İNDİ OXUYUR
Neft qoxulu film

Neft qoxulu film

Neft sahəsinin ölkənin iqtisadi, sosial, siyasi və mədəni həyatının formalaşmasında güclü təsirləri olsa da, milli kinomuzda bu mövzuda monumental, populyar filmin çəkildiyini demək çətindir. Bir tərəfdən səbəblər obyektivdir. Çünki kinoya ideoloji alət kimi baxan Sovet hakimiyyətini istehsalat filmləri (“İlk komsomol buruğu”, “Yeni horizont”, “Qara daşlar”, “Bakının işıqları” və s.), yeni Sovet adamı obrazlarının yaradılması sayəsində siyasi kursunun prioritetlərinin təbliğatı vacib idi.

Hərçənd, Sovet inqilabınadək İbrahim bəy Musayevin “Neft və milyonlar səltənəti” əsərinin əsasında çəkilən eyniadlı film (rejissor Boris Svetlov, 1915-ci ilə çəkilmiş film günümüzə qədər gəlib çıxmayıb) neft bumunun fonunda ailə dramının əksiydi. Bəlkə də Sovet hakimiyyəti qurulmasaydı, siyasi sifarişli istehsalat filmlərinin əvəzinə, kinomuzda insan dramları tendensiyası güclənərdi və kim bilir, hətta Pol Tomas Andersonun “Neft” filmi səviyyəsində bir ekran işinin də şahidi olardıq.

Stalin hakimiyyətinin süqutundan sonra başlayan mülayimləşmə dövründə neft sənayesi mövzusunda çəkilən filmlərdə artıq istehsalat prosesi, bu sahədəki yeniliklər, uğurlar və problemlərlə yanaşı mümkün qədər insan hekayələrini də önə çəkməyə çalışırdılar.  

Azərbaycan müəllif kinosunda lirik-poetik xəttin tərənnümçüsü Arif Babayev sözügedən mövzuda iki tammetrajlı ekran əsəri lentə alıb: “Ömrün ilk saatı” və “İnsan məskən salır”.  Bugünkü məqaləm onun “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə” filmləri qədər populyarlıq qazanmamış “Ömrün ilk saatı” (1973) filmi haqdadır.

“Ömrün ilk saatı”


“Ömrün ilk saatı”, səhv etmirəmsə, milli kino tariximizdə bir nəslin (ata-oğul-nəvə) yaşadığı müxtəlif dövrləri əhatə edən ilk və yeganə film-epopeyadır. Rejissor istehsalat prosesini hekayənin məğzi kimi göstərməməyə, insanı obrazlarını ona qurban verməməyə, peşə fəaliyyətləri ilə şəxsi həyatı paralelləşdirməyə çalışır, mühitin qəhrəmanlarına təsirini göstərir.

“Ata” adlanan birinci hissə, Sovet hakimiyyətinin qurulduğu ilk illərdə qazma ustası Mehdinin (Həsənağa Turabovun) fəaliyyəti haqdadır. Əsas konflikt Mehdinin neft sahəsində irəli sürdüyü təkliflərə məmurların skeptik yanaşması, onun yenilkçi ideyalarının qəbul edilməməsidir. Qəhrəmanların proqressiv ideyalarının qəbul etdirməsi, onların gərgin mübarizəsi bahasına başa gəlir. Ümumiyyətlə isə yuxarıda adını çəkdiyim filmlər – “Yeni horizont”, “Qara daşlar”ın süjetində də konfliktin motivi eynidir: neft sahəsində köhnələrlə yenilərin elmi, ideya mübarizəsi. Sadəcə, “Ömrün ilk saat”ında oxşar məzmunlu konfliktin inkişafında qəhrəmanın emosiyaları, özəl xarakteri, şəxsiyyətinin rol oynaması xüsusi vurğulanır (ssenari Ramiz Fətəliyev).  Düzdür, tamaşaçıya qəhrəmanın irəli sürdüyü yeniliklərin nədən ibarət olduğu haqda konkret məlumat verilmir, bu hissələr musiqi ilə klip estetikasında həll olunur. “Ata” epizodu onunla bitir ki, dənizdə növbəti iş zamanı briqada üzvlərindən biri Aşot (Q.Petrosyan) həlak olur…

Ümumi kompozisiyada, dramaturgiyada müəyyən qırılmalar, natamamlıqlar nəzərə çarpır, sanki rejissor material qıtlığından əziyyət çəkib. Fokus mərkəzi xəttdən yayınaraq Mehdinin iş yoldaşlarının süjetdə elə də əhəmiyyət kəsb etməyən zarafatlarına yönəlir, buna lazım olduğundan daha çox vaxt ayrılır. Təbii ki, Mehdinin yaşadığı mühiti göstərmək, detallardan istifadə, dostlarını tanıtmaqdan ötrü belə fəndlərə müraciət labüddür. Sadəcə, təklif olunmuş vəziyyətlərdə xronometajı dartıb uzatmaq təəssüratı yaradır. Mehdinin xaricdən gəlişinin kafedə dostları ilə qeyd olunması səhnəsi, Aşotun “Sarı gəlin” mahnısını zümzümə etməsi, Aşotun  şəninə təriflər yağdırılaraq ona məxsusi diqqətin ayrılması dramaturji yük daşımır. Dostların Aşotun iş başında həlak olmasına kədərlənmə səhnəsinin uzunluğunu anlamaq olar. Çünki burada əsas məsələ, Mehdinin uğursuzluğunu mənəvi-psixoloji cəhətdən necə yaşamasını göstərmək və ümidsizlik içində qəfil parlayan müjdəyə – oğlunun doğulmasına reaksiyasıdır. Yeni insanın doğulması həm də ümid, həyatın davamı kimi simvolik məna daşıyır.

“Ömrün ilk saatı”


Mehdinin Amerikada təcrübə toplamaq məqsədilə getməsi, buradakı fəaliyyətinin fototexnika metodunda təqdimatı isə filmin ritminə uyğun gəlmir.

“Oğul” epizodu İkinci Dünya müharibəsində döyüşən oğulun – Yusifin (Şahmar Ələkbərov) qayıdışı ilə başlayır. Atasının yolunu davam etdirən Yusif də neft sahəsində radikal islahatların tərənnümçüsü kimi təsvir olunur. Burada da əsas konflikt onun müasir, həm də risk tələb edən baxışlarıyla məmurların fikirlərinin toqquşmasıdır. Yusifin dənizdə estakada tikmək təklifi utopiya kimi qəbul edilir.

Qəhrəmanın müharibədən dinc həyata dönüşü, rəhbər şəxslərin laqeydliyi ilə qarşılaşması və onlara qarşı mübarizəsi, bəzən də mübarizəsinin fiziki yolla həllinə cəhdi “Ölsəm, bağışla” filminin ovqatını yada salır (filmin operatoru Rasim Ocaqovdur).

Konflikt, Yusifin dənizdə çətin şərtlərdə neft çıxarmaq təklifini qazma ustalarının qəbul etməməsi, həyatlarını riskə atmaq istəməməsi ilə biraz da dərinləşir. Bununla da müəllif, müharibənin çətnliklərindən çıxmış insanların idealist, qəhrəman obrazını yaratmaqdan qaçır və onların təhlükəsiz güzəran, yaşayış arzulaması həyat gerçəkliyinə əsaslanır. Və həmin səhnəni Qələbə bayramında nümayişə çıxan insanların yaxın planda foto texnikası ilə təsviri tamamlayır. Burada yəqin ki, məqsəd, ümumi mənafe naminə həyatını təhlükəyə atmaq istəməyən, bədii obrazlarla Qələbə bayramını sevinclə qeyd edən nümayişçilər – sənədli obrazlar arasındakı dərin təzadı göstərməkdir. Və rejissorun həqiqəti güman ki, bədii obrazların münasibətində ifadə olunur. 

Qatarda, xaricdə atasının tərcüməçisi qismində çalışmış Villisoviçin (Plases) Yusiflə tanışlığı və Sovet dönəmində artıq yaşa dolmuş Yusifin qəzetdə onun haqda nekroloqunu oxuyaraq xatırlaya bilməməsi xətti natamamdır. Əgər qatar epizodunda tərcüməçi Yusifin atasını xatırlaya və Yusif sonrakı illərdə onunla tanışlığını yada sala bilmirsə, onda həmin vəziyyətlərin ifadəsi heç bir məna kəsb etmir və dramaturji baxımdan məntiqli görünmür.

“Ömrün ilk saatı”


Hər epizod yuxuyla başlayır. Mehdi yuxuda öz ideyasını tapır, Yusifin yuxusu müharibənin kabuslarından ibarətdir, “Nəvə” hekayəsində isə Azərin (Rasim Balayev) yuxusunda ağ məkana qara neft ləkə kimi tökülür. Bu isə Azərin atasıyla (həm də bu sahədə yaşlı nəslin təmsilçisi) konfliktinin əsas məğzini təşkil edir. Azər, atasının nüfuzu sayəsində rahat həyat yaşasa da, öz fikir və ideyalarına inanır. Beləliklə, burada konflikt yeni səviyyədə təzahür edir. Babası və atasının yolunun davamçısı olan Azər, neftin Xəzəri çirkləndirməsinə qarşıdır. Hərçənd, onun buna qarşı hazır konsepsiyası yoxdur, o, passiv etirazçıdır və çıxış yolunu qalıb mübarizə aparmaqda yox, ölkədən getməkdə görür. Lakin atanın təkidləri, onu öz ideyaları uğrunda mübarizəyə səslənməsi onu dayandırır… Digər epizodlar kimi bu hekayə də yeni övladın doğulmasıyla bitir.

Arif Babayevin lirikasının, poetizminin filmdə müəyyən əlamətləri duyulur, xüsusən vizual üslubunda. Yuxularla gerçəkliyin bağlanması, hərəkətdə olan şəhər mühiti, neft daşlarının futurist stildə göstərilməsi, çirkli görüntülərin poetikləşdirlilmiş rakurslarla təsviri.

Sevda Sultanova

Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya