İNDİ OXUYUR
Cəhənnəm içimizdədir

Cəhənnəm içimizdədir

Əgər bu filmi dinləməsən, ona baxmaq mənasızdır. Janrını da heç düzgün müəyyənləşdirməyiblər: biri yazır bu, dəhşət filmidir, o biri isə deyir ki trillerdir, üçüncüsü də qışqırır ki, dramdır. Olsun ki, marketoloqlar filmi satmaq, müasir tamaşaçını daha çox cəlb etmək məqsədilə onu belə reklam ediblər. Yox, film nə ondandır, nə bundan: film fəlsəfi pritçadır, anlamağın mümkünsüzlüyü, mənasızlıq haqqında fəlsəfi pritçadır, dini mifologiya ilə, dini kitablarla, sənətlə, memarlıqla, dünyanı və insanı izah etmək istəyən filosoflarla, hətta peyğəmbərlərlə qiyabi dialoqdur.

Lars fon Triyer kino dilində vizual obrazların köməyilə fikirləşən və danışan filosofdur: “Cekin inşa etdiyi ev” (2018) filmi isə onun fəlsəfi bəyanatıdır. Bu bəyanatda o, üç nəsnəni təhlilə çəkməyə çalışır: yaradılışı, insanı və ictimai-sosial mifologiyanı. Triyerin filmi kinorentgendir: bu kinorentgen tarixin, cəmiyyət və mədəniyyətin anatomiyasına tuşlanıb. Daha doğrusu, rejissoru maraqlandıran əsas fenomen mövcudluğun arxetipidir, yəni arxetiplər arxetipidir.

Nə, nə üçün və necə idarə olunur? Bilən varmı? Yox. Bilə də bilmərik. Film cavabsızlıqdan başlayır. Cəhənnəm qapılarından, etirafdan başlayır.

“Cekin inşa etdiyi ev” filmində Cek qəhrəman deyil, tanrı deyil, iblis deyil, funksiyadır. Onun arxasınca mədəniyyət tarixini əyninə don eləmiş qərinələr sənədli kinonun kadrları ilə “sürünür”: tarix və ekzistensiya determinizm əlaqəsində götürülür. Ekzistensiya tarixsizdir, amma tarixi, ekzistensiya yaradır. Ev ekzistensiyadan tarixə, inancdan dinə keçid mərhələsidir.

Tarix, evlərin tikilib-sökülməsi ilə səciyyələnir. Əgər elədirsə, onda soruşulur: dünyada abadlıq çoxdur, ya xarabalıq? Süleyman peyğəmbərin hüzuruna gəlməyən bayquşun hesablamalarından biri elə bu. Evlər işarədir, xarabalıqlar – simvol.

“Cekin inşa etdiyi ev”, rejissor L.V.Trier


Triyer öz personajını ingilis folklorundan götürdüyünü gizlətmir. Ona görə gizlətmir ki, personaja arxetip-model kimi baxır. Cek kukla-robotdur, öldürmək alətidir, xaraktersiz birisidir: yalnız instinkt və reflekslərin səsinə qulaq asır.

Sözlər insanların üzlərinə tutduqları ələkdir. Biz sözlərimizlə instinkt və reflekslərin üstünü örtürük. Bu ələyə maska da demək mümkündür. Lakin faydası nə? Onsuz da heç kim bəraət almayacaq. Cinayətimiz ömrümüzə nöqtə-nöqtə düzülmüş qətllərdir. Biz qatil olmağa doğulmuşuq, qatil olmağa planlaşdırılmışıq.

Yaşamaq üçün öldürməlisən.

Ağaclar yerin altını “yeyir”. İnsanları torpağa basdırırlar. Deməli, ağaclar insanları “yeyir”. Biz ev tikəndə ağacı, daşı, torpağı “öldürürük”. Beləcə, hər şey bir-birini yeyə-yeyə gedir, “öldürə-öldürə” yaşayır. Yemək üçün əvvəlcə öldürmək gərək… Qida zəncirinin məntiqi budur və hamı bu qida zəncirinin içindədir!

