İNDİ OXUYUR
Xoşbəxtlik hərisləri

Xoşbəxtlik hərisləri

Yazdığı əsərlər ilə Azərbaycan ədəbiyyatına incilər bəxş edən Həsən Seyidbəyli rejissor kimi tamaşaçıların yaddaşında, müharibədə insanlarla yanaşı onların qorumağa çalışdığı insanlığın qabarıldığı “Bizim Cəbiş müəllim”, gənc qızın simasında ülvi hisslərin əks olunduğu “Telefonçu qız” və sair filmləri ilə dərin iz qoymuşdur. Seyidbəyli yaradıcılığını individuallaşdıran, axından ayıran bir neçə məqamı qeyd etməli olsaq birinci növbədə, bəşəri problemlərə, insan taleyinə ürək ağrısı ilə yanaşmasını və illər keçsə belə yaradıcılıq illərində aktuallığını itirməyən mövzulara müraciət etməsini qeyd edə bilərik.  Müəllifi olduğu filmlər ilə tamaşaçını ekran qarşısında özü ilə üz- üzə qoymaqla kinonu cəmiyyətin güzgüsünə çevirməyi müəyyən dərəcədə bacarmışdır. Rejissorun daxilindəki narahatlıq hissi onun gənc olmasına baxmayaraq, həssas mövzuları qələmə alaraq  ekrana gətirməsinə səbəb olmuşdur. Həsən Seyidbəylinin həyatından yaradıcılığına hopan dəniz sevgisi əksər filmlərində göstərilməklə yanaşı, kinoda özünəməxsus obrazını yaratmışdır.  Elə bu obrazında yer aldığı filmlərdən biri olan – “Xoşbəxtlik qayğıları”na nəzər salacağıq.
Rejissorun 1976-cı ildə ekranlaşdırdığı bu filmdə aparıcı mövzu insan taleyinin maddi nəsnələrlə həll olunmasına qarşı çıxış, mentalitet donu geyindirdiyimiz dəyərlərin yanlış təbliği, xoşbəxtliyin isə səadət üzərində qurulmasının kölgədə qalmasıdır.  Ssenari müəllifi olduğu film 1977-ci ildə Riqada X Ümumittifaq Kino Festivalında “Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə” münsiflər heyətinin Xüsusi Diplomuna layiq görülmüşdür. Film Mürsəlin bacısı qızına vağzalı sədaları altında  toy etməsi ilə başlayır. Musiqinin yüksək səsi fonunda camaatın, xüsusən qadınların: “Toy edəndə də gərək beləsini edəsən” sözləri eşidilir. Qızlarına ən azı sanballı şəkildə cehiz verməyi qarşısına məqsəd qoyan Rüxsarə və oğlu  İbrahim isə məqsədə yalnız qanuni yolla çatmağa çalışır. Mürsəl hətta İbrahimə yanında iş təklif etsə belə İbrahim bununla razı olmur. Filmboyu biz Mürsəlin alternativ yollara əl atması – İbrahimin bacıları gah Gülxar və Xalidə ilə yaxınlıq etmə səbəbi də elə İbrahimi öz “əyri yoluna”dəvət etməsi   olur.  Qəhrəmanın bundan imtina etməsi, yenilməz iradəsinin göstəricidir. Anası Rüxsarə isə mərd və zəhmetkeş  qadındır. O hətta çıxdığı işinə geri qayıtmaq istəyir. Lakin buna etiraz edən İbrahim “ Yenə xəstəxanadan qanlı mələfə gətirəcəksən?” deyərək mütləq çıxış yolu tapacağına əmin edir. Biz hadisələri müşahidə etdikcə, ananın qızlarının istəklərini ürəyində qoymasını, həmcinslərinin düşüncələrini önə verərək öz məqsədləri üzündən onları uçuruma apardığını görürük. Filmdə üç əsas təbəqə: qanunsuz yolla pul qazanan təkər təmirçisi Mürsəl və işçisi, əri öldükdən sonra beş qızının ərə getməsi üçün gecə-gündüz oğlu ilə işləyib cehiz pulu yığan Rüxsarə və oğlu İbrahim, insan əməyinə qiymət verən professor və qızı göstərilir. Rejissor Mürsəlin timsalında Sovet dövründə insanların əlavə qazanc əldə etmək məqsədilə qeyri-leqal fəaliyyətlə məşğul olmaqlarına toxunur. Həsən Seyidbəylinin yaradıcılığına diqqət edən zaman bir neçə filmlərində Sovet rejimi dövründə bu kimi qanunsuzluqların baş verdiyini  görə bilərik. Elə “ O qızı tapın” və “ Sən niyə susursan?” filmləri də bu qəlibdəndir. Məsələn birinci filmdə, alıcıları aldatmaq üçün, özlərinin təşkil etdiyi sexlərdə, saxta şəkildə hazırlanan malların üzərinə etiket vuraraq,” xarici mal” adı ilə satılması buna misaldır. Və bu film “Xoşbətlik qayğıları”ndan fərqli olaraq, mütəşəkkil dəstənin insanın tamahı ucbatından qanunsuzluğa əl ataraq cinayətkar olmasına gətirib çıxardığını göstərir. Eynilə “Sən niyə susursan?” filmində də qeyri qanuni-yolla, icazəsiz dövlət mülkiyyətinin mənimsənməsi, balıq satışı ilə məşğul olub  gəlir əldə etmək istəyən bir qrup mütəşəkkil dəstənin fəaliyyətinə şahidlik edirik.  “Xoşbəxtlik qayğıları” filmində isə, dövlət  İbrahimi evlə mükafatlandırsa da, o, əlavə istəklərindən doğan, yəni yaşayış təminatından kənar ehtiyaclarını ödəmək məqsədilə qanuna zidd olmayan yollarla pul qazanmağa çalışır. Əsas personajlardan biri olan-Şəfiqə Məmmədova fədakar, gözü tox eyni zamanda mübariz ana obrazını yaratmışdır.Bu səbəbdən oğlu İbrahimə ev verilsə də, həyat yoldaşının məzarının olduğu məkandan, və ətrafından uzaq düşə bilmir. Rejissor Şəfiqə Məmmədovanın timsalında Azərbaycan qadının gözəlliyini – altı uşaq anası olmasına baxmayaraq təravətliliyini itirmədiyini göstərir. Şükufə Yusupovanın yaratdığı Gülxar obrazı isə, ana və bacılarından fərqli olaraq daha üsyankar və öz  ayaqları üstə durmağa çalışan inamlı bir qızı canlandırır. Hansı ki, o qız  bu günə qədər onları böyüdən anası, qayğısına qalan qardaşına təşəkkür edərək, bundan sonra həyata onların dəstəyi ilə yox məhz öz “ayaqlarına güvənərək” addım atmaq istədiyini dilə gətirir. Rüxsarənin beş, hətta balerina olmaq istəyən kiçik qızı Sevinc belə, atasından sonra yükü öz boynuna götürən qardaşına qarşı çıxıb öz ayaqüstə dura biləcəklərini qeyd edirlər. Hətta təngə gələn Gülxarevdən qaçmağa belə cəsarət edir. Eyni zamanda filmin başlanğıc, orta və son səhnələrində Tofiq Quliyevin bəstələdiyi “Bənövşə bəndə düşər” musiqisinin sədaları altında uşaqlar “Bənövşə”oyunu oynayırlar. Lakin bu bəndin qırılması, filmə 3-cü ali zümrənin daxil olması ilə baş tutur. Belə ki, müxtəlif yollarla qazanc əldə etmək istəyən İbrahim bel tuta bilməməsinə baxmayaraq, bağbanın həyətində səliqə-sahman yaratmağa başlayır. Lakin professor onun bu sahədə ilk addımlarının olduğunu görüb, qızına bildirir. Qızı isə öz növbəsində onu saxlamaq əvəzində başqasını çağırmalı olduğunu söyləyir. Lakin professor oğlanı onun qapısına ehtiyacın gətirdiyini anlayaraq qızına qarşı çıxır. Növbəti səhnədə: Qız İbrahimi şəxsi avtomobilində yola salarkən öz bacılarından yəni qayğılarından söhbət açır. Dəniz qırağında, hərəkət edən avtomildə baş tutan söhbətdə, İbrahim bacıları üçün toyun vacibliyini qeyd etdikdə, fonda quşların uçuşu ilə Həsən Seyidbəyli qızların prototipini yaratmış, gec-tez hər bir qızın ailə həyatı qurub ata ocağından köçməsinə işarə etmişdir. İbrahimin bacısı cehiz söhbətindən təngə gəlib evdən qaçdığı vaxtda İbrahim Mürsəlin “yaxasından yapışır” Lakin onun “Mənim davam kişi davasıdır” deməklə günahsız olmasını bildirməsi rejissorun bədəməlli qəhrəmanın belə milli kimliyə  sahibliyini önə çəkir. Nəhayət laboratoriyada iş başında tapılan bacısı ilə söhbət edən İbrahim artıq cehiz məsələsini kənara qoyduğunu, xoşbəxtliyin onunla həll olunmadığını söyləyir. Evə qayıdan İbrahim fərqli mənzərə ilə: Professor və qızının qonaq olduğunu, yarım qalmış əməkhaqqını gətirdiklərini görürlər. Məhz bu zaman qıza məhəbbət dolu baxışını görən tamaşaçı bacısı ilə etdiyi söhbətin əminliyinin mücərrəd olmasına baxmayaraq gözlə şahid olurlar. Nəhayat sonda xoşbəxtliyin qayğıları deyil, xoşbəxtliyin gözlə görünməz çalarları: məhəbbət və səadət qalib gəlir!

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya