir kişi qarşısında düşdüyü vəziyyət onu dərin bir qərarsızlığa sürükləyir. Bu səhnə ilə Əsgər Fərhadinin tamaşaçını sürüklədiyi əxlaq dilemması başlayır. Rejissorun gənc və qəzəbli bir adamın qarşısında günahkar və zəif bir adamı qoyması ilə tamaşaçının gözlədiyi rahatlama, yerini qərarsızlığa və narahatlığa verir. İnsanların düşüncəsindəki yanlış və doğru, əxlaqlı və əxlaqsız anlayışları ilə qurulan təməl tamamilə sarsılır. Yaşlı kişi öz cəzasını çəkməlidir, amma necə? Kişi onsuz da zəif və ürək xəstəsidir. Emad onunla üzləşmək üçün kişiyə daşıma işi təklif edərək onu evinə dəvət edir və həmin evdə kişini sıxışdırmağa başlayır. Emadın verdiyi suallardan kişi qaça bilmir və Emad daha da qisas almaq üçün kişinin ailəsinə xəbər verərək onu utandıracağını deyir. Emad o qədər qəzəblidir ki, kişinin ona yalvarmasına və qorxmasına baxmayaraq onu havasız və kiçik bir otaqda tək qoyub teatrdakı işinə görə evdən bir neçə saatlıq gedir. O, evə qayıtdıqda Rəna da onunla birgə gəlir və hər ikisi kişinin qapalı qaldığı yerdə halının pisləşdiyini görüb qorxurlar. Özünü müdafiə etməyən yaşlı kişinin Emadın qarşısında düşdüyü çarəsizlik Emadı nə qədər narahat etmiş olsa da, o, kişidən əl çəkmək istəmir. Onun verəcəyi qərar böyük ehtimal, şəxsi instinktlərinin onu yönləndirməsi ilə verilən qərardır. Rejissor isə tamaşaçını cavabsız sual ilə qarşı-qarşıya buraxır; əslində müdafiəsizin, əxlaqlı və əxlaqsızın kim olduğu heç cür bir nəticəyə bağlana bilmir. Emad, Rənanın təkidlərinə baxmayaraq, o qisas hissindən əl çəkə bilmir. Son qərarı verən Emad bəlkə də özünü saxlaya bilmədiyi üçün kişiyə təklikdə güclü bir şillə vuraraq günahkara özü-özlüyündə cəzasını verir. Yaşadığı bu vəziyyət qarşısında min cür hala girib utanan yaşlı kişi bir anda yerini Emadla dəyişir və tamaşaçının, hətta Rənanın da gözündə onun günahkarlıq yükü Emadın üzərinə keçir.
Emadın dərdi Rəna yox, yüklü hiss etdiyi əxlaq məsələsidir. Xalqın yük kimi qadının, qadının isə yük kimi kişinin boynunda olduğu İranda, Rənanın hissləri heç bir əhəmiyyət daşımır. O sanki bir simvoldur, Emadın nə dərəcədə yaxşı, namuslu, dürüst və güclü kişi olmasının simvolu. Emadın sənətçi və müəllim olmasına baxmayaraq, instinktiv hərəkət etməsi ona olan münasibəti tamaşaçının və Rənanın gözündə dəyişir. O qəzəbinə mane ola bilmir. İntiqam hissi mərhəmət hissini üstələyir. Tamaşaçı günahkar qismində olan kişinin həmin şillə ilə necə dəyişdiyini asanlıqla görə bilir, elə Emadın da. Kişinin infakt keçirməsi Emadın qəzəbini pərtlik və gücsüzlüyə çevirir, Fəqət yenə də əxlaqsız və günahkarım kim olduğu konkret bir nəticəyə bağlana bilmir.
Filmdə Emadın düşdüyü vəziyyət ona haqq qazandırmır amma burada vurulan şillənin məsuliyyətini sadəcə Emad yox İran cəmiyyəti daşıyır. Vurulan şillə bir yaşlıya yox, İran ənənəsinə, təzyiq altında yaşayan insan həyatlarına, sıxışdırılan cəmiyyət tərəfindən atılan şillədir.
Əvvəldə zəif və qərarsız biri kimi görünən Rənanın, teatr səhnəsindəki son çıxışı zamanı hisslərini açıq-aşkar duya bilirik. Necə ki, Emad qəzəbli məqamlarında tamaşaçıya qəzəbini Vilinin dilindən amma öz sözləri ilə çatdırırdı, Rəna da Vili ilə vidalaşarkən Emada demək istədiklərini həqiqi göz yaşları ilə amma mətnə sadiq qalaraq çatdıra bilir.
Filmin son səhnəsində teatr oyununa hazırlanan Rəna və Emadın üzünü görürük. Onlar güzgüyə baxarkən, səhnədə kimlərsə onları tamaşaya hazırlayır, həyat olduğu kimi davam edir, amma qəhrəmanların dəyişdiyi üzlərindən açıq-aydın görünür. Rejissor aktyorlarla birgə bizi də güzgüyə baxmağa dəvət edir və filmi uzun güzgü səhnəsi ilə bitirir. Etdiklərimiz, susduqlarımız və qərarlarımız nə qədər azaddır, ya da əxlaqlıdır? Bir qadının zorlanmasımı, yoxsa bir yaşlıya qalxan əlmi daha əxlaqsızdır? Və ya əvvələ qayıtmalı olsaq, əxlaq əslində nədir?
Leylaxanım Qənbərli