Əslində, qida zənciri qətl zənciridir və bu həqiqətdən bir kimsə qaça bilməz. Həyat deyilən bir nəsnə bu cür strukturlaşdırılıb: nə səndən asılıdır, nə məndən. Onda belə görünür ki, düşünən səhv düşünüb. Səhv tanrının səhvidir. Ancaq bu səhvdirmi? Öldürüb-ölmədən həyat bir əfsanə. Həyat ölümsüz olsa, yaşamaq eşqi, yaşamaq uğrunda cəhdlər də həmən ölər. Bəlkə də elə buna görə insana Qatil adı verilməliydi…

“Cekin inşa etdiyi ev”, rejissor L.V.Trier


Bəs mənəviyyat necə oldu? Bəs emosiyalar və hisslər? Yoxsa biz hamımız cəhənnəm əhliyik? “Zahid, məni aldatma, cəhənnəmdə od olmaz; onlar ki yanırlar, odu buradan aparırlar”. Hay-hay, şair sözüdür, əlbəttə, inanma: yerin “damarları” ilə fırlana-fırlana gəlib vulkan ağzından bayıra püskürən lavalar ki bizdən deyil.

Amma bizi gözlər! Gözlərmi?

Bəlkə bu da bir mif, bir nəsihət, bir cilovdur? Hərçənd insan neyləsin? Onun yaşadığı ömür həsəd aparılası ömür deyil: özünlə daimi mübarizə bezdiricidir. Mənəviyyat bir şey deyir, bədən başqa şey istəyir: beyin isə heç cür haqlı və haqsızı müəyyənləşdirə bilmir.

Odur ki, kinorejissor Triyer xilas ideyasına skeptik yanaşır, bunu uydurma sanır, aldanış sanır və öz qəhrəmanını anbaan cəhənnəm oduna yaxınlaşdırır. Cek əlacsızdır, qəfəsdəki quş kimidir, kinorejissorun ovcundadır və praktiki şəkildə onun qaçası yeri yoxdur.

Lars fon Triyer sanki Cekin yaxasından yapışıb onu uçurumun üstündə saxlayır və yalnız finalda yumruğunu boşaldıb öz kuklasını nəhəng anakonda kimi qıvrıla-qıvrıla qızaran cəhənnəmin qaynar mərkəzinə buraxır.

Bütün qatillərin aqibəti budur. İndi özünüz fikirləşin, Cek kimdir? Mühəndis, memar, sürücü, aktyor? Cek heç kimdir, Triyerin oyuncağıdır. Məgər biz də tanrının oynatdığı kuklalar deyilik? Məgər o müəyyənləşdirmir ki, kimi cənnətə atacaq, kimi isə cəhənnəmə? Bəşər tarixində bütün dinlər insanların instinktlərilə mübarizəyə yönəlməyibmi? Ancaq hələ də insanı vəhşilikdən qurtarmağa heç bir dinin gücü çatmayıb. Çünki insan ən çox öz instinktlərini sevir.

Ov qatillik universiteti sayılmazmı? Ovdan müharibələrə bir addımlıq yol qalmırmı? Müharibədə insanlar ovlanmırmı? Bəs rəssamların çəkdiyi natürmortlar qatilliyə bir eyham kimi götürülməzmi? İncəsənət ölümdürmü, ölüm incəsənətdirmi? Nə qədər dirisən, əbədi deyilsən, ölürsən, əbədi olursan. Mənasızlığın sonu varmı? Allahsız adam cilovsuz at kimi sərhəd tanımır. Allah öləndə əxlaq qalmır və sən hər şeyə icazəlisən. Buradan o yana isə ömür yolu cəhənnəm yoludur.

Bax, arxetip-mənanı, arxetip instinkti, arxetip-dəyəri axtara-axtara beləcə düşünür Lars fon Triyer və bunu düşünə-düşünə digər kinorejissor Kventin Tarantino ilə məzələnir, ona bir uşaq kimi yanaşır, lağ edir, aktrisa Uma Turmanın personajını müasir geyimli, XX əsr ifritəsi kimi yolun kənarına çıxarır və onu qətllər silsiləsinin hərəkət mexanizmini işə salan impuls – ilkin təkan qismində təsvir edir. Epizod bir yandan Tarantinonun “Kriminal qiraət” (Miya Volles – Uma Turman), o biri yandan “Mənfur səkkizlik” filmlərilə baxışır. “Cekin inşa etdiyi ev” filmi zahirən Kventin Tarantinonun kino təfəkkürü, kino təhkiyəsi tərzində üslublaşdırılıb. Batində isə Triyer bəlkə də öz rejissor həmkarını ittiham edir, onu filmlərində göstərdiyi vəhşiliklərə, saysız-hesabsız qətllərdən, qan fışqırmalarından ləzzət duyub əyləndiyinə görə dartıb özüylə bərabər cəhənnəmə aparır. Mümkündürmü? Ola bilər. Niyə də yox? Hərçənd Cek daim öz təsəvvüründə ucaldacağı evi layihələşdirməklə məşğuldur və bu kontekstdə Tarantino, qəhrəmanlarından daha bir pillə yuxarıdadır, daha çox yaradıcıdır. Lakin bu nəyi dəyişir ki? O, öz evinin layihəsini cıza-cıza, bu layihənin fraqmentlərini gerçəklikdə quraşdıra-quraşdıra, quraşdırdığını sökə-sökə, öldürdüyü insanların bədənlərindən cəhənnəmin heykəlini, cəhənnəmin qapısını və cəhənnəmin özünü inşa etdiyini görür.

Xatırlayırsınızmı “Mənfur səkkizlik” filminin ilk epizodunu: qarlı meşə yolu ilə irəliləyən faytonu? S.L.Ceksonun personajı bir “adam ovçusu” kimi faytonu saxlatdırıb ora minmirmi, yeni qətllərin baiskarı olmurmu?

“Mənfur səkkizlik”, rejissor K.Tarantino


“Cekin inşa etdiyi ev” filminin ilk kadrlarında da Uma Turmanın personajı furqonlu balaca qırmızı avtobusu inad-xahişlə saxlatdırıb sürücünün yanına əyləşir, bütün yolboyu ona qorxularını, şübhələrini danışa-danışa öz ölümünü və qətllər sırasını provokasiya edir, başqa sözlə, Ceki maskasının içindən çıxardır. Maskasını kənara tullayan Cek tərəddüd etmədən onu təngə gətirmiş qadını qətlə yetirir.

Həvva ananın roluna və fantaziyalarına bir eyhadırmı bu? Bəlkə də…

“Din yox olsaydı yer üzündə əgər”… insan vəhşiyə dönərdi… Lars fon Triyer dünyanın ən böyük faşistidir, dəccalıdır. Eyni zamanda, dünyanın ən böyük humanisti və antifaşistidir.

Bununla belə o, amansızcasına amerikalı Kventini “ucuz” bir rejissor qismində qanına “qəltan edir”, onun yararsızlığını faş edib aləmə göstərir. Tarantinonun “Billi öldür!”, “Kriminal qiraət” filmlərində olduğu kimi Triyerin “Cekin inşa etdiyi ev” filmi də beş hadisə, beş toqquşmadan ibarətdir və hər bir toqquşma qətllə nəticələnir. Bu qətllər Cekin (Mett Dillon) özünü anlamaq, özünü tanımaq, özünü kəşf və ifşa etmək dərdinin ifadəsidir. Çünki heç kim, heç kimi eşitmir. Hamı öz “eqo”suna vurğundur. Hamı öz intellektilə məşğuldur. Hamı özünü simvollardan asılı etmiş psixopatdır. Psixopatlarda isə empati olmur. Odur ki, bağırsan da heç kim köməyə gəlməyəcək. Cek öz sonuncu qadın qurbanına deyir ki, nə qədər istəyirsən, qışqır, heç kəs dadına yetişməyəcək. Qəribədir, qətli qətl ardınca törədən Cekin özünü də heç kim görmür. Ona görə ki, cəmiyyət biganələr cəmiyyətidir.

Öldürmək və öldürməmək üçün insanlara simvol, adət, rituallar lazımdır ki, özlərinə bəraət qazandırsınlar, öz günhalarını öz gözlərində yusunlar, özlərini təmizə çıxartsınlar. Bir halda bu simvol qadağadır, digər halda – icazə. İnsana insan qalmağın hüdudlarını məhz simvollar, işarələr göstərir. Onlar, sadəcə, bir xatırlatmadır.

Mifologiyanı simvollar yaradır, simvolları – cəmiyyət. Miflər simvollar haqqında xalq fantaziyalardır.

“Faust”un müəllifi, almanların filosof şairi Hötenin bir vaxtlar kölgəsində rahatlanıb şedevrlər yaratdığı palıd ağacı, sonralar ölüm kameralarına gedən əsirlər üçün seyr obyekti idi. Buhenvaldda cəza düşərgələrini məhz bu palıdın böyründə tikmişdilər. Tarixin kinayəsidirmi? Cəhənnəmi inşa edən kimdir?

“Cekin inşa etdiyi ev”, rejissor L.V.Trier


Biz instinktlərimizin çiyinlərində cəhənnəmə gedirik.

Adamı tanrı öldürür, təbiəti – insan. Kimdir qatil?

Cek öz evlərində sakit yaşayan milyonlardan biridir. Bu milyonlardan hər birinin içində aşkarlanmamış qatil mürgüləyir.

Cəhənnəm özünəməxsus qətl, cəza, cəllad variantıdır. Amma nə insanları yaxşılaşdıra bilir, nə də – cəmiyyəti. Çünki arxetipi qorxudur. Hərçənd cəhənnəmin özü də simvoldur.

Bu filmində Lars fon Triyer əsrləri bir-birilə görşüdürür və sonda nəyisə dəyişməyin mümkün olmadığını görür. İnsan davam edir və instinktlərinin çaldığı havaya qol götürüb oynayır. Əgər insan robota çevrilsə, bəlkə onda problemlər aradan qalxar: ona görə ki, bütün maraqlar, istəklər anında sönər, işıqla qaranlığın arasındakı fərq itər, cənnətə və cəhənnəmə ehtiyac qalmaz.

Mən bu filmi izləyə-izləyə düşündüm ki, Triyer kinodan “küsür”, tamaşaçısını aldatmaq istəmir. Amma özünün də xilas resepti yoxdur. Resepti olmadığı üçün də axırda gəlib “süqutun gözəlliyinə”, “çürüntünün alicənablığına”, “xarabalıqların möhtəşəmliyinə” inanmaq qərarına gəlir. Bu filmə baxdıqdan sonra insan özünənifrət bayraqlarını dalğalandıra bilər.

İnsanlara yalançı ümid verəndə onların ömrü uzanır. Ümid həmişə xeyirxahlıqdır. Triyer isə cəhənnəm köpəyi kimi bütün ümidləri insanların əlindən qapıb xilasın mümkünsüzlüyünü fasiləsiz təlqin edir.

Çünki bu cəhənnəmi Cek inşa edib. Bu o deməkdir ki, cəhənnəmin müəllifi biz özümüzük. Cəhənnəm içimizdədir. Bu dəhşətli fikirlə yaşamaq necə də məhvedicidir.

Amma sən cəhənnəmin hər hansı bir formada mövcudluğuna inanırsansa, deməli, sən hələ də “Allahdasan”. Allah ümiddir! Allahla yaşamaq da asanlaşır, ölmək də: çünki cəhənnəmdən qurtulmağa ümid yaranır.

Hətta Allah cəhənnəmdə də seçimi insanın əlindən almır. Kifayətdir ki, Cek yolunu dəyişsin. Sonda Allahın özü də mənəviyyat çevrəsinin ən ali simvoludur.

Film cavabsız qurtarır. Film cəhənnəmin dibində qurtarır. Film sükutun etirafı ilə qurtarır. Ola da bilər ki, Lars fon Triyer cəhənnəmin təbəqələrini vizuallaşdıra-vizuallaşdıra, Stiksin sularını göstərə-göstərə, qaynar lava istisilə ətrafı qızarda-qızarda kino sənətinin Dante Aligiyerisi adlandırılmaq iddiasındadır. Elə isə onun bu ümidini əlindən almayaq. Biz ki Triyerə oxşamırıq.

Ağlın müştəbehliyi, “eqo”nun hikkəsi yox, ürəyin sevgisi hər zaman qalib olur.

Mən bir də onu fikirləşdim ki, Triyerin bu filminin mövzusunu XX əsrdə artıq çoxdan “çeynənib” və hamıya hər şey aydındır. Bu müstəvidə Yorqos Lantimos XXI əsrin kinointellektualı kimi mənə daha maraqlı görünür. Əgər kinomif Triyerdə qurtarıbsa, cəhənnəmin içinə daxil olubsa, Yorqos Lantimos üçün kinomif hələ də tamaşaçını bəşəriyyətlə duyğulandırmaq imkanlarını tükətməyib.

Elə ona görə də Triyer öz kinomifi və kinodilində “boğulur”.

BU CƏHƏNNƏMİ CEK İNŞA EDİB. KİNONU CƏHƏNNƏMƏ DÖNDƏRƏN MÜƏLLİF TRİYERDİR.

Elə isə onun Cekdən nə fərqi?

Hərçənd bütün bunlar Lars fon Triyerin “kino dahisi” adlandırılmaq şansını heç azaltmır.

Aydın Talıbzadə /Məqalə ilk dəfə Kulis.az saytında yayımlanıb.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya