Akvariumda balina
Mütəxəssislərin fikrincə, son onillikərdə dünyanın başlıca problemlərindən biri aclıq, müharibələr deyil, köklük olacaq. Bunu müasir yəhudi tarixçi Noah Huval Harari də əsərlərində dəfələrlə vurğulayır. Nizamsız yemək mədəniyyəti, get-gedə yeməyimizin əsasını təşkil edən fast-fudlar, daha çox istehsalçıların maraqları nəzərə alınaraq hazırlanan naməlum mənşəli qidalar, eləcə də texnologiyanın sürətlə insanın əlindən fiziki əməyi alıb onu bütün gününü monitor arxasında keçirən pambıq xaralına çevirməsi nəticəsində dünyada köklükdən əziyyət çəkənlərin sayı gündən-günə artır.
Darren Aronofskinin bu il “Ən yaxşı qrim və saç düzümü”, eləcə də “Ən yaxşı aktyor” nominasiyalarında Oskar mükafatı alan “Balina” filmi də bu çağdaş problem haqqındadır. Filmin baş qəhrəmanı Çarli bütün gününü qonaq otağındakı nəhəng divanda keçirən, yalnız təbii ehtiyaclarını ödəmək və yatmaq üçün yerindən qalxan ingilis dili müəllimidir. O, özünün xarici görkəmindən utanır, buna görə də “kameram xarabdır” bəhanəsi ilə onlayn dərs dediyi tələbələrindən üzünü gizlədir, yemək gətirən kuryerin gözünə görünmür.
Ona təmənnasız yardım göstərən tibb bacısı və yeganə rəfiqəsi Lizin sözlərinə görə, təcili surətdə xəstəxanaya yerləşdirilib həkim nəzarətinə götürülməsə, bir həftə ərzində bu dünya ilə vidalaşacaq.
Bu baxımdan tamaşaçı, aktyor Brendan Freyzerin canlandırdığı qəhrəmanın əslində son günlərinə şahidlik edir. İlk dəqiqələrdən tamaşaçıya elə gəlir ki, ekran işi köklükdən əziyyət çəkən bir adamın bu xəstəliklə mübarizəsindən bəhs edir, lakin, getdikcənecə dərin bir problemin qoyulduğu aşkarlanır.
Lakin Çarli xəstəxanaya getmək niyyətində deyil, halbuki müalicə üçün kifayət qədər pulu da var. Lakin o, topladığı 120 min dolları yeniyetmə qızının hesabına yatırmağa hazırlaşır. O sona qədər də bu inadından əl çəkmir, hətta ən kəskin ürəktutmalarında belə xəstəxanaya yerləşdirilməkdən imtina edir.
Freyzer bu film üçün kifayət qədər çəki almalı olub. Güman ki, bir neçə ildir rejissorların diqqətindən kənarda qalan aktyor yenidən böyük səhnəyə qayıtmaq naminə bu riskə gedib.
Zənnimcə, qayıdış uğurlu alınıb. Aldığı “Oskar” mükafatı da bunu təsdiqləyir. Lakin filmin ssenari müəllifi Semuel D.Hanter də mərasimdə sürəkli alqışlara layiq idi (Müəllifin eyniadlı pyesi var). Bu cür möhtəşəm bir ssenariyə görə “Ən yaxşı ssenari işi” kateqoriyasında “Oskar”ı mütləq Semuel D.Hanter başının üzərinə qaldırmalıydı.
Aronofski, filmi üçün balina metaforundan istifadə edib. “Balina” deyərkən də ilk ağla gələn əsərlərdən biri Herman Melvilin “Mobi Dik, yaxud ağ balina” romanı olduğu üçün rejissorun həmin əsərə göndərmələri təbiidir. Filmboyu dəfələrlə Melvilin romanı xatırlanır.
Balina hakimlik, böyüklük, nəhənglik, güc rəmzidir. Bəs Çarli balina qədər güclüdürmü? Bir qədər tərəddüdlə də olsa demək olar ki, bəli. Çarli, xəstəliyi üzərinə balina balinaovlayan gəminin üzərinə getdiyi kimi cəsarətlə gedir, qoyduğu məqsədə nail olmağa çalışır, özünü qızının yolunda fəda edir, bununla bir növ günahlarını yumağa çalışır.
