Tamaşaçını sınağa çəkən “Sahə”
“Sahə” bədii filmi (rejissor: İlqar Safat, 2010) Azərbaycanın azsaylı Oskar namizədlərindən biridir. 2010-cu ildə nümayiş olunan bu filmdən geniş auditoriyanın xəbəri yoxdur. Çünki yeni filmlərimizi izləmək üçün xüsusi bir platforma, işlək bir mexanizm yoxdur. Bəzi müəlliflər YouTube platformasına filmlərini yükləyirlər və tamaşaçıların onların filmləri ilə tanış olmasına şərait yaradırlar, bəziləri isə bundn imtina edirlər. Həm Oskara film seçilməsi, həm də yeni filmlərimizi izləmək üçün mexanizmin olmaması ayrı yazıların mövzusudur. Lakin bu mövzuya toxunmağımın səbəbi fərqlidir: Görəsən, yerli auditoriya “Sahə” filmini izləsəydi, reaksiyalar necə olardı? Bu yazıda mən həmin suala cavab axtaracağam.
İlqar Safatın həm ssenari müəllifi, həm də rejissoru olduğu bu bu film janr olaraq misteriya-dramdır. Fotoqraf Qərib öz nişanlısı ilə evlənməkdən boyun qaçırır, hər dəfə ayrı bir bəhanə ilə məsuliyyəti götürmür, nişanlısı Səbinə isə bu vəziyyətdən narazıdır. Səbinə bu davranışların səbəbini başa düşməsə də, Qəribə dözmək üçün artıq heç bir səbəbi qalmayıb. Almaniyalı bankir Ülrix onu sevir və evlənmək istəyir, bundan xəbəri olan Səbinənin anası da Ülrixi yada salaraq ona Qəribdən imtina etməsi üçün təzyiq edir. Beləliklə, filmdəki konflikt aydındır. Qərib ilə Səbinənin münasibəti hansı istiqamətə gedəcək və Qəribin bu ürkəkliyinin səbəbi nədir?
Qərib Canet adlı afrikalı modelin fotolarını çəkərkən onun çılpaqlığına xüsusi vurğular edir, ona ingiliscə “Heyvan kimi ol, vəhşi ol” kimi göstərişlər verir. Qəribi canlandıran Zaza Bejaşvilidir və onu səsləndirən səs isə Fəxrəddin Manafova məxsusdur. Qəribin Canet ilə ingiliscə dialoqları primitivliyi ilə seçilir. İlk olaraq səbəb kimi, Qəribin ingilisdilli olmaması və ingilis dilində özünü səlis ifadə etmək bacarığından məhrum olması ağla gəlir. Ancaq qəhrəmanların öz aralarındakı Azərbaycan dilində danışıqlarını da bəzən informativ, səthi dialoqlar təşkil edir. Məsələn, Qəribin gəlişini gözləyən Səbinə siqnal səsini eşidəndə anasına “Qərib gəldi” deyir. Bu tip dialoqlarla tamaşaçıya məlumat ötürmək istənilir, ancaq bədii keyfiyyətin aşağı düşməsinə səbəb olur.
Yaxşı yazılmamış dialoqlar bəlkə altyazı ilə oxunduğu zaman problemsiz görünə bilər (hərçənd o halda da qüsurlar hiss olunur), amma Azərbaycan dilində danışan və düşünən insanlar üçün qəbuledilməzdir. Bu cür faktorlar tamaşaçını filmdən qoparmaq üçün kifayət edir. Üstəlik Qərib ilə Səbinənin düşdüyü “Sahə”də istintaqın da dialoqlar ilə getməsi, az qala filmin 35-40 dəqiqəsinin dialoq üzərindən inkişaf etdirilməyə çalışılması böyük problemə çevrilir. Dialoqla istənilən təzyiq və gərginlik qurula bilmir, aktyorların dilinə yatmayan danışıqlar onları qəribə bir hala salır. Bir məkanda keçən filmlərdə ritmi qurmaq və davam etdirmək çətindir. Çünki kameranın təsvir etməsi üçün geniş imkanları olmur. Bu imkanlar təkcə insanlarla sərhədlənir. Məhz bu tip filmlərdə rejissorların köməyinə yaxşı yazılmış ssenari, ələlxüsus dialoqlar və dialoqları ustalıqla çatdıra bilən aktyorlar çatır. Təəssüf ki, nə Zaza Bejaşvili, nə də Səbinə rolunu ifa edən Melissa Papel burada rejissorun köməyinə çata bilmirlər. Dublyaj da kifayət qədər uğurlu olmadığı üçün film sıxıcı olur, özünü diqqət mərkəzində saxlamağı bacarmır. Yalnız polis rəisi rolunu oynayan Vaqif İbrahimoğlunun maneraları, danışığı, sözləri özününküləşdirib çatdırmağı filmi xilas edir. İstintaq filmlərinə xas olan, tamaşaçını əvvəldən sona qədər diqqətdə saxlamaq üçün maraq ünsürünün istifadəsi uğurla həyata keçmir. Gərginliyi vermək üçün istifadə olunan yanıb-sönən işıqlar tamaşaçının yuxuya getməsi üçün zəmin yaradır. Burada “Sahə”yə gəldikdən sonra baş verənlər teatrallığı artırır. Kino elementlərinin zəifləməsi, yerini tamaşa seyrinə verir.
Qəribin keçmişini xatırlamağa məcbur olması onun təhtəlşüurunda gizlətdiklərinin üzə çıxmasına səbəb olur. Eynilə bir fotonun emal edilməsi kimi, neqativlər arasından qəhrəmanın keçmişi özünü göstərməyi bacarır. Bu andan sonra film yeni nəfəs qazanır. Qapalı otaqdan çıxmağı bacaran kamera səmanın genişliyindən, dənizin hənirtisindən, uşaqların zorakı davranışlarından bizə pay gətirir. Əgər tamaşaçı indiyə qədər filmi bağlamayıbsa, ya da zalı tərk etməyibsə, buna ancaq sevinmək olar. Çünki əsl film indi başlayır.
Qərib yeniyetməlik dövrünün sancılarını yaşayan gəncdir. O, əlindəki kamerası ilə ətrafı müşahidə edir, şəkillər çəkir, dünyanı və insanları kamerası vasitəsilə anlamağa çalışır. O hətta özünü ifadə etmək üçün fotolardan istifadə edir. Xoşuna gələn qızın çəkdiyi fotosunun üstünə ingiliscə “Səni sevirəm” yazır. Fotolarla zamanın əbədiləşdirilməsi və bu əbədilik içində özünə yer tapması Qəribin əsas istəyidir. Ancaq o, bu bacarıqlarını daha çox Şərə xidmət etmək üçün istifadə etməyə başlayır. Yaşadığı ərazidə olan güc münasibətləri ona bunu diktə edir. Özündən böyük və güclü olanların dediklərini etmək istəməməsi bir sıra nəticələrə gətirib çıxarır. Burada filmin toxunduğu mövzular genişlənir; Dağılmaqda olan Sovet dönəmi, insanların mənəvi deqradasiyası, SSRİ-nin yaradıcılığa etdiyi kəskin müdaxilə, mafioz tiplərin ən hörmətli şəxslər olması, dağılmaqda olan bir ölkədə gənclərin öz bildiyi kimi böyüməyə çalışması.
Filmin ilk hissəsindən fərqli olaraq fərqli mövzular üzərində bu cür gəzişmələr istər-istəməz diqqəti çəkir. Xüsusilə məkanların seçimi və istifadəsi, həmin məkanların hekayənin mövzusu ilə uyğunluğu ən yaxşı məqamlardandır. Böyük, tərk edilmiş zavod və fabrik binaları, xarabalığa çevrilmiş iaşə obyektləri mövzunu vizuallaşdırır. Bu balaca insanlar mövcud situasiya qarşısında əzilirlər. Bundan ən çox əzilən də Timur Oduşevin oynadığı Qəribin uşaqlığıdır.
Filmin nuar janrına söykənmək arzusu özünü işıq və kölgələrdən mahir istifadə ilə göstərir. Bu kölgələr qəhrəmanın keçmişdə gizlətməyə çalışdığı qorxularının qarşılığıdır. Polis rəisinin təqdimatı zamanı mistik görüntünü yaratmaq üçün işıqlar köməyə çatır. Əşyaların və fotoların vasitəsilə dövrün ab-havasını yaratmaq mümkün olur. Yaxın planda gördüyümüz hər bir əşya ümumi hekayəyə xidmət etməyi bacarır. Məkanlar və onların vizual həlləri dövrü aydın şəkildə çatdırır.
Qəribin uşaqlığında hər detal üçün ayrıca hekayə yazılır ki, bu da Bakı tarixini, Qəribin yaddaşında travmaya səbəb olan hadisələri, uşaqlığın insan həyatındakı əhəmiyyətini anlamağa kömək edir. Məsələn, şüşə qabın içində olan balıqlar situasiyadan asılı olaraq sevgini, mərhəməti, fədakarlığı və nifrəti simvollaşdırır. Bu kimi hekayələrdən əlavə, ümumi hekayəyə xidmət etməyən məqamlar da var. Xüsusilə Qobustan qayalıqlarının üzərindəki rəsmlərlə fotoqrafiya arasında qurulan əlaqə Mədəniyyət Nazirliyinin sifarişilə çəkilən bir çox filmlərimizdə gördüyümüz lokallıq əlavə etmək arzusundan başqa bir şey deyil. Həmin məqam isə, başqa filmlərdə olduğu kimi, burada da sadəcə əsas hekayəyə yamaq təəssüratı yaradır.
Qəribin öz uşaqlığını yenidən xatırlaması ilə keçmişə səyahət bitir və biz əslində yaşandığını düşündüyümüz mistik hadisələrin əsas məramını qavraya bilirik. Bu, Qəribin öz travmaları və keçmişdə etdiyi səhvlərlə üzləşib yeni bir insan olma seansı idi. Sözügedən seans maraqlı olsa da, Qəribin böyümüş halındakı keçirdiyi metamorfoz yenə inandırıcı olmağı bacarmır. Tamaşaçını qəhrəmanın yaşadığı dəyişikliyə inandırmaq cəhdləri ya uğursuz aktyor oyununa görə, ya da dialoqlar yetərincə lazımi mesajı ötürə bilmədiyinə görə alınmır.
“Sahə” bəzən göstərdiyi parlaq anlarla, maraqlı tapıntılarla özünə cəlb etməyi bacarsa da, səhnə gərginliyini qurmamaqla, ideyanı çatdırmaq üçün dəqiq təkliflər verə bilməməklə, uzun metrajına görə darıxdırıcı təəssürat bağışlayır. Əgər tamaşaçı ilk bir saat filmdən bezməyibsə, ikinci saatda rejissorun etmək istədiklərini qavraya bilir. Lakin bu qavrama sadəcə rejissor qəhrəmanın keçmişi ilə üzləşərək transformasiyasını göstərmək ideyası barədədir, filmin özü barədə deyil. İzləyərkən sözü gedən hissi duymaq üçün lazımi vasitələrdən tam istifadə edilmir. “Sahə”də rejissorun etmək istədikləri ilə etdikləri toqquşur və nəticədə rejissorun etdikləri qalib gəlir. Tamaşaçının isə rejissordan gözlədiyi onun etmək istədikləri onun etdikləridir.
Hacı Səfərov