Bir cənub “panoptikon”unda
“Bir Cənub şəhərində” filmi Səfərəlinin (Yusif Vəliyev) narahat şəkildə uzağa baxdığı kadrla açılır. O narahatdır, kiminsə yolunu gözləyir, başına gələcək hadisələrdən duyuq düşüb və təskinlik tapmağa çalışır. Onun nəyə və kimə baxdığı aydın deyil, çünki kadrdan kənar nöqtəyə zillənib. Səfərəli başına gələcəklərə nəzarət etmək istəyir, ancaq çifayda. Bu, gözlənilən qətlin tarixçəsidir. Həmin qətl ki, bunun baş verəcəyini hər kəs bilir, amma heç kim heç nə etmir. O, qaydaları pozub və indi bu davranışına görə cəzalandıralacaq. Buna heç kim müdaxilə etməyəcək, sadəcə tamaşa edəcəklər. Tamaşanın özü də də bir nəzarətdir. İnsanlar nəzər salır, hər şeyin yerli-yerində olduğuna fikir verir və göstəriləndən zövq almağa çalışırlar. Cinayət varsa, cəzası da var. Əgər nəzarətdən çıxmaq varsa, bunun bərpası da var.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş, Eldar Quliyevin kinodebütü sayılan “Bir Cənub şəhərində” filmi iki fərqli dünyagörüşü toqquşmasının bədii həllidir. Bir tərəfdə müasirlik, insanların xoşbəxtliyini və azadlığını məhdudlaşdıran ənənələrdən uzaqlaşma, digər tərəfdə isə hər şeyi nəzarət altında saxlamaq arzusu, öyrəşilən həyat təkrarları ilə xoşbəxtliyin vədi var. Hər iki tərəf xoşbəxtlik vəd edir. Biri insanın seçimləri və azadlıqlarını qabardaraq, digəri isə ənənənin (təcrübənin) mötəbərliyini vurğulayaraq. Filmin çəkilmə tarixi də kifayət qədər ikonikdir – 1968-ci il. Bu həmin ildir ki, Fransada ölkəni üsyanlar öz ağuşuna alıb, tələbələr universitetləri ələ keçirib, fabriklər işçilər tərəfindən işğal olunub. ABŞ-də dövlətin Vyetnam siyasətinə və bürokratiyaya qarşı sivil etirazlar keçirilir, daha sonra, “seksual inqilabın ili” adlanacaq hadisələr baş verir. Fərdlərin azadlıqları əsas gündəm olduğu dövrdə bizim kinomuzda da, təsadüfən olsa da, bu mövzuya lokal yanaşmanı görə bilərik.
Filmdə hadisələrin keçdiyi yerin konkret adı yoxdur, qeyri-müəyyəndir. Əlbəttə, həmin yer Bakının “Sovetski” və “Kubinka” adlanan yerləri kimi yozulur. Tamaşaçı da buranı məhz ora kimi qəbul edir. Amma burada başqa bir məkanın da adı çəkilir və çox funksionaldır – Loran! Loranın da konkret bir məkan olmadığı, uydurulmuş bir toponim olduğu aydındır. Buna baxmayaraq, bu toponimin təmsil etdiyi bir dəyər var. Bunu biz Həsənin dialoqları vasitəsilə görürük. Həsən Lorana gedib, orada restoranda yemək yeyib, insanları təhqir edib, heç bir pul vermədən oranı tərk edib. “Loranda bircə kişi də yoxdur.” Loran artıq ənənəvi dəyərlərin itirildiyi bir yerin simvoludur və onlar ənənəvi dəyərlərin qorunub saxlanıldığı – Həsənin yaşadığı məhəllə üçün – xor görülməyə layiq olan, sayılmayan məkandır. Həsənin Loran ilə olan münasibəti filmin də əsas ideyasıdır. Ya Həsənin məhəlləsi əbədiyyətə qədər yaşayacaq, ya da “Loranlaşaraq” kişisizləşəcək.
Səfərəlinin narahat baxışlarını, məhəllənin tinində dayanıb gəlib-gedənə baxan və nəzarət edən gənclərin kadrı əvəz edir. Bu gənclər həm Səfərəliyə baxırlar, onun başına gələcək hadisənin nəticəsini gözləyirlər, həm də məhəlləyə nəzarət edirlər. Cahangirin – məhəllənin savadlı və nisbətən müasir gəncinin – iki qızla dar küçələrlə addımlayaraq keçməsi onların da diqqətini çəkir. Kamera burada ümumi nəzarət mexanizminin gücünə vurğu etmək üçün Cahangirə və qızlara baxan bütün məhəllənin maraqlı gözlərinə tuşlanır. Yad kişinin evinə gələn qızlar? Axı bu lap “Loranlaşmaq”dır. Bunu qəbul etmək olmaz! Məhəllə sakinləri bundan narahatdır. Həsən bu narahatlığı dindirmək üçün Cahangiri “vaxtın olanda gəl danışaq” deyə xəbərdar edir. Cahangir də yavaş-yavaş xətti keçdiyini hiss edir. Bundan ən çox narahat olanlar isə Cahangirlə birlikdə gələn qızlardır – Rəna belə deyir ki, o bığlı olan mənə elə baxdı, sanki yeyəcək məni, başkəsənə oxşayır. Cahangir isə onu sakitləşdirmək üçün, özü də bilmədən, əslində, məhəllədə yaşayanlardan fərqlənmədiyini vurğulayaraq, ironiya ilə “burada hamının bığı var, hamımız da başkəsənik” deyir. Sonra isə Səfərəlinin narahatlığının mənbəyini qızlara danışır – Səfərəli həbsə düşən Ağabalanın arvadını yanında işə götürür, daha sonra Ağabalanın arvadı Səfərəli ilə Ağabalaya xəyanət edir, indi isə Ağabala həbsdən çıxıb və intiqam zamanıdır.
Burada maraqlı məqam odur ki, bütün bu insanların gözünün qarşısında baş verən – kişiliyə sığmayan – hərəkətin cəzalandırılması üçün Ağabalaya ehtiyac yoxdur. Məhəllə sakinlərinin dünyagörüşünə sığmayan hərəkət olsa da, heç kim özünü buna görə işə salmaq istəmir. Əvəzində təzyiq yaradaraq kimin başına gəlibsə, onun davranmağını gözləyir. Nəzarət olsa da, cəza mexanizmi sadəcə fərdlərin özlərindən asılıdır. Əgər fərd cəzalandırmaq istəmirsə, ya nəzarət mexanizmi artıq yaxşı işləmir, ya da onun kişiliyində problem var.
Ağabala bütün baxışlar altında küçədən keçir, asta addımlarla Səfərəliyə yaxınlaşır, Səfərəli qaçmağa çalışır. Bütün məhəllə camaatı tamaşanı izləyir – indi cəza vaxtıdır. Hər kəs bu andan sonra baş verəcəklərdən peşman olacaq, ağlayıb vay-şüvən qoparacaqlar, lakin əvvəlcə cəza prosesi baş verməlidir. Tamaşa gözlənilən nəticəni verir – Ağabala Səfərəlini qətlə yetirir və camaat məhz bu andan sonra ağlamağa başlayır. Tamaşa bitdi, bu isə tamaşaçıların özünəxas alqışlarıdır.
Bu cənub şəhərində yaşayış, panoptikona bənzəyir. Panoptikon (panoptikum da deyilir, red.) ideyası ingilis filosofu Yeremiya Bentamın ortaya atdığı həbsxana modelidir. Bu həbsxana, yarımdairə formasındadır, mərkəzdə bir qüllə var. Həbsxanaların təkotaqlı hissələri içəriyə baxır, bayır divarında isə tək pəncərə var. Beləliklə, pəncərədən düşən işıqla otaqdakı məhbusun silueti görünür və qüllədəki nəzarətçilər rahatlıqla onların hərəkətlərinə nəzarət edə bilirlər. Bu modelin fərqi ondadır ki, bütün hərəkətləri görünən məhbuslar öz hərəkətlərinə nəzarət etməyə başlayırlar, çünki qüllədə nəzarətçi olub-olmadığını bilmirlər. Nəzarətçinin – Ağabalanın mövcud olmadığından əmin olan Səfərəlinin hərəkətləri, Ağabala həbsdən gözləniləndən tez çıxdığı üçün cəzalanır. Başqaları üçün görk mahiyyəti daşıyan tamaşa öz səhnələşdirilməsini uğurla başa vurur.
Həsən maşınına minib gedərkən Tofiq ona yarızarafat bildirir ki, bəs deyirdin Loranda kişi yoxdur? Həsən isə deyir ki, Loranda bir kişi var idi, onu da tutub basdılar dama. Beləliklə, Loran yenə kişisizdir. Bəs Cənub şəhərinin aqibəti necə olacaq?
Əslində, bütün bu hadisələr filmin sadəcə ekspozisiyasıdır və bundan sonra əsas konflikt başlayır. Ustalıqla işlənmiş ekspozisiyada şərtlər, kişilik, Loran, Cənub şəhəri, həyat qaydaları, tamaşa toplumu bizə çatdırılır. İndi əsl hekayəyə başlamaq olar. Elə buna görə də, Tofiq, Murada şikayət etməyə başlayır. Muradın bacısı Tofiqlə nişanlıdır və Tofiq Murada bacısından şikayət edərək deyir ki, Solmaz keçən dəfə oğlan dostu ilə kinoteatra gedib, haqqında şayiələr yaranır, bizə yaraşmaz. Tofiq Murada nəzarətin mövcudluğunu xatırladır və Solmazı da həmin qaydalara əməl etməyə səsləyir. İrəliləyən dəqiqələrdə aydın olur ki, Solmaz Tofiqi sevmir, sadəcə ailəsi istədiyi üçün bu izdivaca razılıq verib. Atasını erkən yaşda itirən Murad, bacısını qorumaq, ona xoşbəxt bir ailə vermək naminə tanıdığı qonşusuna bacısını nişanlayıb, lakin göz düzəltmək istəyən yerdə vurub qaşı da çıxardıb.
Bu andan etibarən hekayə haçalaşır – bir tərəfdə ailəsini qorumaq və özünə xoşbəxtlik axtaran Murad, digər tərəfdə isə heç bir işdə uzun müddət işləyə bilməyən, həyatda özünə yer tapa bilməyən Tofiq. Onların arasındakı Solmaz barədə dialoq çox uzaqlara aparır. Murad, Tofiq məhəllədən uzaqlaşsın deyə onu atasının büstünün açılışına Rusiyaya göndərir, hətta əyninə kostyum da alır, cibinə pul da qoyur. Özü isə jurnalist Rənaya bir könüldən min könülə aşiq olur. Bu fikrini dilə gətirəndə isə həm anası tərəfindən, həm də Cahangir tərəfindən tənələrə məruz qalır. Onu sevgiyə görə unutduğu qanunlara əməl etməyə çağırırlar.
Tofiq də getdiyi Rusiyada Marinaya aşiq olur və onunla birgə “panoptikon”a geri qayıdır. Muradın sevgidə bəxti daşa dəydiyi bəs deyilmiş kimi, indi də məhəllədə rüsvay olmaq qorxusu ilə üzləşir. Tofiqin etdiyi, heç bir kişiliyə sığmayan hərəkətdir və bu, qəbuledilməzdir. “Bura Loran-zaddır bəyəm?”
Çıxış yolu axtaran Murada, Tofiq saxta tamaşa tövsiyə edir. Ayağından bıçaqlaması kifayət edir, həm məhəllə camaatı razı qalar, həm də Murad az cəza alır. Murad isə bununla razı deyil, camaata yalançı teatr göstərə bilməz. Çünki bu insanlar uşaq deyillər. Kifayət qədər təcrübələri var və o qədər həqiqi tamaşa görüblər ki, onları yalançı tamaşalarla aldada bilməzsən.
Küçədə rus qadınla gəzişən Tofiqi Murad təzyiqlərə dözməyib əlində bıçaqla yaxına gəlməyə səsləyir. Tofiq isə köynəyini çıxarıb “vur” deyir. Kadr kəsilir, hadisə tamamlanmır.
Küçədə tək oturan Muradın arxasınca gələn heç bir polis yoxdur. Məhəllə camaatı da görünmür. Sanki panoptikon boşalıb, artıq, heç kim, heç kimə nəzarət etməyəcək. Artıq yeni bir dünya var. Muradı polisə çağırıblar, o boş küçələrlə yavaş-yavaş polisə gedir. Yağış başlayır. Bir cənub şəhərinin melanxolik sonu – onun loranlaşdığının ifşası. Muradı Ağabala kimi tutub dama basmırlar, onu sadəcə dəvət edirlər. Bu profilaktik söhbət də ola bilər, başqa məsələ də. Fərqi yoxdur. Panoptikon öz məhbusları tərəfindən – başqalarının nəzarətinə fikir verməyib yaşamağa başladıqları üçün dağıdıldı.
Həm Rüstəm İbrahimbəyovun ssenarisindəki antaqonist-protaqonist fərqlilik, həm də Rasim Ocaqovun operatorluğu, Eldar Quliyevin rejissorluğu ilə yeni kino dilinin istifadəsi “Bir Cənub şəhərində”ni kinomuz üçün tamam ayrı yerə qoyur. Hələ filmin mövzusunun dövrü ilə səsləşməsi əsərin yaşamaq müddətini daha da artırır. Bizə isə bu filmə hər dəfə yeni nəzərlə baxıb yeni nəticələr çıxarmaq qalır. Çünki “Bir Cənub şəhərində” həmin bədii potensiala malikdir.
Hacı Səfərov