Mənə görə Aronofskinin “Mobi Dik”dən təsirlənməsi unikaldır. Rejissor burada əsərin süjetindən faydalanmır. Daha çox ideya və vizual göndərmələrə söykənir, kamera bəzi məqamlarda Çarlini böyük planda verir və biz onun nəhəngliyini duyuruq, digər planda isə divandan qalxan Çarli sudan başqa qaldırıb tullanan nəhəng ağ balinanı xatırladır. Bu məqamda elə bilirsən sənin qarşındakı həqiqətən balinadır. Onun bədəni balina kimi piy qatı ilə örtülüdür. Çarli yerimir, balina kimi ağır-ağır üzür, Çarli yemir, balina kimi qidanı parçalayır, Çarli yatmır, yalnız mürgüləyir. Rejissor, Çarlini nisbətən cılız aktyorların əhatəsində verməklə onu daha da nəhəngləşdirir, böyüdür.
Nəhəng kök adamı canlandırdığı üçün filmdə Freyzerin hərəkət imkanları məhduddur. Bununla belə o öz obrazının öhdəsindən məharətlə gəlir, məhdud hərəkətlər çərçivəsində belə, qəhrəmanının hiss və həyəcanını, ağrılarını ötürə bilir, xüsusən üz cizgiləri ilə obrazının yaşantılarını kamerada ustalıqla əks etdirir.
Çarli öz böyük okeanında tək-tənha üzən ağ balinadır, Mobi Dikdir. Onun yaşadığı balaca ev isə Çarlinin heç vaxt tərk etmədiyi, içində yaşadığı okeandır. Bir gün kapitan Ahab mütləq onu ovlamaq üçün gələcək. Və o gün yaxınlaşır.
“Balina” avtobusun dayanması və kiminsə avtobusdan düşməsi ilə başlayır. Bu, filmin nadir çöl səhnələrindən biridir. Sonra biz notbukda homoseksualların videosuna baxıb masturbasiya edən və halı pisləşən kök adam görürük. Bu zaman da evə cavan bir oğlan daxil olur ki, onun biz “Yeni həyat” adlı xristian kilsəsinin missioneri olduğunu öyrənəcəyik, lakin indiki halda Çarli əlində tutduğu kağızları həmin yad oğlana uzadaraq ucadan oxumasını xahiş edir. Gənc oxuduqca məlum olur ki, yazı Herman Melvilin romanı haqqındadır. Mətn oxunduqca Çarlinin halına müsbət təsir edən bu essedə belə cümlə var: “Kitabda balinalar haqqında uzun təsvirlər yorucu görünə bilər, lakin mənə elə gəlir ki, müəllif bunu öz kədərini bizdən gizlətmək üçün edir”.
Essedə romana aid olan fikirləri film üçün də təkrarlamaq olar. Əslində Çarlinin köklüyü və onun davranışı haqqında vizual təsvirlər sadəcə fon kimi verilib, bizi qəhrəmanın əsas kədərindən, dərdindən yayındırmaq üçündür. Yəni köklük burada yalnız fon rolunu oynayır, əsas problem dərinlərdədir.Filmdə eynicinsli sevgi, ata-övlad, kilsə kimi mövzulara toxunulub.
Çarli sevdiyi tələbəsi Alana görə ailəsini tərk edib. Buna görə qınanıb, vəittiham olunub. Alan isə “Yeni həyat” kilsəsinin rəhbərinin oğludur. O, yaşadığı bu münasibətə görə vicdan əzabı çəkib və bir gün bu iztirablara davam gətirə bilməyərək intihar edib. Bundan sonra da Çarli depressiyaya düşərək dayanmadan qidalanmağa başlayıb. Nəticədə köklük xəstəliyinə yoluxub. O, artıq dönüşü olmayan bir yola qədəm qoyduğunu anlayır. Yığdığı piyləri ölümü üçün, yığdığı pulları qızı üçün xərcləyərək, bir növ onun gələcəyini təmin edərək günahını yumağa çalışır. Halbuki bu pulları özünə xərcləyərək sağala bilər. Bu anda o, balasını xilas etmək üçün özünü ovçuların ağuşuna atan balinanı xatırladır.
Çarli indi təkdir. Bircə könüllü surətdə ona baxıcılıq edən Lizdən, Alanın bacısı Lizdən başqa kimsəsi yoxdur. Liz onu xəstəxanaya getmək üçün nə qədər yola gətirməyə çalışsa da buna nail ola bilmir. Amma Çarli sanki bu təklikdən məmnundur, nəhəng balina təkliyi onu qorxutmaq yerinə elə bil sevindirir, özünün balinaya bənzəyişi ona xoşgəlir.
Çarli qızı ilə münasibətlərini bərpa etmək istəsə də Alana olan sevgisi onu tərk etməyib. Yəni Çarli elədiklərinə görə peşman deyil, əksinə həyatından keçən bu sevgiyə görə xoşbəxtdir. O indiki eybəcər durumunda belə zaman-zaman Alanı xatırlayır. Baxmayaraq ətrafındakılar onun haqqında mənfi düşünür, məsələn, qızı Eli, Liz belə onun gənc missioner Tomasdan xoşlandığına işarə edirlər. Hətta bir məqamda Çarli ona bir xahişi olduğunu söyləyəndə Tomas bunun intim təklif olduğunu zənn edir. Tomas var qüvvəsi ilə Çarlini haqq yoluna qaytarmağa çalışır və bu zaman Çarli ona deyir: sənin fikrincə Allah 7 milyard insanı yaradıb ki, sonradan yalnız 140 minini cənnətə salsın, qalanını cəhənnəmə yollasın?
Çarli ölüm anında belə Tomasın dediyi haqq yoluna qayıtmaqdan vaz keçir və bununla sevgisinə görə peşman olmadığını nümayiş etdirir və hər dəfə Alanla münasibətlərindən bəhs edəndə yenə eyni qaydada həyəcanlanır.
Lakin Çarli təəssüflə anlayır ki, Alan bu sınaqlardan çıxa bilməyib, o Çarliyə olan sevgisi ilə Allahın eynicinslilərlə bağlı qadağaları arasında vurnuxub. Bunun üçün də sonradan çıxış yolunu intiharda görüb.
Çarlinin başına gələnlərin əsl səbəbi səmimiyyətidir. O, içindəki duyğuları gizlətmir, ailəsini tərk etməyi gözə alır. Buna görə qınanır, kişiyə dəyişdiyi arvadının, xüsusən də qızının nifrətini qazansa belə səmimi olmaqdan çəkinmir. Çarlinin tələbələrindən də yeganə tələbi budur: səmimi olmaq, etiraf etmək. O, məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə qalan qızına da yalnız ürəyindən keçənləri yazmağı xahiş edir və filmin sonunda qızının səkkizinci sinifdə oxuyarkən “Mobi Dik” haqqında yazdığı esseyə işarə edərək deyir ki, bu onun həyatında həmin roman haqqında oxuduğu ən səmimi essedir.
Nəhayət sonda məlum olur ki, hər dəfə ürək tutmaları baş verəndə dinləyib təsəlli tapdığı esse Çarlinin qızının yazdıqları imiş. Çarli qızında əsl yazıçılıq qabiliyyəti görür və bu yazıları hər dəfə müqəddəs bir mətn kimi oxuyur. Anasından fərqli olaraq Çarli, qızının ona olan nifrətinin içində gizlənmişişığı duyur. Onun Feysbuk hesabını nəzərdən keçirərkən qızının nifrətlə yükləndiyinin şahidi olur və buna qismən özünün bais olduğunu dərk edir.
Deyəsən, sonluqda qızı da onunla barışır və Çarli nəhayət heç bir kömək vasitəsi olmadan yerindən qalxaraq qızının qarşısında bütün eybəcərliyi ilə dik dayanır. Və bu zaman o, okeanda öz qatilinə sonuncu dəfə güc nümayiş etdirərək sudan şaxə qalxan nəhəng balinanı xatırladır.
Darren Aronofskinin incə ədəbiyyat telləri ilə toxunmuş “Balina” filmi təkcə ideyasına görə deyil, həm də möhtəşəm təsvirlərinə görə əlamətdardır. Rejissor kiçik bir məkanın içində tamaşaçıya böyük okean intəhasızlığını aşılaya bilir. Bəzən bu təsvirlər o qədər mükəmməl alınır ki, tamaşaçıya filmin süjetini, əsas məğzini unutdurur, onu görüntüyə kökləyir. Etiraf edim ki, mən bir bədii əsərə bu cür vizual planda yanaşma rast gəlməmişəm. Filmə baxandan sonra təsvirlər uzun müddət gözlərinin qarşısından çəkilmir.
Sonda vacib deyil Çarli ölür, ya yox. Əsas odur, qızının yaşlı gözlərində təşnəsi olduğu o sevgini görür və xəyalında bir zaman yoldaşı və qızı ilə xoşbəxt olduğu səhnə canlanır. Hansı ki, içində okean da vardı.
Mirmehdi Ağaoğlu