İNDİ OXUYUR
Bir dəfə ANİFİLM-də

Bir dəfə ANİFİLM-də

Əvvəlki yazılarımdan birində “GoCritic!” proqramından bəhs etmişdim. Bu proqram “Cineuropa” tərəfindən təşkil olunub və gənc kinotənqidçilər üçün əla imkanlar təklif edir. Proqrama qatılaraq həm təcrübəli mentorla izlədiyiniz filmlər barəsində müzakirə edir, həm də ingiliscə məqalə yazaraq “Cineuropa”da yayımlanmaq fürsəti əldə edirsiniz. Bu sayt Avropanın kino barəsində ən vacib mətbu mənbələrindən biridir. Mən də bu proqrama seçildim, dəvət aldım və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə Çexiyanın Libereç şəhərinə yollandım.


İştirak etdiyim festival Anifilm Festivalı animasiya filmlərini və yeni trendləri, texnologiyaları öz proqramında nümayiş etdirir. Festival Mərkəzi və Şərqi Avropada animasiya festivalları arasında xüsusi fərqlənir. Hər il müxtəlif proqramlarla təkcə Çexiya animasiyasını yox, həm də başqa ölkələrin tanıdılması üçün platforma rolunu oynayır. Festivalın builki qonağı Yaponiya idi. Burada həm Yaponiyanın özünəxas animasiyaları (animeləri) nümayiş olunur, həm də yapon mədəniyyətinin filmlərə necə transformasiya olduğunu insanlarla bölüşürdülər. Ən çox diqqətçəkən məqam isə yapon müəlliflərin proqramda ayrıca yer tutması, onların festival iştirakçıları ilə öz təcrübələrini paylaşması idi. Hətta sırf bu sahədə ixtisaslaşan bir professor da Yaponiya animasiyanın inkişaf trendinə, öz köklərini haradan götürdüyünə həsr olunmuş masterklass keçdi. Festivalın açılış və bağlanış mərasimində Yaponiyanın Çexiyadakı səfirinə xüsusi minnətdarlıq bildirilməsi bu proqramın ərsəyə gəlməsində birbaşa dövlət xətti ilə dəstəyin olduğunu vurğulayırdı. Açılış mərasimində Koji Yamamuranın tələbələrlə birlikdə tərtib etdiyi animasiyalar bəstəkar Antonio Vivaldinin “Dörd fəsil”inin müşayiətilə nümayiş edildi. Hətta Koji Yamamuranın işlərindən olan eskizləri, qısa filmləri nümayiş etdirmək üçün muzeylərin birində ayrıca sərgi də təşkil olunmuşdu.

Yaponiyanın xüsusi qonaq olmasına çexlər xüsusi diqqət yetirməklə bərabər, öz animasiya sektorlarına töhfə vermək üçün də yetəri qədər əmək sərf edirdilər. Bunun ilk sübutu festivalın açılış günündə yerli yarışmalarda mübarizə aparacaq filmlərə, musiqi kliplərinə mükafatın paylanması oldu. Bu barədə təşkilatçılardan soruşduqda, həm qapanışda həddən artıq mükafat verib insanları çaşdırmamaq naminə, həm də öz filmlərimizi əvvəldən tanıtmaq üçün bunu edirik deyə bildirdilər. Beləliklə, Çexiya filmlərini izləmək üçün əlavə səbəb yaratmış olurdular. Diqqətimi çəkən digər bir məqam isə yerli animasiya layihələrinə verilən dəstək idi. Gələcəkdə reallaşmağı nəzərdə tutulan layihələr bir-bir münsiflərə təqdim edilir, onlar da aralarından ən bəyəndiklərinə müxtəlif pul mükafatı təqdim edirdilər. Həmin müsabiqədə ümumilikdə büdcə 1 milyon kron (80 min manat) idi. Bu məbləğ yekunda üç layihəyə təqdim edildi. Qeyd etmək vacibdir ki, bu cür mükafatlar və qrantlar vasitəsilə prodüserlər və rejissorlar daha sonra beynəlxalq layihələrə də asanlıqla müraciət edə bilirlər. Bizim prodüserlərin və rejissorların qarşılaşdığı əsas maneələrdən biri yerli dəstək olmadığı üçün beynəlxalq müstəvidə də diqqətdən kənar olmasıdır. Əgər öz ölkən dəstəkləmirsə, başqa ölkə niyə dəstəkləsin? Sözügedən 1 milyon kronluq mükafatı verən isə yerli bir çex şirkəti idi. Bu böyük korporasiya öz imicini müsbət formalaşdırmaq üçün bu cür layihələrə dəstək verdiyini ləzzətlə insanlara elan edirdi. Üstəlik bunun da qarşılığını kifayət qədər yüksək səviyyədə alırdı: Hər nümayişdən əvvəl onların reklamı tamaşaçılara göstərilirdi. Şüarları da çox gözəl və sadə idi: “Çexlərin istedadına inanırıq”. Azərbaycanlıların da istedadına inanılacaq günləri görməyi arzu edirəm. (H.S.)


Animasiya festivalı olanda ilk yada düşən də uşaqlar olur. Burada da eynisini müşahidə etmək mümkün idi. Xüsusilə səhər seanslarında ən çox valideynlər və onların uşaqlarını görmək mümkün idi. Xarici filmlərdə altyazını oxuya bilmədikləri üçün uşaqları unutmamaq naminə sinxron tərcüməçilər də seanslarda iştirak edirdi. Onlar filmboyu uşaqların taxdığı qulaqlığa dialoqları Çex dilində sinxron pıçıldayırdılar. Uşaqların öz dilində bu cür yeni filmlərə əlinin çatması, izləmələri həm dünya ilə ayaqlaşmanı təmin edir, həm də Çex dilinin yad təsirlərdən uzaqlaşaraq yaşamasına səbəb olur. Bu uşaqları gördükcə isə yada istər-istəməz ancaq başqa dildə olan məzmunları izləmək məcburiyyətində qalan öz uşaqlarımız düşür.


Festival daxilində bir çox yarışmalar var idi. Bunlar ənənəvi olaraq “Beynəlxalq tammetrajlı animasiya”, “Beynəlxalq qısametrajlı animasiya”, “Tələbə müsabiqəsi” və başqa bir çox əlavə yarışmalar idi. Hətta bir müsabiqə “VR” texnologiyası tətbiq edilərək çəkilmiş qısa filmləri əhatə edirdi. “Kompüter oyunları” bölməsi isə ölkədəki animasiya rəssamlarına yeni bir yolun da mümkünlüyünü göstərmək üçün var idi sanki. Bu proqramların genişliyinə və rəngarəngliyinə baxanda təəccüblənməmək mümkün deyildi. Proqrama isə yarışmalardan əlavə Çexiya animasiya klassikaları, Yapon animasiyaları və başqa maraqlı filmlər də daxil edilmişdi ki, izləyicilər öz zövqlərinə uyğun film seçərək baxa bilsinlər.


Festivalın əsas yarışmasında 10 film mübarizə aparırdı. Bu filmlərin hər birinin mövzusu və yanaşması fərqli idi, bu da tamaşaçı üçün unudulmaz təcrübə deməkdir. Ən çox diqqətimi çəkən filmlərdən biri Norveç istehsalı olan “Üç oğru və aslan” filmi oldu. Bu filmin büdcəsinin 5 milyon avro olduğunu müəllif elan etdi. Bunun üçün təkcə Skandinav ölkələrinə müraciət etdiklərini və artıq filmə qoyulan bütün pulun kassada əldə edildiyini də bildirdi. Kino bazarının böyük olması və bu sahədə gəlirin əldə edilməsinin mümkünlüyü daha cəsarətli və böyükbüdcəli işlərin yaradılmasına təkan verir. Sözügedən film Norveçdə məşhur olan uşaq kitabının adaptasiyasıdır və bu, ədəbi əsərlərin ekran adaptasiyasının vacibliyini, kinonun inkişafı üçün həm də ədəbiyyatın vacib rol oynadığına eyham edir.

Libereç kiçik bir şəhər olsa da, festivalı layiqincə təşkil edə bilmişdilər. Hətta bir anlıq məndə elə təəssürat yarandı ki, sanki bu şəhərdə insanların başqa heç bir işi yoxdur və onlar sadəcə filmləri izləmək üçün yaşayırlar. Çünki bütün seanslarda – səhər ya axşam – zallar dolu olurdu və bəzən yer tapmaq mümkün olmadığı üçün, xüsusilə uşaqlar üçün olan səhər seanslarında əlavə zallar açırdılar. Şəhərin mərkəzində quraşdırılan açıq hava kinoteatrı gecələrə ayrıca bir rəng qatırdı. Tamaşaçıların bu qədər böyük maraq göstərməsinin əsas səbəblərindən biri də festivalın əsas media tərəfdaşının Çexiya televiziyası və radiosunun olması idi. Bu cür dəstəklərlə festivalları xalqa tam çatdırmaq və onları prosesin bir hissəsinə çevirmək mümkündür. Təəssüf ki, bizdə festivallar hələlik sadəcə məhdud çevrələrlə kifayətlənməli olur.

Festivalın sonunda, Anifilm məndə artıq kifayət qədər yüksək təəssüratlar yaratmışdı. Eyni zamanda “Bizdə niyə yoxdur?” sualı da beynimə ilişib qalmışdı. Rəşid Ağamalıyevin təsis etdiyi “Animafilm Festivalı”nı qeyd etməsəm haqsızlıq olar. Bizim də animasiya festivalımız var, amma resurs məhdudluğundan və dəstək azlığından böyük festivala çevrilməyib. Çevrilməsi üçün də təkcə dövlət yox, həm də özəl sektor tərəfindən dəstək mütləqdir. Bildiyim qədər, Animafilm Festivalına bu il Mədəniyyət nazirliyinin dəstək verəcəyi hələ dəqiqləşməyib, buna səbəb isə ARKA-nın hələ fəaliyyətə başlamamasıdır. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və festival tam gücü ilə fəaliyyətinə davam edə bilər. Bizdə də olmaması üçün heç bir səbəb yoxdur, təki qarşımıza mədəniyyəti təbliğ etmək, uşaqlarımıza və böyüklərimizə fərqli dünyaların pəncərələrini açmaq məqsədi qoyaq.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya